Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

Fəlakət zonasında yeni təhlükə


Kür çayı, Salyan
Kür çayı, Salyan
Mingəçevir su anbarında, Sarısu gölündə suyun səviyyəsi qalxır. Daşqının coğrafiyası genişlənir. Kürün sahilində, Sabirabadın Yaxa kəndində maşınla torpaq daşıyıb bəndə tökən Aydın İsmayılov deyir ki, çayda da suyun səviyyəsi qalxdığından dayanmadan işləyirlər:

- «KAMAZ»larla torpaq daşıyıb tökürük, camaat da kimisi əllə, kimisi isə bellə torpağı bəndin üstünə yayır. Suyun səviyyəsi 5-6 sm qalxıb. Sel suları səviyyəni qaldırır.

CƏMİ 26 SM QALIB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, Mingəçevir su anbarında suyun səviyyəsi artır. Maksimal səviyyəyə çatmaq üçün cəmi 26 sm qalıb. Maksimal hədd 83 m-dir.

«Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev isə deyir ki, anbarda suyun səviyyəsinin qalxması onları da narahat edir, amma rəsmilər sakinləri əmin edirlər ki, su qalxdıqca, aşağı buraxıb maksimal həddi keçməyə qoymayacaqlar:

SU ÇOX QALXIB

- Şəhərdə «panika» yoxdur. Amma mən özüm də gedib baxmışam, su çox qalxıb.

«KAMAZ»larla torpaq daşıyıb tökürük
Sabirabadın, Salyanın bəzi kəndlərində hələ də təhlükə qalır. Artıq bəndi bir neçə gündür bağlanmış Mürsəlli kəndinə isə camaatın çoxu qayıda bilmir. Kənd sakini Fərəc Kərimov deyir ki, suyun çəkilmədiyi yerlər mal-qara, toyuq-cücə cəmdəyilə doludur, milçək aləmi götürüb:

KƏNDƏ GİRMƏK MÜMKÜN DEYİL

- Həm də iy var, dayanmaq mümkün deyil. Kəndə girmək mümkün deyil, ağcaqanad, milçək çoxalıb. Vəziyyət pisdir.

Fərəc Kərimov deyir ki, hələlik kənddə anti-sanitariya tədbirləri aparılmır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə kənd sakininə onların rayondakı şöbəsinə müraciət etməyi məsləhət görür:

ƏMƏKDAŞLARIMIZ DAŞQINLAR OLAN BÖLGƏYƏ EZAM OLUNUB


- Bizim əməkdaşlarımız daşqınlar olan bölgəyə ezam olunub. Harda su çəkilib orda dezinfeksiya işləri aparırlar. Dərmanlarımız var, bütün imkanlar dezinfeksiya aparmaq üçün mövcuddur. Ola bilsin ki, sakinin dediyi ərazini bilmirlər, ona görə də müraciət etsin. Kimin ki, həyətində antisanitariya var, əməkdaşlarımıza xəbər versin.

Sabirabad
Fəlakətlə bağlı yaradılmış qərargahda jurnalistlərə açıqlama verən Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin sözlərinə görə, Sabirabad, Saatlı, İmişli rayonlarının ərazisində yerləşən Sarısu gölündə suyun səviyyəsi mayın 17-dən 18-nə kimi bir gün ərzində 20 santimetr qalxıb. O deyir ki, küləyin gətirdiyi ləpələr Sabirabadın Muradbəyli kəndinə gedən yolda problemlər yaratdığı üçün maşınların hərəkəti dayanıb. Hazırda onlar bütün qüvvələri cəlb edərək problemi aradan qaldırmağa çalışırlar.

KÖRPÜ ƏTRAFINDA YOLUN YUYULMA TƏHLÜKƏSİ YARANIB

Araz çayında da suyun səviyyəsi qalxıb, çayın üzərindən keçən asma körpü ətrafında yolun yuyulma təhlükəsi yaranıb. Bu yol Sabirabadın bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsini təmin edən yeganə yoldur.

Hidrometeoroloqlar mayın 24-dək Kür çayının aşağı axınında suyun səviyyəsinin daha da artacağının gözləndiyini bildirirlər. Sinoptiklər bu müddətə leysan yagışlar proqnozlaşdırırlar.
XS
SM
MD
LG