Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Yanukoviç Çexovu “böyük Ukrayna şairi” adlandırıb


Ukraynada prezident seçkilərinin birinci turunda ən çox səs qazanan Viktor Yanukoviç ötən həftənin sonu Krım sakinləri ilə telekörpü zamanı dahi rus nasiri və dramaturqu Çexovu “böyük Ukrayna şairi” adlandırıb.

Ukrayna mətbuatı xəbər verir ki, özünün fevralın 7-də keçiriləcək ikinci turda qalib gələcəyinə işarə vuraraq Yanukoviç deyib:

“2010-cu ildə mütləq Prezidentin Çexovun Yaltadakı ev-muzeyinin bərpası haqqında fərmanı olacaq.

Qoy həm Ukrayna vətəndaşları, həm də əcnəbilər Krıma gələndə böyük Ukrayna şairi Anton Pavloviç Çexovun tərcümeyi-halı ilə tanış ola bilsinlər”.

Yanukoviçin ikinci turdakı rəqibi Yuliya Timoşenko dərhal bu yanlışlıqdan istifadə edib, Odessadakı Politexnik Universitetinin müəllim və tələbələri ilə görüşdə deyib ki, öz opponentinin bütün keyfiyyətlərinə bələddir:

Viktor Yanukoviç
“Azından mən heç vaxt Çexovu “Ukrayna şairi” adlandırmaram”.

Yanukoviçin “Regionlar” Partiyasından olan deputat Anna German isə Çexovun “Ukrayna şairi” olması fikrinə haqq qazandırmağa çalışıb. Deyib ki, Çexovun hekayələrinin çoxu elə “nəsrlə ifadə olunmuş poeziyadır”.

O ki qaldı Çexovun "ukraynalı olmasına", deputat deyib:

“Ədəbiyyatı yalnız kitablardan öyrənməyənlər bilir ki, Çexovun anası ukraynalı olub. Çexov Qorkiyə məktubunda yazırdı ki, uşaq vaxtı yalnız Ukrayna dilində danışıb, rus dilini isə sonralar öyrənib. O həm də yazırdı ki, ata-anası Malorossiya üçün darıxır, güman ki, burada onların evi olub”.

Deputat öz “boss“unun fikrini əsaslandırmaq üçün onu da deyib ki, Çexov bəşəri bir yazıçıdır, ona görə də hamı - ukraynalılar da, ruslar da, fransızlar da onu özününkü saya bilər.
XS
SM
MD
LG