Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

ƏLABBAS "Yanaşı masalar" (Hekayə)


Gümüşü sinini yerinə qoyub geri qayıdanda qaradərili bir adamın kamali-ədəblə iki-üç dəqiqə əvvəl gətirdiyi təamları xəcalət çəkmədən içəri ötürdüyünü gördü.

Görəsən, bunu etmək hardan onun ağlına gəlmişdi?

Kimsəsiz tələbəni fağır görmüşdü, ya aclıq əl verəndə hami belə eləyir? Əyin-başından ac adama oxşamırdı axı. Zəndlə göz qoysaydın, dərisindən daman yağı da görərdin.

- Salam.

- Selam, - başını qaldıran əcnəbinin sifətində sanki ağappaq dişdən, domba və parlaq gözlərdən savayı, heç nə görünmürdü. Amma bu, necə ola bilərdi axı? O irilikdə sifətdə vur-tut ikicə şey: diş və gözlər?...

Ya burda nə isə baş verirdi, ya da hirslənmişdi deyin, hər şeyi baş-ayaq görürdü. Dilini də bilmir, nəsə deyə. Amma… bir tikə çörəyə görə səs-küy salmaq? Ayıbdı axı, adama nə deyərlər?

Yaxşısı budu, əyləşib o da kartof püresinin işinə baxsın. Yoxsa bilmək olmaz, kasadakı isti, duru yeməyi qurtarandan sonra bu əbləh süfrə yiyəsinə diş qurdalamağasa da bir şey saxlayacaq, ya yox: bu barədə fikirləşən idisə, daha vacib şeyləri niyə fikirləşmirdi?

Qarşısındakını yarıtəəccüb, yarıqeyz süzə-süzə elə ayaqüstə nimçəni qarşısına çəkdi və əlini kisel dolu taraş stəkana təzəcə uzatmışdı ki, ona başı ilə oturmağı işarə edən zəncinin yarımqol, namnazik köynəyinin döş cibindəkiləri gördü.

Tələbə və o cür əskinaslar?

Qəribə idi. Kefhavasına təam etməyinə nə deyəsən? Guya, istirahətə gəlib. Təbəssümündən də heç olmaz. Bilmirsən, qımışmağı ilə nə demək istəyir, adamı ələ salır, ya bu, adətidi?

Bəlkə, o, tələbə deyildi? Amma bu, necə ola bilərdi ki, kənar şəxslərin bura girişi qadağan idi.

Əcnəbilər qalan qonşu yataqxanadakı tək-tük tanışı ilə də o, burda, səliqə-sahmanlı bu özünəxidmət yeməkxanasında tanış olmuşdu. Hərəsi bir dərədən, uzaq-uzaq ellərdən təşrif gətirmiş bu gəldi-gedər adamlara o üzdən ürəyində həmişə bir ehtiram hiss edərdi.

Əlbəttə! Qonağa qarşı ayrı necə olmaq olardı?

Bəs qonaq? Bu sayğının əvəzində o neynir? Özü kimi bir tələbə babanın pulu ilə alınan yeməyi iştahla bədənə vurur, loxmanı tələsmədən udur, hərdən baxıb gülümsünməyi də yaddan çıxarmır. Yaramaza bax, başqasının stolunu zəbt etdiyinə görə üzr istəmir, gülür.

Parıldayan iri dodaqlarını nəm məndillə silib əvvəlcə başı, sonra isə dili ilə sağollaşıb gülə-gülə çıxışa yönələndə o hələ də götür-qoyda idi ki, necə oldu, əbləhin ağız-burnunun o qaralıqda rəngi islaq kağıza çıxmadı?

…Bəs qovluğu hanı? İçində tələbə bileti, şəxsiyyət vəsiqəsi, qiymət kitabçası, mühazirə dəftəri olan qovluq?

Göz-gözə vurub murdar onu da çırpışdırmışdı. İndi anladı, hərif niyə gülürmüş? Adamı belə ovsunlayırlar.

Qırğı kimi dalınca cumdu. Çoxu da şəxsiyyət vəsiqəsinin ələ keçəcəyindən qorxuya düşmüşdü. Sabah bunun min cür hoqqası çıxa bilərdi.
Ağdişi astanada bircə kəlmə ilə yaxaladı:

- Dokument!
Gəlib-gedən tanış üzlərdən abır-həya etməsəydi, natarazın dərsini də verərdi.

Di gəl xarici ölkə vətəndaşı ilə üz-üzə gəlməyin məsuliyyəti qarşısını kəsirdi.

Ehtiramla qoluna girən zəncinin təbəssümlə geri qayıtmağı da hələ heç nə demirdi. Hər şey çörək kəsdikləri «süfrə»nin yanına çatanda aydın oldu.

Bu nə idi?

Sənədlər olan qovluq, kartof püresi, bir kasa duru yemək, üç dilim çörək, göyərti, kisel?

Buza dönsə də, hamısı öz yerində idi, sadəcə yanaşı masada…
XS
SM
MD
LG