Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:32

Rafiq Tağı "MEQAPOLİS QONAĞI" (Hekayə-sonu)


ƏVVƏLİ BURDA

Əslində biz o xalçanı divardan “aboy”dakı keçəl yerləri ört-basdır etmək üçün asmışdıq.

Nəyimiz olmasa da, xalça-palazdan boluq. Toyumuzda hərə bir-ikisini pay verib. Biz də onları qır-qızıl kimi dar günə saxlamışıq.

Sirr açıram, həsirlərimiz də var: onları dürgələyib küncdə dikinə qoymuşuq.

İşə bax, biz ömrü boyu xalı-xalça almamışıq. İndən belə yəqin almarıq da. Alnımıza bu təcrübəni qazanmadan ölüb getmək yazılıb.

Gərək boynuma alım: xalça-palaz, hətta həsir almaq təcrübəsi də insanın həyatda yetkinlik şərtlərindəndir.

Amma çətini ölənəcəndir.

Həyat dramatikləşdikcə, yoldaşım hər sözümə Quran ayəsi kimi inanır.

Ən bədbin proqnozlarıma belə ümidlə baxır. Qara yola, qara saata bir gün ona - “Qurban bayramı haçansa gəlib qışa düşsə, otaqlarımız stalaktit və stalaqmitlərlə bəzənəcək”, dedim. O: ”Bu, yaxşıdır, ya pis?” - soruşur.

Dilimə birinci ”yaxşı” kəlməsi gəlir. Görürəm, sevinən kimi olur. “Başımızı sellər yuyur, topuqlarımız da suda: biz dastan qəhrəmanları kimi bir şeyik, - bu sözümdən hətta gülən kimi olur. - ...yəni mən qəhrəmanam, sən də mənim yarım”.

Gün gələcək, Rübabə xala evin texnikasıyla maşinist kimi sərrast davranacaq.

Biz Rübabə xalanın sayəsində şər üzərinə cırtqozcasına yeriməmək təcrübəsinə yiyələnirdik.

“Allah göydən hər şeyi görür”.

Mən övlad barəsində yoldaşımı ancaq Allahla aldada bilirəm.

Son macal altımızda rahatdılar, zarafat-zarafat, altıdakı qəzalar birəbeş azalıb.

Əvvəllər ana bir göl onların döşəməsində duranda, ona paralel bala bir göl bizdə durardı.

Ekologiya sanki getdikcə pozulur, göllər quruyub damcılar səviyyəsinə enirdi.

Mən evimizdəki göllərdə çömçəquyruqlar görmüşəm. Hətta böyüməkdə olan balıqlar gözümə dəyib. Bə hanı onlar? Gələcək övladımız indidən təbiətdən məhrum olur. Ona bu döşəmə göllərində balıq tutmaq öyrədəcəkdim. Mağıl uşağın yaddaşında ev gölləri xatirəsi qalardı.

Mən “əfsus”, deyəndə, yoldaşım “hayıf” dedi.

Mətbəximizdə, elə vanna otağında da, divarlar axıb qurumuş sulardan xət-xətdir. Xətlər dərdlərlə süslü sarı simlərə bənzəyir.

Bu “sarı sim”lər geosiyasi düşmənçilikləri lakmus kağızı kimi üzə çıxarırdı. Bir dəfə barmağımı qurumuş xətlərə sürtüb, pası yoxladım, hələ bir onu qoxladım da.

Beynimə qıyıq kimi sancılan lax yumurta, tüntümüş yağ və tünd çürüntü iyi çay yuxarı mal-heyvan ölüsünün, içalat və kolbasa sexlərinin tullantılarındandı.

Amma hərb səhnəsində düşmənçilik edən xalqlar mədəniyyətlərində bir-birinə dost olmalı idi.

Müharibələrdə bəşəriyyətin sığınacağı vahid sülh məkanı mədəniyyətlərdir.

Bəzən vanna otağının divarlarını yaşılımtıl-gümüşü kif göbələkləri bürüyür. Orda-burda cumbulu qurbağalara bənzər tünd yaşıl şibyələr gözə dəyir. Sevinməyib, neyləyəsən, vanna otağımızın naxışları təbiətdəndi.

Bu kif göbələkləri bəlkə də təbiətin bizə ehtiramıdır.

Yoldaşım şibyələri də, kif göbələklərini də silməz; böyüyür-artırlarsa, canları-ruhları var, qoy yaşasınlar.

Qoy evdə uşaq əvəzi canlılar çox olsun.
Biz artıq həkimdən-dərmandan üz döndərib, insaniyyət-mənəviyyat məsələlərindən övlad umurduq.

Boş çanaqdı, vururduq dolu çanağa. Tutar qatıq, tutmaz ayran.

Düzdü, bunu ən axmaq, başıboş adam da bilər ki, şibyələrin xətrinə dəyməməklə ata-ana olmaq istəyi səhrada balıq sevdasıdır. Lakin hərdən özüm də xurafata qapılır, yoldaşımın ümidlərində həqiqətə bənzər şeylər axtarırdım.

Rübabə xala da içində, Qurban bayramı zaman boyu gəmi kimi irəliləyir.

İbrahim peyğəmbər oğlu İsmayılı gah qışda qurban kəsmək istəyib, gah yayda. Axır bu bayram gəzib-gəlib yaya düşəndə, otaqlarımızdakı yağış mənzərələri göydəndüşmə oldu.

Yumurta bişirən istilərdə, göydən od ələnən avqustda divarlar yapon kondisionerləri kimi evə sərinlik yayırdı. Yağışın özündən səmərəli olan “sürüşkən” yağış mənzərəsi məni çətir tutmağa vadar etdi.

Əl atıb təsadüfən götürdüyüm “Səfillər”dən bir fəsli elə çətir altındaca oxudum. İşə bax, orda da yağış təsviri verilirdi.

***

Qəzənfər icarəyə götürdüyü “Tofaş”da “taksovat”lıq eləyirsə də, kim hansı işdə çalışdığını soruşsa, “azadlıq hərəkatındayam”, deyəcək.

Mitinqlərdə iştirakın təhlükəsiz üsulunu tapıb: sancılıb ağac kimi bir yerdə durmamaq. Polislər küt-sarsaq şeylərdi - ziqzaq şəklində çaşdırıcı hərəkətlər etmək, bacardıqca onları aldatmaq. “Paqon”ları tovlamaq fəzilətdir.

Mitinqlərdə hərəkətlərin xaotikliyi istənilən azadlıq mucahidinin həyatında harmoniya şərtidir.

Zənn edirdimsə də ki, səfehdi bu, bir qonşu kimi, onu ağıllı saymaq borcumdu.

Kütləvi tədbirlərdə kimin qol-qıçı sınsa, Qəzənfər gedib ona baş çəkəcək.

Öz liderindən yerdən göyəcən razıdır. Düzdü, göygöz və keçəl lideri hələ onu üzdən tanımır. Tanıyar, inşallah. Ümidini kəsməyib. Xoşbəxt bir gündə - icazəsiz piket, ya mitinqdə, şikəst olarsa, bəlkə gəlib ona dəydi.

Liderlərin sıravi yoldaşlara baş çəkməsi faktı az deyil.

Mitinqlər ərəfəsində, ya sonra, həyətdə-dükanda rastlaşdıqmı, azadlıq məsələlərindən ayaqüstü söhbətlər edərik. Bu həm də bir ziyalılıq dəbidir. Gündəlik normamız beş-on dəqiqədir.

“Demokratiya pis şey deyil”, - bunu o deyir.

“Azadlığa itirilən vaxt itmir”, - bunu da mən.

Bu cür əndrabadi-hikmətli sözlərdən sonra ayrılırıq.

Qəzənfərin azadlıq mücadiləsi əsasən xəlvəti söhbətlərdən ibarətdir. Gözə dəydisə paqon, dərhal söhbətə son, i otsyuda von.

Mitinqlərdə yediyi kötəklər blokumuzda onu hörmətə mindirib.

Deyir, elə bir il olmaz ki, Milli Dirçəliş günündə “ANS” telekanalı onun gah peysərini, gah da bədəninin sağ yarısını göstərməsin. Sağ qulağı iri planda ekrana çıxır. Mir Şahin onun tüklü peysərini və sağ qulağını populyar edib.

Guya bilsəymiş onu çəkəcəklər, başını qırxdırıb mitinqə gedərdi.

Bir dəfə çaşıb ondan soruşanda ki, qardaş, bəlkə heç o sənin qulağın deyil, bərk xətrinə dəydi. Əlbəttə, belə çıxırdı ki, mən onun azadlıq hərəkatında xidmətlərinə şəkk edirəm.

“Səncə, mən öz qulağımı tanımıram?” - o, sualımın qarşısına sual diyirlətdi. Deməmişkən, qulaq seyvanının yuxarısında qara bir xal var, üstəgəl, o vaxt o, qulağına sarı dərmanlı pambıq tıxayıbmış.

Qəzənfər telekanalın arxivindən həmin kadrların surətini almaq niyyətindədir.

Hərdən də “Tofaş”dan düşüb, qabağından gündə yüz yol vızzadan keçdiyi, bir gün vəzifədə oturacağı Hökumət Evinin divarlarına əlini sürtər.

***

Odey, Rübabə xala gəlir! Qaz yerişi balkondanca tanınır. Sabah toyumuzdur. Həmişəki kimi də, hədiyyəsi - ət. Çantasından üstü tənziflə örtülü qoyun şaqqasının dizi çölə çıxırdı.

Qurban ətinin effekti bir gündən artıq sürmədi.

Qurbanın müharibə yatırma gücü az imiş.

Gəlinin “qiryət”i bu dəfə də qaynanasının darbalağını həzm etmədi.

...İnsan didişmələri hardasa pişik boğuşmalarını xatırladır.

Savaş bayrağı kimi də Rübabə xalanın göy darbalağı teldən asılıb.

Gilavar hərdən onu yellədir, axşam Günəşində kölgəsi eyvana düşüb tez də keçir.

Səhəri, hamı çəkilib işə gedəndə, Rübabə xala eyvandan yoldaşımı harayladı: həkim evdədi?

Həməncə onlara qalxıram. Bir dayan, sağ yanaqdakı bu göy ləkə nədi? Nə olacaq, dünən gəlini ona oğlan kimi kəllə atıb. Birdən uşaq kimi ağlamağa başladı.

“Mənə deyən gərək, burda nə itin azıb. Bir də qələt edərəm...”

“Başa düşmədim”.

“...Səndən çox yaxşılıqlar görmüşəm”.

“Nə? Hansı?”

“Halal elə”.

“Əşi, yaxşı görək”.

Günortadan keçmiş Rübabə xalanın, yan basa-basa, avtobus ayağına getdiyini gördüm. Söykənəcəkdən bədənimi az qala yarıyacan çıxarıb, ona əl edə-edə qaldım. Arvad dönüb geri baxmağı fərz etmədi də.

Çətini ölənəcəndi.

- Vay səni, arvad darbalağını unudub, - fikir verməmişdim, bunu dalı qatdan yoldaşım dedi.

Göy ipdən asılı yaşıl darbalaq “Xəbərçi” proqramınacan yoxa çıxdı.

Ertəsi gün mən Rübabə xalanın bu “yadigar”ını binamızın böyründəki zibil çənində bir qıçından sallanan gördüm.

7.I.-23.IV.2010-cu il
XS
SM
MD
LG