Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:30

Yusif Şükürlü "Körpü tələsi" (Hekayə)


Həmişə üzündə bir gözünü gizlədən ağ sarğı gəzdirən Əhmədin sağ gözünü tüfəng çıxarıbmış. Özünün danışdıqlarına görə, o, ov zamanı xarab çaxmaqlı tüfəngdən güllə atanda, çaxmaq geri təpib və onun nişan alan sağ gözünü çıxarıb.

Özü söyləyirdi ki:

- Mən, gözümdən aldığım zərbənin təsirindən huşumu itirib, bir neçə saat yerdə uzanmış vəziyyətdə qalmışam. Ağlım başıma gələndə sağ gözümdəki dəhşətli ağrını yaradan səbəbin ora taxılı qalan dəmir parçası - çaxmağın, olduğunu bilmişəm.

Əhmədin özününü xatırladıqlarına görə o, uzandığı yerdən ayağa qalxır, yerimək istəyirmiş. Lakin dizləri əsir və yeriyə bilməyib oturur.

- Kömək edin! - deyə çağırmağa başlayır. Amma səsini qaldıra da bilmir. Çünki boğazına düşən cüzi güc başında dğzülməz ağrıya çevrilir. Beləcə, axşama qədər onu eşidən olmur və Əhməd kəndə doğru sürünməyə başlayır.

Söyləyir ki:

- Heç beşcə addın sürünməmişdim, - həm aclıq, həm də başımdakı dəhşətli ağrı huşumu yenidən əlimdən aldı. Ona yuxumu deyim, ya da yarı ölümü olmuşam, bilməmişəm.

Bir də ayıldım və üzümün yaralı tərəfinin hansısa bir heyvanın yalandığını hiss etdim. Bir anlığa düşündüm ki, gecədir və mənim üzümü yalayanda, yəqin ki, çaqqaldır!..

İş orasında idi ki, sol gözüm də şişmiş və onu da aça bilmirdim. Ayağımın birini daşa dirəyib yerimdən tərpəndim. Çaqqal olsaydı mənim bu hərəkətimdən sonra geri çəkilər və mənim tam ölməyimi gözləyərdi. Amma hənirtisindən hiss edirdim ki, o, lap yanımdadır və əlimi yavaş-yavaş qaldırıb irəli uzatdım.

Barmaqlarım soyuq buruna toxundu və heyvan barmaqlarımı da isti dili ilə yaladı. Mən bir az eymandım və tez əlimi geri çəkdim. Mənim bu hərəkətimə heyvan zingilti ilə cavab verdi. Bu Bozlar idi, gəlib çıxmışdı bura!.. Mənim itim məni tapmışdı! Aman Allah!

- Bozlar! – deyə iti səslədim. - Elə bildim dünyanı mənə bağışladılar.

- Bozlar! – deyə onu bir də səslədim. Heyvan zingildədi və, elə bil özünü tanıtmaq istəyirmiş kimi qısaca hürdü. Mən kövrəlmişdim və uca səslə olmasa da hönkürüb ağlamağa başladım. İt də mənimlə birlikdə hürə-hürə ulayır – sanki ağlayırdı.

Bir qədər keçəndən sonra mən sol dirsəyimi yerə dirəyib özümü topladım və qalxıb oturmaq istədim. Mümkün olmadı. Elə bil sağ tərəfimdən on pudluq daş asmışdılar. Sağ əlimi yavaş-yavaş qaldırıb üzümə yaxınlaşdırdım.

Barmaqlarım çaxmağa toxundu. Ehtiyatla onu ovucuma saldım və çəkib çıxarmaq istədim. Amma qolumun taqəti yox idi.

Həm də ağrı daha kəskin oldu. Ona görə çaxmağı çıxarmaq fikrindən vaz keçdim və müəyyən etdim ki, onu sağ əlimdə saxlayanda ağrılarım nisbətən azalır və əl-ayağımı hərəkət etdirməyim asanlaşır. Beləcə, yavaş-yavaş, sol dizimi sol əlimlə tutub üzü üstə çevrildim.

Dizlərimi və dirsəklərimi yerə dayayıb, başımı sol qolumun üstünə qoydum. Beləcə, - sağ əlimdə də çaxmaq, - xeyli müddət belə dayandım.

İndi ağrılar boynumu da əhatə etmiş, altımda qalan qolum da qıc olmuşdu. Mən inildəyir, ufuldadıqca Bozlar də yan-yörəmə dolanır, əllərimi və üzümü yalayır, böyrümdə yatırdı.
Bozlar yaramı yaladıqca elə bil itin dilindən canıma qüvvə gəlirdi. Beləcə bir az toxdadıqdan sonra dizlərimi növbə ilə qarnımın altına çəkib, sol əlimi yerə dayadım və bədənimi bir təhər qaldıraraq dizlərim üstə otura bildim.

İt gəlib böyrümdə yatdı və mən sol əlim ilə onun başını sığalladım. Sonra ətrafıma əl gəzdirib tutmağa bir dayaq yeri axtardım. Buraları tanıyırdım və oturduğum yerin çökək bir dərə olduğunu bilirdim.

Ac, susuz, taqətsiz halda idim və buradan çıxa biləcəyimə də gümanım qalmamışdı. Amma Bozların yanımda olması mənə güc verir, xilas ola biləcəyimə inam yaradırdı. Ona görə ayağa qalxmaq istədim, yenə mümkün olmadı, ürəyim şiddətlə döyündü və nəfəsim təngidi.

Yenə dizi üstə düşdüm. Bərk acmışdım və çantamın da harada olduğunu bilmirdim. Ağızım, boğazım qup-quru olmuşdu. Susuzluqdan dilim ağac kötüyü kimi bərkimişdi.

Oturduğum yerdə sol qolumu Bozların boynuna dolayıb, ağırlığımı itin üstünə saldım ki, bir az dincəlim. Amma heyvan məni irəli dartmağa başladı.

Bu da mənim başıma yeni bir fikir – Bozların köməyi ilə kəndə qayıtmaq, fikrini gətirdi. Mən dizi üstə hərəkət etməyə və Bozların dartdığı səmtə doğrü irəliməyə başladım.

Biz, – Bozlarla mən, yavaş-yavaş bir-birimizi anlamağa başlamışdıq. Mən çalışırdım ki, heyvanı çox yormayım, o da mənim kimi ac idi axı!

Hələ yoxuşun yarsını qalxmamışdıq, mənim dizlərim yonulub açıldımağa başladı və hərəkət etməyim çətinləşdi. Ağlıma gəldi ki, köynəyimi cırıb parçaları ilə dizlərimi sarıyım. Amma bunu edə bilmədim.

Çünki sağ əlimi çaxmaqdan ayırmağa qorxurdum. Birdən çaxmaq budağa və ya kola ilişsəydi vay halıma! Bu dəmir parçasının hər kiçik tərpənişi başıma xəncər kimi sancılır, az qalırdı ki, ürəyim dayansın. Tək bir sol qol ilə də nə etmək olmadı.

Kənd tərəfdən xoruzların qısa banlaşmasını eşidirdim. Bu isə o demək idi ki, hələ gecə yarıdır və səhərə çox qalıb.

Bilirdim ki, buradan nə qədər tez uzaqlaşıb, yola yaxın ola bilsəm xilasım bir o qədər mümkün olacaqdı. Bəlkə səhər tezdən bir odunçu, və ya ovçu ilə rastlaşardım. Amma tez-tez huşumu itirməyim və təktat özümə gəlməyim mənim sabaha çıxa bilmək haqqındakı gümanımı da heçə endirirdi.

Dəqəqələr çox gec keçirdi və mənə elə gəlirdi ki, başımın bir tərəfi şişib, qazan boyda olub. Sağ qulağımda güclü küy əmələ gəlmiş, getdikcə də güclənirdi. İrəliləmək sürətimiz azalmış, susuzluq lap kələyimi kəsmişdi.

Mən daha sürünə bilmirdim və dayanıb arxası üstə çevrildim. Yaram çox incidirdi və Allaha yalvardım ki, mənə bir nicad yolu göstərsin...

Bir də ayılanda Bozların yenə yaramı və qurumuş dodaqlarımı yaladığını hiss etdim.

Bu mənim vəziyyətimi bir qədər yüngülləşdirirdi və zarımağa başladım. Zarıya-zarıya düşünürdüm ki, əgər bu işdən sağ-salamat qurtara bilsəm, - lap iki gözdən kor olsam belə, yenə Bozları özümə qardaş biləcəyəm və onu özümlə bir otaqda saxlayacağam. Heç kimə imkan verməyəcəyəm ki, ona cınqırını çıxarsın...

ooo

O günün səhəri, hələ dan yeri ağarmamış, Əhmədin dostu Abdulla tüfəngini götürüb Əhməd gilə gəldi. Dünən səhər şərtləşmişdilər ki, bu gün birlikdə cüyür ovuna getsinlər. Axı o ərəfələrdə bu yerlədə cüyür bol idi və ovlanmasına da izn verilirdi.

Səhər tezdən ovçular meşəyə yollanırdılar ki, ora səhər açılanda çatsınlar.

Çatdıqdan sonra isə, cüyürlərin örüş yerləri olan talalrdan birində özlərinə pusqu yeri seçir, sakit oturub gözləyirdilər. Səhər-səhər taladan-talaya qaçışan təkələr bu pusqulardan birinə rast düşsə, deməli ovçunun ovu “qanlı olub”.

Həmin gün kənddə bir çox evlərin qazanı qaynayacaqdı. Çünki, edilmiş ovdan camahata pay çıxılır, evlərinə göndərilirdi.

Əgər “əli dolu” ovçu meşədə, ya odunçuyamı, ya da ovçuyamı, kimə rast gəlsə, ov əti mütləq onunla bərabər bölünməli idi. Bir “ovu qanlı” ovçuya üç nəfər rastlaşsaydı belə, yenə ov dörd yerə bölünməli idi.

Yalnız kəllə-paça bir də dəri ovu ovlayana çatırdı. Bu qayda babalarımızdan qalmışdı və ov ətini qurban əti kimi müqəddəs sayılırdı. Bu səhər də Abdulla yuxusuna “haram qatmışdı” ki, ova getsin – bir "qismətini sınasın". O, bu arzu ilə yola çıxmışdı.

Abdulla Əhmədgilin evə çatdı və yol tərəfdən onun yatdığı otağın pəncərəsini tıqqıldatdı. Həmişə belə edirdi, Əhməd onun gəldiyini bilir, tüfəngini də götürüb evdən çıxırdı. Abdulla, çağırışlarına cavab almadıqda, Əhmədi səsləməyə başladı. Əhmədin qoca atası - Nəsib kişi, balkona çıxdı və çağıranın kim olduğunu soruşdu:

- Kimsən, a bala?

- Mənəm!.. Nəsib əmi, Əhmədə de, gəlsin, səhər açılır axı!..

- Bala, Abdulla, sənsən? Ay oğul, o, dünəndən gedib... Deyəsən iti də aparıb. Hələ heç biri gəlib şıxmayıb, a bala! Çox nigaranam, Abdulla... Get, gor harda qaldılar, bunlar!..

Nəsib kişi ağır eşidir deyə Abdulla da uca səslə soruşdu:

- Əhməd hansı tərəfə gedib?!. Hə?..

– Nə deyirsən, a bala? – deyə Nəsib kişi Abdullanı səslədi. Abdulla gördü ki, bu kişidən heç nə öyrənə bilməyəcək, düşündü ki, Əhməd onu aldadıb, sabah səhər gedərik deyib, Abdullanı azdırıb ki, cüyürü özü tək yesin... Ay yedin haa!..

Daha tələsməyin əhəmiyyəti yox idi. Abdulla geriyə - evlərinə qayıdır və yol boyu düşünürdü ki, yəqin Əhməd şərtləşdikləri vaxtdan bir az əvvəl gedib və tək olduğuna görə - ayıdan qorxduğu üçün, iti də özü ilə aparıb. Dəməli, Əhməd mənə kələk gəlib!

- Yaxşı Əhməd, cavabını alarsan! – deyə düşünə-düşünə evə çatıb oradan əl mişarını da götürub meşəyə yollandı.

Artıq səhər açılmışdı. Abdulla qərara gəlmişdi ki, onun aldadılmasının əvəzini Əhməddən onu soyuq suda çimdirməklə çıxsın.

Planlaşdırmışdı ki, gedib meşə ilə kənd arasından axan çayın üstündəki ağac körpünü alt tərəfindən yarımçıq kəsəcək və körpünü ilişik üstə qoyacaq ki Əhməd, - istər ovla, istərsə də boş, - qayıdıb gələndə bu körpüdən keçməlidir.

Körpü sınacaq və o, şappıltı ilə suya düşəcək. Bu mənzərəni təsəvvüründə canlandıran Abdulla Əhmədə xeyli güləcəyini düşünür, hələ bu hadisə olmamışdan belə gülməyi tuturdu.

Abdulla çaya çatı. Sahil kənd tərəfdən kolluq olduğundan, körpünü keçdi və nisbətən sıldırım olan o biri sahildən ehtiyatla çaya endi. Ayaqlarını sorunaraq soyuq suya girdi.

Çayın ortasında körpünün oduncağını o qədər kəsdi ki, nəinki Əhməd, bəlkə Bozlar gəlib bu körpünü keçmək istəsə, mütləq soyuq suda çimməli olacaqdı.
Abdulla işini qurtarıb çarıq-patavasını geyindi, yaxınlıqdakı bir ağacın dibində oturub dincini almağa və Əhmədi gözləməyə başladı. Əslində o, körpünü kəsdiyi yerdən çox uzaqlaşa da bilməzdi.

Çünki Əhməd yox, başqa bir adam gəlsə, Abdulla onu xəbərdar etməli idi ki, körpüdən keçməsin – xarabdır, sınacaq.

Əhməd yıxıldıqdan sonra isə körpünü dəyişmək lazım gələcəkdi. Ona görə Abdullaya hələ bir “körpülük” ağac da kəsmək lazım idi. Zarafatı baş tutduqdan sonra Əhmədlə köməkləşib, hazırladığı ağacdan, yeni bir körpü qurmalı olacaqdılar.

Ona görə Abdulla yenicə ətarafı gəzib, "korpülük" ağac axtarmağa başlamışdı ki, meşə tərəfdən Bozların ona yaxınlaşdığını gördü.

O, it onu görməsin deyə, tez iri bir ağacın gövdəsi arxasına keçdi. Axı tələnin işləməsi üçün Əhməddən gizlənməliydi! Bundan başqa, Abdulla bilirdi ki, it sahibindən əvvəl körpünün üstünə çıxmayacaq. Bozlar mütləq çayın körpünün yanında dayanacaq və Əhmədi gözləyəcəkdi. Çünki yaxşı itlər belə olur...

Amma it Abdullanın yanına qaçdı və quyruğunu qatlayıb onun ayaqlarına düşdü. Abdulla elə bildi ki, it onunla oynamaq istəyir.

Əhmədin bu mənzərəni görə biləcəyindən ehtiyat edib, Abdulla yoldan bir az da uzaqlaşdı. Elə hərəkət etməyə çalışırdı ki, həm Əhməd duyuq düşməsin, həm də özü körpünü görə bilsin. O, iri və əyri gövdəli ağacın yoğun gövdəsi üstünə çıxıb oturdu. İt isə ondan aralanıb gəldiyi tərəfə doğru geri qayıtdı.

Abdulla fikirləşdi ki, Əhməd yaxınlaşır. O, bir qədər həyəcanlı idi və ürəyi döyünməyə başladı, öz-özünü danladı:

- Mənə bax, e! Elə bil yaxşı bir iş görürəm!.. - deyə Abdulla özünü danladı və nigarançılıqla yola baxdı. - Amma gülməli olacaq, e!..

Əhməd isə görünmürdü ki, görünmürdü. Bu dəqiqələr Abdullaya saatlar qədər uzun keçirdi. O, bir də boyalnanda gördü ki, yenə Bozlar ona tərəf gəlir. İt gəlib onun oturduğu ağacın altında dayandı və başını qaldırıb Abdullaya hürdü.

- Əhməd haradasa bu yaxınlardadır!, - deyə düşünən Abdulla Bozların işləri korlayacağından narahat oldu. O, ağacın üstündən itə çımxırdı. İt aralanıb bir də gəldiyi səmtə doğru qaçdı. Abdulla isə hələ də oturub Əhmədi gözləyirdi.

- Bəs nə oldu, gəlib çıxmadı?!. – deyə düşünməyə və narahat olmağa bğşladı. - Nəsib dayı da dedi ki, bunlar dünəndən gedib... Əhmədə bir şey olar haa?! - Elə bil Abdullanın içində nə isə qırılb düşdü.

Bir azdan Bozlar yenə görünəndə Abdulla oturduğu ağac gövdəsinin üstündən aşağı enib, itin qabağına getdi. Bozlar gəlib, lap onun ayaqlarının yanında şöngüdü, zingildədi və çevrilib yenə gəldiyi səmtə qaçdı. Abdulla, nəysə yaxşı bir işin olmadığını anladı və itin dalınca yüyürdü.

Onun gəldiyini görən Bozlar elə bil sevinir, qayıdıb Abdullanın qabağına gəlir, elə bil onun gəldiyini yəqin etmək istəyir, bu yəqinliyi alandan sonra yoluna davam edirdi.

Axır ki Bozlar Abdullanı yaralı Əhmədin yanına gətirdi. Üz-gözünü çibin basmış Əhmədi yerdə uzanmış görən Abdulla:

- Əhməd! – deyə qışqırıb, ozünü onun üstünə atdı.

- Yavaş!.. – deyə Əhməd zarıdı.

Abdulla onun sağ olduğuna sevindi, yaralı olduğunu və gözünə girmiş çaxmağı görüb işi başa düşdü. Əhmədi qaldırıb başını öz sinəsinə söykədi. Gördü ki, onun sifəti qap-qara qaralıb və yaranın ətrafına çibin çeş tökübdür.

Çaxmağın yumru uclu dəstəyi olmasaydı yəqin ki, bu dəmir parçası Əhmədin kəllə sümüyünü dağıdacaq, onu məhv edəcəkdi. Allah bunu istəmişdi, dəstək yazığın alnına dirənmiş və çaxmağı lap içərilərə yeriməyə qoymamışdı.

Abdulla Əhmədin başını sol qolu ilə tutaraq onun sağ əlini çaxmaqdan ayırdı.

Sonra özü çaxmaqdan tutub yavaş-yavaş dartmağa başladı. Axır ki, çaxmaq yerindən tərpəndi və çıxdı. Çaxmağın yerindən qara qan laxtaları tökülməyə başladı. Əhməd ufuldayıb özündən getdi. Abdulla onu arxası üstə yerə uzatdı və öz köynəyini çıxarıb çırıdı və hazırladığı əskilər ilə Əhmədin yarasını silməyə başladı.

Qan axması dayanandan və göz yerinin çuxuru bilinəndən sonra Abdulla çibindən bir dolu patron çıxarıb, ağız tərəfini ağaca döyəclədi, gülləni və tıxacları cıxardı. Sonra gilizin dibində qalan barıt ilə Əhmədin tökülmüş gözünün çuxurunu doldurdu, kibriti çəkib barıtı alışdırdı.

Barıt fışıltı ilə alışdı və on beş–iyirmi santimetrlik alov və göy tüstü qalxıb söndü.

Hələ də Əhməd özünə gəlməmişdı. Abdulla onun yaralı gözünü köynək əskiləri ilə sarıdı. Tüfəngini və mişarını da orada qoyub, Əhmədi çiyninə aldı və kəndə tərəfə yollandı.

Yol uzunu Abdulla öz-özünü danlayır, yersiz bir zarafat xatirinə körpünü kəsdiyini özünə bağışlaya bilmirdi. İndi yaralı dostunu körpüsüz çaydan necə keçirəcəkdi, heç özü də bilmirdi. Körpü kəsməyin günah olduğunu bilirdi.

Amma yenidən bərpa edə biləcəyinə arxayın olub bu axmaqlığı etmişdi. İndi buyur - bərpa et görüm necə edirsən?!. Bir tərəfdən də sevinirdi ki, bu zarafatın eşqinə meşəyə gəlmiş və onun köməyinə ehtiyacı olan yaralı dostunu tapmışdı...

Çiynində Əhməd, bunları düşünə-düşünə yeriyən Abdullanın gözünə qabaqda gedən Bozlar sataşdı. Yenə düşündü ki:

- Əslihdə təşəkkür mənə yox, Bozlara düşür. Məni Əhmədin yanına o apardı...

Abdulla çox yorulmuşdu. Onlar çayın sahilinə çatana kimi Əhməd ayılmadı və Abdulla onu kölgə bir yerə, uzanmış vəziyyətdə, qoydu ki, bir az dincəlsin, sonra yollarına davam etsinlər. Bozlar da onların yanında yatıb ləhliyirdi.

Bu arada körpü tərəfdən şappıltı gəldi. Körpü sınıb, kimsə, Əhmədin əvəzinə, suya düşmüşdü. Onun ax-ufu Bozları da özünə cəlb elədi və it hürə-hürə körpü tərəfə cumdu.
XS
SM
MD
LG