Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:20

Prezidentin Novruz mesajının yozumu nədir?


İlham Əliyev Parisdə, 9 dekabr 2009
İlham Əliyev Parisdə, 9 dekabr 2009
«Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaqdır. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq».

Bu fikirləri martın 20-də prezident İlham Əliyev paytaxtda keçirilən Novruz bayramı mərasimində çıxışı zamanı deyib.

Prezident əlavə edib ki, Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, suverenlik yoludur. Onlar bu yolda bütün dostlarla irəliyə getməyə hazırdır. Ancaq işlərinə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilməzlər.

Prezidentin mesajını ölkənin xarici düşmənlərinə qarşı səfərbərlik siqnalı kimi qəbul edənlər var. Amma müxalifət düşərgəsində xatırladırlar ki, prezident əvvəllər də buna oxşar fikirlər səsləndirib. Və o, belə bəyanatları ölkənin və xalqın maraqlarına yox, öz şəxsi və hakimiyyət maraqlarına toxunan hansısa xoşagəlməz, amma əsaslı hadisələr baş verəndə səsləndirir.

DUBAY MÜLKLƏRİ XƏBƏRİNƏ CAVAB?


AXCP sədri Əli Kərimli məsələni bir qədər də konkretləşdirərək deyir ki, «The Washington Post» qəzeti Dubayda İlham Əliyevin ailəsinə aid olan əmlakı açıqlayandan sonra hakimiyyət çox çətin vəziyyətə düşüb. Çünki bu, birbaşa korrupsiya ilə bağlı olan əməllərdir və izah etmək də çox çətindir ki, İlham Əliyevin 12 yaşlı oğlunun niyə bu qədər böyük mülkləri var. Özü də bu mülklər iqtisadi böhran zamanı alınıb. Əli Kərimli düşünür ki, dövlət başçısının bu çıxışı ictimai fikri korrupsiya faktından yayındıraraq o istiqamətə yönəltmək istəyir ki, guya beynəlxalq mediada onun haqqında verilən bu kimi məlumatlar əslində təzyiq xarakteri daşıyır.

«Tutaq ki, təzyiq xarakteri daşıyır. Niyə sən elə həyat yaşamalısan ki, o kompromatlardan Azərbaycan dövlətinə qarşı istifadə olunsun? İkincisi, İlham Əliyev hiss edir ki, artıq beynəlxalq təşkilatların səbri tükənir. Azərbaycan bütün beynəlxalq təşkilatların qarşısında öhdəlik götürüb ki, ölkəni demokratikləşdirəcək. Və İlham Əliyev hiss edir ki, bu tələblər artan xətt üzrə inkişaf edir. Həmin tələblərə əməl etmədiyinə görə Azərbaycana həqiqətən də müəyyən mənada təzyiqlər var.
Əli Kərimli
Və prezident ona görə də hadisələri qabaqlayaraq xalqı hazırlayır ki, öz aləmində, bəli, belə təzyiqlər bizim müstəqil siyasətimizlə bağlıdır».

DEMOKRATİK TƏLƏBLƏR MİLLİ MARAĞA ZİDDİRMİ?

«Mən anlaya bilmirəm, ölkədə müxalifət partiyaları, mətbuat, vətəndaş cəmiyyəti üçün normal şərait yaratmaq, Eynulla Fətullayev, Ruslan Bəşirli, Emin Milli, Adnan Hacızadə və digər siyasi məhbusları həbsdən buraxmaq Azərbaycanın milli maraqlarına ziddir? Azərbaycandan tələb edirlər ki, polis idarələrində, müvəqqəti saxlanma yerlərində işgəncə tətbiq olunmasın, adamlar öldürülməsin. Məgər bu tələbləri yerinə yetirmək Azərbaycanın milli maraqlarına ziddir?»

Əli Kərimlinin fikrincə, prezident deyilənlərə yönəldici izahatlar vermək əvəzinə, ciddi şəkildə düşünüb siyasətini dəyişməlidir. Neft pullarına arxayın olub dünyanın demokratik hissəsi ilə qarşıdurmaya getmək Qarabağ kimi bir problemi olan ölkəni çox çətin bir vəziyyətə salmaq deməkdir.

QARABAĞ VƏDİNƏ MÜXALİFƏTİN ETİMADI AZDIR

Prezidentin Qarabağla bağlı mesajına gəlincə, bu mesajın məzmununa müxalifətdə də etiraz etmirlər.

«Bu, bizim prinsipial mövqeyimizdir, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Və bizim tanımadığımız qurumu dünya da tanımayacaq».

Amma Müsavat başqanı İsa Qəmbər hesab edir ki, İlham Əliyevin əməlləri ilə sözləri arasında uçurum var və onun Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi vədləri yerinə yetirəcəyinə müxalifətçilərin etimadı çox azdır.

«Bu Əliyevlər rejimi 17 ildə Qarabağ danışıqlarında hansı irəliləyişə nail olub ki, indi ona bu məsələdə etimad göstərilsin».

YAP funksionerləri son zamanlar Qərbdən gələn tənqidin Azərbaycanı Qarabağ danışıqlarında güzəştə meylləndirmək məqsədi ilə bağlı olduğunu deyir.
Azər Rəşidoğlu
«Zerkalo» qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu son vaxtlar Azərbaycan rəhbərliyində və hakim partiyanın yuxarı eşalonunda təmsil olunan şəxslərin Qərb əleyhinə bəyanatlar səsləndirməsini təəccüblə müşahidə etdiyini deyir. O düşünür ki, bu ya siyasi prosesləri anlamamaqdan, ya da Rusiyaya rəğbət bəsləyən məmurların, siyasətçilərin, ideoloqların aktivləşməsindən irəli gəlir.

AZƏRBAYCAN RƏHBƏRLİYİ NİYƏ ŞANTAJ DİLİ İLƏ DANIŞIR?

Şərhçinin fikrincə, elə Qərblə Azərbaycan arasındakı problemlərin kökündə Bakının mövqeyindəki qeyri-müəyyənlik dayanır. O, sual qarşısında qalıb ki, Azərbaycan Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır, yoxsa Rusiya və İranla əməkdaşlığa üstünlük verir.

«Bütün bu suallara cavab tapılmayıb. Və buna görə də Azərbaycan hakimiyyətinə təzyiqlər artır. Təzyiqlər artdıqca Azərbaycan rəhbərliyi də şantaj dili ilə danışmağa üstünlük verir. Mən güman edə bilmirəm ki, balaca bir ölkənin rəhbərliyi dünyanı idarə edən super güclərlə şantaj dilində danışa bilər. Ona görə də həmin bəyanatlara bir qədər kinayə ilə yanaşıram».

Azər Rəşidoğlunun fikirlərini AXCP sədri Əli Kərimli də bölüşür. Amma nə onun, nə də müsavatçı həmkarı İsa Qəmbərin Novruz mesajları ölkə telekanallarında səsləndirilməyib.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG