Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:37

«Soyqırımı iddiaları ilə bağlı nə emosionallığa, nə də optimizmə ehtiyac var»


Rauf Mirqədirov və Musa Quliyev
Rauf Mirqədirov və Musa Quliyev
«Panorama» verilişində YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev və «Zerkalo» qəzetinin əməkdaşları həftənin hadisələrini dəyərləndirdilər.

Əvvəlcə söhbət ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 1915-ci il hadisələrinin «soyqırımı» kimi dəyərləndirilməsi haqda qanun layihəsinin qəbulundan getdi.

Musa Quliyev:

«Bu layihə nə tarixi ədalətə, nə də beynəlxalq hüquqa söykənir. Əslində bu, ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ-ın vasitəçilik missiyası ilə də üst-üstə düşmür. Görünür, ABŞ bununla Türkiyəyə təzyiqlər etmək istəyir. Ancaq bu, tək Türkiyəyə təzyiq yox, Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli şəkildə həll edilməsinə də bir maneədir. Çünki Ermənistan bundan sonra öz təcavüzkar mövqeyini bir qədər də sərtləşdirə bilər. Mən bu məsələdə nə emosionallığa, nə də pessimizmə ehtiyac görürəm»

Rauf Mirqədirov:

«ABŞ-ın burada bəzi maraqlar güddüyü aydındır. Ancaq bu iddiaları Rusiya da, Fransa da qəbul edib. İndi Azərbaycan parlamentinin üzvləri sevə-sevə ABŞ-ı sərt şəkildə tənqid edirlər. Ancaq belə çıxışlar nədənsə Rusiyayla bağlı eşidilmir. Burada Orta Asiyanın türk respublikalarının və ərəb dünyasının da mövqeyi maraqlıdır. Ancaq Ərdoğan hökumətinin ciddi cəhdlə müdafiə etdiyi ərəb dünyası heç səsini çıxarmır. Ərəblərin də ABŞ Konqresində heç də zəif lobbiləri yoxdur».

Qonaqlar Azərbaycan parlamentində Elmira Süleymanovun yenidən Ombudsman seçilməsinə də münasibət bildirdilər.

Musa Quliyev:

«Elmira xanımın 7 illik fəaliyyətində müəyyən çatışmazlıqlar olub. Ancaq nəzərə almaq lazımdır ki, bu institut Azərbaycanda yenicə təsis edilib. Ancaq bu 7 ildə harada insan haqları pozulubsa, Elmirə xanım orada olub»

Rauf Mirqədirov:

«Mən razılaşıram ki, o vəzifəyə Azərbaycanda elə iddialı hüquq müdafiəçiləri var idi ki, onlar seçilsəydi, biz Elmirə Süleymanovaya şükür oxuyacaqdıq. Elmira xanımda müsbət mənəvi keyfiyyətlər var. O, danışa bilməyəndə susur. Ancaq bizə susan yox, danışan ombudsman lazımdır. Götürək, qonşu Gürcüstan və Ermənistandakı oxşar prosesləri. Elmira Süleymanova istər Gürcüstandakı, istərsə də Ermənistandakı həmkarlarından çox-çox geridə qalır…».
XS
SM
MD
LG