Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Köşə yazarları Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi barədə


Türkiyənin Xarici işlər naziri Ahmet Davutoğlu
Türkiyənin Xarici işlər naziri Ahmet Davutoğlu
Mehmet Yılmaz («Hürriyet»)

FİASKONUN MEMARI İSTEFA VERMƏYƏCƏKMİ?

Nümayəndələr Palatası komissiyasının «erməni soyqırımı» layihəsini qəbul etməsindən sonra ABŞ-a qarşı hansı sanksiyaların tətbiq edilə biləcəyi barədə müzakirələr aparılır. Xarici işlər naziri Ahmet Davutoğlunun çıxışlarından anladığımıza görə, fikirləşilən tədbirlər arasında İncirlik bazasından istifadənin məhdudlaşdırılması, Əfqanıstandan türk əsgərlərinin geriyə çağırılması, Ermənistanla imzalanmış protokolların təsdiq edilməməsi kimi məsələlər var. Əlbəttə, hələ heç nə dəqiq deyil, ancaq çıxışların ümumi havası bu şəkildədr. Və bu durumda ortaya tühaf bir «xarici siyasət» ziddiyyəti çıxır.

Hökumət Ermənistanla protokolun imzalanmasını «bölgə ölkələri ilə sıfır problem» siyasəti çərçivəsində açıqlamışdı. Yəni, «xarici təzyiq»dən söhbət getmirdi, buna biz qərar vermişdik, mənafeyimiz bunu tələb edirdi.

Bəs onda necə olur ki, protokolların təsdiq edilməməsi ABŞ-a verilən bir cəza olur? Eyni şəkildə Əfqanıstana əsgər göndərmək də BMT-nin qərarlarına riayət etmək və Türkiyənin aktiv xarici siyasəti çərçivəsində açıqlanırdı.

İndi Əfqanıstandan əsgərləri geriyə çəkəcəksək, bu, ABŞ-a verilən bir cəza olacaqmı? Demək, bu qərarları bir vaxtlar qəbul edərkən, imzaları atarkən, əsl səbəb «ABŞ belə istəyir» imiş.

Əgər bu qərarları öz gələcəyimiz üçün qəbul etsəydik, indi onları «ABŞ-a qarşı sanksiya» kimi meydana sürə bilərdikmi?

Hökumətin xarici siyasətinin Atlantikin o tərəfindən əsən küləklərə açıq olduğu ortaya çıxır.
Bu durumda bu siyasətin baş memarının bu böyük fiaskodan sonra o kresloda oturmağa davam etməsini anlaya bilmək mümkün deyildir.

Hikmet Bila («Vatan»)

ERMƏNİ MƏSƏLƏSİNİN XÜLASƏSİ

BOMBALARA BAX!

ABŞ Konqresində Türkiyənin əleyhinə qəbul edilən qərardan iki gün sonra «Hürriyet» qəzetinin sürmanşetini görənlər özlərini diksinməkdən saxlaya bilmədilər. Xəbərin başlığı «Təyyarədə beş saat bombaladı» idi. «Bombalayan» Xarici işlər naziri Ahmet Davutoğlu idi. Budur Davutoğlunun bombaları:

Bomba 1: Türkiyə fevralda öz səfirini Vaşinqtona ona görə göndərib ki, martda Türkiyənin əleyhinə qərar qəbul edilərsə, səfiri geri çağıra bilsin.

Bomba 2: İki ehtimala qarşı açıqlama hazırlanmışdır. Qərar əleyhdə qəbul edilən kimi hökumətin reaksiyasını göstərən açıqlama 1 dəqiqədə ictimaiyyətə elan edilib.

Bomba 3: Nazir ABŞ Nümayəndələr Palatasının üzvlərinə sərt reaksiya göstərərək, «Bu qərarlarla irəliləyə bilmərik» deyib.

Bomba 4: Ermənistana da «Türkiyəyə təzyiq göstərərək bir nəticə alınacağını düşünürsünüzsə, bu on əsrlik müddətdə türk millətini tanımamasınız» deyib.

Türkiyə Xarici işlər nazirinin İspaniya yolunda, təyyarədə partlatdığı bu bombalardan sonra ABŞ iqtidarı və Konqresinin necə tir-tir əsdiyini təxmin etmək çətin deyildir. Hər halda bu erməni layihəsini bir daha gündəliyə gətirməyə cəsarət etməzlər. Bax, bu qədər!

Taha Akyol («Milliyet»)

«SOYQIRIMI» PROBLEMİ

«Soyqırımı» desələr, nə olar?

Çox şey olar. Əvvəla, ermənilərlə türklər arasında «soyqırımı» kəlməsi uzun illərdən bəri elə bir «dinamit qəlibi» halına gəlib ki, onun fitillənməsi böyük uçurum yaradar.

Ermənilərdə bir «qane olma və ya rahatlama» olmaz, əksinə qələbə coşqusu ilə Türkiyəyə qarşı daha aktiv siyasət yürüdərlər, kampaniyalar başlayar.

Bizdə isə «şar partladı, qiyamət qopdu» hissiyyatı olmaz, əksinə müdhiş bir «zərər görənlik» hissiyyatı başlayar, həm daxildəki sabitlik, həm xarici siyasət tarazlıqları alt-üst olar.

Bəli, Ermənistan Konstitusiya Məhkəməsi protokolları şikəst etdi, yaxşı, biz də protokolları cıraraq üzərinə tük əkəkmi?

Bu çətin mübarizədə diasporanın və daşnakların cırmaq istədiyi, Ermənistan Konstitusiya Məhkəməsinin də şikəst etdiyi protokolların ruhunu müdafiə edərək dünya diplomatiyasında fəaliyyət göstərmək - Türkiyə üçün ağıllı davranış olacaqdır.
XS
SM
MD
LG