Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Adnan Hacızadə valideynləri ilə görüşüb


Bloqqer Adnan Hacızadə məhkəməyə gətirilir. 4 sentyabr 2009
Bloqqer Adnan Hacızadə məhkəməyə gətirilir. 4 sentyabr 2009
Həbsdə olan bloqqerlərdən Adnan Hacızadə noyabrın 25-də Kürdəxanıdakı təcridxanada valideynlərilə görüşüb. Görüş iki saat davam edib.

Adnanın atası Hikmət Hacızadənin AzadlıqRadiosuna dediyinə görə, oğlunun səhhətindəki xırda problemlər nəzərə alınmasa özünü yaxşı hiss edir və apellyasiya məhkəməsinə hazırlaşır. «Düşünür ki, bu məhkəmə ədalətli olacaq, müdriklik göstərəcəklər».

Hikmət Hacızadə deyir ki, iyulun 8-də Livan restoranında dava zamanı Adnanın burnu zədələnib və indi onun əməliyyata ehtiyacı var. İndiyə qədər müalicə almadığı üçün Adnanın sərbəst nəfəs almasında müəyyən problemlər var. Bu əməliyyatın tezliklə olmasını istəyən valideyn ehtiyatlanır ki, əməliyyatın gecikməsi onun səhhətində problemlər yarada bilər:

«Burnundan əməliyyat olunmalı, əməlli-başlı müayinə edilməlidir. Çünki əzilən yer düzgün bitişmədiyi üçün adam nəfəs ala bilmir, ona görə də gərək əməliyyat olunmalıdır».

Adnan Hacızadə Kürdəxanıdakı yeni tikilmiş təcridxanada Emin Milli ilə bir kamerada saxlanılır.

Gənc bloqqerlərdən Emin Milli isə valideynlərilə noyabrın 26-da görüşməlidir.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bloqqerlər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG