Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

Avropa Məhkəməsi və Azərbaycan: Son söz kimə məxsusdur?


Jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərar Azərbaycan rəsmiləri tərəfindən tənqidlə qarşılandı. Bir tərəfdən Avropa Məhkəməsini siyasi bir qurum kimi çıxış edərək ikili standartlarla işləməsi iddia olunur, qərarın obyektivliyi şübhə altına alınır. Digər tərəfdən, Azərbaycan qanunlarındakı boşluğa istinadən Strasburqdakı məhkəmə aktının icarsı rədd edilir və bildirilir ki, Avropa Məhkəməsi Azərbaycan məhkəməsi üçün yuxarı instansiya deyil.
İnformasiya azadlığı, sadəcə cəmiyyət tərəfindən sükunətlə qarşılanan məlumatlarla məhdudlaşmır, bu azadlıq eyni zamanda cəmiyyətdə rəncidəedici, şok yaradan və ya narahatlıq doğuran informasiyalar üçün də caridir

«Laçından olan məcburi köçkünlərin şikayətinə bu instansiyanın münasibətində də siyasiləşmə özünü göstərir. Məhz ermənilər belə şikayət verəndən sonra Azərbaycandan olan qaçqınların şikayətinə baxılması barədə bağlı belə qərar verilib».



Ziyafət Əsgərovun yuxarıdakı fikirləri müzakirə ediləbiləcək rasionallığı ehtiva etdiyi halda, eyni reportajın davamında dedikləri gerçəkliyin tamamilə təhrifinə dayanır:

GERÇƏKLİYİN TƏHRİFİ

«Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil. Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər. Onların qərarları Azərbaycan üçün yalnız tövsiyə xarakteri daşıyır. … Bundan sonra əgər zərərçəkən tərəf kasasiya şikayəti verərsə, onda Ali Məhkəmənin Plenumu bu məsələyə baxacaq və qərar qəbul edəcək ki, Fətullayevlə bağlı qərarı birinci instansiya məhkəməsinə göndərsin, yoxsa Apelyasiya Məhkəməsinə».
Ziyafət Əsgərov: Onlar «E. Fətullayev azad edilsin» deyə bilməz


Ziyafət Əsgərovun iddialarının hüquqi gerçəklikdən uzaq olduğunu izah etməmişdən əvvəl AİHM-nin «Fətullayev və Azərbaycan işi»ndə gəldiyi qənaətlərə qısaca toxunmaqda fayda var.

SÖZ AZADLIĞI HƏM DƏ ŞOKEDİCİ MƏLUMATLAR ÜÇÜNDÜR

Məhkəməyə görə, Fətullayevin işi ilə bağlı yerli dövlət orqanları Konvensiyanın iki maddəsini – fikri ifadə etmək azadlığını və ədalətli məhkəmə araşdırması hüququnu kobud sürətdə pozub. İfadə azadlığı ilə bağlı Məhkəmənin gəldiyi qənaəti iki sərlövhə altında toplamaq mümkündür. Bunlardan birincisi, Məhkəmənin presedent hüququna çevrilmiş ifadə azadlığı və jurnalistika ilə bağlı prinsipial yanaşmadır. Məhkəmənin fikrincə, Xocalı məsələsinin milli kədər olması etibarı ilə Azərbaycan xalqı üçün həssas mövzu olduğu başadüşüləndir. Amma informasiya azadlığı, sadəcə cəmiyyət tərəfindən sükunətlə qarşılanan məlumatlarla məhdudlaşmır, bu azadlıq eyni zamanda cəmiyyətdə rəncidəedici, şok yaradan və ya narahatlıq doğuran informasiyalar üçün də caridir. Digər tərəfdən, bu tip işlərdə jurnalistlərin demokratik cəmiyyətdə ictimai nəzarəti həyata keçirən ən mühüm gözətçilər olduğu həqiqətini də diqqətdə saxlamaq vacibdir. Demokratik cəmiyyətlərdə jurnalistləri azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırmaq çox istisna hallarda mümkün olmalıdır.

Demokratik cəmiyyətlərdə jurnalistləri azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırmaq çox istisna hallarda mümkün olmalıdır
İkincisi, məhkəməyə görə, ərizəçinin xocalılarla bağlı yazdığı məqalə təsviri mahiyyətdə olduğu və şəxsi mülahizələri ehtiva etmədiyi üçün iddia edilən cinayətin maddi ünsürü tamamlanmayıb. Digər məqalədə isə ərizəçi bir jurnalist və bir fərd olaraq şəxsi mülahizələrini irəli sürüb. Məqalədə müzakirə edilən fərziyyələri həyata keçirə biləcək vəzifəni tutmadığı üçün bu məqalədə terror hədəsindən bəhs etmək reallıqdan uzaqdır.

Məhkəmənin mövqeyinə görə, daha əvvəl qərar verilmiş mülki işdə iştirak edən hakim İ. İsmayılovun eyni subyektli cinayət işində də iştirakı ərizəçinin müstəqil və qərəzsiz məhkəmə hüququnu pozub. Digər tərəfdən, Baş Prokurorun işlə bağlı qərar qəbul edilmədən öncə ərizəçinin cinayətkar olduğu barədə əminliklə verdiyi bəyanatı təqsirsizlik prezumpsiyası hüququ ilə ziddiyət təşkil edir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilməlidir.

AİHM QƏRARLARININ İCRASI VƏ MƏHKƏMƏNİN MADDİ YURİSDİKSİYASI

Qərardan da anlaşıldığı kimi, Məhkəmə ifadə azadlığı ilə bağlı gəldiyi qənaətlərində, milli məhkəmələrin hüququn tətbiqində və faktiki halların qiymətləndirilməsində səhvə yol verib. Bir qayda olaraq, işin faktiki hallarının qiymətləndirilməsi və hüquq normalarının düzgün tətbiqinin araşdırılması Məhkəmənin maddi baxımdan yurisdiksiyası daxilində olmasa da, bu hal Konvensiya ilə təminat altına alınmış hüquqları pozursa, Məhkəmə işi yurisdiksiyası daxilində hesab edə bilər ( Misal olsun: Kom. X. v. Belçika, 04. 05. 1979, No. 8417/78, D. v. Almaniya, 11.07. 1985, No. 10812/84). Beləliklə, dövlət aparatını de-fakto əlində tutanların iddia etdiyi kimi, «Fətullayev və Azərbaycan işi»ni Məhkəmənin yeni presedenti olaraq qiymətləndirmək mümkün deyil. Başqa bir ifadə ilə, Məhkəmənin «E. Fətullayev azad edilsin» deməyi də Konvensiyaya uyğun hal sayılmalıdır.

Ziyafət Əsgərovun «AİHM qərarlarının tövsiyə xarakterli» olduğu iddiasında da heç bir həqiqət payı yoxdur. Bunu həm Konvensiyanın əlaqəli müddəaları, həm də milli qanunvericilik təsdiq edir. Belə ki, Kovensiyanın 46-cı maddəsinə görə, «Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını və icra etməyi öhdələrinə götürürlər».

AZƏRBAYCANI ÖHDƏLİK GÖTÜRMƏYƏ MƏCBUR ETMƏYİBLƏR

Azərbaycan Respublikası isə qərarların icrasıyla bağlı sanksiyaları nizamlayan 14-cü Protokolu da heç bir qeydsiz-şərtsiz imzalayaraq ratifikasiya edib.

Daxili qanunvericilikdə isə AİHM qərarlarının icrası, «hüquq və azadlıqların pozulmasıyla bağlı yeni hallar üzrə icraat» institutu vasitəsiylə həyata keçirilir.

Konstitutisiya Məhkəməsi bu institutla bağlı mövqeyini Konstitusiya Məhkəməsinə fərdi şikayətlər konteksində açıqlasa da, mahiyyət etibarı ilə AİHM qərarları da bu çərçivədə qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin müstəqil əhəmiyyət qazanmış hüquqi mövqeyinə görə, hüquq və azadlıqların pozulmasıyla bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumu vasitəçi rolundadır və bu cür icraatlarda Ali Məhkəmənin yurisdiksiyası Məhkəmənin hüquq pozuntusunu müəyyən etdiyi məhkəmə instansiyasına göndərməklə məhduddur. Yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması, Konstitusiya Məhkəməsinin (eyni zamanda AİHM-nin) qərarlarının təhrifinə, təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına səbəb ola bilməz. (Misal olsun: Konstitusiya Məhkəməsinin 25. 01. 2005, 28. 06. 2005, 29. 06. 2005 tarixli qərarları). Göründüyü kimi, dövlət aparatını de-fakto əlində tutanların iddialarının əksinə, milli məhkəmələr AİHM-nin verdiyi qərarların sadəcə hökm hissəsiylə deyil, eyni zamanda qərarın təsviri-əsaslandırıcı qismində irəli sürülmüş mövqelərlə də bağlıdır. Hətta milli kassasiya məhkəməsinin işi hansı aşağı dərəcəli instansiya məhkəməsinə göndərməklə bağlı müstəqil qərar çıxarmaq sələhiyyəti olmadığını iddia etmək də yanlış olmayacaq. Zira, insan hüquq və azadlıqlarının pozulduğu qənaətinə gələn AİHM, bunun hansı instansiyada baş verdiyini də qərarında müəyyən edir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG