Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:36

Requiem pour Bayandurlu


İbrahim Bayandurlu
İbrahim Bayandurlu
40 yaşımı keçəndən sonra məndən böyük, ya da kiçik olan hər kəsin ölüm xəbəri gələr-gəlməz Nazim Hikmətin «Nəslimin yarpaq tökümü başladı» misrası ilə başlayan şeirinin əsiri oluram.

Nazim bu mükəmməl şeiri 1958-ci ildə şair-professor Mikayıl Rəfilinin vəfatı üzərinə yazmışdı-«Şair ola bilərdin; professor oldun».

Onlar yaş etibarı ilə eyni nəsildən idilər - Nazim 1902-dən, Rəfili 1904-dən idi.

Şair intuisiyası Rəfilinin ölümü ilə Nazim nəslinin «yarpaq tökümü»nün başladığını ona hiss etdirmişdi - necə ki, 5 il sonra özü də getdi.

Heç vaxt görüşüb tanış ola bilmədiyim, ancaq «Zerkalo»dakı yazılarına heyran olduğum İbrahim Bayandurlunun ölüm xəbərini «Azadlıq»ın saytından oxuyanda keçirdiyim hisslər də fərqli deyildi – «Nəslimin yarpaq tökümü başladı».

Bioqrafiyasından öyrəndim ki, yaş etibarı ilə o mənim nəslimdən deyilmiş. Ancaq müdriklik və ləyaqət baxımından o mənim nəslimdən 100 yaş, 1000 yaş böyük imiş. Çünki siyahının başına özümü yazıram - mənim nəslimin ondan öyrənəcək çox, lap çox şeyi varmış.

«Seyli-tə»n öylə təməvvöclə alıb dövri-bərim
Bənzərəm bir qocaman dağa ki, dəryadə durar

Döysə də canımı minlərlə məlamət ləpəsi
Zövrəqi-himmətim əvvəlki təmənnadə durar

Bisütun sinəsinə dəysə də min tişə yenə
Cövrə təmkin edərək durduğu məvadə durar»

«Hophopnamə»nin sabun bişirib satan müəllifinin «Şəkibai»də yaratdığı bu obrazın təmsilçiləri yaşları etibarı ilə bütün nəsilləri təmsil edirlər - qara ciyər xəçəngindən vəfat edəndə 49 yaşında idi; qan xərçəngindən gedəndə Nəcəf 44 yaşında; serrozdan gedəndə İbrahim Bayandurlu cəmi-cümlətanı 38 yaşında.

Onları hər hansı nəslə aid etmək - onlar üçün ən böyük haqsızlıqdır.

Ürəklərində balta yarası ilə yaşayanları hansı nəslin yaş sərhəddinə daxil etmək mümkündür? Bu həvəsə düşənlər ağıllarını başlarına yığsınlar.

Adım kimi əminəm ki, insanlıq yaşadığı müddətcə onun bu 38 yaşı çoxları, lap çoxları üçün bir qibtə məktəbi olaraq qalacaq.

O həmişə bizdən yuxarıda olacaq- yerini bu dünyada qazandı getdi.

Gülə-gülə, heç vaxt görüşmədiyimiz İbrahim Bayandurlu.

Necə görüşə bilərdik - sən məndən 1000 yaş böyük idin axı?
XS
SM
MD
LG