Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Daşqın bölgəsində malyariya təhlükəsi var?


Ziyəddin Kazımov
Ziyəddin Kazımov
«Su basmış bölgələrdə malyariya təhlükəsi yoxdur»

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov «İşdən sonra» proqramında belə deyib. Su basmış yerlərdə vəziyyətin sabit olduğunu deyən şöbə müdiri bildirib ki, həmin ərazilərdən xəstəliklərin yayılması ilə bağlı bu vaxta qədər heç bir məlumat daxil olmayıb.

Həmin ərazilərdə dezinfeksiya işlərinin aparıldığını bildirən epidemioloq qeyd edib ki, su basmış bölgələrdə ağcaqanadların sayının artması ilə bağlı mərkəzin işçiləri tərəfindən araşdırma və müayinələr aparılır:

«Malyariya xəstəliyini törədən yumurtalar aşkarlanarsa kifayət qədər tədbirlər görüləcək».

Epidemioloq deyib ki, malyariya xəstəliyini törədən ağcaqanadların yumurtaları açıq havada 37 dərəcədən yüksək temperaturda məhv olurlar. Həmin ərazilərdə havaların isti keçməsi isə həm əhalinin, həm də epidemioloqların işinə yarayır.

Verilişə qoşulan Sabirabadın su basmadan əziyyət çəkmiş Azadakənd sakini Hacağa Cəfərov isə deyib ki, ağcaqanad əlindən həyət-bacaya girmək mümkün deyil:

«Hünülər, milçəklər adamı didik-didik edirdilər. Mütləq dezinfeksiya olunmalıdır. Üfunət iyindən həyətlərə girmək olmur».

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, dezinfeksiya işləri mütəmadi olaraq aparılır:

«İşlərimiz hələ ki, kifayət qədər deyil. Oktyabr ayına qədər işlər davam edəcək».

Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, su basan zonada problemlər yaşanır. Təhlükəli vəziyyət əmələ gəlib, əsasən də insanlar içməli su problemi ilə üzləşib:

«Gübrələr, bütün kimyəvi maddələr suya qarışıb».

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, həmin ərazidə əhali mütəmadi içməli su ilə təmin olunur:

«Heç bir vətəndaş kanal suyu içmir».

Kənd sakini Hacağa Cəfərov su probleminin olmasını təsdiq etsə də deyib ki, kəndlərdə hamı su ilə təmin olunur:

«Maşınlarla gətirib camaata paylayırlar. Allah naminə danışaq».

Şöbə müdiri Ziyəddin Kazımov əhalini bir daha əmin edib ki, su basmış zonada epidemioloji vəziyyət daim nəzarət altındadır.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG