Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:49

İlham Əliyev 3 ildir «mətbuatın qənimidir»


İlham Əliyev
İlham Əliyev
3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı «Sərhədsiz reportyorlar» dünyada mətbuat azadlığının vəziyyəti haqqında hesabat dərc edib. 2010-cu ilin əvvəlindən 9 jurnalist qətlə yetirilib, 300 jurnalist və bloqqer saxlanılıb.

«Sərhədsiz Reportyorlar» ənənəvi «Mətbuat qənimləri» siyahısını yeniləyib. Bu siyahıya jurnalistlərin hüquqlarını və söz azadlığını daha çox pozan dövlət xadimləri və təşkilatların adları daxil edilir. Hazırkı siyahıda 40 siyasətçi, dövlət və din xadimi, döyüşçü və cinayətkar təşkilatın adı var.

HU DZİNTAO, ƏHMƏDİNEJAT, PUTİN... İLHAM ƏLİYEV

«Mətbuat qənimləri» adlandırılan siyahıda bir sıra dövlət və hökumət başçılarının adları, o cümlədən Çin prezidenti Hu Dzintao, İran prezidenti Mahmud Əhmədinejad və Rusiyanın baş naziri Vladimir Putinin adları var.

İlk dəfə olaraq Çeçenistan prezidenti Ramzan Kadırov və əfqan taliblərinin lideri Molla Ömər də «Mətbuat qənimləri» siyahısına salınıblar.

Azərbaycan prezidenti İlham Əliyevin adı 2007-ci ildən «qənimlər» siyahısındadır. Xəritəyə bax:



SİYASİ HƏYATIN SƏRT REALLIQLARINA UYĞUN OLMAYAN İNSAN

«Neftlə zəngin, bir çox xarici dövlətlərin dəstəklədiyi bir ölkədə 2003-cü ildə hakimiyyətin Heydər Əliyevdən oğlu İlham Əliyevə keçməsi böyük Əliyev tərəfindən əsaslı surətdə hazırlanmışdı. Onu siyasi həyatın sərt reallıqlarına uyğun olmayan bir insan kimi qəbul edirdilər. Amma o, özünü atasının layiqli varisi kimi göstərdi. Müxalifətə yaxın və ölkədə artmaqda olan korrupsiyanı ifşa edən qəzetlər problemlərlə üzləşir. Jurnalistlərə basqılar bu ölkədə kifayət qədər tez-tez rast gəlinən haldır, burada jurnalistlər ən çox cəza müddətləri alırlar. Məsələn, Eynulla Fətullayev - həftəlik «Realnıy Azerbaydjan» və gündəlik «Gündəlik Azərbaycan» qəzetlərinin redaktoru Eynulla Fətullayev saxta ittihamlarla 8,5 il müddətinə həbs edilib. İki gənc bloqqer - Adnan Hacızadə və Emin Milli də internetdə öz mövqelərini ifadə etməyə cürət etdikləri üçün 2 və 2 il yarım həbs cəzasına məhkum ediliblər.

BU, TƏZYİQ CƏHDİDİR, ANCAQ MƏNASIZDIR

Millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov İlham Əliyevin mətbuatın qənimi adlandırılmasını obyektivlikdən uzaq və qərəzli mövqe kimi qiymətləndirir:

«Çünki Azərbaycan gerçəkliyi bam-başqadır. Əgər Azərbaycanda həbsxanada jurnalist varsa, onların heç biri peşə fəaliyyətinə görə həbs olunmayıb. Əgər Azərbaycan prezidenti 2009-cu ildə KİV-in inkişafına dövlət dəstəyi Fondu təsis edib pul ayırıbsa, bu Fond artıq çox uğurla fəaliyyət göstərirsə, niyə buna qiymət vermirlər? Bu cür açıqlamalar Azərbaycana təsir, təzyiq göstərmək cəhdidir. Ancaq mənasız cəhddir».

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə deyir ki, son 10 ildə həbslər, qəzetləri tirajının azalması, jurnalistlərə təzyiqlərin artması media azadlığı sahəsində vəziyyətin çox mürəkkəb olduğunu göstərir:

«2005-ci ildə Elmar Hüseynov qətlə yetirildi, araşdırmalar aparılmadı, jurnalistlər təzyiqlərə məruz qalır, istintaq araşdırmaları nəticə vermir».

AZƏRBAYCAN JURNALİSTİ MİNALANMIŞ ƏRAZİDƏ İŞLƏYİR

Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə jurnalistlər, ictimai xadimlər, beynəlxalq təşkilatların nümayəndələri 2005-ci ildə qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən jurnalistlər və ictimai xadimlər Azərbaycanda media azadlığının pisləşməkdə davam etdiyini deyiblər. Millət vəkili Pənah Hüseyn müstəqil medianın vəziyyətinin ağır olduğunu vurğulayıb:

«Azərbaycan daim «minalanmış ərazidə» işləyən müstəqil jurnalistlərə minnətdar olmalıdır. Ölkənin bu gün dünyada olan azacıq imici də onların fəaliyyətinin nəticəsidir».

İSTƏDİYİ QƏDƏR PREZİDENT QALA BİLƏR

«Sərhədsiz Reportyorlar» hesabatda qeyd edir ki, 2009-cu ildə İlham Əliyev qanunvericiliyə dəyişikliklər edildikdən sonra ölkə üzərində nəzarəti daha da gücləndirib. O istədiyi qədər prezident vəzifəsində qala bilər. Bundan başqa, Azərbaycanda «Kütləvi İnformasiya Vasitələri haqqında» qanuna jurnalistlərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran düzəlişlər edilib. Bu düzəlişlər peşəkarların, o cümlədən foto-jurnalistlərin işi üçün çox ağır şərait yaradıb», deyə hesabatda bildirilir.

XS
SM
MD
LG