Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

İnsan Haqları üzrə Komissara nə dedilər?


Tomas Hammarberq
Tomas Hammarberq
«Dekabrın 15-də Naxçıvan Dövlət Universitetində korrupsiya ilə bağlı monitorinq keçirirdik. Müəllimlər gəlib, bizim çıxıb getməymizi tələb etdilər. Biz ordan uzaqlaşdıq, «9 mərtəbə»-nin qarşısında 30-40 tələbə çatıb bizi döyməyə başladı. Bədən tərbiyəsi fakultəsinin tələbələri idi. Mənim burnumu sındırdılar. Yerə yıxılmışdıq, elə vururdular…»

Bu hadisəni Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişafı Rusurs mərkəzinin əməkdaşı Vəfadar Eyvazov nəql edir.

Naxçıvanda fəaliyyət göstərən jurnalist və qeyri-hökumət təşkilatları Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberqlə görüşdə Vəfadar Eyvazovun da şikayətini çatdırmaq fikirindədirlər.

Tomas Hammarberq martın 2-də Naxçıvana gedib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstutunun əməkdaşı Elman Abbasov deyir ki, onlar avropalı qonağın nəzərinə Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin Naxçıvanda tanınmadığını çatdırmaq niyyətindədirlər:

NAXÇIVAN İNFORMASİYA BLOKADASINDA…


Elman Abbasov
«Naxçıvanda istər QHT, istərsə də media əməkdaşlarının işləməsinə imkan verilmir. Naxçıvan bir növ informasiya blokadasında saxlanılır. Məmur özbaşınalığı var. Məmurlar KİV-ə açıq deyillər. Müstəqil jurnalistlərə güclü təzyiqlər var…»

Elman Abbasov deyir ki, Naxçıvanda tək jurnalistlər, hüquq müdafiəçiləri yox, öz haqları uğrunda mübarizə aparan sıravi vətəndaşlar da daim təzyiqlərlə üzləşirlər. Hətta onlar Naxçıvandan ölkə rəhbərliyinə şikayət məktubları göndərsələr, ya həbsxanaya, ya da ruhi dispanserlərə salınırlar.

Elman Abbasov deyir ki, əhalinin kütləvi narazılığının qarşısı isə ən zorakı metodlarla alınır. O, buna Bənənyar hadisələrini misal göstərir. Yeri gəlmişkən, Tomas Hammarberqin bu səfər çərçivəsində bənənyarlılarla da görüşəcəyi gözlənilir.

Martın 2-si səhər isə Avropalı komissarın Bakıda bir sıra redaktorlarla görüşü gözlənsə də, təxirə salınıb.

«Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədovun deməsinə görə, bunu Tomas Hammarberqin prezident İlham Əliyevlə görüşməsi ilə izah ediblər.

Martın 1-də isə o, Azərbaycanda fəaliyyət göstərən bir sıra hüquq müdafiəçiləri ilə görüşüb. Sülh və Demokratiya İnstutunun rəhbəri Leyla Yunis deyir ki, onlar qonağa siyasi məhbusların siyahısını təqdim ediblər. Siyahıda 60-dan çox məhbusun adı qeyd edilib. Leyla Yunusun sözlərinə görə, onlar görüşdə vurğulayıblar ki, Azərbaycanda gənclər hərəkatına böyük basqılar var.
Leyla Yunus
«Yeni fikir» Gənclər Hərəkatının rəhbəri Ruslan Bəşirlidən sonra gənc bloqçular Adnan Hacızadə və Emin Millinin həbsini də buna misal göstəriblər.

AZƏRBAYCANDA QANUNLARIN DƏYİŞDİRİLMƏSİNƏ EHTİYAC VAR…


Leyla Yunus deyir ki, Tomas Hammarberqin nəzərinə çatdırılıb ki, onun hazırlayacağı hesabatda qanunvericilik sahəsində ciddi dəyişikliklərin aparılmasının zəruriliyi də öz əksini tapmalıdır:

«Biz təklif etdik ki, hakimlər haqqında, vəkillər haqqında, QHT-lər haqqında, Ombudsman haqqında və bir də qrant haqqında qanunlar yenidən yazılmalıdır…»

Monitoriq Qrupuna daxil olan hüquq müdafiəçiləri də avropalı qonaqla ayrılıqda görüşüblər. Onların siyasi məhbuslarla bağlı təqdim etdikləri siyahıda isə 20-dən çox məhbusun adı qeyd edilib. Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı deyir ki, görüşdə qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alaraq həm sərbəst toplaşmaq azadlığı, həm də seçki komissiyaları ilə bağlı məsələləri qaldırıblar.
XS
SM
MD
LG