Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları


Texniki baxışdan keçirilmə müddəti

Hüquqi və fiziki şəxslərə məxsus (Azərbaycan Respublikası Silahlı Quvvələrindən və digər birləşmələrdən başqa), respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış keçirilir;

  • “VAZ” markalı avtomobillər üçün : 01 yanvardan 01 maya qədər;
  • “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 maydan 01 iyula qədər;
  • Yük avtomobilləri və avtobuslar üçün: 01 iyuldan 01 sentyabra qədər;
  • Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün: 01 sentyabrdan 31 oktyabra qədər.


Texniki baxışdan keçirilmə üçün vəsait

Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin altıncı hissəsində qeyd olunduğu kimi ildə bir dəfə texniki baxış keçirilir. Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:

-mühərrikin işçi həjmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin həjminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Rəngli şüşə haqqında


Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-204 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

* küləyə qarşı şüşələr (alın şüşəsi) üçün – 75 faizdən;
* küləyə qarşı olmayan qabaq yan şüşələr üçün – 70 faizdən;
* küləyə qarşı olmayan arxa yan şüşələr üçün – 60 faizdən;
* avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

Bu Qanunun tələblərinə əsasən işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.


Nəqliyyat vasitələrinə və onların qoşqularına
dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında
nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı


Qərar № 40
Bakı şəhəri, 15 mart 1999-cu il

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına aşağıda qeyd edilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2) tramvaylara və trolleybuslara - yerli icra hakimiyyəti orqanları;

3) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinə (traktorlara), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə - Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi;

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə - Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi;

6) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.

7) Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələrinə - aidiyyəti üzrə həmin dövlət orqanları.

1.2. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından "Yol hərəkəti haqqında" Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:
  • nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
  • nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
  • nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq;
  • dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan haqların ödənilməsi barədə qəbzlərin, yaxud ödəniş sənədlərinin olmasına nəzarəti təmin etmək.

1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqulara (yarımqoşqulara) dövlət texniki baxışı bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən ildə 1 dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə həyata keçirilir.

1.5. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Dövlət qeydiyyatına alınan zaman həmin nəqliyyat vasitələrinə dövlət texniki baxış talonu verilir.

2. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər

2.1. Texniki baxışı keçirən orqan hüquqi şəxslərin təklifini nəzərə almaqla, hər il yanvar ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi barədə ümumi cədvəl tərtib edir.

Həmin cədvəldə hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilmə yeri, təqdim olunan günü qeyd edilir və onun surəti tabeçilik aidiyyəti üzrə yuxarı təşkilata göndərilir.

2.2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir.

2.3. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (texniki nəzarət məntəqəsi, müayinə mərkəzi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) texniki baxışı keçirən orqan tərəfindən müəyyən edilir.

2.4. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunma qaydaları

3.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.

3.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

4) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə qəbzlər.
Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

3.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) bu Qaydaların 3.1 bəndində müəyyən edilmiş müddət ərzində onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir.
Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı 1.1 bəndində qeyd olunan orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir.

4. Dövlət texniki baxışının keçirilmə qaydaları

4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.

4.2. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrini qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.

4.3. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcudluğu, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır.

4.4. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti əsas nəqliyyat vasitəsinə (dartqıya) qoşulmuş vəziyyətdə yoxlanır.

4.5. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.

4.6. Bu Əsasnamənin 1.2 bəndinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.

4.7. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə texniki baxışı keçirən orqan tərəfindən texniki baxış talonu verilir və həmin orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonun forması, tətbiq olunma qaydaları və hesabatı 1.1 bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.

4.8. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparırlar.

5. Dövlət texniki baxışına hazırlıq və onun keçirilməsinə nəzarət

5.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulan orqanlar tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

  • nəqliyyat vasitələrinin dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanması;
  • dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən, qayıdarkən, həmçinin istismar prosesində) yoxlanması;
  • nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların müvafiq orqanların kartotekalarında uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

6. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi

6.1. Nəqliyyat vasitələrinə keçirilən dövlət texniki baxışın nəticələrinə görə hüquqi şəxslər tərəfindən dövlət texniki baxışı keçirən orqanın təsdiq etdiyi müvafiq akt blankları doldurulur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan vergilər, xidmət haqları və s.) həmin orqana təqdim edilir.

6.2. Texniki baxışın yekun hesabatı 1.1 bəndində göstərilən orqanlar tərəfindən respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Statistika Komitəsinə təqdim edilir.

6.3. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti rayonlar, şəhərlər üzrə təhlil olunaraq təsərrüfatlarda nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, onların yararsız vəziyyətinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, təhlil əsasında aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

7. Məsuliyyət

7.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.2. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasında avtomotonəqliyyatın istismarı ilə bağlı
bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


Qərar № 412
Bakı şəhəri, 27 iyul 1992-ci il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunsun:
nəqliyyat vasitələrinin uçotu və qeydiyyatı, texniki baxış keçirilməsi, nəqliyyat vasitələrini idarə etməyə vətəndaşların buraxılması, onlardan imtahan qəbul edilməsi, sürücülük vəsiqələri verilməsi, yol-nəqliyyat hadisələrinin uçotu qaydalarının (əsasnamələrinin) və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına dair digər normativ aktların hazırlanıb təsdiq edilməsi; dövlət nömrə nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin, sürücülük vəsiqələrinin, avtomotonəqliyyat vasitələrini və sürücüləri yol hərəkətində iştirakına buraxmaq üçün vacib olan başqa xüsusi məhsul nümunələrinin Beynəlxalq Konvensiyaya uyğun hazırlanması və təsdiq edilməsi; avtomotonəqliyyat vasitələrinə dövlət nömrə nişanları seriyalarının, sürücülük və qeydiyyat sənədlərinin verilməsi; göstərilən xüsusi məhsulun hazırlanması üçün tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara icazə (lisenziya) verilməsi.

2. Müəyyən edilsin ki, xüsusi məhsul istehsalçı müəssisə, idarə və təşkilatlar tərəfindən sifarişçiyə-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sərbəst qiymətlərlə satılır.

3. Dövlət Yol Polisinin göstərdiyi xidmətlərə görə ödənc haqqlarının məbləğini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Antiinhisar və Sahibkarlığa Kömək Komitəsinin razılığı ilə müəyyən edir.

Göstərilən işlərə görə ödənilən haqqın həcminə məhsul istehsalçısının qoyduğu sərbəst qiymətlər (əlavə dəyər vergisi də daxil olmaqla) və Dövlət Avtomobil Müfəttişliyinin 20 faizə qədər xidmət haqqı da daxildir.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə bu qərara əlavəyə uyğun olaraq xidmətlər göstərilir.

5. Bu vəsaitlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin büdcədənkənar fonduna daxil olur və onların xərclənməsi "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarına uyğun hazırlanmış və Maliyyə Nazirliyi ilə razılaşdırılmış smeta əsasında xərclənir.

6. Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olan avadanlıqlar gömrük rüsümundan azad edilir.

Baş nazir R. HÜSEYNOV
İşlər müdiri F. MURADƏLİYEV

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 27 iyul tarixli 412 nömrəli qərarına əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi idarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin Siyahısı

1. Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və praktiki imtahanların qəbulu.

2. Nəqliyyat vasitəsinə illik texniki baxışların keçirilməsi.

3. Texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi, qeydiyyat şəhadətnaməsi, qeydiyyat nişanları, tranzit nişanları, "AZ" dövlət fərqlənmə nişanlarının verilməsi, bu əməliyyatlar zamanı nəqliyyat vasitələrinə baxış keçirilməsi, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinənin keçirilməsi.

4. Milli və beynəlxalq sürücülük vəsiqələrinin sənədləşdirilməsi və təqdim edilməsi.

5. Nəqliyyat vasitələrinin sahiblərinin istəyindən asılı olaraq, onların alqı-satqısının bilavasitə Dövlət Yol Polis idarəsində də sənədləşdirilməsi.

6. Nəqliyyat vasitələrinin girov müqaviləsinin Dövlət Yol Polisi idarəsində qeydiyyata alınması və müvafiq şəhadətnamənin verilməsi.

7. Müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətinin təşkil edilməsi.

8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi.

9. Nəqliyyat vasitələrinin yeni avadanlıqla təmin edilməsinə, tipinin dəyişdirilməsinə, xüsusi avadanlıq və aqreqat qoyulmasına icazə verilməsi.

10. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması.

İşlər müdiri A. HACIYEV.


Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə
Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə TƏLİMAT

1.Ümumi müddəalar.


1.1. Bu Təlimat Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında”, “Polis haqqında”, “Nəqliyyat haqqında” və digər qanunlarına, Nazirlər Kabinetinin 15.03.99-ci il tarixli 40 №_-li, 30.06.2000-ci il tarixli 110 №_-li Qərarlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı digər normativ hüquqi aktlara uyğun hazırlanaraq Dövlət yol polisi (bundan sonra DYP) tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət fəaliyyətini tənzimləyir.

1.2. DYP-nin texniki nəzarət üzrə əsas vəzifəsi yol hərəkəti təhlükəsizliyinin və nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar olunmasının təmin edilməsidir.

1.3. Hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər.

2.Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinin əsas istiqamətləri.

2.1.Nəqliyyat müəssisələrində, qarajlarda nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına nəzarət.

Avtonəqliyyat müəssisələrində nəqliyyat vasitələrinin saz saxlanılması tədbirlərinə aşağıdakılar aiddir:

2.1.1.Nəqliyyat vasitələrinə texniki qulluğun və onların cari təmirinin müvafiq istehsalat-texniki bazasında yerinə yetirilməsi.

2.1.2. Nəqliyyat vasitələrinin texniki sazlığının müayinəsi.

2.1.3.Texniki nasazlıqların aradan qaldırılması üzrə işin təşkili.

2.1.4. Təmirlərə sifarişlərin vaxtında verilməsi və onların yerinə yetirilməsi.

2.1.5. Texniki nasazlıq üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin qeydiyyatı və təhlili.

2.1.6. Əvvəlki texniki baxışın nəticəsinə görə avtonəqliyyat vasitələrinin texniki vəziyyəti.

2.1.7. Nəqliyyat vasitələrinin texniki vəziyyətini müayinə etmək üçün istifadə olunan nəzarət-ölçü cihazlarının mövcudluğu, metroloji attestasiyadan keçmələri və onlardan istifadə qaydaları.

2.1.8. İstismara buraxılan nəqliyyat vasitələrinin ətraf mühitə zərərli təsirinin qəbul edilmiş normativlər həddində olmasının təmin edilməsi.

2.1.9. Sürücülərin reysqabağı, reysdən sonra və dövri tibbi müayinədən keçməsinin təşkili.

2.2.Avtomobil yollarında nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət.

2.2.1. Yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət DYP-nin stasionar və diaqnostik postlarında texniki nəzarət ölçü cihazlarının, eləcə də belə cihazlarla avadanlıqlaşdırılmış nəqliyyat vasitələrinin tətbiqi ilə həyata keçirilir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki nasazlığı açıqcasına müşahidə olunanvə texniki vəziyyəti “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir.

2.2.2. Yollarda təcili tibbi yardım, yanğınsöndürən, poçtdaşıyan, inkassator, qəza-xilasetmə xidməti, daxili işlər və milli təhlükəsizlik orqanlarının əməliyyat avtomobilləri və hərbi avtomobillər, partlayıcı, yanğın təhlükəli, radioaktiv və başqa təhlükəli yükdaşıyannəqliyyat
vasitələri, həmçinin içərisində sərnişin olan avtobus, taksi, trolleybus və tramvaylar texniki vəziyyətə görə müayinə edilmək məqsədi ilə saxlanılmırlar.

QEYD: Xətdə işləyən avtobusların texniki vəziyyəti yalnız marşrutların son dayanacaqlarında və avtovağzallarda yoxlanıla bilər.

3. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində DYP-nin əsas vəzifələri.

3.1. Nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun mühərrikin ötürücü mexanizmlərilə sükan, tormoz və konstruksiyada bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək.

3.2. Mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsində iştirak etmək, normativ tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar göndərmək.

3.3. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək.

Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi onun qabaq dövlət qeydiyyat nişanının çıxarılması, bir nüsxəsi sürücüyə verilməklə iki nüsxədən ibarət texniki baxış aktı yazılmaqla və sürücü haqqında inzibati protokol tərtib etməklə həyata keçirilir.

Tormoz sistemi, sükan idarə mexanizmi və ilişmə-dartqı hissəsi nasaz olan nəqliyyat vasitələri sərt üsulla yedəyə alınmaqla təmir sahəsinə aparılır. Digər texniki nasazlıqlarla sürücülər nəqliyyat vasitəsi ilə mənzilə və ya təmir məntəqəsinə qədər ehtiyatla hərəkət edə bilərlər.

Avtomobilin texniki nasazlığı aradan qaldırıldıqdan sonra texniki təmir sahəsinin verdiyi arayış əsasında (təmir orada aparılıbsa), avtomobil DYP hissəsinə təkrar baxışın keçirilməsi üçün təqdim olunmalıdır. Avtomobil saz vəziyyətdə olduqda onun dövlət nömrə nişanı sürücüyə qaytarılır.

3.4. Nəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edilməsinə nəzarəti müstəqil və ya təbiəti mühafizə, sanitariya-epidemioloji və dövlət standartları orqanları ilə birgə həyata keçirmək.

3.5. Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin yol hərəkəti təhlükəsizliyi üzrə fəaliyyətinə, nəqliyyat vasitələrinə göstərilən texniki qulluq və təmirin yol hərəkəti təhlükəsizliyinin texniki normalarına uyğunluğuna nəzarəti müstəqil və ya digər səlahiyyətli orqanlarla birgə yerinə yetirilir.

4. Dövlət Yol Polisinin hissələri arasında texniki nəzarət üzrə vəzifələrin bölgüsü.

4.1. AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi

Texniki nəzarət üzrə bütün səlahiyyətlərə malikdir, iş fəaliyyəti ilə əlaqədar ilk növbədə aşağıdakı vəzifələrı yerinə yetirir:

4.1.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət və texniki baxışdan keçmələrini təmin edən hüquqi normativ sənədləri hazırlayır, digər ölkələrin bu sahədə tətbiq olunan təcrübəsini öyrənir, mütərəqqi təkliflərin qəbul olunması məqsədi ilə Baş DYPİ-nin rəhbərliyi qarşısında məsələ qaldırır, DYP hissələrini yeni qəbul edilmiş normativ sənədlərin tələbi ilə tanış edir, texniki nəzarət sahəsi üzrə icmallar, məqalələr, elanlar hazırlayır, onların kütləvi informasiya vasitələri ilə verilməsi üçün tədbirlər görür.

4.1.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat verir.

4.1.3. Layihə sənədləri tələb olunmadan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verir.

4.1.4.Ətraf mühitin nəqliyyatın ziyanlı təsirindən mühafizəsinə nəzarət edir, bu sahədə təbiəti mühafizə, sanitariya epidemioloji orqanlar ilə birgə və müstəqil fəaliyyət göstərir.

4.1.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada nazirlik, komitə, konsern, şirkət, baş idarə və s. təşkilatların yol hərəkətinin təhlükəsizliyi üzrə işinin təşkilini öyrənir.

4.1.6. Normativ sənədlərin, dövlət standartlarının hazırlanmasında digər icra orqanları ilə birlikdə fəaliyyət göstərir.

4.1.7. Şəhər-rayon polis idarə və şöbələri DYP hissələrinin, avtomobillərin müayinə stansiyalarının texniki nəzarət və texniki baxış üzrə işini təşkil edir, onlardan müvafiq hesabatları tələb edir, əməli köməklik göstərir və fəaliyyətlərini yoxlayır.

4.2. ŞRP idarə (Ş) DYP şöbələri (bölmələri, qrupları):

4.2.1. Avtomobillərin, avtobusların, motosikllərin, motorollerlərinvə qoşquların (yarımqoşquların) müntəzəm surətdə dövlət texniki baxışından keçməsini təşkil edir.

4.2.2. Nəqliyyat vasitələrinin mühərrik, ban, şassi nömrələrinin, tipinin və digər göstəricilərinin qeydiyyat şəhadətnaməsində olan göstəricilərəuyğun gəlməsinə nəzarət edir.

4.2.3. Nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanması üçün hüquqi şəxslərin, avtotəsərrüfatların və s. təşkilatların həyata keçirdikləri tədbirlərə nəzarət edir.

4.2.4. Yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin zərərli təsirdən mühafizəsi üçün nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanmasına, eləcə də Rabitə nazirliyinin razılığı ilə onlara radioelektron cihazların və radiostansiyaların quraşdırılmasına nəzarət edir.

4.3. Baş Dövlət Yol Polis İdarəsinin Müayinə mərkəzi

4.3.1. Müayinə mərkəzi nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi və baxışlar arası müddətdə, eləcə də istintaq orqanlarının qərarı ilə yol-nəqliyyat hadisələrinin iştirakçısı olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasını həyata keçirir.

4.3.2. Müayinə mərkəzində nəqliyyat vasitələrinə texniki baxış həftənin bütün günlərində keçirilməli və zəruri hallarda iş iki növbədə təşkil olunmalıdır.

4.3.3. Müayinə mərkəzinin işi rüblük plan əsasında aparılır. İş planına nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması cədvəlinin tərtib olunması ilə yanaşı aşağıdakı tədbirlər daxil edilir:

-nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması işinin təkmilləşdirilməsi;
-müayinə üsullarının və texnologiyasının təkmilləşdirilməsi;
-metrologiya və dövlət standartı orqanları tərəfindən müayinə avadanlıqlarının, nəzarət-ölçü cihazlarının yoxlanılması, onların texniki qulluğunun, təmirinin və müayinədən keçirilməsinin təşkil edilməsi.

İş planına Müayinə mərkəzinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş digər tədbirlər də daxil edilə bilər.

4.3.4. Müayinə mərkəzində yoxlanılan hər bir nəqliyyat vasitəsinin texniki baxışı üçün yol vergisinin və dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunur.

4.3.5.Yol-nəqliyyat hadisələrində iştirak etmiş nəqliyyat vasitələrinin texniki vəziyyəti müstəntiqin və ya təhqiqatçının tapşırığı əsasında hal şahidlərinin iştirakı ilə yoxlanılır.

4.3.6. Müayinə mərkəzinə daxil olmuş hər bir nəqliyyat vasitəsinə texniki nəzarətçilər tərəfindən müayinə vərəqi (Təlimata 2 saylı əlavə) doldurulur və yoxlamanın nəticəsi barədə qeydlər aparılır.

4.3.7. Tərtib olunmuş müayinə vərəqələri iki il müddətində kartotekada saxlanılır, onlardan nəqliyyat vasitələrinin texniki vəziyyətinə, görülən işlərə nəzarət etmək üçün istifadə olunur.
4.3.8. Müayinə mərkəzində olan avadanlıqlar və cihazlar əməkdaşlara təhkim edilir və onlar təhkim olunmuş avadanlıq və cihazların saz halda saxlanılmasına cavabdehdirlər.

4.3.9. Müayinə mərkəzinin mühəndisi avadanlıq və cihazlardan istifadə olunmasına nəzarət edir, onların təmiri və texniki qulluğunun, çıxdaş edilməsinin, başqa yerə verilməsinin uçotunu aparır, əməkdaşlara onların istismar və saxlama qaydalarını öyrədir, onları dövlət standartlarından və ya metroloji yoxlamadan keçirir.

5.Nəqliyyat vasitələrinin və əlavə avadanlıqların konstruk-siyalarının hazırlanmasına, texniki layihələrin və texniki şərtlərin razılaşdırılmasına, nümunələrin sınaqdan keçirilməsinə və onların istehsalı üçün qəbul edilməsinə olan tələblər

5.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yeni layihələndirilən nəqliyyat vasitələri, həmçinin istismarda olan və qabaritləri, çəki ölçüləri, tormoz sistemi, sürücü və sərnişinlərin oturacaq yerləri, işıq siqnalları və cihazları, sükan idarə mexanizmi yenidən quraşdırılan nəqliyyat vasitələrinin konstruksiyasına nəzarət texniki tapşırığın, texniki layihənin və texniki şərtlərin razılaşdırılması, nəqliyyat vasitəsinin sınağı və istehsala qəbulu mərhələlərində aparılır. Bu zaman aşağıdakı məlumatlar yoxlanılır:

-məmulatın tətbiq olunma sahəsinin qısa xarakteristikası;
-avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş yol şəraiti və istismarrejimi, sürət və güc hədləri;
-çəki parametrləri (təchiz olunmuş halda kütləsi, tam kütləsi, yük götürməsi, sərnişinlərin sayı, qoşqunun tam kütləsi, tam kütlənin oxlar üzrə paylanması);
-tormozlanma yolu, yavaşıma təcili, tormoz qüvvəsi, onun oxlar və təkərlər üzrə paylanma xarakteristikası;
-yolun işıqlanan sahəsi;
-minimal və qabarit dönmə radiusları;
-yol hərəkətinin təhlükəsizliyi üzrə Qanunla, normativ sənədlərlə və standartlarla müəyyən edilmiş digər tələblər.

5.1.1. Layihə sənədlərinin razılaşdırılması 30 gün müddətində yerinə yetirilir. Standartların tələbinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya çatışmamazlıqlar olan və yaxud Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan nəqliyyat vasitələrinin istismarına icazə verilmir və o qeydiyyata alınmır. Bu cür sənədlər layihənin çatışmayan cəhətləri göstərilməklə geri qaytarılır.

5.2. Nəqliyyat vasitələrinin istehsala qəbulu mərhələsində sınaqları məmulatı hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar həyata keçirməlidir. Sınağın keçiriləcəyi yer komissiya tərəfindən müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutlarının və ya laboratoriyalarının, həmçinin məmulata layihə sənədlərinin razılaşdırılması mərhələsində nəzarət edən DİN BDYP İdarəsinin əməkdaşları daxil edilir.

5.2.1. Sınaqların nəticəsi üzrə qəbul komissiyası müəyyən olunmuş formada protokol və qəbul aktı tərtib edir. Nümunələrin sınaqlara davam gətirmədiyi hallarda protokola akt imzalanana qədər konstruksiyanı təkmilləşdirmək barədə təkliflər yazılır. Konstruksiyaların yenidən işlənmiş tərkib hissələri təkrar sınaqdan keçirilir.

5.2.2. Sınaqlara davam gətirməyən nümunələrin aktları imzalanmır və bu halda layihə təşkilatlarına tələbnamə (Təlimata 3 saylı əlavə) göndərilir.

5.3. Nəqliyyat vasitələrinin texniki şərtləri razılaşdırılarkən, onların layihələri ilə birlikdə qəbul sınaqlarının nəticələri barədə tərtib olunmuş protokol və akt təqdim edilir, hərəkəti üçün xüsusi şərtlər tələb olunan iri ölçülü və digər nəqliyyat vasitələri üçün isə həm də konstruksiyanın xüsusiyyətləri və həmin nəqliyyat vasitələrinin ancaq DYP-nin icazəsi ilə istismar oluna biləcəyi haqqında qeyd aparılan təlimat layihəsi təqdim edilir.

5.3.1. Texniki şərtlər razılaşdırılarkən layihə təşkilatlarına istehsal olunan məmulatın istismara buraxılması üçün əsas hesab edilən konstruksiyaların razılaşdırılması barədə şəhadətnamə (Təlimata 4 saylı əlavə), xüsusi təyinatlı minik avtomobilləri üçün isə əlavə olaraq avadanlığın quraşdırılması sxemi verilir.

6. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasına dair tələblər.

6.1. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılması (Təlimata 5 saylı əlavə) Daxili İşlər Nazirliyi Baş DYP idarəsinin müvafiq razılığı əsasında yerinə yetirilir.
Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ-si ilə razılaşdırılması üçün vətəndaşlar ərizə (Təlimata 6 saylı əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər.

6.2. Layihə sənədlərinin işlənib hazırlanması və razılaşdırılması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə fərdi qaydada hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl, motorollerlər və onların yanına qoşulmuş kolyaskalar, habelə sadə formada yenidən quraşdırılan nəqliyyat vasitələri aiddir.

6.3. Fərdi qaydada hazırlanmış minik avtomobillərinin, motosikl və qoşquların konstruksiyalarının yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki xarakteristikalarına (Təlimata 7 saylı əlavə) uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər və qoşqular texniki tələblərə uyğun gəldikdə komissiya və ya institut (laboratoriya) tərəfindən, rəy(Təlimata 8 saylı əlavə), cizgi, sxem və fotoşəkillər əlavə edilməlidir. Bu rəy BDYPİ tərəfindən təsdiq edildikdən sonra nəqliyyat vasitələrini qeydiyyata almaq üçün tələb olunan əsas sənəd sayılır.

6.4. Avtomobil zavodları tərəfindən kütləvi istehsal olan nəqliyyat vasitələrinin ehtiyat hissələrdən (aqreqat və qovşaqlardan) fərdi qaydadayığılmasına icazə verilmir.

7. Dövlət Yol Polisinin texniki nəzarət işinin uçotu və hesabatı.

7.1. DYP-nin bütün hissə və bölmələrində texniki nəzarət üzrə görülən işlərin ayrıca uçotu aparılır və onun göstəricilərindən işin səmərəliliyini artırmaq məqsədi ilə tədbirlərin hazırlanmasında istifadə edilir.

7.2. DYP hissələri tərəfindən texniki nəzarət sahəsində görülən işlərin respublika üzrə uçotunu aparmaq və yekunlaşdırmaq məqsədi ilə aylıq (təlmata 13 saylı əlavə) və illik (10 DYP- №-li forma, təlimata 14 saylı əlavə) məlumatlar, rübün yekunu üzrə görülən işlər barədə arayış ilə yanaşı Baş DYP idarəsinə göndərilir.

8. Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi

8.1.Dövlət texniki baxışın keçirilməsinin məqsədləri:

8.1.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının
tələblərinə müvafiq olmasına nəzarət etmək;

8.1.2. Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;

8.1.3. Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrinin və inzibati xətaların qarşısını almaq;

8.1.4. Dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlıq müddətinə nəqliyyat vasitələrinin sahiblərindən alınan illik yol vergisinin və dövlət rüsumunun ödənilməsinə nəzarəti təmin etmək.

8.2. Hüquqi və fiziki şəxslərə məxsus (Azərbaycan Respublikası Silahlı Quvvələrindən və digər birləşmələrdən başqa), respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış keçirilir;

  • “VAZ” markalı avtomobillər üçün : 01 yanvardan 01 maya qədər;
  • “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 maydan 01 iyula qədər;
  • Yük avtomobilləri və avtobuslar üçün: 01 iyuldan 01 sentyabra qədər;
  • Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

8.2.1. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur və qeydiyyat zamanı texniki baxış talonu ilə təmin olunur. Əvvəlki illərdə istehsal olunmuş, cari ildə qeydiyyata alınan nəqliyyat vasitələrinə, qoşqulara və yarımqoşqulara texniki baxış keçirilir.

8.2.2. Müəyyən edilmiş müddətlərdən əvvəl vətəndaşların könüllü təqdim etdikləri nəqliyyat vasitələri texniki baxışa cəlb oluna bilər.

8.2.3. Texniki baxışdan keçmiş saz nəqliyyat vasitələrinə verilmiş texniki baxış talonlarında növbəti ildə onun texniki baxışa təqdim olunacağı tarix müəyyən edilmiş müddətlərə uyğun göstərilməlidir.

8.2.4. Azərbaycan Respublikası ərazisində diplomatik immunitetə malik olan səfirlik, konsulluq, nümayəndəlik və onlara bərabər tutulan digər təşkilatlara, eləcə də bu statusa malik olan əcnəbilərə məxsus nəqliyyat vasitələrinə texniki nəzarət və onlara texniki baxış Xarici İşlər Nazirliyi vasitəsi ilə DYPŞ və bölmələri tərəfindən həyata keçirilir.

8.3.Dövlət texniki baxışının təşkili üzrə tədbirlər.

8.3.1. Nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi üzrə Dövlət Yol Polisi hissələri (müayinə mərkəzləri, diaqnostika postları) tərəfindən keçirilir.

8.3.2. Ərazi üzrə (Baş DYPİ-nin Müayinə Mərkəzi istisna olmaqla) daimi və ya müvəqqəti qeydiyyatı olmayan nəqliyyat vasitələrinə illik texniki baxışın keçirilməsi qadağandır.

8.3.3. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

8.3.4. Dövlət Yol Polisi orqanı hüquqi şəxslərin təkliflərini nəzərə almaqla hər il yanvar ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi barədə ümumi cədvəl tərtib edir. Həmin cədvəldə hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilmə yeri, təqdim olunan günü qeyd edilir və onun surəti DİN BDYP İdarəsinə göndərilir (şəhər tabeliyində olan rayon DYP hissələri isə tabeçilik üzrə yuxarı DYP hissəsinə təqdim edir).

8.3.5. DYP kütləvi informasiya vasitələri ilə əhaliyə nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında qabaqcadan məlumat verir.

8.3.6. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (müayinə mərkəzi, texniki nəzarət məntəqəsi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) DYP tərəfindən müəyyən edilir.

8.3.7. Müəssisənin rəhbərliyi dövlət texniki baxış aktı blanklarında (Təlimata 9 və 10 saylı əlavələr) tələb olunan məlumatları (texniki vəziyyət haqqında rəy istisna olmaqla) doldurur və həmin akt müəssisənin müdiriyyəti və baş mühasib tərəfindən təsdiq edilərək baxışın keçirilməsinə 10 gün qalmış ərazi üzrə DYP-yə təqdim edilir.

8.3.8. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

8.4.Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunması qaydaları.

8.4.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına saz vəziyyətdə təqdim etməyə borcludur. Bu müddətə riayət edilməməsinə görə nəqliyyat vasitəsinin sahibi (sürücüsü) inzibati qaydada məsuliyyət daşıyır.

8.4.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxış nəqliyyat vasitələrinin sahibi və ya sərəncam hüququ olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
4) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmişillik yol vergisinin və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənədlər.

Qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

8.4.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (texniki nasazlıqla bağlı olaraq və s.)bu Təlimatın 8.4.1. bəndində müəyyən edilmiş müddət ərzində onun sahibi və ya texniki vəziyyətinə cavabdeh şəxs DYP-yə yazılı ərizə ilə müraciət edir.

DYP əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə dayanacaq yerində texniki baxış keçirilir, Qanunla müəyyən edilən nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq aşkar olunduqda, iki nüsxədən ibarət texniki baxış aktı tərtib edilir, nəqliyyat vasitəsinin qabaq dövlət nömrə nişanı çıxarılır, nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı qadağan edilir. Həmin aktın 1-ci nüsxəsi DYP-də saxlanılmaqla digər nüsxəsi nəqliyyatın sahibinə verilir.

QEYD: Bu zaman Dövlət avtomobil müfəttişinin avtomobilə baxış keçirilməsi üçün avtomobilin saxlanıldığı yerə nəql edilməsi nəqliyyatın sahibi tərəfindən təmin edilir.

8.4.4. Nasazlıqlar aradan qaldırıldıqdan sonra, nəqliyyat vasitəsinə təkrarən baxış keçirilir və texniki cəhətdən saz hesab edildiyi təqdirdə dövlət nömrə nişanı qaytarılır və onun sahibinə dövlət texniki baxışından keçmə talonu verilir.

8.5. Dövlət texniki baxışının keçirilməsi qaydaları.

8.5.1. Dövlət texniki baxışı nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaq üçün müvafiq şəraitə (müayinə stendlərinə, nəzarət ölçü cihazlarına, qaldırıcı mexanizmlərə, baxış xəndəklərinə, asfalt yaxud betonla örtülü sahəyə və s.) malik DYP hissələrində, onların müayinə mərkəzlərində, həmçinin DYP-nin təyin etdiyi bu cür şəraitə malik avtonəqliyyat müəssisələrində, texniki xidmət stansiyalarında, texniki nəzarət məntəqələrində və s. keçirilir.

8.5.2. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması,axtarışda olan nəqliyyat vasitələrinin və qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.

8.5.3. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş fakt qanunvericiliyə uyğun (yəni sahibinin iştirakı ilə akt tərtib edilir, izahat alınır və s…) sənədləşdirilərək araşdırılması üçün müvafiq təhqiqat orqanına göndərilir.

8.5.4. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcud olması, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının standart, norma və texniki tələblərə uyğun olması yoxlanılır.

8.5.5. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti avtomobilə qoşulmuş vəziyyətdə yoxlanılır (Onlara da texniki baxış talonu verilir).

8.5.6. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.

8.5.7. Bu Əsasnamənin 8.3.3. bəndinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar müəyyən edildikdə, təminatlı texniki xidmət göstərən texniki təmir sahəsi və ya stansiyasında bu nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinə texniki baxış təkrarən keçirilir.

8.5.8. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə və qoşqulara DYP tərəfindən texniki baxış talonu (Təlimata 11 saylı əlavə) verilir. Talonda nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, sahibinin adı, soyadı, texniki baxışdan keçmə vaxtı, həmçinin növbəti ildə texniki baxışa təqdim olunma ayı göstərilməklə (həmin ayda dəlik açılmaqla və s.) müvafiq qeydlər aparılır. Talona DYP-nin möhürü vurulur və içəri tərəfindən avtomobilin qabaq şüşəsinin aşağı sağ küncünə hər iki tərəfdən 15sm məsafədə yapışdırılır.

8.5.9. Dövlət texniki baxışından keçmə talonu itdikdə, yaxud korlandıqda qeydiyyat sənədləri və nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanıldıqdan sonra DYP tərəfindən yeni talon verilir.

8.5.10. Texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin qeydiyyat vərəqələrində texniki baxışın nəticəsi əks olunmaqla bərabər jurnalda (Təlimata 12 saylı əlavə) texniki baxışa cəlb edilmiş nəqliyyat vasitələrinin sayı, markası, qeydiyyat nişanı, texniki baxışdan keçirildiyi vaxt, texniki baxış talonunun nömrəsi, illik yol vergisinin miqdarı və qəbz nömrəsi, həmçinin sahibinin soyadı göstərilir. Jurnalın səhifələri nömrələnir və kötük hissədən qaytanla bağlanaraq surğuclanır və üç il müddətində DYP-də saxlanılır.

8.5.11. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparırlar.

8.6. Dövlət texniki baxışının keçirilməsinə nəzarət.

8.6.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət aşağıdakı formalarda həyata keçirilir:

  • nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanılması;
  • dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən və qayıdarkən, həmçinin istismar prosesində) yoxlanılması;
  • nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların DYP kartotekalarındakı uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

8.6.2. Fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarət DYP-də kartotekanın işlənməsi (texniki baxışın yekunlarının qeydiyyatını, nəqliyyat vasitəsinin mühərrik və ban nömrələrinin, rənginin dəyişdirilməsi barədə qeydlərin aparılması) yol patrul xidməti müfəttişlərinin təlimatlandırılması ilə aparılır. Görülmüş işlər barədə şəhər-rayon DYP hissələri, müayinə mərkəzləri hər ay Baş DYP idarəsinə məlumat verirlər (Təlimata 13 saylı əlavə).

8.6.3. Texniki baxışın nəticələri ilin sonunda təhlil olunur. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsinin səbəbləri araşdırılaraq onların sayı müəyyən edilir, növbəti ildə texniki baxışa cəlb olunmaları üçün müvafiqtədbirlər planı işlənib hazırlanır.

8.7. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi.

8.7.1. Müayinə mərkəzində və texniki nəzarət postlarında, imtahan-qeydiyyat üzrə struktur hissələrdə texniki baxışdan keçən, qeydiyyata, təkrar qeydiyyata alınan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatlar, müvəqqəti uçotda olan nəqliyyat vasitələri barədə məlumatlar, eyni zamanda müvəqqəti uçotda olan nəqliyyat vasitələrinə dövlət texniki baxışının nəticələri haqqında tərtib edilmiş aktlar və ya doldurulmuş blanklar 10 gün ərzində nəqliyyat vasitələrinin daimi qeydiyyat yeri üzrə DYP-yə göndərilir.

8.7.2. Müvəqqəti uçotda olan nəqliyyat vasitələri texniki baxışdan keçdiyi ərazidə yekun hesabatına daxil edilmir, onların hesabatı ayrılıqda təqdim edilir.

8.7.3. Dövlət texniki baxışının nəticələrini sənədləşdirmək və baxışdan keçmə talonunu almaq üçün hüquqi şəxs tərəfindən DYP-yə aşağıdakı sənədlər təqdim olunur:

-nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunması üçün hüquqi şəxs tərəfindən təsdiq edilmiş aktın 2 nüsxəsi;
-nəqliyyat vasitələrinin sayısını, dövlət texniki baxışının keçirilməsinə görə illik yol vergisinin, dövlət rüsumunun ödənilməsi ilə əlaqədr sənədlər;

Qeyd: Texniki baxış yekunlaşdıqdan sonra aktın bir nüsxəsi nəqliyyat vasitəsi sahibinə qaytarılır, ikinci nüsxəsi isə sonrakı 1 il ərzində DYP-də saxlanılır.

8.7.4. Hüquqi şəxslərin balansında olan avtomobillərin, motosikllərin və qoşquların sayı şəhər-rayon DYP hissələrində olan qeydiyyat vərəqələri ilə tutuşdurulur və DYP tərəfindən xidməti ərazi üzrə texniki baxışın yekunu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 08.05.02-ci il tarixli 19/14 №_-li Qərarı ilə təsdiq edilmiş “Dövlət statistika hesabatı” üzrə ümumi hesabat noyabr ayının 15-nə kimi DİN BDYP idarəsinə və ərazi üzrə rayon (şəhər) statistika idarəsinə təqdim edilir. Hesabat DYP idarəsi tərəfindən yoxlanılıb Respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində onların bir nüsxəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə göndərilir.

8.7.5. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti avtotəsərrüfatlarda təhlil olunaraq nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi araşdırılır, aşkar olunmuş nöqsanların aradan qalıdırlması üçün müvafiq tədbirlər planı işlənib hazırlanır.

8.7.6. Bu Təlimatın təlbələrinin pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

9. Baş Dövlət avtomobil müfəttişinin (dövlət avtomobil müfəttişinin) texniki nəzarət fəaliyyəti ilə bağlı nümunəvi xidməti vəzifə bölgüsü

9.1.Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinə və düzgün istismarına, avtomobil təsərrüfatlarında və avtomobil yollarında nəzarət edir, nasaz nəqliyyat vasitələrinin istismarını qadağan edir, günahkar fiziki və hüquqi şəxsləri inzibati məsuliyyətə cəlb edir, lazımi halda yerində cərimə tətbiq edir, çatışmamazlıqların aradan qaldırılması üçün təqdimat təqdim edir;

9.2.Avtomotonəqliyyat vasitələrinin dövlət texniki baxışını təşkil edir və onların keçirilməsində iştirak edir, BDYP idarəsinə hesabatların göndərilməsini təmin edir;

9.3. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki nöqsanlar, həmçinin avtomobil təsərrüfatlarında yol-nəqliyyat hadisələrinin vəziyyəti və sürücü heyətinin nizam-intizamı barədə təqdimatlar tərtib edir;

9.4. Texniki nəzarət sahəsində DYP-nin başqa xidmət sahələri, həmçinin ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı formada sıx əlaqəsini təmin edir, yol hərəkətinin təhlükəsizliyi sahəsinə bütün qüvvə və vasitələrin cəlb olunması işini onlara öyrədir;

9.5.Mütəmadi olaraq texniki nasazlıq səbəbindən baş vermiş yol-nəqliyyat hadisələrini təhlil edir. Yol nəqliyyat hadisəsinin qeydiyyat vərəqələrinin düzgün doldurularaq vaxtında DİN-in Baş DYP idarəsinə təqdim olunmasını təmin edir;

9.6. İstismara buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zəhərli maddələr miqdarının normativlər həddində olan istiqamətində tədbirin keçirilməsini təşkil edir;

9.7. Xidməti ərazidə nəqliyyat parkının texniki vəziyyəti barədə radio və yerli qəzetlərdə çıxışlar təşkil edir;

9.8. Texniki nəzarət fəaliyyəti ilə əlaqədar vətəndaşları qəbul edir, onların müraciətləri əsasında müvafiq qərarlar qəbul edir.
XS
SM
MD
LG