Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:25

Prezident Aparatına nahar üçün getmək çox uzaq olardı...


Uilyam Folkner
Uilyam Folkner
Prezident Con Kennedi onu Ağ evə dəvət edəndə jurnalstlərin “Gedəcəksinizmi?” - sualına ölkəsinin cənub əyalətlərinin haqlarını ardıcıl şəkildə müdafiə edən Nobel mükafatlı yazıçı özünə məxsus yumoru ilə belə cavab vermişdi:

”Buradan Vaşinqtona 100 mildən artıq yoldur. Nahar üçün oraya getmək çox uzaq olardı”.

Dövlət və ədəbiyyat;

Prezident və yazıçı;

Bunlar həyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən “persona”lardır.

İkisinin arasında incə bir çizgi vardır və iqtidar bu çizgini keçib “ədəbiyyata qayğı” adı altında yazıçıya göz-qaş atırsa, bunu öz diktaturasına dayaq yaratmaq məqsədi ilə edir.

Yazıçı bu çizgini keçməyə həvəslənəndə isə - əlindəki qələmi şəxsi mənafe “instrumentinə” çevirməyə can atır.

Bu mənada, Uilyam Folknerin Ağ evə getməməsini

“NAHAR ÜÇÜN UZAQDIR”

- bəhanəsinə “söykəməsi” dövlət və qələm arasındakı qırmızı çizginin varlığını həmkarlarına yenə və yenidən xatırlatmasından başqa bir şey deyildir.

Naturası etibarı iki zidd məfhumu (“dövlət” və “yazar”) təmsil edənlərin qol-boyun olması cəmiyyətdəki mənəvi dəyərlərə ölümcül zərbə endirərək “qorxu” məfhumunu tədavülə daxil edir.

“Qorxu” faktoru topluma hakim kəsiləndən sonra isə özünün “mənəvi dayağını” tapan diktatorun kükrəməsi xeyli asanlaşır, yazarın isə kefi ala buludlarda dolaşır.

Keçən əsrin 20-ci illərindən üzü bəri Azərbaycan ədəbiyyatında cərəyan edən proseslər bu sualları vicdanı sahibi olan hər kəsin gündəmində saxlayıb:

Aya, qələmini nəsli-əcabətinin yem mənbəyinə çevirənlərə Mikayıl Müşfiqin:

Tərlansan, göydən enməzsən,
Torpaqlarda sürünməzsən
Mən dönsəm də, sən dönməzsən
Yaşa könül, yaşa könül -

misraları hansı duyğuları aşılayır?

Və ya

Bir vəhşi göyərçin kimi mən də
Şən könlümü azadə dilərdim.
Seyranə çıxıb dağda, çəməndə
Güldükcə günəş, mən də gülərdim
Şən könlümü azadə dilərdim -

misralarının müəllifi Hüseyn Cavidin nəslinin kəsilməsi onların vicdanını sızladırmı?

Yazarı dar ağacına və ya

GÜLLƏ QABAĞINA DİKTATOR YOX, ÖZ HƏMKARI GÖNDƏRİR

1937-yə yaşımız çatmayıb - istintaq və məhkəmələrdəki “üzə durmaları” oxumuşuq.

İndi Türkiyədə hər gün qarşılaşdığım örnəklər yazarın ən zalım diktatordan daha təhlükəli olduğunu göstərir.

Yaradıcı adamın müqavimət nümayiş etdirmədiyi yerdə “Bizi nə vaxt məhv edəcəklər?”- qorxu-hürküsü toplumu sarır.

Bu qorxu Qərb toplumlarını sara bilmir - çünki orada toplumun dəyərlərini “İnsan hər şeyə qalib gələcək”-meyarı müəyyənləşdirir.

“Öz sarayımızın şairiyəm” - həyasızlığı yox.
Bunu nəzərə alaraq, hörmətli oxucuların Nobel mükafatları seriyasına diqqət yetirəcəyinə inanıram.

Uilyam Folkner

Nobel mükafatı alarkən söylədiyi nitq

Stokholm, 10 dekabr 1950

Bu mükafatın qətiyyən mənə yox, əməyimə - heç də şöhrət və mənfəət üçün deyil - üzündə tər və qəlbində iztirabla, insan ruhuna söykənərək indiyə qədər yaradılmamış əsərlər yazdığıma görə verildiyini başa düşürəm.

Buna görə də

MƏN BU MÜKAFATI VƏKİL KİMİ QƏBUL EDİRƏM

Mükafatın bütün tarixi və şərəfli məqsədinə uyğun olaraq, mənim onun pul qismini sərf etməyə yer tapmağım çətin deyil.

Ancaq mənə göstərilən diqqətdən də ləyaqətlə istifadə edərək özünü əzablı və məşəqqətli yazarlıq işinə həsr edən gənc qızlara və oğlanlara bu kürsüdən müraciət etmək istəyirəm.

Bir zamanlar mənim durduğum yerdə duracaq olanların da məni eşidəcəyinə ümidim var.

Zəmanəmizin faciəsi - bizim uzun müddətdən bəri içində yaşadığımız, hətta onunla ətlə dırnaq kimi olduğumuz heyvani qorxu hissidir.

İnsan mənəviyyatını düşündürən bütün məsələlərdən yalnız bu sual qalmışdır: bizi nə vaxt məhv edəcəklər?

Buna görə də müasir gənc yazarlar insan qəlbinin öz-özü ilə mübarizəsi problemini unutmuşlar.

Fəqət həqiqi ədəbiyyatı bu mübarizələr yaradır, sadəcə onun barəsində yazmaq lazımdır, yalnız ona əmək sərf etməyə dəyər.

Yazıçının onları xatırlaması vacibdir.O anlamalıdır ki, qorxu-aşağılıq duyğusudur və bunu anlayandan sonra qorxunu həmişəlik unutmalı, insan qəlbinin həqiqətindən başqa hər şeyi öz emalatxanasından süpürüb atmalı, əski və əbədi həqiqətlər: sevgi, şərəf, mərhəmət, qürur, acıma, özünü qurban vermə kimi məfhumların olmadığı yerdə yazılanların səthi və və unudulmağa məhkum olduğunu dərk etməlidir.

Yazıçı bunu dərk etmədiyi müddətcə onun əməyinin üzərindən lənət asılacaqdır.

O, sevgi yox, şəhvət haqqında, itkisiz məğlubiyyətlər, ümidsiz qələbələr haqqında, ən dəhşətlisi isə ağrısız-acısız və mərhəmətsiz şəkildə yazacaq.

Onun kədərində hər kəsin anladığı kədərdən əsər-əlamət olmayacaq, o yazılar yara izi buraxmayacaq.

O, insan mənəviyyatı haqında yox, vücud hərəkətləri barədə söz toqquşduracaq.

Yazar bunu anlamadığı müddətcə, kənar müşahidəçi kimi insanın ölümündən yazacaq.

Mən insanın ölümü barədə fikri rədd edirəm. “İnsan hər şeyə tab gətirdiyinə görə ölümsüzdür” - demək asandır.

Hətta qaranlığın sonundakı qırmızı şəfəqdə asılmış qayadan taleyin son zəngi susub-sönəndə - hətta o vaxt belə bir səs qalacaq: insanın zəif, ancaq yox edilə bilinməyəcək səsi.

Mən

İNSANIN YOX OLACAĞINA İNANMIRAM

Mən insanın nəinki ayaq üstdə duracağına, hətta onun qələbə çalacağına inanıram.

İnsan yalnız səsinin itib-batmayacağına görə ölümsüz deyildir; o öz xarakterinə, ruhuna, əzablarına, əyilməzliyinə görə ölümsüzdür.

Yazıçının, şairin borcu bunlar barədə yazmaqdır; insanların qəlbini gücləndirərək onlara kömək etməkdir; bəşəriyyətin əbədi dəyərləri olan kişiliyi, vicdanı, ümidi, qüruru, mərhəməti, özünü fəda etməyi onlara xatırlatmaqdır.

Şairin səsi sadəcə əks-sədadan ibarət olmamalıdır, bu səs insana ayaq üstündə duraraq qalib gəlmək üçün dayaq və təməl olmalıdır.

Folknerlə müsahibəni də oxuya bilərsiz

Uilyam Folkner: "Həqiqi yazıçı müvəffəqiyyət və ya zənginlik barədə düşünmür"
XS
SM
MD
LG