Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:20

Jalə "Heykəlin içindəki" (Hekayə)


- Vaxtında Bakıda bir xaraba alsaydı, indi çöllərə düşməzdik...

Yenə qardaşımdır. Yenə atamın qarasına deyinir. Mən yenə gülümsəyirəm onun deyinməsinə, yola verməyə çalışıram.

Əsəblərimiz ayaq üstündədir – biz yenə köçürük.

Kirayə ev dəyişməkdən birtəhər olmuşuq.

Bunun çox əyləncəli tərəfləri də var, düzdü, amma yeni yerə öyrəşənə qədər də bizimki bizə dəyir. Əslində, yalnız mən beləyəm. Qardaşım üçünsə qonşusunda qəşəng qızlar olan hər yer cənnətdir.

Sənətkar olub mənimçün.

...İndi dördüncü mərtəbədə yaşayacaqdıq. Bu mərtəbədə liftin qapısını bağlayıblar. Buna görə də qardaşımın deyinməsi daha böyük vüsət alıb. Axşama kimi 3-4 dostuyla bərabər ancaq ki əşyaları daşıyıb qurtardı.

Mən də yerbəyer elədim birtəhər. İndi də mən deyinirdim – hər şeyi bir-birinə qarışdırmışdılar. Boşqablar pal-paltarın içindən çıxırdı, ayaqqabıların hər tayı bir qutudan. Kitablarımın taleyi isə daha acınacaqlı idi – bəziləri xörək yağına bulaşmışdı.

Və mən hirsimdən illik deyinmək planımı doldurmaqdaydım.

Gecə 12-də mətbəxdə çay içməyə otura bildik axır ki. Qardaşım son qurtumunu alıb ayağa durdu:

- Mən düşüm uşaqların yanına, gələcəm, sən yat.

- Ona görə evi buradan tapdın ki, kefin istəyəndə gedib avaraları görəsən də. İstəyirsən, heç gəlmə – mən də belə dedim.

Qardaşım yəqin ki, son sözlərimi eşitmədi, evdən çıxmışdı artıq.

Çayımı içib qurtardım. Eyvana çıxdım. Gözəl yay gecəsi idi. Ulduzlar dənə-dənə görünürdülər. Sabah yenə isti olacaqdı. Gecənin ən böyük əsrarəngizliyi ağcaqanadın olmaması idi.

Aşağı eyvandan televizorun səsi gəlirdi.

Düşündüm ki, belə gecəni televizora həsr eləmək axmaqlıqdı.

Amma təzə qonşularımı axmaq saymaq kimi tələsik qərar vermək istəməyib, fikrimdə möhkəmlənmədən mətbəxə qayıtmaq üçün qapıya sarı çevrildim. Ayağım böyük, qara yeşiyə ilişdi.

Evi təmizləyəndə topladığımız zir-zibilləri yığmışdıq bu yeşiyə.

Qonşuların eşidəcəyindən ehtiyatlanmağı unudub hirslə ucadan deyindim qardaşımın qarasına.

“Bunu niyə burada atıb gedib ee? Canı çıxır bir işi görənə qədər…”- filan deyib, yeşiyə bir təpik vurdum.

Yeşik aşdı. İçindəki qırıq stəkanlar, paslı qaşıqlar, taxta parçaları, cırıq divar kağızları ətrafa dağıldı. Ardınca da bir tualet kağızı rulonu diyirlənib eyvanın qaranlıq küncündə görünməz oldu.

Deyinə-deyinə (təzə evdəki ilk günümdə mənimki deyinməkdən gəlmişdi, deyəsən) dağılanları yenidən yeşiyə doldurdum. Əlimi atıb rulonu da tapdım, onu da yeşiyə atmaq istədim, amma dayandım, üstü bir az tozlu və əzik olsa da, təzə görünürdü.

Fikirləşdim ki, lazım olar.

Mətbəxə keçdim. Əlimdəki rulonu masanın üstünə qoydum. Bir fincan da çay süzdüm.

Divanda oturdum. Nə televizor, nə radio, nə kitab! Yalnız gecəni dinləmək istəyirdim. Mənim belə axmaq romantizmim tutur arada. Gözlərimi yumub-açdım, açıb-yumdum.

Bunun romantizmə bir dəxli olmasa da, arada belə eləməyi sevirəm.

Sevimli fincanımı (qardaşım söz verib ki, mən öləndə bu fincanı mənimlə bir qəbrə qoyacaq, əbədi olaraq ayrılmayaq deyə) götürüb çaydan bir qurtum aldım.

Tavanı, divarları, soyuducunu tumarladım yorğun baxışlarımla, dolabdakı nimçənin naxışlarını yeni aldığım köynəyin naxışlarına oxşatdım, gülümsədim. Mətbəxdə hər yeri “gəzəndən” sonra nəzərlərim masanın üstündəki rulona ilişib qaldı.

Qəribə tərzdə qabarıq görünürdü. Fincanı masanın üstünə qoyub rulonu götürdüm. Açmağa başladım və… …gözlərimə inanmadım: rulona yazılar yazılmışdı!

Anlamaq çətin olmadı – bu, gündəlik idi, gah səliqəli, gah da qarmaqarışıq xətlə yazılmış gündəlik.

Rulonu ehtiyatla, qədim əlyazma tapıbmışam kimi yavaş-yavaş açdım. Son yazılar təzə idi. Çox güman ki, bizdən əvvəlki kirayənişin yazmışdı.

Qeyri-ixtiyari gülümsədim, yox, deyəsən, lap əməlli-başlı güldüm - bircə tualet kağızına gündəlik yazmaq qalmışdı, onu da yazdılar. İndi də əlbəttə ki, oxuyacaqdım onu. Heç utanmayacaqdım da başqasının gündəliyini oxuduğuma görə.

Divanda qurcalanıb yerimi rahatladım.

Böyük bir sirr öyrənəcəkmişəm kimi oxumağa başladım. Bəri başdan deyim ki, çox qəribə duyğuydu tualet kağızında gündəlik oxumaq.

Yazılar üç rəngdə yazılmışdı – qara, qırmızı, yaşıl. Göy rəngli qələmlə yazılmış bir yazının belə olmaması qəribə gəldi mənə.

Qara yazılar əsasən səliqəli idi, qırmızıların səliqəsizliyi yazanın əsəbi ovqatı kimi görünürdü, yaşıl yazılarda isə sözlər qısa-qısa qeyd olunmuşdu. Stenoqrafçılıq da gəldi başıma.

Əlaqəsiz, oxunası halda olmayan yazılar da çox idi. Son yazı mayın 20-də yazılmışdı. Qara qələmlə.

“20 may, səhər-səhər, qəti qərar qəbul eləmişəm.

Budey, Orxan Pamuk, məşhurdu deyə sevgilisindən hamı xəbər tutdu. Adi bir kişi olsaydı, vurmuşdu indi hind sevgilisini qoltuğuna, dünyanın bütün kitab sərgilərini gəzmişdi. İndi yazıq ayağını yan ata bilmir. Hələ bu biri.

Mayamidə bir nazirimiz villa alıb. Nazir olmasaydı, aldığını heç kim bilməyəcəkdi, Alla da onu tanımayacaqdı. Odur ki, mənim məşhur olmaq istəyimə bir quş. Lazım deyil.

20 may, gecə

Həmişə düşünmüşəm ki, dünyada fransızca ən gözəl danışan adam Patrisia Kassdır, fransızcanın ən gözəl eşidildiyi yer onun mahnılarıdı... ən gözəl aktrisa isə Şəfiqə Məmmədovadı. Etiraz istəmirəm, mən belə düşünürəm!”

1 may, mənim günümdü, zəhmətkeşəm axı

Amma ən zəhmətkeş adamlar süpürgəçilərdi. Onları sevirəm. Birdən elə istəyirəm ki, alam əllərindən süpürgəni, ömrümdə heç olmasa bircə dəfə bu şəhərin küçələrinə süpürgə çəkəm. Heç olmasa bircə dəfə...

Sabah heç kim şəhəri abıra salan süpürgəçilərdən birinin belə adını bilməyəcək, amma şəhəri bərbad edən icra başçılarını hamı xatırlayacaq. “Güləhmədovun vaxtında bu küçədə 3 dükan vardı” ya da “Allahverdiyev buranı satanda mənim yadımdadı, 9-da oxuyurdum” yaxud da “Abutalıbovun sonuncu fəvvarəsi açılan günüydü də, evlənmək təklifi eləmişdim bulvarda”. Amma heç kim deməyəcək ki, Sona xalanın Elmlərin ətrafını süpürdüyü illərdə universitetdə oxumuşam...

Alçaq dünyadı bu dünya...”

30 aprel, gecə

Bu gün üç-dörd lətifə göndəriblər mənə. O qədər gülmüşəm ki. Guya Adəm gündəliyində belə yazıbmış ki, əziz gündəlik, bir alma, sadəcə bir alma. Bir almacan blatım olmadı yəni? Gülməkdən ölmüşdüm. Yazıq düz deyir də. Bəlkə düz demir?”

Rulon yəqin ki, ona cavab verə bilməmişdi. Qəribəydi, niyə qırmızı yazılmışdı bu qeyd, dünyanı söyəndə isə qara? Arada rulonun özü haqqında da fikirlər vardı. Özü də qıpqırmızı rəngdə. Məsələn, bu ilin “aprel ayının son bazar günü”ndə yazılmışdı:

”Bura bax, sənnənəm. Bir də mən yazan yerdə cırılsan, aparıb qoyacam səni tualetə. Bilirsən də orada sənin başına nə oyun gələcək? Özünü yaxşı apar, məni cin atına mindirmə!

25 aprel, günorta, naharım ləzzətli oldu, kartof qızartmışdım.

Qudurmuş it adamı dişləyir, adam da qudurur. Onda iti nə dişləyib qudurdur bəs? Axı bütün qudurmuş adamların hamısını heç də it dişləmir. Demək, it yeganə qudurmaq mənbəyi deyil”.

Bu yaşıl yazının birinci cümləsi qısa variantda belə idi: “Qud. it ad. diş. adam da qud.” Lap ingilis dilinə oxşayırdı - adam da qud.

15 aprel, yaman isti gündür

Boğazım cırıldı bu gün qışqırmaqdan. İt uşağı oynaya bilmir də bu andırı. Nə qədər uduzmaq olar? Hələ qonşularım! Elə bil kişi deyillər, eyvana çıxıb mənə qışqırırlar ki, nə səs-küy salmısan? Elə bizim futbola oxşayır bədbəxtlər – çox mənasızdılar!

Bu günə tarix qoymuram. Çünki nənələri hər gün xatırlamaq mümkündü.

Nənəm yadıma düşüb. Ən böyük arzusu məni televizorda görmək idi. Ürəyimdə qalıb nəsə. Bəlkə çıxım televizora? Cəhənnəm olsun, canımı dişimə tutub meyxana yarışmasına gedərəm, deyərəm ki, ölüsüyəm bunun, çırtma da çalaram.

Düz qabaqda oturdarlar, krupnı planla da göstərərlər məni. Nənəm mütləq görəcək. Ruhların evlərə gəldiyinə inanıram”.

Aprelin 1-nin nə gün olduğunu bilməsəydim, qısa-qısa yazılmış yazının üstündən də keçəcəkdim yəqin ki. “… am. şö. müd. hir. …” yazısını yozmaq başqa cür mümkün olmazdı.

“Aprelin 1-i.

Bu gün heç kim məni aldada bilmədi! Səhər tezdən bütün fikrimi toplayıb getmişdim işə. Nə dedilər, inanmadım. Amma şöbə müdirini hirsləndirdim. Sən demə, həqiqətən çağırtdırıbmış məni.

30 mart

Fikir vermişəm, mənim mindiyim avtobusun sürücüsü başqa avtobus sürücüləriylə davada həmişə haqlı olur. Bu mənim xoşuma gəlir. Düşünürəm ki, mənim ayağımdandı, yanında olduğum hər kəs haqlı çıxır.

Amma niyə mən minən avtobuslar mütləq benzin doldurmağa dönür, hələ bunun sirrini aça bilməmişəm.”
27 mart

Nar çiçəyinin zərifliyini şairlər çox tərifləyiblər.

Onların təriflədiyinə görə yox a, amma mənim də xoşum gəlir nar çiçəyindən. Elə narın özündən də. Şirəsindən də. Heyif ki, nar gec çiçəkləyir. Nəsə, o, çiçəkləyəndə mən işdə oluram həmişə.

Çox istəyirəm ki, narın çiçəklədiyini öz gözlərimlə görüm. Heç cür qismət olmur. Çiçəkləyən kimi də həyətdəki uşaqlar yolurlar... Bu il də belə olacaq yəqin…”

Nar çiçəkləri haqqında da qırmızı yazılmışdı. Aqressivlik yox idi bu dəfə. Yəqin nar çiçəklərinin rənginə görə seçilmişdi bu qələm.

“25 mart

Biz hər şeyə gənckən nail olmağa çalışırıq. Amma istədik- istəmədik, söz sahibi olmaq üçün mütləq qocalmaq lazımdı. Gəncləri heç kim dinləmir. Nə qədər ağıllı söz desələr də. Mənim şöbə müdirim özünü ağıllı saydı, durdu getdi yeni ideyamız haqqında direktora danışdı.

Direktorun da xoşuna gəldi, eləmədi tənbəllik, çökdü bunun boğazına ki, tez ol, bu layihəni işlə ver.

Həm də bir həftənin içində. İndi müdir 3 gündü arvadının üzünə həsrətdi. Hələ 3-4 gün də həsrət qalacaq. Düşüb qalıb işdə.

Özü də təkbaşına. Axı mən ona dedim ki, qalsın bayramdan sonraya. Bir həftə dincələk, gələk, sonra deyərik. Sözümü eşitsinlər deyə qocalmalıyam da mən. Haqq olur ona vapşe...”

15 mart, deyirlər bayrama az qalır... hansı bayrama?

Əslində hər şey sadədi - ürəyinin səsini eşidəcəksən, nə əmr eləsə, yerinə yetirəcəksən. Problem sadəcə ürəklə başın qarşılıqlı münasibətlərinin pozulması zamanı baş verir.

İndi ürəyim deyir ki, nəyin var, sat-sov, bir tapança al, 5-6 güllə. Çıx qabaqlarına, çax başlarına gülləni. Sonra nə olur, olsun. Za to, millətin canı qurtaracaq bu oğraşlardan.

Amma baş ürəyi qısnayıb qabırğaya, deyir, ə, axmaq, nə kefin durub? Necə yəni, sonra nə olur, olsun? Bilmirsən guya sonra nə olur?

Dalını dağıdarlar e. Ürək də deyir ki, ay-hay, onsuz da mənim dalım yoxdu, iki qulaqcıqdı, iki mədəcik... Onların davası məni məhv edir... tükənmişəm artıq...”

Kimi atmaq istəyirdi adam? Niyə bu yazı üç rəngdə yazılmışdı? Yoxsa, öldürmək istəyib öldürə bilməməyin simvolu idi bu üç rəng? Ürəklə beynin çarpışması, hər şeyə tüpürmək yanğısının və bir də qorxu hissinin sintezi?!

“1 mart, eşşək kimi darıxıram

Azərbaycan çox balaca ölkədi e. Adam Amerikadan, Rusiyadan əsərlər oxuyanda ləzzət eləyir. Qəhrəmanlar başqa şəhərlərə köçürlər, həyata yenidən başlayırlar. Bizdəsə Bakıdan başqa şəhərə köçmək daha dərin ətalətə, həyatın lap dibinə düşmək deməkdi.

Burada bir insanın manevr imkanları çox azdı. Bu ölkədə ancaq öz içinə səyahət edə bilərsən, onda da heç nə dəyişmir. Nə var e içimizdə guya?

Bir az sevgi - yiyəsi yoxdu, avara-avara gəzir ortalıqda, bir az nifrət - yiyəsi çoxdu, aralarında bölə bilmirəm, bir balacana mərhəmət, o da elə axırımıza çıxan Əzrayılın başqa adıdı...”

23 fevral

Üşüməkdən xoşum gəlir, üşütməkdən yox. Qaçmaqdan xoşum gəlir, qaçırtmaqdan yox. Ağlamağı sevirəm, ağlatmağı deyil. Amma nəsə çox vaxt sevmədiklərim baş verir.

Xəstələnib işə çıxmamış laborant qızla guya zarafat elədim. Zəng eləyib dedim ki, müdir təcili səni çağırtdırır. Bu da inanıb. Özü də bilir ki, müdir xaricdədi.

Qızdırmalı-qızdırmalı durub gəlib işə. İçəri necə hövlnak girdisə, elə bildim “Gənclik”dən bura qaça-qaça gəlib. Zarafat elədiyimi dedim. Oturub zır-zır ağladı. Çox pərt olmuşdum.”

14 fevral

Qəribə gündü bu gün. Çox qəribə. Olduqca qəribə…

10 fevral

Çörəksatan qadının gözləri başqa aləmdi. Görəsən, özü bilir? Pis başa düşməyə, bütün gün oturaram yanında, onun gözlərinə baxaram. Satdığı çörəklərə belə sevgi qarışıq təəccüblə baxır. Özü də bu yaşda. Ümumiyyətlə, var belə qadınlar. Bütün halları ilə “Məni sev!” deyir qarşısına çıxana”
Yazan kişiydi, yoxsa qadın? Bir qadın başqa bir qadının gözlərinə baxmaq istərdimi? Bir kişi eşşək kimi darıxa bilərdimi heç?

“8 fevral, gecəyarı

Bu gün xoşbəxtlik haqqında çox düşünmüşəm nəsə. Bir nəticəyə gələ bilmədim amma. Nədi e bu? Gərək direktorumuzun məsləhətinə qulaq asam. O, həmişə bizi danlayıb deyir ki, nisbi şeylər barədə düşünməyin. O, əsasən pulu nəzərdə tutub deyir bunu. Ona görə, nisbi olmayan 1-2 şeyin tən ortasında hesabatı vaxtında hazırlayıb vermək durur. Axmaq kişidi. Xoşbəxtlik hara, hesabat hara. Bəlkə ömrün sonunda haqq-hesab ediləcək gözəl günlərin cəmidi xoşbəxtlik? Onda işimiz asan olacaq. Onsuz da belə günlərin sayı azdı...”

5 fevral

Bu gün hava əlindən gələni elədi ki, ondan zəhləm getsin. İstədiyinə çatdı nəhayət. Murdar!”

...Bir də başımı qaldırdım ki, dördün yarısıdır. 3 saat idi ki, oxuyurdum.

Rulonu oxuduqca səliqəylə yumrulayıb bükdüyümün fərqinə indi vardım və onun yazıla-yazıla elə beləcə səliqəylə büküldüyünü də sanki indi gördüm. Artıq əmin idim ki, onu tanımaq istəyirəm.

Gündəliyin ortasına çatmışdım, başladığı tarixə doğru gedirdim. Niyə başlamışdı, necə, nə vaxt - mənimçün çox maraqlı idi. Düz ortada belə bir qeyd vardı:

“Bilirsən niyə sənə yazıram? Hmm, yox, qoy, deməyim. Qoy, bir sirrim qalsın da. Elə bir sirr ki, heç sənə də yazmayacam. Heç kimə deməyəcəm. Özümə də. İncimirsən ki?

Sən məndən inciməzsən. Mənə elə gəlir ki, sirr açdıqlarımız bizdən inciyə bilmirlər heç vaxt. Onlara sirlərimizi danışıb özümüzə borclu salırıq.

Onları öz sirrimizə şərik etməklə özümüzə qarşı mərhəmətli edirik. Ona görə də heç kimə sirr vermirəm... mərhəmət istəmirəm mən – ya sevgi, ya nifrət!”

Fikirləşdim ki, maklerdən ya da ev sahibindən tapmaq olar bu adamın koordinatlarını. Amma...bəs nar çiçəkləri?! Bu həyətdə nar kolu yoxdu axı!? Eyvana qaçdım. Dörd tərəfə baxdım. Görə bildiyim ətrafda bir dənə də nar kolu yox idi. Yadıma salmağa çalışdım.

Gündüz də gəlmişdim bura. Yoxdu burada nar kolu. Başqa evdə yazıb?! Həyətdəki çörək köşkü öz sehrini itirdi mənimçün həmin dəqiqə. Amma… tarixlər təzəydi axı!?

Günün yorğunluğunu da üstünə gəlsək, taqətim tamam tükənmişdi, daha bu barədə fikirləşməkdən vaz keçdim. Nə dəxli var hansı həyətdə? Bunlar bu şəhərin istənilən həyətində yazıla bilərdi. Lap elə xəyaldakı həyətdə.

Qardaşım hələ də gəlməmişdi. Yəqin ki, artıq gəlməyəcəkdi. Çox avara uşaqdı, bilir ki, ata-anasına deməyəcəm. Uşaq deyəndə ki, tələbədi qardaşım, heykəltaraşlığın sonuncu kursunda oxuyur. Ümid edirəm ki, bəlkə nə vaxtsa normal bir heykəltaraş oldu.

Amma hələlik “xaltura”yla məşğuldu. Tapşırıqları başdansovdu düzəldib atır üstlərinə. Sonra da əminliklə bəyan edir ki, onlara bu da çoxdu.

Dərs keçirlər ki, adama? Onunla deyişmək mənasız işdi. Bildiyini bəy olmayan babasına vermir. Ev də həmişə plastilin, palçıq, gil, gips, yarımçıq heykəl, büstlə dolu olur.

Mən bütün bu pintiliyə onun işıqlı gələcəyi naminə dözürəm. Hər şey bir yana, mən onu çox, lap çox istəyirəm axı. O da məni. Amma öldürsən də, boynuna almaz.

Mən rulonu şkafda gizlətdim. Kitablarımın arxasına qoydum. Bu kitablara məndən başqa toxunan yoxdu onsuz da. Amma yenə də üstünə bir-iki qəzet atdım. Rulondan arxayın olub qarışıq hisslər içində yatağıma girdim. Yuxuda heç nə görmədim.

Səhər gec oyandım. Çay içmədən işə qaçdım. Ofisdə hər şey elə həmişəki kimi idi, həmişəki kimi olmayan bircə mən idim - bütün fikrim gündəliyin yanında qalmışdı. Halımı görən qızlar hətta təzə qonşularımdan birinə aşiq olduğumu da söylədilər.

Bir gecədəmi?! “Bunun adı sevgidi e, sevgi” – deyib, güldülər mənə. Adam tapmışdılar məzələnməyə. Onlara baş qoşmamağa çalışaraq günü yola verdim birtəhər. İş vaxtı bitər-bitməz ofisdən güllə kimi çıxdım.

Evin qapısında qardaşımın fit səsi qarşıladı məni. Allah bilir, nə vaxt qayıdıb evə. Otağa keçəndə son günlər başa çatdırmaqda olduğu metr yarımlıq heykələ yırtıq-yamaq vurduğunu gördüm. Otaq yenə it günündə idi. Mütləq dava salacaqdım. Amma…qarşılaşdığım mənzərə nitqimi batırdı!

Qardaşım rulonu heykəlin paçasına soxmuşdu!. Mən bəlkə də, gizli infarkt keçirmişəm o vaxt, xəbərim yoxdu. Qışqırmaq, dalaşmaq, söymək... hər şey çox gücsüz idi artıq. Rulon qoyulmuş, yan-yörəsindən də gips yaxılmışdı. Son suvaq işi görülməkdəydi.

Qardaşım özündən razı halda gipsli əllərini, mənim hər dəfəsində laqeydliklə qarşıladığı hiddət və danlaqlarıma baxmayaraq, davam edən adətilə yaxasına sildi:

- Görürsən? Şedevrdi e! Müsibət heykəl çıxıb.

- …Ora …soxduğun …nəydi?

Qardaşım süni təəccüblə:

- Hara? – dedi.

- Ora...

- Həə, ora... Ora boş qalsa heykəl tez dağılar e, dəli. Heykəlin içini mütləq doldurmaq lazımdı. Eee, sən nə bilirsən heykəltaraşlıq nədi.

- Rulonu niyə ora dürtmüsən axı?! – nəfəsim tutulurdu.

- Sən fəlsəfədən həmişə axsamısan…

Qardaşım növbəti məruzəsinə başlamaqdaydı yenə. Ədası da yerində:

- Əşyalar həmişə təyinatı üzrə istifadə oluna bilməz. Başa düşürsən? Belə maraqsızdı. Ona görə onların yerini arada dəyişmək lazımdır. Məsələn, tualet kağızını heykəlin içinə soxmaq. Ya da nəlbəkini külqabı kimi işlətmək. Ya da səsini tanımasın deyə, paltar sancağını burnuna keçirib köhnə sevgilinə zəng eləmək.

Kefi kök idi. İndi də sürrealizm xırdalayırdı mənə. Mənimsə diqqətim artıq gipsin altında qalmış rulonda idi. Nədənsə mənə elə gəlirdi ki, o, boğulur orda…
- …Yaxşı da. Sənə düz 5 dənə rulon gətirəcəm.

Qoy, bunun pulunu alım. Hələ sənə adam arıqladan çay da alacam, içəsən. Pəhrizlər öldürəcək səni.

O, dayanmadan gülürdü. Mənsə kövrəlmişdim.

- Ağlına başqa şey gəlmədi?! O rulonu hardan tapıb soxdun ora?!

- Sənin şkafından.

- Nə ölümün vardı axı mənim şkafımda?!

- Bacım deyilsən? Sənin şkafın, mənim şkafım, nə fərqi var? Sən ondansa sənəti qiymətləndir e. Çıxart qardaşına bir şax onluq ver heç olmasa, getsin pivələsin. Heykəlin pulunu alan kimi qaytaracam.

Yalan deyirdi yenə. O, heç vaxt məndən aldığı pulu qaytarmır. Mən heykələ yaxınlaşıb əlimi onun paçasına sürtdüm. Rulonun vəziyyətini təsəvvür etmək istəyirdim. Başımı bulaya-bulaya qardaşımın üzünə baxdım.

O, çox xoşbəxt idi. Onun bu xoşbəxtliyinə necə qıyım axı? Ona heç nə deyə bilmirdim. Osa danışırdı elə:

- Bəxtim gətirir, baculya. Düz iki dənə də sifarişim var. Varlanacam. Bilirsən bu pulları neyləyəcəm?

- Neyləyəcəksən? – mən özümə gəlməyə çalışırdım.

- Tap görüm… Ağlına da gəlməz… Özümə fotostudiya açacam!

- ...

- Sonra da ver, Allahım, ver. Modellər, ulduzlar, şəhərin bütün “maska”ları başıma yığışacaq. Hamısı gəlib mənim studiyamda şəkil çəkdirəcək. O “Bərksürən”in klipindəki qız var ha - yavru, onu gətirib çəkəcəm fotosessiyalarda.

- Yaxşı plandı… – kinayədən başqa gücüm heç nəyə çatmırdı.

- Nə yaxşı? Əladı!

- Sən gərək o rulonu ora qoymayaydın!

- Dəlidi ee… Onun içinə baxan kimdi ki?

O elə qaldı onun içində, düüüz bu heykəli yıxıb dağıdana qədər. O vaxta kimi də mən sağ qalmayacam. Bu heykəlin yıxıldığı günü sən yox e, heç mən də görməyəcəm.

Ona görə də əlimə gələni doldurmuşam içinə. Köhnə oboylar vardı ha, özünü öldürürdün ki, apar tulla, zibildi, zibildi, bax, onlar da bunun içindədi. Millətə gözəl görüntü lazımdı, onu da eləmişəm. Nə dəxli var gözəlin içindəki nədi?!

- ...Sən gərək o rulonu ora qoymayaydın!

- Bəsdi də. Kayfımı öldürmə. Hələ bunu rəngləyim, gör nə aləm olacaq.

Qardaşım yenə həvəslə heykələ baxmağa başladı. Yavaşca divanda oturdum.

- Bu heykəli harda qoyacaqlar? – rulonun gələcəyi haqqında bilmək istəyirdim.

- Bilmirəm. Nəsə bir idarə müdiri sifariş eləyib. Uşaqlar aparacaq.

- Dəqiq öyrən yerini.

- Yaxşı. Neynirsən e? İstəyirsən, qardaşın sənə bundan da yaxşısını düzəltsin. Əlin cibində olsun, “no problem”.

Onda həmişə xüsusi həvəs olub məndən pul çəkməyə.

- Neynirəm mən heykəli?

- Qoy evə, ya da işdə otağına qoy. Bəlkə qabağa getdin də.

Ucadan güldü. Mən ömrümdə belə istedadlı və vecsiz adam görməmişəm. Amma heykəl doğrudan da alınmışdı. Oxşayırdı. Qızılı rəngdə olacaqdı, bir idarə müdirinin otağını bəzəyəcəkdi və heç kim də bilməyəcəkdi ki, heykəlin içində nə var.

Bir ömür var, bir insan yaşantıları var. Bir də axı, kimi maraqlandırırdı bir insanın düşüncələri, həm də tualet kağızına yazılmış...?

- O biri sifarişlər hardandı? – nə soruşduğumun, niyə soruşduğumun fərqində deyildim.

- Biri bilirəm ki, zavod direktorudu, biri də restoram müdiri.

- Restorana qoyacaq?

- Əşii, hara qoyur, qoysun. Heykəl onundu, özü bilər. Mənim pulumu versin, tezliklə “maska”ları yığım başıma.

- “Maska”lardan hələ heç kimə xeyir gəlməyib.

- Sən nə bilirsən axı “maska” nədi? Nə özün “maska”san, nə də “maska”larla oturub-durursan.

Mənə elə gəldi ki, heykəl diksindi onun qəhqəhəsindən. Dediyi özünə ləzzət eləmişdi.

Məni nəinki gözəl, hətta ortayaraşıqlı bir qız saymadığı təzə məsələ deyildi. Amma rəfiqələrimə haqsızlıq edirdi. Rəna da, Leyla da gözəl qızlardır. Bu heç. Əsas o idi ki, rulonu oradan çıxarmaq istəyimi boğa bilmirdim heç cür:

- Bu rulonu çıxart, mən sənə təzəsini alaram.

- O dəqiqə görünür ki, piyadasan bu işdə. Görmürsən, day quruyub bu? Hara çıxır ordan? Elə pərçimləməmişəm ki, onu.

- Offf!

Qardaşım gəlib yanımda oturdu, boynumu qucaqlayıb təsəlli verməyə başladı:

- Qocaldıqca hər şeyin fikrini eləyirsən. İndi də o beş köpüklük rulonun dərdi alıb səni. Olmaz axı belə.

Onun ironiyasına cavab verəcək halda deyildim.

- … Onun içindəkini görmədin?

- Nəyin? Rulonun?

- Hə dəə.

- Yooo, nə vardı ki?

İndi təbii bir təəccüb vardı onun üzündə. Bu gənc heykəltaraş oradakı yazıları görməmişdi. Onun yazıları görməməsi əslində məni təəccübləndirməməli idi, ümumiyyətlə, yazı deyilən şeyi görməyə gözü yox idi qardaşımın.

- Day sözüm yoxdu sənə…

Qardaşım geri çəkilməyi heç sevmir.

-Mən görməmişəmsə, demək, görülməli bir şey olmayıb orada.

-Sənin məntiqinə heyranam! – çox hirsli idim.

-Aaa... Mənim məntiqimi bu gün başqa bir qız da tərifləyib.

“Maska”ydımı heç olmasa?

O, xeyli güldü. Məni yumruqlamağa başladı.

-Hələ görməmişəm. Çatda tapmışam. Bax, cibimdə pul olsaydı, görüşə çağırardım, görərdim necə şeydi.

-Açıl başımdan, qəpik də görməzsən məndən!

-Sən bir rulondan ötrü qardaşının ürəyini qırırsan? Özü də bu rulonun bir qiyməti olsaydı, burda atıb getməzdilər... Rulondu da, nə özünə əl qatmısan?
Onun peşmançılıq yağmayan səsini artıq eyvanda eşidirdim.

Çox hirsliydim. Bəlkə elə qəsdən qoyub gedib, hə? İstəyib ki, kimsə oxusun, onun fikirlərilə tanış olsun. Adamda oxunmaq istəyi yaranıb bəlkə? Bəlkə elə yadından çıxıb? Bəzən qaçaqaçda adamın yadından ən lazımlı şey çıxıb qalır haradasa...

…Qardaşım otaqda fit çalır, mahnı oxuyurdu.

Mən heykəlləri, osa yazını heç vaxt sevməyəcəkdik. Bu, artıq gün kimi aydın idi. Aşağı baxdım.

Həyətin ömründən bir-birinə oxşayan günlərdən biri də geçməkdəydi - uşaqlar qaçdı-tutdu oynayır, qadınlar yun çırpa-çırpa qeybətləşir, kişilər bir tərəfdə siqaret çəkirdilər.

Çörəksatan qadın da köşkdən milçəkləri qovurdu. “Məni sev!” deyənə oxşamırdı heç. Düşündüm ki, gələn yaza qədər burada qalsaq, həyətdə mütləq nar çubuqları əkəcəm.

Təsəvvürümə gətirirəm, mənim vecsiz qardaşım nə qədər güləcək bu yeni ideyama. Ona başa salmaq çətin olacaq ki, bu şəhərdə heç olmasa bircə dənə ağac əkmək lazımdır...heç olmasa bircə dəfə süpürmək lazımdı onun küçələrini...

...Bəs rulon? Birdən sahibi gəlib gündəliyini istəsə, ona nə deyəcəm? Bu fikir qardaşımla dalaşmaq istəyimi daha da gücləndirdi.

Hələ onun evi başına götürmüş bu fit poppurisi! İçəri keçib dişimin dibindən çıxanı demək istədim ona. Amma dayandım. Bu, heç nəyi dəyişməyəcəkdi...

(Müəllifin "Oxu zalı"na göndərdiyi son variant)
XS
SM
MD
LG