Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

Azərbaycan ədəbiyyatının ən böyük dərdi bax budur!..


Karikaturanın müəllifi Şerifdir.
Karikaturanın müəllifi Şerifdir.
Çox hörmət etdiyim tənqidçi qardasimın Tehran Alışanoğlunun Kultaz.com portalında çap olunan yazısına yığcam cavab.

135 İL QABAQ YAŞAMAĞA BAŞLADIĞIMIZ DUYĞU


Azadlıq Radiosunun “Oxu zalı” səhifəsi üçün Türkiyədən Arif Acaloğlu ilə hazırladığım dialoqa Tehran Əlişanoğlunun verdiyi reaksiya hər ikimizi çox sevindirdi.

Çünki ikimizin də 30 ildən bəri yaxşı tanıdığımız Tehranı cavanlıqda necə orijinal və həyəcanlı görmüşüksə, indi də həmin Tehran bizimlə səmimi söhbət edirdi.

Bəli, söhbət. Bu gün ən çox ehtiyac hiss etdiyimiz şey.

Çünki “iylənmiş və paslanmış mənafe ehtirasları”nın öz pəncəsi altında saxladığı sferalar çoxdan “monopol” vəziyyətə gəlib. Məgər iqtisadi “monopoliya”nın olduğu yerdə rəqabətdən söhbət gedə bilir ki, “ədəbi monopoliya”nın hökm sürdüyü yerdə “söhbət”dən söhbət gedə bilsin?

Əgər rəqabətçi mühit olsaydı, 30 illik dostumuz Tehran - Ariflə elədiyim o xırda söhbətə özünün sahib olduğu radio, TV kanalı demirəm, qəzet, jurnal səhifəsi demirəm, heç olmasa, internet saytından münasibət bildirərdi.

“Oxu zalı”nın ən hərarətli fikir mübadilələrinə açıq olduğunu hamı bilir - ancaq mən öz adıma deyə bilərəm ki, Tehran kimi ləyaqətli bir ədəbi simanın - mülkiyyəti özünə məxsus olan bir saytdan oxucu ilə dialoqa girə bilməməsinə çox təəssüfləndim.

Biz bu sahibkarlıq hissini 135 il əvvəldən yaşamağa başlamışıq - “Əkinçi”dən başlayan bu hissiyyat Hacı Zeynalabdin Tağızadənin sahibi olduğu mətbu orqanlarına, Məmmədquluzadənin “Molla Nəsrəddin”i və Rəsulzadənin “Açıq söz”ünə qədər “Çar Rusiyası”nın bir guşəsində fikir və düşüncə rüzgarları əsdirib.

Mais Əlizadə
Cəmi 23 ay yaşaya bilən Müstəqil Azərbaycanın ən böyük uğuru - sahibkarlıq hissini daha da qüvvətləndirmək cəhdləri olmuşdu.

O Cümhuriyyət sahibkaralara verdiyi sözlərin hamısına əvvəldən axıra sadiq qalmışdı.Diqqət edin:

“BÜTÜN SƏRVƏTİM ƏLİNİZDƏDİR”

1918-ci ildə hökumət Gəncədən Bakıya köçəndə Hacı Zeynalabdin Tağızadə baş nazir Fətəli xan Xoyskinin yanına gedərək demişdi:”Yeni dövlət qurursunuz - bütün sərvətim əmrinizdədir”.

1919-cu ildə Bakı Dövlət Universitetinin açılış mərasimində kürsüyə gələn Tağızadə sevincdən dolan gözünün yaşını təxminən 5 dəqiqə saxlaya bilməyib bu sözləri demişdi:

”Uzun müddət Azərbaycanda universitet açmağa çalışdım.Bir Tiflis ermənisi də universitet açmaq üçün Çara müraciət etmişdi.

Ancaq Çar onun müraciətini rədd edəndən sonra mən də ümidsizliyə qapılmışdım.

İndi müstəqil dövlətimiz özü universitet açır.

Mənim üçün bundan böyük sevinc ola bilməz.”Toroqovı”dakı pasajımın gəlirini universitetə bağışlayıram”.

“Sahibkarlıq” duyğusu 1920-dən sonra iqtisadiyyat və siyasətdə, 1937-dən sonra isə ədəbiyyatda məzmununu dəyişdi.

TEATR ÖZLƏRİNİNKİ OLSAYDI...

91-dəki müstəqillik isə “sahibkarlıq” məfhumunu “inhisar” məfhumu ilə əvəz etdi.

Ədəbi sferanı öz inhisarına alanlar indiyə qədər bu işin öhdəsindən məharətlə gəliblər.

Ancaq insanların mülkiyyət haqlarını heç vaxt itirmədiyi bir ölkədə yaşamağın təcrübəsi və müşahidələri mənə bunu deməyə imkan verir ki, əgər pyeslərinin tamaşaya qoyulduğu teatrlar inhisarçıların şəxsi mülkü olsaydı - onlar o pyesləri oynatmazdılar.

Çünki zərər edəcəkdilər. Və ya cild-cild kitablarını çıxardıqları nəşriyyatlar onların öz şirkəti olsaydı, 10 cild kitabı birdən bazara çıxarmağa ürək etməyəcəkdilər.

Tehran Alışanoğlu
Yaxşı, bəs dövlətin pulunu, nəşriyyatını, teatrını inhisara götürüb öz malın kimi işlətmək üçün o pulun, teatrın, nəşriyyatın əsas sahibləri qarşısında hansı öhdəlikləri götürmək, nələri girov qoymaq lazımdır?

İndiyə qədər şəxsi internet saytı belə olmayan Tehran Əlişanoğlu ilə sıravi müxbirlikdən internet saytı sahibliyinə, oradan 45 yaşında ikən TV kanalı sahibliyinə (“Habertürk” kanalı) yüksələn Ufuk Güldəmir arasındakı fərq burdadır.

Bəlkə elə insanlar arasında ədalətli və bərabər haqların təmin edilmədiyi mühitin verdiyi ovqatdandır ki, Ariflə dialoqumuzda AYB sədrinin, millət vəkilinin və rektorun əsərləri barədə danışmağımız Tehran qardaşımızın diqqətini cəlb edib.

Elə isə məsələ Tehranın düşündüyü və ya hiss etdiyi kimi olsaydı, biz dialoqa “yazıçının çevrilişə dəstək verməsi”ndən başlayıb sözü “Dirilən adam”ın Türkiyədə çap edilməsinə gətirməzdik.

Fərq bir də Tehranın arzu etdiyi kitab bazarının yaradılmasına baxış tərzində ortaya çıxır.

Sahibkarlıq duyğusuna sahib olmadan “ikibir, üçbir bir araya gələrək müzakirə etməklə” hər hansı bazar yaratmaqdan söhbət gedə bilməz.

İşin yolu bu deyildir, əziz qardaşım Tehran.

Hələ arzu etdiyin dövlət dəstəyi heç deyildir.

MONOPOLİYAÇILAR BUNDAN ASANLIQLA VAZ KEÇƏRMİ?

Bunun yolu ölkənin topdan şəkildə islahatdan keçməsi və liberal iqtisadiyyatın dərinləşdirilməsidir.

Dövlətin pulu ilə tamaşa oynadanların, cild-cild kitab buraxdıranların monopoliyasına son qoymağın yolu budur.

Monopoliyaçılar bundan asanlıqla vaz keçərlərmi? Qətiyyən yox!
Onlar öz bazarlarını sərbəst kitab bazarına təhvil verməmək üçün “hər cür diktaturanı dəstəkləməyə razıdırlar”.

Haqsız deyillər - çünki “Hophopnamə”nin sabun bişirib satan müəllifinin sözləri ilə desək:

Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

Ən qısa müddətdə qardaşım Tehran Əlişanoğlunun sahibi olduğu internet saytına yazmaq diləyi ilə...

Haydi oğlum, Siyavuş, çayları dəyişdir.
Çaylarrrrrrrrr.......

Həmçinin oxu!

Böyü, buzovum, böyü! (FELYETON)
Hitlerin kitabı çıxacaq
XS
SM
MD
LG