Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:52

Rasət Pirisoyu "Hamını birdən görmək" haqqında hekayə


Miminin içini çəkə - çəkə həyətə girdiyini ilk görən Gülnarə xala oldu.

Gülnarə xala özünü əlüstü Mimiyə yetirdi.

-Sənə nə olub?

Mimi Gülnarə xalanı görüb lap kövrəldi. Ağlamağa başladı. Səsə evdəiklər də çıxdılar. Ana, nənə, dayı bir anda Miminin başının üstünü aldılar.
Anası Mimini qucaqlayıb bağrına basdı.

-Mənim balam niyə ağlayır?

Mimi əli ilə çəpərin o biri üzündəki Fatma arvadı göstəridi.

-O… - hıçqırıq Mimini boğdu, sözünün arxasını gətirə bilmədi.

Nəvəsinin Fatma arvadı göstərməsi Xatun nənənin əhvalını bircə anın içində dəyişdi; sifəti bozardı. Onun Fatma arvadda hayıfı vardı. Çoxdandı Fatma arvadın abrını ətəyinə bükümək üçün girəvə axtarırdı. Deyəsən, girəvə özü gəlib Xatun nənəni tapmışdı. Amma Miminin «O» deyib durması, fikrini tamamlaya bilməməsi Xatun nənənin hövsələsini daraltdı.

- Fatma arvad səni incidib?

Mimi başı ilə təsdiq etdi.

-Nəəə?!... - Xatun nənə əlini belinə qoyub çəpərin o biri üzünə boylandı.

* * *

Fatma arvad isə öz işindəyidi.

Həyətdə balaca bir quzunun arxasınca düşüb qovurdu. Əlinə keçəni quzuya tolazlayırdı. Amma quzunu tuta bilmirdi.

-Ay səni çər vurusun.

Axşamüstü idi.

Qoyunlar örüşdən yenicə qaytımışdılar.

Fatma arvad ahılda saxladığı quzuları analarının altına buraxmışdı. Quzuların hamısı analarını axtarıb tapmışdılar. Bircə quzudan savayı. Balaca bir quzu hansı qoyuna yaxınlaşırdısa, qoyun ayağı ilə vurub quzunu özündən uzaqlaşdırırdı.

Quzu bir qoyunu qoyub, o birinə sarı yüyürürdü, bir ucdan da mələyirdi.

Mələrtisi aləmi başına götürmüşdü.

Deyəsən, Fatma arvadı da özündən çıxaran bu idi.

Mimi göz yaşları içində, həm də qəribə bir qorxuyla quzunun arxasınca qaçan Fatma arvada baxırdı.

Daha hıçqırmırdı.

Göz yaşları eləcə yanaqlarından süzülüb üzü aşağı tökülürüdü.

Anası bir də Mimidən soruşdu:

-Axı sənə nə olub?

Mimi yenə də barmağını qalıdrıb Fatma arvadı göstərldi.

-O, quzunu söyür.

- Nəyi söyür?

-Quzunu…

-Kim söyür?

-O…

Anası Mimini başa düşmədi.

- Quzunu söyür?!...

Mimi baş ilə təsdiq etdi.

Qadın dönüb sual dolu nəzərlərə Miminin başına yığışmış adamlara baxdı, əlini qaldırıb uşağın alnına qoydu.

Miminin cavabı Xatun nənəni əməlli - başlı pərt elədi.

Gülnarə xalanın dodaqları qaçdı, əyilib Miminin üzündən öpdü.

Miminin cavabı bircə daysına ləzzət elədi.

Daysı əlini - əlinə vurub uğundu. Mimi nəfəsini içinə çəkib höhüldəyə- höhüldəyə gülən daysına heyrətlə baxmağa başladı.

Ən nəhayət, daysı gülüşünə ara verdi:

-Əəə, quzudur da. Quzu!… Sən heç bilirsən, quzu nədir? Quzuya görə adam ağlayar? Quzunu söyərlər də, döyərlər də. Ay sənin oyunun olsun! Uşaq ki uşaq…

Miminin dayısı boynunun ardını qaşıya-qaşıya gülüşünün arxasını gülməyə başladı.

Anası da Mimini dilə tutdu:

- Mənim balam, adam quzuya görə ağlamaz.

Mimi ətrafındakı adamlara bir xeyli maddım - maddım baxdı, birdən əllərini gözlərinə sıxıb, yenidən hıçqırdı:

-Atamı istəyrəm.

Xatun nənənin yenə də sifəti bozardı:

-Yox, bu bihəya uşağın xətrinə dəyib.

Miminin anası nənəsinə acıqlandı.

-Ay ana, sən allah, bəsdir. Bir-iki günlüyə gəlmişik. Bu gün - sabah çıxıb gedəsiyik. Sən Fatma arvaddan hayıfını biz gedəndən sonra alarsan. Bizi öz davanıza qatmayın, sən Allah.


* * *

Fatma arvad hələ də quzunu tuta bilməmişdi. Səsi bu dəfə həyətin aşağı başından gəlirldi.

-Səni zavala gələsən, yetimçə… Sən tutsam ha, başımın üstünə qaldırıb bircə dəfə yerə çırpacağam.


Miminin üzündə qəribə bir qorxu vardı. Uşağın üzündəki qorxu anasının da tüklərini ürpəşdirdi.

-Atamı istəyirəm.

Miminin anası əl - ayağa düşdü.

-Yaxşı, mənim balam, indicə ataya zəng elərəm.

Gülnarə xala ananın mobil telefonunu gətirdi. Qadın əlləri titrəyə - titrəyə telefonda ərinin adını tapıb düyməni basdı. Əri o dəqiqə telefonu qaldırdı.

-Nəsim, sən allah, bağışla, səni də işindən ayırıram. Mimi ağlayır, heç cürə sakitləşdirə bilmirəm. Deyir, atamı istəyrəm. Sən indi hardasan?

Deyəsən, atası telefonda Mimini soruşdu. Anası telefonu Mimiyə uzatdı.

- Ala, atanla danış…

Mimi atasının səsini eşidən kimi bayaqkı ağlamağı yalan oldu. Uşağı bir hönkürtü tutdu, gəl görəsən. Anası yenə də Mimini bağrına basdı. Telefonu Mimidən alıb dəstəyə:

- Görürsən də… - dedi.

Sonra əlavə etdi:

- Hə, hə.. tez gəl…

Sonra Mimini ovundurdu:

-Ata gəlir. Amma sən ağlıma. Yaxşı…

Mimi başı ilə razıllaşdığını bildirdi.

* * *

Mimigil kəndə bir neçə günlüyə gəlmişdilər.

Dörd-beş qeyri-hökumət təşkilatı yığışıb əyalətlərdə yaşayan uşaqların vəziyyətini yerindəcə müzakirə etmək fikrinə düşümüşdülər. Nəsimi də uşaq hüquqları üzrə ekspert kimi müzakirəyə dəvət etmişdilər.

Məlum olanda kı, müzakirə həyat yoldaşının valideynlərinin yaşadığı rayonda keçiriləcək, Nəsim uşaqları da kəndə aparmaq qərarına gəlmişdi. Bu, Miminin də, həyat yoldaşının ürəyindən olmuşdu. Yığışıb rayona yola düşmüşdülər.

Cəmisi üçcə gün idi ki, kənddəydilər.

Kənd havası Mimiyə əməlli - başlı düşümüşdü.

Uşağın rəngi - rufu açılmışdı.

Mimi ağlağan uşaq deyildi.

Əksinə yumoru çox yaxşı hiss edirdi. Hətta ata - anasının diqqətini bəzən elə şeylərə yönəldirdi ki, sonra onlar uzun müddət Miminin müşahidəsindəki məzəni yada salıb gülürdülər.

İndi birdən - birə Miminin vay - şivən qurması anasını əməlli - başlı çaşdırmışdı. Hətta bir balaca qoxutmuşdu da. Ona görə də uşağı sinəsinə sıxıb ərinin gəlməsini gözləyirdi.

* * *

Nəsim təqibən bir saatdan sonra gəlib çıxıdı. Mimi atasının maşınının səsini eşidən kimi çırpınıb anasının qolları arasından çıxdı, özünü alaqapıya atdı. Evdəkilər də Miminin arxasınca qapıya çıxıdılar.

Mimi atasının ayaqlarını qucaqladı.

Dodaqları səyridi.

Atası uşağın başını sığallaya - sığallaya soruşdu:

- Mənim quzuma nə olub?

Mimi toppuş barmağı ilə qonşu həyəti göstərdi:

-O, quzunu söyürdü?

Atası da Mimini başa düşmədi.

-Quzunu kim söyürdü?

-O…

-Hansı quzunu?

-Balaca quzunu…

Xatun nənə dəqiqləşdirmə apardı:

-Arsız Fatma arvadı deyir.

Nəsimin dodaqları qaçdı.

-Quzunu söyəndə nə olar? Quzudur da… Buna görə adam ağlayar?

Mimi duruxdu.

Sakitcə atasının ayaqlarını buraxdı.

Dodaqlarının səyriməyi keçdi.

Sifətində qəribə bir ifadə yarandı; elə bil o, atasını ilk dəfə görürüdü.

Başını aşağı saldı.

Sağ əlinin baş baramğını maşının pəncərəsinin üstünə qoyub sürüşdürdü, sonra əlinin arxasınca düşüb, maşının qarşısınıa keçdi.

Elə bil hamıdan qırağa çəkildi.

Elə bil hamıdan ayırıldı.

Dönüb bir də atasına baxdı. Və atasına baxa-baxa, nədənsə, anasından soruşdu:

- Ana, bəs onda ata mənə… niyə… «quzumsan» deyir?
XS
SM
MD
LG