Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:22

«Qaz sazişi bir bəhanəydi»


İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan, 7 iyun 2010
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan, 7 iyun 2010
«Əslində qaz sazişi bir bəhanədir, Azərbaycan prezidentinin ilyarımdan sonra Türkiyəyə səfəri onu göstərir ki, artıq bu iki ölkə arasında soyuqlaşmış münasibətlər əvvəlki isti vəziyyətinə qayıdır».

Bunu AzadlıqRadiosuna müsahibəsində Türkiyədə yerləşən «Qafqaz» Araşdırmaları Mərkəzinin eksperti Hasan Oqtay prezident İlham Əliyevin iyunun 7-də Türkiyəyə səfərini və iki ölkə arasında uzun zamandan bəri gözlənən qaz razılaşmasını təhlil edərkən deyib. Onun sözlərinə görə, Türkiyə Ermənistanla sərhədləri açmamaqla Azərbaycanın Türkiyəyə inamını özünə qaytardı və münasibətlərin yaxşılaşması hər iki ölkə üçün mühümdür:

BAKI BU MÖVQEYİNİ TÜRKİYƏ İLƏ BƏRABƏR GÜCLƏNDİRMƏK İSTƏYİR


«ABŞ-ın müdafiə naziri Robert Qeytsin Bakıya səfəri də bu baxımdan xüsusilə önəmlidir. Qeytsin səfəri Azərbaycanın Qərb üçün əhəmiyyətini bir daha vurğuladı. Həm Əfqanıstan, həm də İran məsələsində Azərbaycan önə çıxacaq. Rəsmi Bakı bu mövqeyini Türkiyə ilə bərabər gücləndirmək istəyir. Əgər Türkiyədən ayrı hərəkət edərsə, Azərbaycanı çətin günlər gözləyir, bu baxımdan Bakı Ankara ilə münasibətləri yaxşılaşdırmaq istəyəcək».

Təhlilçilər bu qaz sazişinin imzalanmasının və yaxınlaşmanın Dağlıq Qarabağ münaqişənin də tənzimlənməsinə müsbət təsir edəcəyini deyirlər. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bundan sonra Türkiyə münaqişənin həlli ilə bağlı səylərini artıracaq.

QAZ RAZILAŞMALARI ÜÇ İSTİQAMƏTDƏDİR

Natiq Əliyev və Taner Yıldız qaz sazişini imzalayır
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız mətbuata açıqlamasında deyib ki, iyunun 7-də imzalanan qaz razılaşmaları üç istiqamətdədir. Türkiyə 2008-ci il 15 apreldən etibarən Azərbaycandan aldığı təbii qazın qiymətini yenidən müəyyənləşdirib, amma bunun qiyməti açıqlanmır:

«İkincisi, 2016-2017-ci illərdə «Şahdəniz» yatağının 2-ci fazası istismara veriləcək. Bununla əlaqədar həm qiymətdə, həm də miqdarda razılaşma əldə etdik. Üçüncüsü, tranzit tarifini müəyyən etdik. Bu razılaşma qurulacaq Azərbaycan şirkəti vasitəsilə «Petkim»ə qaz verilməsini nəzərdə tutur».

Əksər təhlilçilər Türkiyə ilə Azərbaycan arasında qaz razılaşmasının əsas faydasının iki ölkə arasında münasibətləri qızdıracağını desələr də, qaz razılaşmasının özünün də Azərbaycan üçün əhəmiyyətini xüsusi vurğulayırlar.

AZƏRBAYCAN İQTİSADİ BAXIMDAN AVROPA BİRLİYİ İLƏ YAXINLAŞIR

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bu razılaşma ilə Azərbaycan iqtisadi baxımdan Avropa Birliyi ilə yaxınlaşır. Artıq Avropa Azərbaycan qazını öz sərhəddində - Türkiyədən alacaq. Bundan başqa, Avropa ilə Azərbaycan arasında ticarət əlaqələri genişlənəcək:

«Əgər Azərbaycandan Avropaya ildə 10 milyard kubmetr qaz getsə, bunun orta qiyməti hər 1000 kubmetr üçün 250 dollar olsa, bu, 2,5 milyard dollar əlavə vəsait edir».

İlham Şaban
İlham Şaban deyir ki, artıq Avropada Azərbaycan qazını almaq üçün hazırlıq işlərinin başlandığını düşünmək olar. Ötən həftə Bakıda keçirilən «Xəzər neft –qaz 2010» beynəlxalq konfransında əsas müzakirələrin elə qaz amili üzərində qurulması və Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlərin təkbətək görüşməsi də bunu deməyə əsas verir.

BUNDAN SONRA AZƏRBAYCANA AVROPA DEMOKRATİK DƏYƏRLƏRİNİN GƏLƏCƏYİNİ DEMƏK ÇƏTİNDİR

Politoloq Leyla Əliyeva da deyir ki, Avropa Birliyi ilə yaxınlaşma ancaq iqtisadi müstəvidədir və bundan sonra Azərbaycana Avropa demokratik dəyərlərinin gələcəyini demək çətindir:

«Praqmatik baxımdan, neft və qaz razılaşmaları baxımından yaxınlaşma hələ o demək deyil ki, biz Avropa Birliyi ilə oxşar ölkələr kimi yaxınlaşacağıq. Azərbaycanda ciddi demokratik islahatlar aparmalıdır».

Leyla Əliyeva deyir ki, Azərbaycanın indiyə qədər olan neft və qaz təcrübəsi göstərir ki, iqtisadi yaxınlaşma siyasi yaxınlaşma ilə nəticələnmir və Azərbaycan hökuməti Qərbin demokratiya təcrübəsindən yetərincə faydalanmır.
XS
SM
MD
LG