Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

Sevinc Pərvanə "Süd" (Hekayə)


Ağzını kalafa boyda açıb boğazının qırmızı yolu görünənə qədər qışqıran, az qala məni hop eləyib udmaq istəyən bu məxluqu sakitləşdirmək mümkünsüz görünürdü.

Evə gəldiyimiz ilk gecədən iki ayağını bir başmağa soxub üzümə dirəndi ki, öldür yatmaram. Ərim yastığını, adyalını alıb zala keçdi. Səhər işə gedəsiydi, yazıq. Səhərə qədər qızımızı sol döşümə basıb oturduğum yerdəcə yuxuladım.

Andıra qalmış sağ döşümün giləsi yoxdu.

Nə uşaq düzəməlli tutub əmə bilirdi, nə döş özü ipə-sapa yatırdı. Sol döşüm yaxşıydı, amma tək əldən səs çıxmırdı. Üstəlik döşlərimin iksinin də ucu çatlamışdı, boş döşü əmməkdən uşağın ağzı suluq, döşlərimin ucu yara bağlamışdı.

Qaynanam gedib-gəlir, xaşıldan, quymaqdan bişirib tökürdü qabağıma, yeyim, çaydan içim,döşümə süd gəlsin.

Elə uşaq qucağımdaca yeyirdim, doyurdum, arvad əl çəkmirdi ki, yox, yenə yeməlisən.

Uşaq acından ölməyəcək ha. Divar axtarırdım ki, başımı çırpım. Di gəl divar vardı, məndə zaman nə gəzirdi. Uşaq həyasızlığına salıb yatmırdı, şinimişdi üzümə, elə bağırırdı. Qaynanam zarafata salmaq istədi:

-Az birdən bu meymun müğənni olar e.

Sonra deyərlər Şapikənin nəvəsi ulayan oldu. Bir qarış donlardan da birin keçirər əyninə. Yanasan, canım.


Mən qaynatdığım əskiləri ütüləyə-ütüləyə arabir ayağımla ərimin körpəliyindən qalan qədim beşiyi yırğalayırdım.

Uşaq özü də yatmağa çalışırdı. Amma di gəl binəva acından yata bilmirdi.

Gözünə yuxu getdiyi halda qəfil ilan vuran kimi bağırırdı. Arvad məndən qabaq yüyürüb uşağı qucağıma basırdı ki, yedizdirim.

-Bəlkə bunun köpü var?

- Məndən yaxşı biləssən, ay qız. Uşaq acdı. Dörd dənə uşaq saxlayıb böyütmüşəm. Bir dəfə də biri həkim üzü görməyib. Turp kimidilər hamısı, maşallah. İndikilər nə doğa bilir, nə də doğduqlarının öhdəsindən gələ bilmirlər.

Heç mənim qaynanam bilmirdi, harda o dörd uşağı saxlayıb böyütdüm. Böyük sözünə qulaq assan südün olar.

Yoxsa sənin pulun var verəsən o “iskustvenni” yeməklərə? Ondan da döşlərin bapbalacadı. Nə var e burda – arvad əlini sinəmə atdı.

Özümdən asılı olmayaraq kənara sıçradım. Yer yarılsaydı, bəlkə yerə girərdim . Arvad susmaq bilmirdi:

-Yazıq oğlum, Allah bilir, nə ləzzət anlayır o döşlərdən. Arvad dediyin ətli-götlü olar. Camaatın gəlinlərinə baxıram, yanıram, yaxılıram. Mənimki bir dəridi, bir sümük. Allaha şükür, ət yeyirsən, onundan pis dolanırıqsa, on birindən yaxşı dolanırıq. Aliməgil çörək tapmır, amma gəlini paltara sığmır.
Ürəyimi elə bil tutub sıxırdılar.

Qaynanam uşaqdan da betərdi. Kaş uşaqdan əvvəl bu susaydı deyə arzuladım ürəyimdə. Arzumu Allah eşitdi, telefon çaldı.

Havalar qızmağa doğru gedirdi.

Həkim tapşırırdı ki, uşağı mümkün qədər nazik geydirim. Bələk əskilərinin sayını azaldım. Hətta əllərini artıq bələyə soxmayım. Qaynanam buna da söz tapdı:

-Uşağı sətəlcəm eləmək istəyirsən? – ardınca da həkimin ünvanına söydü. – Onlar geyinib, bəzənməkdən savayı nə bilirlər. Qoyasan pulu alıb qoyalar ciblərinə. Camaatın uşağı nə vecinədi onların. Allah bilir nə yolla məktəb oxuyublar, hansı yolla işə giriblər.

Mən dörd uşaq saxlamışam, heç bir köpək qızı deyə bilməz ki, birinin burnu qanayıb bir dəfə. Nə bir dəfə birinin qarnı gedib, nə iynə görüb götləri.

Bunları deyə-deyə qaynanam uşağı əlimdən alıb ayaqlarını bərk-bərk sıxıb bələməyə başladı. Uşaq lap möhkəm qiyyə çəkdi.

Qaynanam aldırmadı:

-Uşağın peşəsi ağlamaqdı. Hər ağlamağına fikir versən, tay səndə can qalmaz. İndidən də qudurğan öyrədərsən.

Arvadın təzədən qızışacağından ehtiyat etsəm də, dözmədim, dilləndim:

-Ay ana, axı “Südəmər uşağa qulluq” kitabında yazıblar ki, uşağı bələməmək yaxşıdı. Uşağın ayaqları azad olanda qazı sərbəst çıxır, rahatlanır. Ayağının da əyri olub-olmaması raxitdəndi, bələyib-bələməməkdən asılı deyil.

-Qələt eliyir, başın daşdan daşa döyür onu yazan. Boş şeydi. O kitabı yazan da sənin-mənim kimi adamdı da. Allah bilir, özü heç birin doğub, bələməyib. Camaata ağıl öyrədir. Dədə-babadan uşaqlarımızın ayağını bərk bələmişik. Heç zad da olmayıb.

Sağ döşümü uşaq əmmədikcə südü azalırdı. Bir səhər də ayılıb gördüm ki, sağ döşümdə bircə damcı süd qalmayıb.

Qaynanam gedib-gəlib deyirdi ki, əlim boş durmasın, döşlərimi sığayım, süd gələcək. Saatlarla sığayırdım, qollarım qırılırdı, faydası yox idi.

Növbəti səhər sağ döşümün südü tamamən kəsildi. Sol döşümü sağdım, cəmi otuz milli süd çıxdı.

Uşaq ağlamaqdan göyərib özündən gedirdi. Qorxumdan ağzımı açıb deyə bilmirdim ki, süni yemək alaq. Həm qıymırdım, onsuz da doğuşa xeyli pulumuz çıxmışdı. Üstəlik süni yeməklər bir kilo ətin qiymətinə idi.

Bir kilo ət isə bizim evimizə həftədə cəmi bir dəfə alınırdı. Bacımın qonşusu Ağcanın dediyinə görə, bir həftəyə iki qutusu görmürdü heç uşağı. Evdə gözü kölgəli gəzib dolanırdım.

Bilə-bilə balam mənim üzümdən əziyyət çəkir, özümə nifrət eləyirdim. Qaynanamın tənəli baxışları, atmacaları isə nəinki azalır, artırdı.

Telefonda qonşuya şikayət edərkən yaxaladım neçə dəfə: “Az nolacaq, tənbəlin, fərsizin biridi. Az qala günortaya qədər yatır, acqarına hardan südü olacaq.

Döşləri də ki, Allah göstərməsin beşinci sinif şagirdinin döşü boyda. Camaatın on iki-on üç yaşlı uşağının döşü baş yarır. Vay mənim balamın hayına, ey, ay Sona”.

Uşağın qırxı çıxdı, nəhayət qaynanam evdən çıxıb gün işığı görməyimizə icazə verdi. Bu vaxta qədər evə adam gəldimi uşağı da qucağıma alıb, üstünə çıxartmalıydım ki, guya həmin adamın pis xüsusiyyətləri, canındakı ağrıları bizə keçməsin.

Paltarları gün qaralandan sonra zivədən alıb otağda stulların başına düzürdüm.

Guya qaranlıq düşəndən sonra qırxlı uşağın paltarlarına cin toxuna bilərdi. Başının altına qayçı, çörək, arvad nə demişdisə, hamısını yığmışdım. Təki yaxamdan əl çəksin.

Bir dəfə də necə olubsa, yaxasına göz muncuğu vurduğumuz sancaq açılıb uşağın yatağına düşmüşdü. Allah saxlamışdı, batmamışdı ora-burasına.

Qırxı çıxdığına qaynanamla uşağı həkim müayinəsinə apardıq. Qaynanamdan olsa, aparmazdı ömür-billah. Sahə həkimimiz Mehriban xanım telefonda məcbur elədi ki, uşağı poliklinikaya gətirək, ordakı avadanlıqlarla , boyun ölçək, çəkisin çəkək.

Bomba onda partladı. Məlum oldu ki, uşaq anadan olanda üç kilo iki yüz qram olduğu halda, çəkisi indi üçcə kilodur.

- Balam, bu heç artmıyıb ki... Ac saxlayırsan uşağı? Həkim məəttəl qalmışdı.

Qorxa-qorxa südümün olmadığını dedim.

-Ay balam, südün yoxdu, de süni yemək yazaq, vitamin yazaq iç, südün gəlsin. Sən Allaha şükür elə, uşağın acından ölməyib hələ. Ay xala bir yerdə yaşamırsız? Bəs sən hara baxırdın?

İlk dəfəydi boynumun ardından yüngülcə vurduğunu gördüm arvadın.

- Ölmüş mənə bir şey deyir ki... Heç olmasa dədə-babadan qalma horradan-morradan, düyü həlimindən tökərdim uşağın boğazına. Bundan qabaq ananın südü görməyəndə lap elə inək südü də verərdilər çağalara . Düzdü, şəhərdə tapmaq bir az çətindi...

Sonra da eyni şikayətlər: döşümün balacalığı, yeyib-içməməyim, indiki gəlinlərin fərasətsizliyi.

Axşam zəng eləyib ərimə evə gələrkən həkimin yazdığı süni yeməyi almasını tapşırdım.

Həmin gecə ay yarımdan sonra ilk dəfə səhərə qədər yata bildim.

Səhər tezdən oyananda güzgüdəki üzüm azca gümrah görünürdü, gözümün qızartısı, altındakı ləkələr də azalmışdı.

Yadıma qız vaxtı qəzetdən oxuduğum bir şey düşdü. Qaçıb dağınıq otaqda qələm axtardım. Uzun axtarışdan sonra ərimin köynəyinin cibindən tapdım.

Köynəyimi qaldırıb qələmi əvvəl sağ, sonra sol döşümün altına qoydum. Sağ döşüm qələmi tulladı, dodağım qaçdı uzun zamandan bəri ilk dəfə. Sol döşümsə qələmi bərk-bərk tutub saxladı. Bədənini yarıyacan yataqdan qaldıran ərim başını buladı:

- Həmişəki kimi gözəlsən. Narahat olma, mən səni heç Brilyant Dadaşovaya da dəyişmərəm.
XS
SM
MD
LG