Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Elit korrupsiya


«Aşağı səviyyəni tamamilə təmizlədilər və bütün pulları yuxarılara keçirtdilər»
«Aşağı səviyyəni tamamilə təmizlədilər və bütün pulları yuxarılara keçirtdilər»
Noyanrın 17-də «Transparency International» təşkilatı korrupsiyanın səviyyəsi ilə bağlı növbəti illik hesabatını açıqladı. Mənzərə belədir – son bir ildə Gürcüstanda vəziyyət bir qədər yaxşılaşıb. 4,1 balla Gürcüstan 180 ölkə arasında 66-cı yerdədir. Ötən il bu göstərici 3,9 bal idi.

«Transparency International - Georgia» təşkilatının rəhbəri Tamar Karosanidze izah edir ki, bu araşdırmalar dövlət idarələrində korrupsiyanın nə qədər yayıldığını göstərir.

«KORRUPSİYA ÖLKƏDƏ BİR O QƏDƏR DƏ CİDDİ PROBLEM DEYİL»

Tamar Karosanidze: «Araşdırma əsasında ölkələr təsnifləşdirilir və korrupsiyanın yayılma səviyyəsinə uyğun bal verilir. Bu il araşdırma 180 ölkə arasında aparılıb, Gürcüstan 66-cı yerdədir. Birinci yerdə daha az korrupsiya olan ölkə dayanır. Gürcüstan maksimal 10 baldan 4,1 bal alıb. Bu isə o deməkdir ki, korrupsiya ölkədə bir o qədər də ciddi problem deyil. Ancaq ölkə maksimum 10 baldan da xeyli uzaqdır. 2004-cü ildən başlayaraq müsbət tendensiya hiss olunur, orta hesabla ildə 0,5 bal yüksəliş olub».

T.Karosanidze deyir ki, irəliləyiş əsasən korrupsiyaya qurşanan məmurların cəzalandırılmasındadır:

«Korrupsiya faktları açıqlanır və insanlar ehtiyatlanır. Dövlət məmurları korrupsiya razılaşmalarında iştirakdan çəkinir. Dövlət işçilərinin əməkhaqlarının artırılması da vəziyyətə müsbət təsir etdi. İndi onların rüşvət alaraq ailələrini dolandırmaq məcburiyyəti yoxdur. Bir sıra inzibati proseduralar da sadələşdirildi, məsələn, şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi ilə bağlı. 2004-cü ilə qədər bizdə təxminən 900 lisenziya və icazə vardı, bu gün cəmi 105-dir, proseduralar xeyli sadələşdirilib».

«Transparency İnternational»ın araşdırması sıravi vətəndaşların qiymətləndirməsinə əsaslanmır. Bir qayda olaraq bu cür tədqiqatlar müstəqil ekspert və biznesmenlərin sorğusuna dayanır. Korrupsiya indeksi müxtəlif beynəlxalq təşkilatlar və maliyyə institutlarının keçirdiyi araşdırmaların nəticələrini bir yerə cəmləyir. Gürcüstanla bağlı son iki ildə aparılmış 7 tədqiqatın nəticəsi nəzərə alınıb.

KORRUPSİYA DAHA ÇOX MÜHARİBƏ VƏ MÜNAQİŞƏLƏRDƏN ZƏRƏR ÇƏKMİŞ ÖLKƏLƏRDƏ GENİŞ YAYILIB

«Transparency International - Georgia» təşkilatının nümayəndəsi Nina Xatiskaçi:

«Həbs olunmuş dövlət məmurlarının sayı, məhkəmə prosesləri, KİV-də korrupsiya ilə bağlı gedən müzakirələr nəzərə alınarsa, konkret qurumun səmərəliliyi ortaya çıxar, ölkədəki korrupsiyanın səviyyəsi yox. Ola bilsin korrupsiyanın yüksək olduğu ölkələrdə bu məsələlər nadir hallarda araşdırılır. Birinci yerdə dayanan Yeni Zelandiya, Danimarka, Sinqapur və sonuncu yerlərdəki – Somali və Əfqanıstana baxıb yalnız ümumi təsəvvür əldə etmək olar. Rəqəmlərə baxıb danışmaq, 0,1 ballıq artımın olub-olmadığını, ciddi tendensiyaları müzakirə etmək bizə dəqiq olmayan nəticələr verəcək».

Araşdırmaya görə, korrupsiya daha çox müharibə və münaqişələrdən zərər çəkmiş ölkələrdə geniş yayılıb. Məsələn, Somali və Əfqanıstanın göstəriciləri müvafiq olaraq 1,1 və 1,3 bal təşkil edir. Korrupsiyadan ən azad ölkələr siyahısına isə Yeni Zelandiya və Danimarka başçılıq edir (9,4 və 9,3 balla).

ELİT KORRUPSİYA

N.Xatiskaçi hökumətin yuxarı eşelonlarında müşahidə olunan elit korrupsiyadan da danışır:

«Korrupsiyanın səviyyəsi aşağı düşüb, amma korrupsiya ilə mübarizə yuxarı dairələrdə seçimlə gedir. Hökumətə yaxın şəxslər digərləri ilə müqayisədə daha az cəzalandırılır».

İqtisadi məsələlər üzrə ekspert Qiya Xuxaşvili isə ölkədəki korrupsiyaya belə qiymət qoyur:

«KORRUPSİYADAN YEGANƏ TƏQAÜDÇÜLƏR AZADDIR»

«Korrupsiya transformasiya olunub. O, minimuma endirilib. Bu, müsbət məqamdır. Kiçik və orta dairələrdə korrupsiya şübhəsiz azalıb, yəni, bu sahədə vəziyyəti düzəltmək üçün böyük işlər görülüb. Ancaq bu, korrupsiya üzərində tam qələbə deyil. Hökumət vəsaitlərin müsadirə olunması prosesində böyük bir kassa yaratmağa qərar verib. Aşağı səviyyəni tamamilə təmizlədilər və bütün pulları yuxarılara keçirtdilər – bir kassaya yerləşdirdilər. İdeya belə idi: bütün pulları büdcəyə toplayıb, sonradan istəklərinə uyğun sərf etmək. Korrupsiya pulun bir cibdən - başqasına keçməsi demək deyil, başqa formalar da mövcuddur. Biz elit korrupsiyadan danışanda məhz bunu nəzərdə tuturuq. Ona görə büdcə pulları iqtisadi səmərə əldə etmək məqsədilə deyil, «haradan daha çox qoparmaq» prinsipi ilə xərclənir».

2009-cu ilin korrupsiya göstəricisinə baxmayaraq, əhalinin bir qismi hesab edir ki, vəziyyəti düzəltmək üçün hələ xeyli iş görülməlidir. Bu da bir vətəndaşın fikri:

«Bu gün korrupsiya bütün sahələrdə var – məktəblərdə, səhiyyədə, güc strukturlarında... Hər yerdə. Korrupsiyadan yeganə təqaüdçülər azaddır, o da sadəcə ona görə ki, onlara heç kim heç nə vermir.
XS
SM
MD
LG