Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Potensial vərəm ocağı yetişir


İkinci mərtəbəyə qoyduqları taxta nərdivanla yuxarı qalxanda sağ-salamat geri qayıdacağın barədə şübhələr oyanır
İkinci mərtəbəyə qoyduqları taxta nərdivanla yuxarı qalxanda sağ-salamat geri qayıdacağın barədə şübhələr oyanır
Hamamın hamam kimi işləmədiyi bir yer var: Lökbatandan bir qədər aralıda Buta qəsəbəsindəki 59 saylı ikimərtəbəli hamamda məcburi köçkünlər və evsiz-eşiksizlər məskunlaşıb.

HAMAMDA YAŞAYANLAR

1993-cü ildə Ağdam şəhərindən qaçqın düşən Rəfiqə Əsgərovanı 3 oğlu, 2 gəlini və 4 nəvəsiylə birlikdə hamamda yaşayır:

«Açıq olub, girmişik içinə. Çöldə qalmalı deyilik ki... Biz də vətəndaşıq, elim vardı, obam vardı, qoyub gəlmişəm, nə olsun? Ta mən də oldum buranın vətəndaşı, kimə deyək dərdimizi? Bircə dəfə təmir aparıblar burda. O da bildir idi deyəsən».

Rəfiqə Əsgərovanın həmyerlisi Səbinə Mahmudova hamamın ikinci mərtəbəsində yaşayır. O qaçqın gəldikləri günləri xatırlayaraq deyir ki, ikinci mərtəbəyə girmək üçün özləri
divarı deşib qapı açıblar.

«ÖZÜM YEKƏ GƏLİNƏM, MƏN YIXILMIŞAM»

İkinci mərtəbəyə qoyduqları taxta nərdivanla yuxarı qalxanda sağ-salamat geri qayıdacağın barədə şübhələr oyanır. Mənzil sakini Səbinə Mahmudova bu şübhələri əminliyə çevirdi:

«Neçə dəfə körpə uşaq yıxılıb. Özüm yekə gəlinəm, mən yıxılmışam. Bax o pilləkənlə…»

Hər otağa girdikcə adamın bircə istəyi baş qaldırır: tez bayıra çıxıb nəfəs almaq! Nəmişliyin qoxusu divarlardan insanların geyimlərinə də hopub.

Tibb eksperti Adil Qeybulla deyir ki, bu şərait yaşam standartına cavab vermir:

«Belə yerdə ağciyərlərin iltihabı, pnevmoniyası ilə müşayiət olunan xəstəlik baş verə bilər. revmatik xəstəliklər belə nəm yerlərdə çox aktiv inkişaf edirlər. Divarda göbələklər inkişaf edə bilər və bunlar nəfəs yollarına düşərək ağır infeksiya törədər. Nəm yerdə olan xəstələrdə həm də vərəm
mikrobakteriyası üçün əlverişli şərait var».

Ekspertin dediklərini Rəfiqə Əsgərova öz ailə faciəsiylə təsdiq edir. O, hamam-evində oğlunu və ərini itirib:

«BİR XƏSTƏ YOLDAŞIM, BİR DƏ XƏSTƏ OĞLUM VARDI. İKİSİ DƏ NƏMİŞLİKDƏN ÖLDÜ».


İki uşaq anası Günay Ağakişiyeva sağlamlığının çoxdan əldən getdiyini deyir:

«Qarnımda su əmələ gəlib özümün. Həkimdə yoxlanmışam. Sementin üstündə qalmaqdandır…»

Rəfiqə Əsgərova deyir ki, yağış bu sakinlər üçün adi təbiət hadisəsi olmaqdan çıxıb, göydən gələn bəlaya çevrilib. Müsahiblərim bu bəlaya stəkandan tutmuş vannaya qədər əllərinə düşən qab-qacaqla divar çəkdiklərini deyirlər:

«Çiskin oldu, bax, divarla gəlir o suyun hamısı;

Stəkanına kimi düzürəm altından;

Hər yerdən damır. Evdə bankalardan belə düzürük, xeyri yoxdur. Gəlib baxan yoxdur, heç kim».

HAMAMDA DOĞULAN, BÖYÜYƏN UŞAQLAR…

Hamamda yaşayan sakinlər əsasən müxtəlif obyektlərdə fəhlə işləyirlər. Eni 17 metr, uzunluğu 27 metr olan hamamı əsaslı təmir etdirmək üçün yemək xərclərinə qənaət etmək isə heç kəsə məntiqi görünmür. 17 ildir burda məskən salanlar ilin soyuq aylarında vəziyyət dözülməz hala gələndə Qaradağ Rayon İcra Hakimiyyətinə üz tuturlar. Sonuncu dəfə keçən il etdikləri şikayətdən sonra binanın üstünə tol örtük salınıb ki, yağış evin içinə dammasın.

Hamamda doğulan, böyüyən uşaqların sayı böyükləri keçib. Sağlamlıqları da göz qabağındadır: aralarında öskürəkdən revmatizmdən əziyyət çəkməyən yoxdur.

«HƏLƏ BUNDAN DAHA AĞIR VƏZİYYƏTDƏ OLANLAR VAR»

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkədə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» ilə həyata keçirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Sənan Hüseynov deyir ki, bu proqramın icrası 2012-ci ildə başa çatır. Amma yeni yaşayış yerlərinə köçürülənlər arasında hamamda məskunlaşanlar yoxdur:

«Hələ bundan daha ağır vəziyyətdə olanlar var. Əvvəl onlar köçürüləcək, sonrakı proqramlarda digər qaçqınlar nəzərə alınacaq».

Hüquqşünas Sadiqə Mehdizadə deyir ki, bu hamam qanunvericilikdəki yaşayış sahəsi şərtlərinə cavab vermir. O deyir ki, yeni qəbul olunmuş Mənzil Məcəlləsində sosial kirayə anlayışı var və o, məhz belə - xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulub:

«Yaşayış şəraiti Mənzil Məcəlləsində göstərilmiş şərtlərdən qat-qat aşağı olan və ümumi tələblərə cavab verməyən şəxslər üçün sosial kirayə müqaviləsi nəzərdə tutulub. Bu, çox aşağı kirayə haqqı şərtilə əhalinin müdafiəyə ehtiyacı olan hissəsi üçün nəzərdə tutulub».
XS
SM
MD
LG