Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

Regionlar HİV-ə yoluxmada Bakını üstələyir


Həqiqət Qədirova
Həqiqət Qədirova
Azərbaycanın bir sıra rayonları insan immun çatışmazlığı virusu - HİV-ə yoluxmada paytaxtı üstələyir. Respublika AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyir ki, son dövrlər Bakıda və Abşeronda bu virusa yoluxma azalsa da, bölgələrdə bunun əksi müşahidə olunur.

ƏN YÜKSƏK YOLUXMA QEYDƏ ALINAN REGİONLAR

«İndi Bakıda AİDS-ə yoluxma 30 faiz təşkil edir. Bu o deməkdir ki, Bakı və Abşeron rayonunun payı getdikcə azalır. Çünki əvvəllər bu göstərici 32 faiz idi. Regionlarda isə artım var. Ən yüksək yoluxma qeydə alınan regionlar Şirvan, Hacıqabul, Lənkəran, Sumqayıt, Astara, Xızı, Yevlax, Kürdəmir, Masallı və sairdir. Yəni bu bölgələrdə AİDS-ə yoluxma əhalinin hər 100 nəfərinə görə daha yüksəkdir».

Həqiqət Qədirova deyir ki, AİDS-dən müalicə olunanların təxminən 3-də 2 hissəsi regionların payına düşür. Xəstəliyin müalicəsi üçün bölgələr demək olar ki, bütün vasitələrlə təmin edilir.

Amma xəstələrin Bakıya gəlməsi yenə də labüddür. Çünki xəstəliyin monitorinqi proseduru üçün mövcud olan avadanlıq hələ ki, yalnız Respublika AİDS-lə Mübarizə Mərkəzindədir. Həm Dövlət, həm də Qlobal Fondun mövcud proqramlarında ölkənin 6 rayonunda da belə mərkəzin təşkili nəzərdə tutulur.

2224 NƏFƏR RƏSMİ QEYDİYYATA GÖTÜRÜLÜB


AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, 1987-ci ildən bu günə qədər Azərbaycanda HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2138 nəfəri Azərbaycan vətəndaşı, 86 nəfəri isə əcnəbidir. Bu vaxtadək AİDS-dən ölənlərin sayı 274 nəfərdir.

1992-ci ildən 2009-cu ilin dekabrın 1-ə qədər Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb.

GÜNAH KİŞİLƏRDƏDİR?..

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, Masallı rayonundan deputat Elmira Axundova HİV-ə yoluxmanın regionlarda, xüsusilə Cənub bölgəsində yüksələn xətt üzrə qeydə alınmasını təsadüfi saymır. Millət vəkili düşünür ki, bunun əsas səbəbkarı kişilərdir. Onlar Rusiya, Ukrayna və AİDS-in daha çox yayıldığı digər postsovet respublikalarına mövsümü işlərə gedir və orada HİV-ə yoluxaraq geri qayıdırlar.

Elmira Axundova
«Heç kim üçün sirr deyil ki, onlar orada ikinci ailə də qururlar, cinsi əlaqələrə də girirlər. Və Rusiyada, Ukraynada HİV məsələsində vəziyyət Azərbaycandakından xeyli acınacaqlı olduğu üçün onlar yoluxa bilərlər o xəstəliklərə və qayıdanda da öz həyat yoldaşlarını bu xəstəliyə yoluxdururlar».

Statistik rəqəmlərə görə, Azərbaycanda HİV-ə yoluxma ən çox narkotik vasitələrin inyeksiya yolu ilə istifadəsi zamanı baş verir. Elmira Axundova isə paytaxtda və regionlarda narkotiklərlə bağlı mövcud vəziyyətin yaranmasını və yoluxmanın baş verməsini əsasən sərhədlərdə keçirilən profilaktik işlərin qənaətbəxş olmaması ilə əlaqələndirir. Onun fikrincə, xüsusilə İranla sərhəddə mübarizə gücləndirilməlidir.

«Mənə elə gəlir ki, «Qızılağac» qoruğu tərəfdən – orada dəniz açıqdır və həmin sərhəddən qaçaqmalçılar külli miqdarda narkotiklər keçirirlər. Və bununla mübarizə çox ciddi getmir».

Hazırda Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Ölkədə epidemiya əsasən yüksək riskli qrupa aid olan şprislə qəbul edilən narkotik istifadəçiləri arasında yayılıb.

AİDS-lə Mübarizə Mərkəzi HİV-ə yoluxanların müalicəsi üçün həbsxanalarda yüksək şəraitin yaradıldığını bildirsə də bu xəstəliyin məhkumlar arasında daha geniş yayıldığını da etiraf edir.

HİV-Ə YOLUXAN MƏHBUSLARIN ƏKSƏRİYYƏTİ KİMLƏRDİR?

Mərkəzin rəhbəri Həqiqət Qədirovanın sözlərinə görə HİV-ə yoluxan məhbusların əksəriyyəti narkotiklərin satışı və istifadəsi ilə məşğul olan şəxslərdir.

Elmira Axundova isə prezident yanında əfv komissiyasının üzvü olduğunu xatırladaraq deyir ki, qətl hadisəsi törədənlər, bir də məhz narkotik vasitələrə görə məhkum edilənlər heç vaxt əfv olunmurlar. Həmin yolun yolçularının bunu nəzərə alması məsləhətdir.

2008-ci ildən başlayaraq Milli Məclisin Sosial Siyasət Komitəsi AİDS-lə bağlı yeni qanun layihəsi üzərində işləyir. Elmira Axundova deyir ki, layihə artıq hazırdır. O parlametində təsdiqlənsə AİDS-lə mübarizə imkanları daha da genişlənəcək.
XS
SM
MD
LG