Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

«Evimə cürbəcür əşyalar daşımağa başladılar - 500-600 dollarlıq hədiyyə...»


Rafiq Tağı
Rafiq Tağı


Yazıçı Rafiq Tağının Azadlıq Radiosunun "Tanınmışlar" verilişinə müsahibəsi (2010-cu il)

...- Işləriniz necə gedir?

- Əgər insan yaradıcı ruhdadırsa, onun işləri yaxşı gedir. Mən özümü yaradıcı ruhda hiss edirəm.

- Bu yaradıcı ruh sizin həkimliyinizə də kömək edirmi?

Tanınmışlar: Rafiq Tağı
Gözlə

No media source currently available

0:00 0:24:30 0:00
Direct-ə keçid


- Bəli. Çünki yaradıcılıq prosesi ilə bağlı ki, ruh yüksəkliyi yaranır, o, adi məişət işlərindən tutmuş çalışdığın yerdəki fəaliyyətinə qədər hər bir işə müsbət təsir edir. O biri işlərin də yaxşı getməyə başlayır. Məncə, bütün insanlarda yaradıcı ruhun olması vacibdir. Yaradıcı olmayan insan ölüdür, facianədir.

- Hansı xəstəniz sizin üçün maraqlı olub?

- Çox olub. Bilirsiz mən 1972-ci ildən həkim işləyirəm. Artıq ən maraqlı xəstə də bizim üçün adi bir şeyə çevrilib. 1979-cu ildən 1990-cı ilə qədər Moskvada klinik xəstəxanada işləmişəm. Sonra gəlib 1991-ci ildə Bakıda “Təcili Yardım”da işə düzəldim.

Cəmi 17 manat maaş alırdıq, özü də bütün dərmanları o vaxt özümüz alırdıq.

Yadımdadı, 1993-93-cü illər idi. Çağırışla xəstə üstünə getmişdim. Ağdam qaçqınları idi. Yaşlı bir qadın idi, təzyiqi qalxmışdı. 12 kvadratmetrlik balaca bir otaqda xəstə, onun qızı və nəvəsi qalırdı. Xəstəyə baxanda gördüm ki, nəvəsi bir kənarda qənd töküb çayı şirin edir, çörəyi batırıb yeyir. Yəni nahar edir, süfrədə də ayrı heç nə yox. Mənə elə pis təsir etdi ki...

Gücüm ancaq ona çatdı ki, sabah gedib bir toyuq aldım, 1 kilo karamel, 1 kilo da alma. Gəldim bunlara. Mat qaldılar. Dedilər ki, doktor biz sənə... heç dünən zəhmətinizin əvəzini də çıxmadıq... əksinə sən bizə bunları gətirmisən... Dedim yox, bir şey deyil. Daha ürəkləri ağrımasın deyə demədim ki, dünən uşağı şirin çayla çörək yeyən görmüşəm. Sonra bu iki dəfə də təkrarlandı.

Sonra bu xəstənin oğlanları, yaxınlar Ukraynada, orda-burda biznes qurdular, varlandılar. Bu toyuğun qiyməti dönüb oldu... kim məni görür, bir dənə hədiyyə... Deyirəm ay bala ehtiyac yoxdu, deyir yox e, biz bunu heç vaxt unutmarıq.

Mən indi də o xəstəni müalicə edirəm, amma şərt kəsmişik – müalicə təmənnasız olacaq. Mən həbsdən çıxanda bunlar zəng elədi ki - tipik Azərbaycan qadınıdı da, ağbirçək nənə - istəyirik sizə gələk. Dedim gəlin.

Gəldilər, bir də gördüm, bunlar içəriyə cürbəcür əşyalar daşıyırlar. Dedim ki, bu nədi?.. Bizə 500-600 dollarlıq hədiyyə gətirmişdilər. Sonra da üç-dörd gündən sonra evdə bir qabın altından nə tapsaq yaxşıdır, əlavə olaraq ora 500 manat da pul qoymuşdular.

Sonra zəng edirəm ki, ay balam, bu nədi axı, niyə belə eləyirsiz. Dedilər ki, yox e, sən həbsdən çıxmısan... biz sənin yaxşılığını heç vaxt unutmarıq... Bu, Azərbaycan xalqının gözəlliyindən xəbər verir...

XS
SM
MD
LG