Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

ABŞ-la isti münasibətlərin soyuq tərəfləri…


Uilyams Berns
Uilyams Berns
«Birləşmiş Ştatlar Azərbaycanın güclü dostudur. Biz təhlükəsiz, inkişaf etmiş və demokratik dövlətə dəstək vermək üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyi götürmüşük. İnanırıq ki, demokratik təsisatların gücləndirilməsi, qanunun aliliyi və insan haqlarının təmin olunması bu ölkənin, eləcə də regionun gələcəyinə müsbət təsir göstərəcək. Biz bununla bağlı səyləri dəstəkləməkdə davam edəcəyik».

ABŞ-IN ÜMİDLƏRİ…

Bu sözləri Bakıda Diplomatik Akademiyadakı çıxışında ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyams Berns deyib. Cənab Berns Azərbaycana birgünlük səfəri çərçivəsində prezident İlham Əliyevlə, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlərindən məmnunluğunu da bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, Berns Birləşmiş Ştatların Azərbaycanın Əfqanıstan məsələsində, terrorçuluqla mübarizədə, regonal və qlobal təhlükəsizlik sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Berns bildirib ki, Birləşmiş Ştatlar bu məsələlərlə bağlı Azərbaycanla münasibətlərin daha da dərinləşəcəyinə ümid edir.

AXCP sədri Əli Kərimli isə düşünür ki, təhlükəsizlik və iqtisadi sahədə iki ölkə arasında münasibətlər inkişaf etsə də, ABŞ-Azərbaycan münasibətlərinin indiki durumunu «isti münasibətlər» kimi dəyərləndirmək olmaz:

ABŞ-IN NİYƏ AZƏRBAYCANDA SƏFİRİ YOXDUR?

«İki ölkə arasında ən böyük problem Azərbaycan hökumətinin demokratik islahatlar aparmaq istəməməsindən qaynaqlanır. Neçə müddətdir rəsmi Bakı ABŞ-ın 2 radiosunun FM-də yayımlanmasına qadağa qoyub. Bakı insan haqları, demokratiyanın təməl prinsiplərinin qorunması ilə bağlı ABŞ rəsmilərinin tənqidlərini nəzərə almır.
Əli Kərimli
Məncə, bir neçə aydır ABŞ-ın Azərbaycana səfir təyin etməməsinin kökündə də məhz bu dayanır».

Berns Azərbaycana Türkiyədən gəlib. Buna qədər isə ABŞ rəsmisi Suriya və Livan rəsmiləri ilə görüşüb. Politoloq Eldar Namazov da düşünür ki, cənab Bernsin səfəri ikitərəfli yox, regional proseslərlə bağlıdır və səfərdən ikitərəfli münasibətlərlə bağlı konkret problemlərin çözümünü gözləmək doğru deyil:

İNSAN HAQLARI İLƏ BAĞLI DİALOQ DAYANDIRILIB?

«Berns müsəlman dövlətlərinə səfər edib. Səfər proqramına nəzər salanda görünür ki, əsas müzakirə mövzuları İraqdakı durumun bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı ətrafında gedən proseslər olub. ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, məncə, bu, arzuedilən səviyyədə deyil. İki dövlət arasında bir sıra məsələlər, o sıradan demokratiya, insan haqları sahəsində dialoq dayandırılıb. İndi rəsmilərin təmasları daha çox enerji layihələri ətrafında olur. Səbəb isə demokratiya sahəsində Azərbaycanda durumun ildən-ilə pisləşməsi, ölkənin beynəlxalq reytinqlərə görə qismən azad ölkələr sırasından azad olmayan ölkələr sırasına enməsidir».

ALİ İDEYALAR, PRİMİTİV MARAQLAR…

Politoloq Vəfa Quluzadə isə düşünür ki, ABŞ regionda maraqlarını itirib:

Vəfa Quluzadə
- İndi ABŞ-ın Azərbayanda olduqca primitiv maraqları var – Azərbaycan üzərindən ABŞ təyyarələri Əfqanıstana uçsun, Azərbaycan ABŞ qoşunları tərkibində Əfqanısandakı əməliyyatlara qoşulsun. Ancaq bunlar iki dövlətin əlaqələri üçün yetərli sayıla bilməz. Azərbaycanın ən böyük problemi ölkə ərazisinin 20 faizinin işğalıdır. Bununla bağlı ABŞ-ın siyasətini isə ancaq destruktiv qiymətləndirmək olar. Ona görə ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olsa da, işğalçı Ermənistanla, separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurur, onlara siyasi-iqtisadi dəstək verir. Bəs, ABŞ İspaniyadakı, Fransadakı separatçıları nədən dəstəkləmir? Əgər ABŞ superdövlət və demokratiyanın dayağıdırsa, o zaman heç bir ölkədə baş qaldıran separatçılığa, cinayətkarlığa dəstək verməməlidir. Bütün bunlar Azərbaycanda ABŞ-ın imicinə olduqca mənfi təsir göstərir. Əgər ABŞ-ın regionda marağı varsa, bunları nəzərə almalıdır.

Vəfa Quluzadə düşünür ki, ABŞ-ın bir neçə aydır Azərbaycandakı diplomatik missiyasına başçı təyin etməməsi də Azərbaycanla münasibətlərin inkişafına o qədər də önəm verməməsinin sübutudur.
XS
SM
MD
LG