Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Cəzasız qalmış jurnalist qətllərinin simvolu


Jurnalistləri Müdafiə Komitəsinin loqosu
Jurnalistləri Müdafiə Komitəsinin loqosu
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində qətlə yetirilmiş 10 jurnalist haqqında məlumat yayıb. Komitə hesab edir ki, bu 10 jurnalist cəzasız jurnalist qətlləri simvoluna çevriliblər. Ona görə də onların qatillərinin tapılması ümumilikdə dünya üzrə jurnalist qətllərinin cəzasız qalması təcrübəsində dönüş yarada, jurnalistlərin özünüsenzurasını azalda və qlobal miqyasda dialoqa şərait yarada bilərdi. Təşkilatın qənaətinə görə dünya üzrə jurnalist qətllərinin 90 faizə yaxınının üstü açılmır.

Komitə hesab edir ki, bu 10 qətlin hər birinin üstü açılması o qədər də çətin deyil. Onların bəzilərində şübhəlilərin kimliyi o qədər də qaranlıq deyil.

Komitənin direktoru Joel Simon bildirib ki, bu jurnalistlərin qatillərinin tapılmasında çatışmayan yeganə cəhət “siyasi istəyin olmaması”dır.

JMK Beynəlxalq Mətbuat Azadlığı Günü üçün dövlətlərə müraciət edərək bu 10 jurnalistin qatilini tapmaqla cəzasızlıq mühitinə son qoymağa çağırıb.

Komitə cəzasız qalmış jurnalist qətllərinin simvolu kimi 10 öldürülmüş jurnalistin siyahısını əməkdaşlarının öz təcrübələri və təşkilatın araşdırmaları əsasında tərtib etdiyini qeyd edir. Həmin siyahı belədir:

1. Maguindanao qırğının qurbanları, Filippin, 2009

McDelbert Arriolanın arvadı. (Reuters/Romeo Ranoco)
2009-cu il noyabrın 23-də Maguindanao əyalətində baş vermiş qırğında 30 jurnalist və onların iki yardımçısı qətlə yetirilib.

Jurnalistlər qubernator seçkisində namizədlərdən birinin tərəfdarlarının arasında olublar. Onlar pusquya salınaraq 57 nəfər qətlə yetirilib. Hakimiyyət buna görə rəqib siyasi qüvvələri ittiham edərək 200 nəfərin tutulduğunu bildirib. Amma onların məhkəməsinin ədalətli olacağına böyük şübhələr var.

1992-ci ildən bu yana Filippində ümumilikdə 61 jurnalist qətlə yetirilib.

2. Anna Politkovskaya, Rusiya, 2006

Politkoskaya üçün anma mərasimi. (Reuters/Anton Denisov)
Anna Politkovskaya Çeçenistan müharibəsində baş verən zorakılıqları işıqlandırmağa çalışırdı. Bir dəfə onu Rusiya əsgərləri tutub çuxura saldılar. Daha bir dəfə zəhərləndi. 2006-cı il oktyabrın 7-də isə Moskvada evinin liftində güllələnərək qətlə yetirildi.

Əsas şübhəli hesab olunan Rüstəm Mahmudovun Rusiya sərhədçilərinə rüşvət verərək ölkədən qaçdığı deyilir. İstintaqa cəlb edilmiş daha üç nəfər də sonradan bu işdə əlləri olmayıb deyilərək azad edildi.

Bu mövzuda sual verən hər kəsə rəsmilər “istintaq gedir” deyə cavab verirlər. Amma indiyə qədər bu istintaqın nəticəsi yoxdur.

3. Lasantha Wickramatunga, Şri-Lanka, 2009

Lasantha Wickramatunganın qətlinə görə istintaq aparılmayıb. (Reuters/Andrew Caballero-Reynolds)
Lasantha Wickramatunga özünün 25 illik jurnalist karyerasında Şri-Lankada hökuməti tənqid edə bilən ən tanınmış jurnalist olmuşdu. 2009-cu il yanvarın 8-də maşınında işə gedərkən motosikletlə səkkiz adam ona hücum edib. Onlar ağac dəyənək və dəmir çubuqlarla jurnalisti döyərək qətlə yetiriblər.

Hakimiyyət bu hadisəyə görə istintaq aparmayıb.

Ümumiyyətlə, 2004-cü ildən bəri Şri-Lankada doqquz jurnalist qətlə yetirilib. Amma onlardan heç birinin işi üzrə istintaq aparılmayıb.

4. Samir Qassir və Gebran Tueni, Livan, 2005
Gebran Tueni (ortada), 2005-ci ildə Samir Qassiri anma mərasimində, bir neçə ay sonra Tuenin özünü də qətlə yetirdilər. (Reuters/Jamal Saidi)

Suriyanı tənqid etməyə cəsarəti olan jurnalistləri 2005-ci ildən bomba partlayışları ilə qətlə yetirirlər. Həmin il Beyrutda Livanın ən cəsarətli jurnalistlərindən biri olan “Əl-Nahar” qəzetinin yazarı Samir Qassir bomba partlayışı ilə qətlə yetirildi.

Dekabrın 12-də həmin qəzetin direktoru və Suriya siyasətçilərinin sərt tənqidçisi Gebran Tueninin də zirehli maşını partladıldı və o, həlak oldu.

5. Armando Rodríguez, Meksika, 2008
Armando Rodríguez üçün anma mərasimi, (El Diario)
Ölümündən bir neçə gün əvvəl Armando Rodríguez yerli prokurorun bacısı oğlunu narkotik tacirlərlə əlaqədə olmaqda ittiham edən məqalə yazmışdı. 2008-ci il noyabrın 13-də onu öz maşının içində güllə ilə vurub öldürdülər. Bu zaman səkkiz yaşlı qızı da maşının arxa oturacağında dəhşət içində atasının ölümünü görmüşdü. Bir qədər sonra bu hadisəni araşdıran müstəntiq istefa verərək şəhəri tərk etdi.

Rodríguez ölümündən əvvəl hüquq-mühafizə orqanlarına hədələndiyi barədə məlumat vermişdi. Amma onun qorunması üçün heç kim bir iş görmədi.

6. Soran Mama Hama, İraq, 2008
Soran Mama Hama
Kərkükdə çıxan qalmqalçı Livin jurnalının əməkdaşı yazmışdı ki, onda fahişələrin xidmətindən istifadə edən polisin yüksək rütbəli zabitlərinin siyahısı var. Bundan sonra, 2008-ci il iyulun 12-də silahlı adam onu evində qətlə yetirdi.

Yerli hökumət bu hadisənin diqqət mərkəzində olduğunu desə də indiyə qədər istintaqla bağlı heç bir məlumat açıqlanmayıb.





7. Deyda Hydara, Qambiya, 2004
Deyda Hydara (OPC)
“The Point” qəzetinin təsisçisi olan Deyda Hydara prezident Yahya Jammehi tez-tez hökumətin mətbuatla bağlı siyasətinə görə tənqid edirdi. Bir dəfə prezident “jurnalistlər yerin dibinə gömülməlidir” deyəndə Deyda bunu kəskin tənqid etmişdi.

2004-cü il dekabrın 16-da işdən evə gedərkən taksidə onun maşınına yaxınlaşan qatillər jurnalisti başından və sinəsindən güllələyib öldürdülər.

8. Hayatullah Xan, Pakistan, 2006
Xan iş başında, 2005-ci il. (CPJ)
Hayatullah Xan prezident Pərviz Müşərrəfin hökumətini Pakistanla sərhəddə əməliyyatlar aparmaq üçün ABŞ-a vacib məlumatlar verməkdə ittiham etmişdi.

2005-ci il dekabrın 4-də Əl-Kaidənin rəhbərlərindən birinin qətlə yetirildiyi Hellfire raketinin şəklini çəkmişdi. Bundan bir gün sonra beş nəfər onu oğurladı. Altı ay ondan soraq gəlmədi. 2006-cı il iyunun 16-da onu bir dəri-bir sümük qalmış və güllələnmiş cansız bədəni Miran Şah qəsəbəsində tapıldı.

9. Elmar Hüseynov, Azərbaycan, 2005
Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunda Elmar Hüseynovun posteri. (CPJ/Nina Ognianova)
Monitor jurnalının redaktoru Elmar Hüseynov prezidenti tənqid etdiyinə görə silsilə təqib və təzyiqlərə məruz qalmışdı. 2005-ci il martın 2-də onu evinin qapısında pilləkanların üstündə güllələyib qətlə yetirdilər. Qətl baş verən zaman binanın girişində işıqlar söndürülüb və telefon xətləri kəsilib.

Bundan iki il sonra onun dostu Eynulla Fətullayev Elmar Hüseynovun qətlini yüksək vəzifəli rəsminin sifariş verdiyinə dair araşdırma hazırlayıb yaydı. Bundan sonra Eynulla Fətullayev özü də müxtəlif ittihamlarla həbs edilib səkkiz il yarım azadlıqdan məhrum edildi.

10. Norbert Zongo, Burkina Faso, 1998
Zanqonun qətli böyük əks-səda doğurmuşdu. (AFP)
“L'Indépendan” həftəliyinin redaktoru Zonqo bu Qərbi Afrika ölkəsinin ən tanınmış araşdırmaçı jurnalistlərindən idi. 1998-ci ildə o, prezidentin qardaşı və dövlət başçısının xüsusi müşavirinin son qətllərdə əli olub-olmamasını araşdırırdı.

1998-ci il dekabrın 13-də onu qardaşı və iki həmkarı ilə birlikdə güllələdilər.
XS
SM
MD
LG