Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

“Türkiyədə ən çox tanınan əsər Sabirin “Qorxuram” şeiridir”


35 ildən bəri Türkiyədə Azərbaycan ədəbiyyatını tədqiq və tərcümə edən Yusif Gədikliylə söhbət.

"CAVİDİN KİTABINI BU GÜNƏ QƏDƏR ÇAP ETDİRƏ BİLMƏMİŞƏM"

- Azərbaycan ədəbiyyatına marağınızın Ərzurumdakı Atatürk universitetində təhsil alarkən başladığını bilirik...

- Düzdür, mən 1977-ci ildə Ərzurumdakı Atatürk Universitetində oxuyanda diplom işimi Azərbaycan ədəbiyyatından götürmüşdüm.

Müəllimim Əli Yavuz Akpınara (hal-hazırda İzmirdəki 9 Eylül Universitetinin kafedra müdiri, professor-M.Ə.) niyyətimi deyəndə bu işin öhdəsindən gəlib-gələ bilməyəcəyimi soruşdu.

Yavuz xocam mənə Hüseyn Cavidin “Uçurum” və “İblis” pyeslərini kirildən latın əlifbasına keçirməyi və bu əsərləri təhlil etməyi tapşırdı.

60-cı illərdən başlayaraq mərhum professor Abbas Zamanov Atatürk Universitetinin kitabxanasına minlərlə kitab göndərmişdi.

Abbas Zamanovun kitabxanasına gedib Hüseyn Cavidin əsərlərinin kserosurətini çəkərək işə başladım.

Diplom işimi bitirəndən sonra dekanlığa təhvil verdim.Bunu xüsusi qeyd etmək istərdim ki, Azərbaycan ədəbiyyatına marağım hələ uşaq ikən Trabzonda başlamış, Ziya Gökalpın o vaxt oxuduğum əsərlərinin təsiri altında Türkiyədən kənardakı Türk ölkələrinin ədəbiyyatına heyran olmuşdum.

Universiteti bitirəndən sonra təyinatım Trabzona verildi. Ancaq axtardığım kitabları Trabzonda tapa bilməyəcəyimi anladım.

Elə isə Ərzurumda istədiyim kitabı tapa bilirdim. Trabzonda başa düşdüm ki, xəyalımdakı kitabları tərcümə və çap etdirməyin yeri Ankara və İstanbuldur.

Təyinatımı İstanbula dəyişdirdim. Buradakı birinci işim Hüseyn Cavidin bütün əsərlərini kirildən latın əlifbasına köçürmək oldu.

Ancaq Cavidin kitabını bu günə qədər çap etdirə bilməmişəm.

Uşaqlıqdan gələn arzularımı qardaşım Fəthi Gədikli ilə həyata keçirməyi qərarlaşdırdıq.

Bu məqsədə Türk dünyası şeir antologiyasının layihəsini hazırladıq. Ancaq o vaxtlar Türkiyədə bu mövzuda kitablar çox az idi - olanlar da müxtəlif yerlərdə idi.

Ona görə də Azərbaycan şeir antologiyasını hazırladıq. Fəthi o vaxt hüquq fakültəsinin son kursunda oxuyurdu. Bir ildə Azərbaycan şeir antologiyasını çap etdik.

"HARDA BİR MÜSƏLMAN GÖRÜRƏM - QORXURAM" ŞEİRİNİ TÜRKİYƏDƏ HAMI ƏZBƏR BİLİR"

- Kimlərin əsərlərini o kitaba daxil etdiniz?

- 1917-ci il inqilabını başlanğıc kimi götürmüşdük.Ondan üzü bəri şeir yazan hər kəsin əsərini antologiyaya daxil etdik. Hətta başda Şəhriyar olmaqla, Cənubi Azərbaycanın 15-20 şairinin əsərlərini də o kitaba salmışdıq.

- Sonra da Təbrizə gedib Şəhriyarla görüşdünüz...

- Azərbaycan ədəbiyyatından Türkiyədə hamının tanıdığı bir neçə şair var. Bunlardan birincisi Sabirdir. Xüsusilə, o “Aslan görürəm-qorxmuram; Kaplan görürəm-qorxmuram; Amma harda bir müsəlman görürəm-qorxuram” şeirini Türkiyədə hamı əzbər bilir.

- “Qorxuram”ı da o kitaba daxil etmişdinizmi?

- Yox, onu kitaba salmamışdıq. Ancaq kaş ki, o şeiri 1983-cü ildəki kitabımızın əvvəlinə daxil etsəydik.

- O vaxtlar daha kim tanınırdı?

- Vahabzadə o vaxt da tanınırdı. Şəhriyar da yaxşı tanınırdı.

Dördüncü bir şairin tanındığını xatırlamıram. Bəlkə Səməd Vurğunu tanıyan bir neçə adam vardı - ancaq onun burada çap olunmuş əsəri, demək olar ki, yox idi.

1987-ci ildə Azərbaycan hekayə antologiyasını çıxardıq.

Oraya da 1917-ci ildən üzü bəri hekayə yazanların əsərlərini daxil etmişdik.

Şəhriyarın “Heydərbabaya salam” poeması çox tanınırdı. Mən o vaxt Şəhriyarın Türkcə bütün şeirlərini Türkiyədə çap etdirməyi qərarlaşdırdım.

1987-də Cənubi Azərbaycana məktublar yazıb bir çox kitab aldım.

Mərhum Əhməd Azərlu Şəhriyarın kitabı üzərində işləyərkən mənə çox kömək etdi.

1988-in martında araşdırmalar aparmaq üçün İrana getdim. Martın 13-də Təbrizdəki Xomeyni xəstəxanasında Şəhriyarı ziyarət etdim.

"ŞƏHRİYARIN ƏLİNDƏN ÖPDÜM"

- Həyəcanlandınızmı?

- Təbii ki. Kim olsa, həyəcanlanmaz? Masanın üstündə kitabları vardı. Əlimdən tutdu - əlindən öpdüm. Dedim ki, sizə Türk gəncliyinin salamlarını gətirmişəm.

Vəfatından 6 ay əvvəl idi. Türk şairlərini soruşdu. Mən onun Türkiyədə çox tanındığını və sevildiyini dedim. Şəhriyar burada 1954-dən bəri tanınırdı.

- Məmmədəmin Rəsulzadə tanıtmışdı - “Azərbaycan” jurnalında çıxan “Ədəbi bir hadisə” adlı məqaləsi ilə.

- Bəli, Rəsulzadə onu burada tanıtmışdı. Məhərrəm Erginin “Azəri Türkcəsi” kitabı bütövlükdə “Heydərbabaya salam” poemasına həsr edilib. Onu çox yormaq istəmədim. Şəkil çəkdirdik. Mənim üçün böyük xoşbəxtlik oldu.

- Gələndən sonra “Şəhriyar: Türkcə bütün şeirləri” kitabını çapa hazırladınız.

- Bəli. Təbrizdə Əhməd Azərlu, Yəhya Şeyda v. b.ilə Şəhriyarın əsərləri üzərində çox çalışdıq - bir çox şeyi dəqiqləşdirdik.

Hal-hazırda “İz” nəşriyyatı bu kitabın dördüncü nəşrini hazırlayır.

Məncə, artıq Şəhriyarın nəşr edilməyən Türkcə şeiri qalmayıb - əgər ortaya çıxarsa, onları da kitabın yeni nəşrinə daxil edərik. Kitabda Şəhriyarla bağlı hər şeyi işıqlandırmağa çalışdım.

- Şəhriyardan sonra Şimali Azərbaycanın yazıçı və şairlərini çap etməyə başladınız.

- Layihələrim çox idi. Bir əsəri çapa hazırlayanda onu yayımlatmaq o qədər də asan olmur.

Cavidin kitablarını 1983-də hazırlamışam - ancaq hələ də çap etdirə bilməmişəm. 80-ci illərin axırında “Ötüken” nəşriyyatına gedib Azərbaycan yazıçılarının əsərlərini çap etmələrini təklif etdim - ancaq qəbul etmədilər.

Üstündən 2 il keçəndən sonra özləri məni tapıb kitablar istədilər. Ondan sonra dalbadal tərcümə kitablarım çıxdı.

ƏN POPULYAR - FƏRHAD ZEYNALOVUN KİTABIDIR

- Kimlərin kitabları çıxırdı?


- Elçinin “Ölüm hökmü” romanı və hekayələri vardı. Yusif Səmədoğlunun “Qətl günü” romanı vardı. Bəxtiyar Vahabzadənin məqalələri, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı çıxdı.

Ədəbi tədqiqat kimi mərhum Yaşar Qarayevin “Azərbaycan ədəbiyyatında ədəbi şəxsiyyətlər” kitabını tərcümə etdim. Professor Fərhad Zeynalovun “Türk dillərinin müqayisəli qrammatikası” kitabı vardı.

- O kitab çox maraq doğurdu.

- Bəli, ən çox maraq doğuran kitablardan biri oldu.

Bədii ədəbiyyat dünyanın hər yerində bəlkə o qədər də maraq doğurmaya bilər.

Ancaq spesifik sahələr üzrə kitablardan professor Zeynalovun kitabı həm böyük marağa səbəb oldu, həm də dilçi alimlər üçün əsas mənbələrdən birinə çevrildi.

Bu yaxınlarda o kitabı yenidən nəşr edəcəyik.

Daha sonra nəşriyyat Azərbaycan ədəbiyyatından əsərlərin çapına fasilə verdi. Əlimdə Sabir Azərinin “Darıxan şəhər” povesti var. Onu 1983-də tərcümə etmişdim.

- Sabir Azəri də vəfat etdi.

- Təzəlikcə oldumu? Allah rəhmət etsin.

- Tərcümə üçün kitabları özünüz seçirdiniz, yoxsa nəşriyyatdan və ya müəlliflərdən təklif gəlirdi?

- Mən özüm seçirdim.

- Siz Bakıda dissertasiya da müdafiə etdiniz. Onun mövzüsü nədən idi?

- Mövzu Şəhriyardan idi. 95-də.Rəhmətlik Yaşar Qarayevin köməyi çox oldu.

"MƏN ELƏ ƏSƏRLƏR TƏRCÜMƏ ETMİRƏM"

- Tərcümə etdiyiniz əsərlərin oxunma reytinqi ilə maraqlandınızmı? Türk oxucusu onlara nə dərəcədə maraq göstərdi? Əcnəbi yazıçıları burda kim tanıtmalıdır - tərcüməçi, naşir, reklamçı?

- Bilirsiniz ki, “reklam” adlı bir fenomen var. Gördüyünüz iş barədə geniş məlumat vermə imkanınız olmalıdır ki, o işin görüldüyü məlum olsun.

Mən qəzet, jurnal və TV-lərdə gücüm çatan qədər gördüyüm işlər barədə məlumat verdim. Ancaq bunu da bilirsiniz ki, Türkiyədə çox da kitab oxuyan bir təbəqə yoxdur.

Burda çox kitab çıxır - ona görə də Azərbaycan yazıçısının əsərini kitab mağazasından tapmaq belə oxucu üçün müşkül məsələyə çevrilir.

Ona görə də Azərbaycan ədəbiyyatından daha çox kitab çap etmək lazımdır.

Mən indiyə qədər 16 kitab çıxarmışam. Azərbaycan ədəbiyyatı ilə bağlı təxminən 150 məqalə yazmışam. İndi hamısını bir yerə yığsaq, Azərbaycan ədəbiyyatından burda təxminən 50-60 kitabın çap edildiyini görərik.

Bir də burada kitablarını əvvəlcədən pul verib çap etdirənlər var - onları kitablarının oxunması və ya reklamı maraqlandırmır.

Mən heç vaxt o cür kitab tərcümə etməmişəm.

Əgər söhbət pul qazanmaqdan getsəydi, mən görmək üçün başqa çox iş tapardım.

- Azərbaycan yazıçılarını öz təşəbbüsünüzlə tərcümə etdiyinizi deyirsiniz. Kitab çıxandan sonra yazıçı və şairlər öz kitablarının taleyi ilə maraqlanırlarmı?

- Maraqlanan da oldu, maraqlanmayan da...

- 94-cü ildə sizinlə İsa Hüseynovun “Şəppəli” povesti üzərində birgə işləmişdik. İsa Hüseynovun əsərlərini çap etdirmədinizmi?

- İsa Hüseynovun kitabını çap etdirmək çoxdankı arzumdur. Bu yaxınlarda bir nəşriyyata təklifimi verəcəyəm. Qardaşım Fəthi Gədikli Bakıda mədəniyyət müşaviri olanda orada “Yom” jurnalını çıxarmağa başlayıb. Jurnalın 12 nömrəsi Bakıda işıq üzü görüb.

İndi Türk dünyasının bu ədəbi-mədəni jurnalını İstanbulda çıxarırıq. “Yom” - qədim Türk dilində “xeyir-dua” deməkdir.

Hətta “Kitabi-Dədə Qorqud”da var. Qapımız bütün yazarlara açıqdır.
XS
SM
MD
LG