Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

MN: «Baş verən toqquşmalar yeni müharibəyə gətirib çıxara bilər»


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu
«Ermənistanın növbəti hərbi təxribatı qətiyyən təsadüfi deyil. Bu, birmənalı belədir. İndiyə qədərki danışıqlar prosesini diqqətlə xatırlayası olsaq, o zaman eyni xəttin, eyni oyunun təzahürlərini görə bilərik. Ermənistan bu siyasəti davamlı yürüdür. Ermənilər bu dəfə də çıxış yolunu cəbhədə gərginlik yaratmaqda gördülər».

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın «Ermənilərin son zamanlar cəbhə xəttində əla atdığı təxribatlar nə ilə bağlıdır və nəyə hesablanıb» sualına cavab olaraq deyib.

SARKİSYAN PETERBURQ DANIŞIQLARINDAN NARAZI QALIB?


E. Sabiroğlu hesab edir ki, görünür, Sankt-Peterburq danışıqlarının hansısa məqamı Serj Sarkisyanı razı salmadığından bu cür kəskin toqquşmaya rəvac verib:

«İyunun 18-də təmas xəttində atəşkəs rejimini pozmaq barədə göstərişin birbaşa Serj Sarkisyan tərəfindən verildiyinə şübhə yeri qalmır. Bundan əvvəl onun prezident kimi verdiyi bəyanatların mahiyyəti də sübut edir ki, qənaətimizdə yanılmırıq».

Nazirlik sözçüsünün fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində maraqlı deyil:

«Ona görə də müxtəlif vasitələrlə ya münaqişənin həllini ləngitməyə, ya da ümumiyyətlə, sülh prinsiplərini gündəlikdən çıxarmağa çalışırlar. Bununla onlar Minsk Qrupunun fəaliyyətini də heçə endirmiş olurlar. Ona görə də ABŞ, Rusiya və Fransa həmsədr ölkələr kimi Ermənistanın qarşısını almaq üçün daha təsirli tədbirlər həyata keçirməlidirlər. Əks təqdirdə cəbhə xəttində baş verən belə toqquşmalar daha lokal şəkil ala bilər ki, bu da bütövlükdə regionda yeni bir vəziyyətin - müharibənin başlamasına gətirib çıxarar.

ATƏŞKƏS 1 AYDA 101 DƏFƏ POZULUB


Eldar Sabiroğlu bildirib ki, son bir ay ərzində erməni silahlı birləşmələri 101 dəfə atəşkəs rejimini pozaraq Azərbaycan tərəfi atəşə tutublar:

«Əlbəttə, bu zaman ordumuz düşmənə layiqli cavab verib. Maraqlı bir məsələ də diqqəti cəlb edir. Görüntü yaratmaq üçün bir çox halda Ermənistan özünü kənarda saxlayaraq Dağlıq Qarabağı və oradakı separatçı faktoru irəli çıxarır. Yəni bununla demək istəyir ki, problem onlarlıq deyil. O zaman sual olunur, əgər fitnə sizdən gəlmirsə, onda Ermənistan vətəndaşı olan əsgərlərin işğal olunmuş Qarabağda nə işi var? İyunun 18-də baş verən atışma zamanı ölən və yaralanan erməni hərbçilərinin böyük əksəriyyəti Ermənistan vətəndaşıdır. Bu məsələ beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırılıb. Lakin əhəmiyyətli nəticə yoxdur».

ERMƏNİSTAN TƏXRİBATINI DAVAM ETDİRDİKCƏ...


E. Sabiroğlu başqa bir amilə də diqqət çəkib: «Demək olar ki, təmas xəttində ayda bir neçə dəfə ATƏT-in missiyası monitorinqlər keçirir. Tədbir başa çatar-çatmaz, həmin ərazilərdə erməni silahlı birləşmələri dərhal yenidən atəşkəsi pozurlar. Belə bir hal monitorinq getdiyi vaxtda da baş verib. Hətta ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən monitorinqlərin birində də erməni tərəfdən açılan aramsız atəşlər nəticəsində tədbir dayandırılmışdı. Təkcə sutka ərzində ermənilər cəbhənin müxtəlif istiqamətləri üzrə atəşkəsi 13 dəfə pozublar. Şübhəsiz ki, Azərbaycan Ordusu da belə bir vəziyyətdə sakit dayana bilməz. Son hadisələr göstərdi ki, Ermənistan təxribatlarını davam etdirdiyi təqdirdə, daha sərt cavablar alacaq».
XS
SM
MD
LG