Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

Nalbandyan azərbaycanlı həmkarına atmaca ilə cavab verir


Edvard Nalbandyan
Edvard Nalbandyan
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan deyir ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarov Qarabağ münaqişəsinin həllinə dair vasitəçilərin verdiyi təklifin ən əsas prinsipini heçə saymaqla bütövlükdə sülh prosesinə təhlükə yaradır.

Nalbandyan fevralın 15-də Yerevanda jurnalistlərə bildirib ki, münaqişənin həlli üçün həmsədrlərin verdiyi və Madrid prinsipləri adlanan sənəddə əsas prinsip kimi regionun statusunu Dağlıq Qarabağda yaşayanların həll etməsi göstərilib. Amma Elmar Məmmədyarov deyir ki, Bakı Qarabağın gələcək statusunu yalnız Azərbaycanın tərkibində görür.

Həmkarının bu sözlərinə atmaca ilə cavab verən Nalbandyan jurnalistlərə bunları deyib:

STATUS MƏSƏLƏSİNDƏ QƏRAR VERƏN YALNIZ QARABAĞ XALQIDIR


«Əsas olan o deyil ki, kim nəyi necə görür. Əsas olan qərarı kimin verməsidir. Status məsələsində də qərar verən yalnız Qarabağ xalqıdır. Bu, keçən il Böyük Səkkizlik ölkələri liderlərinin sammiti zamanı Rusiya, Fransa və ABŞ prezidentlərinin birgə bəyanatı zamanı elan edilən Madrid prinsiplərində də xüsusi vurğu ilə qeyd edilib».

Nalbandyan bildirib ki, əgər Azərbaycan bu əsas prinsipə qarşı çıxırsa, faktiki olaraq nizamlama prosesini əngəlləyir. Onun fikrincə, Bakı bununla həm də Qarabağın danışıqlar prosesinə qatılması prosesinə mane olur:

«Münaqişənin həlli üçün ortaq mövqe formalaşdırmağa çalışarkən tərəflərdən biri fikrini dəyişib işğal olunan torpaqlar problemini ortaya atırsa, Mardaket (Ağdərə), Martuni (Xocavənd) və Şaumyan (Çaykənd) rayonlarının da qaytarılması və qaçqınların ora dönmələri məsələsi həll edilməlidir. Əlbəttə, münaqişənin həlli yollarını taparkən onun bütün halları nəzərə alınmalıdır».

Yanvarın 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə görüşündə əldə olunan razılaşmaya görə, Bakı ilə Yerevan Madrid prinsiplərinin yenilənmiş varinatı üzərində razılaşmadıqları məsələlərlə bağlı öz təkliflərini verməlidirlər. Amma hələlik tərəflərdən heç biri Moskvaya təklif göndərməyib.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Fevralın 15-də Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə birlikdə keçirdiyi mətbuat konfransında Məmmədyarov bildirib ki, o, bu yaxınlarda rusiyalı həmkarı Sergey Lavrovla əlaqə saxlayıb və öyərnib ki, hələlik Yerevanın təklifi Moskvaya çatmayıb.
Elmar Məmmədyarov və ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev
Bakıya gəlincə, Məmmədyarovun dediyinə görə, heç Bakıdan da Moskvaya təklif getməyib. Nazir bu mövzuda suala cavabında deyib ki, Madrid prinsiplərinin yenilənmiş variantı umumilikdə Azərbaycanı qane edir:

MÜƏYYƏN ELEMENTLƏR VAR Kİ, BİZİ TAM QANE ETMİR

«Sənəd ümumilikdə münaqişənin mərhələli həllini nəzərdə tutur. Amma orada müəyyən elementlər var ki, bizi tam qane etmir. Artıq məlum olduğu kimi orada Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması, bütün kommunikasiyaların bərpası, sərhədin açılması, Qarabağda yaşayan və oraya qayıdan əhalinin təhlükəsizliyinin təminatı, erməni icmasına müvəqqəti statusun verilməsi, sonradan azərbaycanlı icması ilə birlikdə yekun statusun müəyyənləşdirilməsi əksini tapıb».

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının hazırda dünyada mövcud olan ən yüksək muxtariyyət statusu çərçivəsində birgə yaşayışını istəyir.

ATƏT-in 2007-ci ildəki Madrid sammitində Azərbaycana və Ermənistana təklif olunan prinsiplərin yeniləşməsi kimi tanınan həll variantına görə, Dağlıq Qarabağ problemi həm ərazi bütövlüyü, həm də xalqın öz müqəddəratını həll etməsi prinsiplərinin uzlaşdırılması yolu ilə həll olunmalıdır. Amma sənədin yenilənmiş variantının nə olduğu hələlik cəmiyyətə tam məlum deyil.

Bakının elan etdiyinə görə, bu sənəddə münaqişənin Azərbaycanın mənafeyinə uyğun, yəni dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun həlli nəzərdə tutulur. Yerevan da bildirir ki, əksinə sənəd Ermənistanın marağına uyğundur, çünki orada əsas prinsip kimi xalqların öz müəqddəratını təyin etmə hüququ götürülür.
XS
SM
MD
LG