Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:27

K.Heydərovun oğulları böyük biznesdə


Azərbaycan nazirlərinə bizneslə məşğul olmaq qadağandır
Azərbaycan nazirlərinə bizneslə məşğul olmaq qadağandır

-

Hökumət nümayəndələri Azərbaycanda biznes üçün münbit şəraitin olduğu barədə danışırlar. Belə şərait onların ailə biznesləri üçün, həqiqətən də mövcuddur. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin biznesinə nəzər saldıqda Azərbaycanda bəzi bizneslərin inkişafına hətta qanunların da mane olmadığını görmək olar.

Ekspertlərin ölkədə ən nüfuzlu nazir adlandırdığı Kəmaləddin Heydərov da digər məmurlar kimi gəlirlərini bəyan etmir. Amma qanunla ona bizneslə məşğul olmaq qadağandır.

Onun atası Fəttah Heydərov da uzun illərdir ki, parlamentin üzvüdür və bu da onun bizneslə məşğul olmasını istisna edir. Amma Heydərovların ailə biznesində mənbəyi məlum olmayan böyük pullar dövriyyə edir.

İndiyə kimi mətbuatın bu barədə yazdıqları ehtimallara və şayiələrə söykənirdi. Amma son zamanlar başqa məmurlar kimi Heydərovlar da biznesləri barədə ictimaiyyəti məlumatlandırırlar.

UEI-nin veb səhifəsi

Şəffaflığa doğru belə addımlar ancaq alqışlansa da, onlar heç də bütün suallara cavab vermir.
«United Enterprises International» şirkətlər qrupunun internet səhifəsi bu yaxınlarda yaradılıb və belə təqdim olunur:
«Bu vebsayt sizə holdinqimiz və ona aid olan şirkətlər barədə məlumat vermək məqsədi daşıyır».

Səhifədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladlarının adına rast gəlmək olar. Tale Heydərov holdinqin İdarə Heyətinin sədri, onun qardaşı Nicat Heydərov isə sədr müavinidir. Hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.

Britaniyada şirkət reyestrindən əldə etdiyimiz sənədlərdə göstərilir ki, Tale və Nicat Heydərovlar şirkətdə təkcə təyinatlı vəzifə tutmurlar, həmçinin hər biri 5 min funt (təqribən 6400 manat) dəyərində aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.
Səhifədə qeyd olunur ki, holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var.
Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan şirkətlər də var. Bunlardan diqqətimizi cəlb edən...

«CASPIAN SEA CAVIAR»

(Xəzər dənizi kürüsü) şirkəti oldu.

UEİ-nin Londondakı ofisi

Uzun illər mediada Azərbaycanda Xəzər kürüsünün ixracının vaxtilə Gömrük xidmətinə rəhbərlik edən Kəmaləddin Heydərovun nəzarəti altında olması haqda iddialar səslənirdi.

İndi Kəmaləddin Heydərovun oğullarının yaratdıqları holdinq, vebsaytdan göründüyü kimi Heydərovların kürü biznesinə aidiyyatını təsdiq edir. Söhbət «Caspian Sea Caviar» şirkətindən gedir. Onun direktoru olan Şahin Neməti elə «United
Enterprises International»ın da direktorudur.

«Caspian Sea Caviar» şirkətinin internet saytında on-line kürü mağazası da var. Burada ağbalıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Bundan əlavə şirkətin Almaniyanın Düsseldorf şəhərində kürü satışını həyata keçirən butiki var.

VƏ «JALƏ» ŞİRƏLƏRİ

«United Enterprises International»ın saytında qeyd olunur ki, «Jalə» şirələri Azərbaycanda «Gilan Holdinq» tərəfindən istehsal edilir. Əslində, Tale Heydərovun «United Enterprises International» şirkəti həm də «Gilan Holdinq»in beynəlxalq distribyutorudur.

Amma şirkətlər arasındakı əlaqə təkcə bununla kifayətlənmir. UİEnin Bakı ofisi ile Gilan Holdinqin əlaqə telefonu da eynidir.

Məlumata görə, Jalə şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın vaxtlarda İngiltərədə də satışa hazırlanır.
«United Enterprises International»a daxil olan digər şirkətlər əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur. Bunlar «Azerbaijan Carpets» – (Azərbaycan xalçaları), «Turquoise Media Company» – (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, Azərbaycan restoranları və başqa səhmdar cəmiyyətləridir.

ÜSTƏGƏL AVROPA AZƏRBAYCANLILARI VƏ QƏBƏLƏ FUTBOLU

Jalə suları internetdə

«United Enterprises International» öz internet səhifəsində başqa tərəfdaş kompaniyaları də təqdim edir. Bunlar Azərbaycan çempionatında yarışan «Qəbələ» Futbol Klubu, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və «Gilan Holdinq»dir.
Tale Heydərov «Qəbələ» Futbol Klubunun da rəhbəridir. Bundan başqa o 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinın də sədridir. Bu cəmiyyətdə ikinci şəxs - icraçı direktor isə «Xəzər kürüsü»nün direktoru Şahin Nemətidir. «Gilan Holdinq»in isə rəhbəri…

«GİLAN HOLDİNQ»

«Gilan Holdinq»ə rəsmən kimin rəhbərlik etdiyi internet səhifəsindən bəlli olmur. Ancaq bu holdinqin törəmə şirkətlərini rəsmi şəkildə məhz Kəmaləddin Heydərovun oğulları təmsil edirlər.

«Gilan Holdinq»in tərkibinə daxil olan şirkətlər bunlardır:

- Tikinti materiallarının istehsalı zavodları – «Gilan İnşaat»;
- Şərab istehsal edən AGRO-AZERINVEST,
- Qəbələ Konserv Zavodu,
- Qəbələ Fındıq Emalı Zavodu,
- «Jalə» suları,
- Qəbələ Süd Emalı Zavodu,
- spirtli içkilər zavodu,
- dəri emalı zavodu,
- tikiş fabrikləri,
- dəyirmanlar
- «Qəbələ» və «Gilan» hotelləri,
- «İpək yolu» və «Dəniz» restoranları

Bununla da iş bitmir. Gilan MMC (Gilan Holdinq) həmçinin AFBankın səhmlərinin 98 faizinə malikdir. Həmin bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bu vəsaitin mənbəyi barədə məlumat əldə etmək mümkün deyil.

KAPİTALIN MƏNBƏYİ BARƏDƏ SUALLAR CAVABSIZ QALIR

Təəssüf ki, adı gedən vebsaytda yetərincə böyük görünən və «United Enterprises International» çətiri altında birləşən bu şirkətlərin kapitalının mənbəyi açıqlanmır.

AFBankın nizamnamə kapitalı

Düzdür, Tale Heydərovun atası Kəmaləddin Heydərov və babası Fəttah Heydərov Azərbaycanda kifayət qədər tanınmış fiqurlardırlar, ancaq dövlət məmurudurlar. Yəni, rəsmən ancaq maaşla dolanırlar.

Çünki Azərbaycan qanunları dövlət məmuruna başqa bir bizneslə məşğul olmağı qadağan edir. Yalnız dövlət məmurunun maaşı ilə holdinq yaratmaq isə mümkün deyil.

Əslində, prestijli London məktəbinin yetirməsinə böyük biznesi həvalə etməkdə təəccüblü heç nə yoxdur. Ağıla gələn ilk fikir, Heydərov qardaşlarının bacarıqlı biznesmen kimi bu işə cəlb olunmasıdır. Kim istəməz ki, ingiliscə, fransizca danışan, iqtisadi təhsili olan təşəbbüskar gənclər onun biznesinə rəhbərlik etməsin. Amma onların Kəmaləddin Heydərovun ailəsindən çıxması və bizneslərinin birbaşa Azərbaycanda istehsal olunan məhsul və xidmətlərlə bağlı olması faktları çoxlu suallar doğurur.

Bu suaları «United Enterprises International»ın İdarə Heyətinin sədri Tale Heydərov və Holdinqin direktoru Şahin Nematiyə yazılı şəkildə ünvanlasaq da, heç bir rəsmi cavab almadıq.

«MƏMUR ATA OĞLUNA GÖRƏ CAVABDEH DEYİL»

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, bu biznes qurumları barədə məlumat kifayət deyil ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu korrupsiyada günahlandırasan.

Çünki məmur ata oğluna görə cavabdeh deyil.

Bəs qanuna əsasən, bu çiçəklənən biznesə sahib olan şəxslərə «pul haradandır» sualı verilməlidirmi? Mövsümovun fikrincə, verilməlidir, amma verilmir. Buna səbəb də elə məmurların özləridir.

«BU, KORRUPSİYAYLA MÜBARİZƏYƏ QARŞI MƏMUR MÜQAVİMƏTİDİR»

«2006-cı ildən qüvvədə olan qanunvericiliyə əsasən, hər bir məmur öz gəlirlərini ictimaiyyətə açıqlamalıdır. Amma bu qanun işləmir. Səbəb, prezidentin tapşırığına baxmayaraq, Nazirlər Kabinetinin bəyannamə formalarını təsdiqləməməsidir».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında danışan Vasif Mövsümovun fikrincə, bu, korrupsiyayla mübarizəyə qarşı məmur müqavimətidir.

Azərbaycan BMT-nin korrupsiyaya qarşı mübarizə konvensiyasını da hələ tətbiq etmir. Vasif Mövsümovun fikrincə, belə bir normanın Azərbaycanda olmaması məmurların gəlirlərinə nəzarət imkanını məhdudlaşdırır.

XS
SM
MD
LG