Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Müasir olmaq üçün narkotik iyləmək vacib deyil


Milisin məlumatına əsasən, 2009-cu ildə Ermənistanda 1142 narkoman qeydə alınıb
Milisin məlumatına əsasən, 2009-cu ildə Ermənistanda 1142 narkoman qeydə alınıb
Narkotiklərlə Beynəlxalq Mübarizə Günü Ermənistanda bu problemin vacibliyini yenidən xatırladıb.

Narkoloji klinikanın direktoru Petros Semercyan deyir ki, hazırda Ermənistanda 1717 narkoman var, onların cəmi 12-si qadındır.

Cənubi Qafqazda narkomaniya ilə mübarizə proqramının keçmiş rəhbəri Qriqori Malintsyan bildirir ki, Ermənistanda narkotik istifadəsi 20 yaşından başlayır.

«Narkotikdən əsasən 21-25 yaşından istifadə etməyə başlayırlar. Ola bilsin, bu, gənclərin məşğulluq problemi ilə bağlıdır, həm də müəyyən yaşda gənclər özlərini böyük kimi göstərməyə çalışırlar».

Ermənistanda narkotik və narkomanlar məsələsi ilə iki qurum məşğuldur: Səhiyyə Nazirliyi və milis. Bu sahəni araşdıran xüsusi proqramlar, beynəlxalq və ictimai təşkilatlar da var. Çox vaxt bu təşkilatların məlumatları rəsmi rəqəmlərdən fərqlənir. Məsələn, milisin məlumatına əsasən, 2009-cu ildə Ermənistanda 1142 narkoman qeydə alınıb, beynəlxalq təşkilatlar isə bu sayın daha çox - 4 min olduğunu bildirir.

Ermənistanda narkomaniya problemi çox da aktual deyil. Ancaq Qriqori Malintsyan narkomanların sayının artdığını təsdiqləyir və səbəbini açıqlayır:

«Problem gündən-günə ciddiləşir. 2001-ci ildə bu vəzifəyə təyin olunanda, bizdə 7 narkoman müalicə olunurdu. 2009-cu ildə isə təxminən 2 min. Yəni, 8 ildə narkomanların sayı 300 dəfə artıb. Səbəb yaxşı klinikaların olmasında, ya da 2008-ci ildən narkotiklərdən istifadənin Cinayət Məcəlləsindən çıxarılmasında deyil. Səbəb xaricə gedən ermənilərin pis vərdişlərlə qayıtmasındadır.

NARKOTİKLƏR GƏNCLƏR ARASINDA MÜTƏRƏQQİ GÖRÜNMƏK VASİTƏSİNƏ ÇEVRİLİB

Avropa ilə bərabər addımlamaq üçün gənclər narkotiklərdən istifadə etməyə başlayır, «Avropaya Avropa narkotikləri ilə» prinsipinə uyğun olaraq.

8 ildə narkomanların sayı 300 dəfə artıb
Gənc DJ VAktsina Ermənistanın məşhur didceylərindədir, narkomaniyaya qarşı qanunlarla deyil, musiqisi ilə mübarizə aparır:

«Müasir olmaq üçün damara iynə vurmaq, ya da iyləmək vacib deyil. Mütərəqqi olmağın çox yolu var. Mən ağıllı üz ifadəsi olan ortayaşlı professor deyiləm, mənim üsullarım başqadır. Mən cavanam, onlardan biriyəm və gəncləri daha yaxşı inandıra bilərəm».

DJ VAktsina bütün konsert, festivallarda, diskotekalarda sağlam həyat tərzini təbliğ edir, sübut etməyə çalışır ki, mütərəqqi həyat – sağlam həyatdır:

«Bizdə yalnız sağlam musiqidir, ümumiyyətlə, bizdə klub həyatı sağlamdır».

Ermənistanda narkomanlar cinayətkar deyil, sadəcə, xəstə adamlar hesab olunur.

Narkoloji klinikanın direktoru Petros Semercyan deyir ki, sağalmaq üçün ən vacibi qəti qərar verməkdir:

«Narkomanların müalicəsinin pis və ya yaxşı üsulu yoxdur. Bu üsullar xəstənin vəziyyətinə uyğun olmalıdır. Xəstə müalicə olmaq üçün özü qərar verməlidir, onu heç kim məcbur edə bilməz».

«DİŞLƏR TÖKÜLÜR, DƏHŞƏTLİ YORĞUNLUQ OLUR...»

Anonim qalmaq istəyən həmsöhbətimiz bir il ərzində narkotikdən istifadə edib. Bu yaxınlarda müalicə üçün klinikaya müraciət edib. Buna qədər o, bir dəfə müalicə alsa da, yenidən narkotikdən istifadə etməyə başlayıb. İndi əmin etməyə çalışır ki, narkotikə bir daha yaxın durmayacaq:

«Mən gəldim, həkimlərdən xahiş etdim, yalvardım ki, məni müalicə etsinlər. Onlar bunun son şansım olduğunu dedilər. Mənim həyat yoldaşım, uşaqlarım var... Bilirəm ki, buradan çıxandan sonra yenidən narkotiklərə qayıtmaq istəyəcəyəm, ancaq mən bunu etməyəcəm. Mən ailəmlə olmaq istəyirəm».

«Damara iynə vurma. 5 dəqiqəlik həzdən ötrü bütün həyatını məhv edərsən…»
Gənc adam son bir ildə başına gələnləri xatırlamaq belə istəmir:

«Mən yaşadıqlarımı xatırlamaq belə istəmirəm. Unutmaq istəyirəm... belə fikirlər ürəyimi bulandırır... narkotikdən uzaq durmaq istəyirəm. Bəladan mümkün qədər uzaq...».

Həmsöhbətimiz narkotikdən istifadə zamanı psixoloji və fizioloji vəziyyəti barədə də bölüşüb. Bu yola çıxanların üzləşəcəyi problemləri bilməsini istəyir:

«Dişlər tökülür, dəhşətli yorğunluq olur, ayaqlar zəifləyir, sümüklər bərk ağrıyır, ürək dayanır. Məni bura xərəkdə gətiriblər. Ölürdüm. Bu təsəvvür edilməz bir haldır...».

Yenidən həyata başlamaq, ailəsinə dönmək, səyahətə çıxmaq indi həmsöhbətimin ən böyük arzusudur:

«Sanki yenidən doğulmuşam... o qədər şey yaşamışam, heç təsəvvür etmək mümkün deyil...».

Narkotiklərdən ən yaxşı müalicə üsulunu narkomanların özlərindən yaxşı bilən yoxdur:

«İradə - ən əsası budur. Gördün, əlinə alma, çıx get. Damara iynə vurma. 5 dəqiqəlik həzdən ötrü bütün həyatını məhv edərsən…».
XS
SM
MD
LG