Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Vəfa Quluzadə: «Sirr saxlayırlarsa, deməli...»


Həmsədrlər Yerevanda, 3 iyul 2010
Həmsədrlər Yerevanda, 3 iyul 2010
Regiona səfərləri vaxtı həmsədlər tərəfləri işğal olunmuş rayonlara missiya göndərmək barədə planla tanış ediblər. Bu plan prinsipcə qəbul olunub.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulun 5-də verdikləri bəyanatda belə deyilir.

Həmsədrlər missiyanın fəaliyyət istiqamətini açıqlamırlar. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirir ki, onlar bu haqda şərh vermir.

İLHAM ƏLİYEV SÜLHMƏRAMLILARIN VACİBLİYİNDƏN DANIŞIB

İyulun 6-da prezident İlham Əliyev «Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşündə əraziyə sülhməramlıların gətirilməsi məsələsinə toxunub:

«Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir».

İlham Əliyev
Politoloq Rasim Musabəyov deyir ki, münaqişənin həlli ilə məşğul olan qrupun missiya planı hazırlaması adi haldır:

«Hər bir halda, nəzərdə tutulursa ki, ermənilər işğal olunmuş əraziləri tərk etməlidirlər, onda hansısa qrup gedib öyrənməlidirlər ki, həmin ərazidə ermənilər nə edirlər, çıxanda nəyisə yandırmasınlar, hansısa ziyan vurmasınlar və s».

BU, MÜNAQİŞƏNİN HƏLLİNƏ DOĞRU ADDIMDIRMI?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Minsk qrupunun missiyaları Madrid prinsipində razılaşdırıldığı kimi, beş rayonun boşaldılması, Dağlıq Qarabağ və Ermənistan arasındakı nəqliyyat yolunun - Laçın dəhlizinin açılması ilə bağlı işləri əhatə edə bilər.

Elxan Şahinoğlu bildirir ki, bu məlumatdan ümidlənib, münaqişənin həllinə yaxınlaşmanı gözləməyə dəyməz. Çünki həmsədrlər indiyə qədər də bənzər sənədləri razılaşdırıblar:

«1995-ci ildə Budapeşt sammitinin qərarında hətta bölgəyə göndəriləcək sülhməramlı qüvvələrin tərkibinin faizi göstərilirdi. Üstündən 15 il keçib, hələ ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb».

VƏFA QULUZADƏ: «SİRR SAXLAYIRLARSA...»


Rasim Musabəyov
Politoloq Rasim Musabəyov isə deyir ki, mahiyyətindən asılı olmayaraq, missiya göndərilməsinin müzakirə olunması münaqişənin həlli istiqamətində addımdır:

«Amma düşünmürəm ki, bu missiya həlledici bir ştrixdir prosesdə».

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə diqqəti Xarici İşlər Nazirliyinin missiyanın mahiyyəti barədə məlumat verməməsinə çəkir:

«Bunu sirr saxlayırlarsa, deməli, nəticəsiz bir şeydir. Missiya heç nəyi həll etmir, missiya ancaq gedib öz rəhbərinə hansısa məlumat verə bilər».

ATƏT-in Minsk qrupunun həmsədrləri rusiyalı İqor Popov, fransalı Bernar Fasye, ABŞ-dan Robert Bradtke iyulun 3-dən 5-nə kimi Yerevanda və Bakıda səfərdə olublar. Onlar həm də Dağlıq Qarabağa gediblər.
XS
SM
MD
LG