Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:20

Hökumət nəhəng söküntü layihəsinə start verdi


«Bizim yol»:

Hökumət nəhəng söküntü layihəsinə start verdi

Son vaxtlar ölkənin elektrik enerjisi təchizatında tez-tez müşahidə olunan problemlər hökuməti təcili tədbirlər görməyə vadar edib. Bu məsələ Nazirlər Kabinetində geniş müzakirə olunduqdan sonra yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə qısa müddət ərzində xüsusi tədbirlər planı hazırlamaq taşırığı verilib.
Hökumətin tapşırıqlarına əsasən, ölkənin elektrik enerjisi, qaz və su təchizatında fasilələrə səbəb olunan amillər müəyyənləşdirilərək aradan qaldırılmalıdır. Bunun üçün ölkənin elektrik enerjisi, təbii qaz, su və dəmir yolu təsərrüfatı sahələrinə cavabdeh qurumların hər biri konkret təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunmalıdır. Digər bir tapşırığa əsasən, elektrik, təbii qaz və su xətlərinin, neft mədənlərinin, avtomobil və dəmir yollarının mühafizə zolağına düşən tikililərin siyahısı hazırlanmalıdır.
«Dövlət Dəmir Yolları» Səhmdar Cəmiyyətində belə bir komissiyanın yarandığı və onun konkret fəaliyyətə başladığı təsdiqlənib.

«Yeni Müsavat»


Yeni binalarda elektrik qəzaları artıb


Yeni tikilən binaların qazlaşdırılmaması daha ciddi təhlükəyə çevrilib. Bu, son günlər baş verən bir neçə hadisənin timsalında bir daha təsdiqini tapdı. Fevralın 9-da yerləşdiyi binada baş verən yanğın nəticəsində fəaliyyətini dayandıran «Media forum» saytının baş redaktoru Azər Qaraçənlinin qəzetimizə verdiyi müsahibədən aydın olur ki, həmin qəzaya səbəb məhz bina sakinlərinin istilik məqsədilə elektrik enerjisindən istifadə etmələridir. Həmin gün Həsən bəy Zərdabi küçəsində yerləşən 17 mərtəbəli binanın 5-ci mərtəbəsinədək bütün naqillər od tutub yanıb.
ARDNŞ-nin «Azəriqaz» İB və Nazirlər Kabineti çoxmərtəbəli binaların təhlükəsizliyini təmin etmək məqsəddilə qazlaşdırılmadığını deyirlər. Əgər NK-nın iddia etdiyi kimi, çoxmərtəbəli binaların qazla təminatı xüsusi qaydalarla qadağan edilibsə, nədən həmin binaların çoxuna qaz xətti çəkilib, sayğaclar quraşdırılıb? İkincisi, bizdə olan məlumatlara görə, hazırda Bakıda 1500-ə yaxın yeni tikilmiş bina qazlaşdırılıb ki, bunların da əksəriyyəti göydələndir. Məgər təhlükəsizlik qaydaları hamıya aid edilmir?

«Azərbaycan»:

Oleq Kuzin : Azərbaycanın uğurları məni sevindirir

Rusiyada çıxan «Tribuna» qəzetinin baş redaktoru Oleq Kuzin AzərTAc-a müsahibəsində deyib: «Bu yaxınlarda sizin ölkənizin paytaxtı gözəl Bakı şəhərində olarkən mənə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etmək nəsib olub».
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun işində iştirak etmiş və Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da olmuş «Tribuna» qəzetinin baş redaktoru demişdir: «Bakıda olmaq mənim xoşuma gəlir. Ona görə xoşuma gəlir ki, mən sizin şəhərinizi sevirəm, burada dəfələrlə olmuşam, burada məni böyük dost kimi qəbul edirlər, mən Bakı sakinlərini də sevirəm. Onlar çox səmimi, qonaqpərvər, gülərüz insanlardır».

«Yeni Azərbaycan»:

Azərbaycan iqtisadiyyatının yeni inkişaf ssenariləri...


Azərbaycan hökuməti keçid iqtisadiyyatını başa vuraraq iqtisadi islahatların kursunu keyfiyyət və kəmiyyət baxımından yeni inkişaf erasının tələblərinə uyğun şəkildə müəyyənləşdirməyi qarşıya məqsəd qoyub.
Ümumiyyətlə, ölkəmizdə sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Şaxələndirmə siyasətinin başlıca tələblərindən olan biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi 2010-2015-ci illərin və sonrakı illərin əsas iqtisadi ssenarilərini təşkil edəcək.
XS
SM
MD
LG