Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Azərbaycanda korrupsiya azalmır ki, azalmır...


«Transparency İnternational» Beynəlxalq Şəffaflıq təşkilatının 2009-cu il üçün hazırladığı hesabatda Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü sıradadır.

Beynəlxalq Şəffaflıq Təşkilatı deyir ki, keçən ilə baxanda Azərbaycanda vəziyyət cüzi də olsa yaxşılaşıb. Azərbaycan keçən ilki 1.9 ballı, bu il 2.3-ə yüksəlib. Təşkilat ehtimal edir ki, bu, hökumətin biznes mühitini yaxşılaşdırması və korrupsiyaya qarşı mübarizə sahəsində qərarları ilə bağlı ola bilər.

Təşkilat hesab edir ki, korrupsiyanın cəmiyyətin bütün sahələrinə yayıldığı bir şəraitdə hökumətin bu mövzunu ictimai təşkilatlarla müzakirə etməyə razılaşması müsbət inkişafdır. Amma hökumət korrupsiya əleyhinə qanunların icrası sahəsində vəziyyəti yaxşılaşdırmalıdır.

Təşkilatın Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Samir Əlibəyli deyir ki, ötən illə müqayisədə Azərbaycanın balının yüksək olması arxayınlıq yaratmamalıdır:

ARXAYINLIĞA EHTİYAC YOXDUR…

«O demək deyil ki, korrupsiya Azərbaycan üçün hələ də böyük problem yaratmır və gələcəkdə də korrupsiyaya qarşı ciddi mübarizə aparılması vacib deyil. Əksinə, korrupsiya cəmiyyət üçün problemlərdən biri hesab edilir və hökumət korrupsiyaya qarşı mübarizə məqsədilə qəbul edilmiş qanunların işlək vəziyyətə gətirilməsi üçün daha çox səy göstərməlidir. Mexanizmin işləməsinə əmin olmalıdır».

Hökumət nümayəndələri isə ölkədə korrupsiyayla indi daha çox mübarizə aparıldığını deyir. Xüsusilə 2004-cü ildə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun qəbul edilməsini və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılmasını vurğulayırlar. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov da mübarizənin güclü olduğunu deyir və Azərbaycanın hesabatdakı indiki yeriylə razılaşmır:

HAKİMİYYƏT AZƏRBAYCANIN YERİNDƏN RAZI DEYİL…

«Bu ilk hesabat 2 ilə əvvəlki məlumatları əks etdirir. Ancaq son 2 il ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycanın balı 1,9-dan 2,3-ə qalxıb. Bu özü müsbət tendensiyanın göstəricisidir. Artıq Azərbaycan irəliləməkdə davam edir. Göstərilən yerlə isə razılaşmaq olmaz. Ümid edirəm ki, bundan sonra Azərbaycan daha uğurlu yerdə olacaq».

Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev də ölkədə aparılan mübarizə qarşılığında verilən balın az olduğunu vurğulayır:

«Müqayisə edirəm digər ölkələrlə, elə qonşu Ermənistanla. Hesab edirəm ki, bizdə görülən işlər heç də onlardan əskik deyil, daha artıqdır. Biz daha da irəli ola bilərdik. Ümid edirik ki, gələn ilki göstəricilərimiz daha yaxşı olacaq. 2009-cu ildə bu günə qədər idarə tərəfindən 156 nəfər şəxs haqqında 98 cinayət işinin istintaqı aparılıb və məhkəmələrə verilib. 36 cinayət işi üzrə isə istintaq aparılır. 2008-ci ildə cəmi 70 iş istintaqı aparılaraq məhkəməyə göndərilmişdi. Yalnız bu günə 98 iş göndərilib. Bu özü mübarizənin gücləndiyinin göstəricisidir».

Ancaq sadə vətəndaşlar hökumətin korrupsiyayla güclü mübarizə apardığına inanmadıqlarını deyirlər. Hər halda söhbət etdiyim bir qrup Bakı sakininin cavablarından bunu eşitdim:

AZƏRBAYCANDA KORRUPSİYA ÇİÇƏKLƏNİR…

« - Dövlətin korrupsiyaya qarşı mübarizəsi yox dərəcəsindədir;
- Mən bu vaxt qədər nə televizorda, nə də radioda bir məmurun həbs olunduğunu eşitməmişəm... Bütün Azərbaycan başdan-ayağa korrupsiyadır;
- Mübarizə sıfırdır. Hansı mübarizədən danışaq olar. Hansı məmura cinayət işi açıldığını görmürsünüz, hansına cinayət işi açıblar...
- Bilmirəm mübarizə aparılır, ya yox, ancaq mən korrupsiyasız Azərbaycanı təsəvvür eləmirəm;
- Nə mübarizə, adi bir arayış üçün rüşvət istəyirlər. Hansı ki, o arayışı verməlidirlər;
- Mübarizə yoxdur, əksinə, korrupsiya çiçəklənir...»

Azərbaycandakı qeyri-hökumət təşkilatlarının yaydığı məlumatlara görə, əhalidən ən çox məhkəmələrdə, polisdə, icra hakimiyyətlərində, təhsil və səhiyyə sistemində rüşvət tələb edirlər.

Qeyri-hökumət təşkilatı olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov deyir ki, bu sahədə az-çox irəliləyiş var, ancaq korrupsiya ölkədə azalmır ki, azalmır:

«Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb. Baxmayaraq ki, dövlət orqanları vətəndaşlar qarşısında hesabat verməlidirlər, bunu eləmirlər. Həyata keçirilən layihələrin şəffaflığı təmin olunmur. Korrupsiyanın səviyyəsinin Azərbaycanda azalmamasına əsas maneə elə budur».

«Transparency İnternational» Beynəlxalq Şəffaflıq təşkilatının bu ilki hesabatına görə, Azərbaycan korrupsiya sahəsindəki vəziyyətə görə Qafqazdakı bütün qonşularından geridə qalır.
XS
SM
MD
LG