Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:24

Zərdüşt Şəfizadə "Bu yuxudu" (Hekayə)


“Bu yuxudu, yuxu...”- dedi öz-özünə. İnanmaq istəmədi, inanmaya bilmədi. Özünü divardan-divara çırpdı. Qışqıra-qışqıra başını divarlara vurdu.

Qarşısında dayanan adamlar nəzərlərini yerə dikmişdilər. Hamısı ağlayırdı. Hamı məyusdu. Heç biri onun çırpınışlarına baxmadı, heç biri onu tutmaq istəmədi. İstədilər ki, o başını divardan-divara çırpa-çırpa olanları yuxuya çevirsin. Çevirdi də.

“Yuxu, yuxudu bu.. -dedi və gülməyə başladı -bu yuxudu...-göz yaşları içində gülərək küncə sıxılmış anasını qucaqladı- ana yuxuduye bu, Allah haqqı... Yoxsa ki, belə şey ola bilməz axı... o necə ölə bilər? -dərhal da özü- özünə cavab verdi- ölə bilməz... başa düşürsən? Yuxuduye... Sən ki, onu tanıyırsan, o axı mənim dostumdu, yaxınımdı... başa düşürsən də hə? Yuxudu bu, biz də yuxudayıq. Amma oyananda nə qədər güləcəm...”

Sevindiyindən bilmədi neyləsin, anasının yanaqlarından öpdü. Başını divara çırpa- çırpa gülümsədi. Ağladı. Güldü.

“Yoxsa... yoxsa Allah bizi görür axı, eləməz belə şey, vallah eləməz... O ölə bilməz... Axı Allahı hamımız tanıyır, o belə şey eləməz... O məni qatil eləməz, bu yuxudu...”

Qarşı qapıdan uzun ağ xalatlı biri çıxdı. Eynəklərində Əzrailin əksi qalmışdı.

“Hə doxtur hə... bu yuxudu hə... yoxsa eynəyində Əzrail nə gəzir? Gördün necə tapdım... biz yuxudayıq...”

“Başınız sağ olsun.” -dedi həkim, gözlərini yayındırdı.

Elə bil belini qırdılar. Elə bil əl-qolunu kəsdilər. Elə bil onu öldürdülər. Təsadüfən dostuna girən bıçaq ona girdi elə bil. Bəlkə də təsadüf deyildi, yəqin deyildi. Bəlkə də dostu özünü ona atılan bıçağın qarşısına qəsdən atmışdı, bəlkə də yox.

Özünü divardan-divara çırpdı. Sonra dostunun anasını gördü: üzünü əlinin arasında basdırmaq istəyir, ya da gözlərindən axan suyla əlini sulayırdı.

“Burax, burax onu -istədi əllərə desin- burax onun üzünü, bu yuxudu, həkimin eynəyindən Əzrail baxırdı, görmədin? Bu yuxudu, hara ölür, bir bıçaqdan heç adam ölər, kinolara baxmırsız? Orda neçə bıçaqdan sonra sağ qalanlar olur, hansı filmdə görmüsüz bir bıçaqla adam ölə?” -deyə bilmədi, dili tutulurdu.

Qadın onun üzünə baxmırdı, qadın ona baxmırdı. Onu görmək istəmirdi.

Yenə istədi desin: “Baxın ay xala, dilim tutulur, həmişə yuxuda belə olur, məndə tez- tez olur, baxın, danışa da bilmirəm.. bu yuxudu...” -yenə deyə bilmədi.

Ortada çığıra-çığıra fırlanır, yavaş-yavaş halsızlaşırdı.

Ona inanan yoxuydu. Hamı özünü gizlədirdi, hamı üzünü gizlədirdi, hətta bir qapıdan çıxıb o birinə gedən və gedə-gedə kimlərinsə həyatlarını və ölümünü öyrənib bilən xadimələr, tibb bacıları da.

Yapışdı birinin qolundan: “Qurbanın olum... de ki yuxudu. -qızsa susurdu- gözülərinə, qara gözlərinə qurban, de, yuxudu, deyil?”

Nəhayət ki, susdu. Bu zəhrimar yuxu başlayandan elə hey danışırdı. Qız başını qaldırıb ətrafdakı adamlara baxdı. Onun anası, dostunun anası, qardaşı, atası da deyəsən gəlib çıxmışdı. Hamısına baxdıqdan sonra nəhayət ona baxdı.

“De qurbanın olum... düzünü de...”

“Yuxudu...” -dedi qız və biləyini onun əlindən almaq istədi. O isə buraxmadı.

“Onda hara tələsirsən, -dedi qıza,- bu ki, yuxudu, heç nə olmayıb, o ölməyib, biz yoxuq, biz yuxunun şəkilləriyik...”

“Xəstəyə iynə vurmalıyam...”

“Axı yuxudu...”

“Olsun da... yuxuda da insanların köməyə ehtiyacı var axı.... burax məni...”

Anası da dilləndi: “Burax qızın qolun...”

Elə bil əlindən oyuncağını alırdılar. Son dəfə əmin olmaq istədi.

“Yuxudu hə?”

“Hə...”

“Gəl öpüm ey səni... quzu kəsərəm...”

Bir göz qırpımında qızı yanağından öpdü. Qız qaçmasaydı hələ bəlkə dodağından da öpəcəkdi.

“Eşitdiz, gülümsəyin, gülümsəyin cənablar, bu yuxudu... qorxulu bir yuxu... bir azdan oyanacam... dostuma zəng edəcəm ilk olaraq.. deyəcəm sağsan? Həmişəki kimi, deyəcək hə.. deyəcəm ola bilməz bu gecə ölmüşdün axı... yuxuda...”

Dəli kimi gülməyə başladı.

Birdən pəncərəyə doğru getdi. Bir göz qırpımında özünü pəncərədən çöldə tapdı. Altıncı ya yeddinci mərtəbə idi. Aşağıda bir sürü insanlar onun bu yuxusundan xəbərsiz gəzişirdilər. Bu yuxuydusa da, yaman kütləvi yuxuydu.

Qohumlar birdən ayılmışdılar, elə bil onu tutmağa çalışırdılar. Ətrafdan ona doğru hərəkət edən insanlara çımxırdı: “...indi, indi hamımız oyanacıq... xoşbəxt olacıq... sevinəcik ki, ağlamalı bir şey yoxdu.. elə sevinəcəm... yastığımdakı göz yaşlarıma baxıb güləcəm.. adam belə ağlamaz deyəcəm... –ağlayırdı -adam belə ölnəz deyəcəm..”

Əlini çərçivədən ayırdı. Həmişə belə olur. İlk anda elə bilirsən ki, hər şey sona çatdı. Son anda nə isə yetişir imdadına. Axı yuxudu. Axı yuxuda heç nə həqiqət deyil. Axı yuxu Allahın ağ-qara qələmlə çəkdiyi şəkillərdi. Axı Allah onu tanıyır, qoymaz onu ölməyə. Hətta yuxu deyilsə də, o hər şeyə qadirdi axı, tez zamanı saxlayar, hər şeyi geri qaytarar və reallığı yuxuya çevirər, sonra buraxar zamanı. Birdən ayılarsan ki, bu yuxuymuş, sənsə onu həqiqət bilirdin.

Yerə çatdı. İndi qanadları çıxacaq, ya da həmişəki kimi dimdik ayaqları üstə düşəcək. Ya da indi işıqlar sönəcək və film yarımçıq qalacaq, o gözlərini açanda görəcək ki, yuxuda ağlayıb....Güləcək...

İşıqlar söndü. Kadrda son görüntü masmavi səma və bir neçə ağ bulud oldu. Kadrda son səs: “özünü atdı..”- dedi.

Gülümsəyə də bildi son anda -bu yuxuydu...
XS
SM
MD
LG