Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

“İzah etməyə məcbur oldum ki, o epizodları prezident kəsmir”


Senzura edilmiş "Kuklalar" filmi
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00
Senzuraya məruz qalan “Kuklalar” filmi iyulun 7-də Çexiyanın Karlovı Varı şəhərində keçirilən film festivalında nümayiş etdirilib.

Mədəniyyət Nazirliyinin Kinomatoqrafiya İdarəsində 3 epizodu çıxarılan filmi festivala rejissor Çingiz Rəsulzadə özü gətirib.

Film dövlətin puluyla çəkilsə də, festivalda nazirliyin əməkdaşları gəlməyib.

Hətta festivalda filmin afişasını rejissor özü qələmlə yazmalı olub.

Amma buna baxmayaraq biletlərin hamısı (təxminən 400) satılıb.

Filmin nümayişi Dünya Futbol Çempionatının yarımfinal oyunu ilə təxminən eyni vaxta düşsə də.

Filmin beynəlxalq premyerasından qabaq Ç.Rəsulzadə Azadlıq Radiosuna müsahibə verib.

- Mədəniyyət və Turizm Nazirliyinin bəzi işçilərinin qeyri-professionallığına baxmayaraq film böyük maraq doğurdu. Mən çəkiliş qrupuna və aktyorlara minnətdarlığımı bildirmək istəyirəm.

- Nazirliyin əməkdaşlarının qeyri-peşəkarlığı özünü nədə büruzə verib? Deyəsən afişanız da yoxdu.

- Bəli, yəqin onlar ya bilmirlər, ya da yadlarından çıxıb ki, festivalda film göstəriləndə afişa düzəltmək lazımdır. Yəqin sadəcə bilmirlər. Onları günahlandırmaq lazım deyil, onlar sadəcə peşəkar deyillər.

- Sizin gəlişinizi kim maliyyələşdirdi?

- Mənim və quruluşçu operatorun buraya gəlməsini festival maliyyələşdirib.

- Belə başa düşdük ki, siz bütün günahı nazirlikdəki bir qrup məmurda görürsüz.

- Əlbəttə. Axır 2-3 ildə film çəkənlərin hamısı belə şeylər haqda bilir, bu təzə xəbər deyil. Sadəcə heç kəs bu haqda danışmır.

- Siz təsdiqləyirsinizmi ki, sizin film senzuraya uğrayıb. Bunun adına “senzura” deyirsinizmi?

- Mənə elə gəlir ki, bu haqda hamı bilir və hamı bu barədə yazıb.

“Kuklalar” filmi senzura ixtisarlarına məruz qalıb.

Bu həm zövqlə bağlı olan, həm də siyasi senzuradır və mən bunu Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya İdarəsindəki şəxslərin qeyri-professionallığı ilə bağlayıram.

- Filmi təxminən neçə dəqiqə ixtisar ediblər?

- Bunu dəqiq demək çətindir: 2-3, ən çoxu 4 dəqiqə. Final və filmin ortasında - siyasətlə heç bir bağlılığı olmayan iki epizod ixtisar edilib.

- Həmin epizodlar nəylə bağlı idi?

- Bunlardan biri rok-konsertlə bağlı epizod idi. (Həmin epizod burda)

Digər epizod isə bulvarda öpüşmə ilə bağlı idi. Sevgililər bulvarda dayanıb qucaqlaşır və öpüşürlər. Bilmirəm bunu niyə çıxarıblar, bəlkə onlara elə gəlib ki, öpüş uzun çəkib, yaxud başqa nəyə görəsə... (Həmin epizod burda)

Bilmirəm. Bu ixtisarların səbəbi mənə izah edilməyib, sadəcə götürüb çıxarıblar.

- Finaldakı ixtisarı siyasi hesab edirsiz?

Çingiz Rəsulzadə özüçün çəkdiyi afişanı göstərir. 7 iyul 2010
- O insanlar bu ixtisarı mənə belə izah etdilər: “Azərbaycan əsgəri ağlaya bilməz. Biz insanların Azərbaycan əsgərinin necə ağladığını görməsinə imkan verə bilmərik”. Mən bilmirəm bunu necə qiymətləndirim.

Özünüz nəticə çıxarın. (Həmin epizod burda)

- Filmin festivalda uğur qazanacağına inanırsınızmı?

- Bu gün film festivalda nümayiş olunacaq, sabah isə film göstəriləcək və sonra müzakirəsi keçiriləcək.

O ki qaldı uğur məsələsinə, bu haqda nəsə demək çətindir.

Mən dostlarıma dedim ki, bu məslədə “uğur” anlayışının özünün nə demək olduğunu müəyyənləşdirmək çox çətindir.

Festivalda birinci olmaq heç də qalib gəlmək demək deyil. Qələbə mənim üçün başqa bir anlayışdır.

Əgər siz pul mükafatı, priz udmağı nəzərdə tutursunuzsa, mənim üçün bu, qələbə deyil.

Qələbə odur ki, bu filmə baxmağa insanları cəlb edə biləsən. Pul mükafatı udmaq kimi şeylər hər bir azərbaycanlı üçün cəlbedicidir, amma formal bir şeydir. Mənim üçün bu, vacib deyil.

Əsas odur ki, filmi çəkildiyi formada insanlara göstərə bilək.

Filmdə çəkilən aktyorlar, filmin yaradılmasında iştirak edənlər mənə zəng edirlər və filmi burada ixtisarsız nümayiş etdirmək niyyətimi dəstəklədiklərini deyirlər.

Festivalın Münsiflər Heyəti də filmi tam şəkildə görəcək.

- Bu sizin çex tamaşaçısı ilə ilk ünsiyyətinizdimi?

- Bəli. Mən ilk dəfədir Çexiyaya gəlmişəm. Bizə çox isti münasibətin şahidi olduq.

Bizə də, ölkəmizə də. Filmin özü də elə dostluq, beynəlmiləlçilik, məhəbbət haqqındadır. Filmdə Azərbaycan insanının 90-cı illərdə yaşadıqları, o sınaqlar çex insanının 1968-ci ildə yaşadıqlarına bənzəyir.

Filmin nümayiş olunduğu kinoteatr
Mən o epizodların filmdə saxlanmasında niyə israr edirdim? Həmin epizodlar Azərbaycanın imicinə ziyan vurmur.

Əksinə həmin imicə müsbət təsir edir. Azərbaycanın imicinə o epizodları kəsənlər ziyan vurublar.

Onlar festivalın filmin tam variantda qəbul etdiyi halda buraya ixtisar olunmuş variantı göndərmələri ilə ölkənin imicinə ziyan vurublar.

Buna görə burada məndən soruşdular ki, nədi, sizdə senzura var, demokratiya yoxdur?

Mən izah etməyə məcbur oldum ki, yox, narahat olmayın, bizdə hər şey qaydasındadır, sadəcə bəzi məmurlar İnkvizisiya dövründəki kimi yaşayırlar, kəsirlər.

İzah etməyə məcbur oldum ki, o epizodları prezident kəsmir.

Bunları edən - nazirliyin kinodan yaxşı başı çıxmayan, zövqü köhnə sovet kinomatoqrafiyası ilə korlanmış bəzi məmurlarıdır.

Mən çox istərdim ki, nazir Əbülfəz müəllim xırda məmurların bu səhvlərini düzəltsin.

Mən onu çox yaxşı idarəçi, menecer sayıram. Onun rəhbərliyi ilə Azərbaycanda çoxlu festivallar keçirilir.

O, Azərbaycan üçün çox iş görür. Çox iş görülüb, bircə kino sahəsindəki vəziyyəti düzəltmək qalıb.

Azərbaycan prezidenti kinomatoqrafiyaya çox böyük vəsait ayırır.

Dünyanın heç bir ölkəsində kinonun dövlət büdcəsindən 100 faiz maliyyələşməsi yoxdur. Yoxdur! Bizdə kino üçün çox gözəl şərait yaradılıb. Amma ayrı-ayrı xırda çinovniklər bütün işləri korlayırlar...

- Müsahibəyə görə çox sağ olun.


- Ümid edirəm ki, müsahibə tam şəkildə gedəcək. Heç nəyi ixtisar etməyəcəksiniz? (Gülür)

- Əlbəttə ki yox. Tam şəkildə dərc edəcəyik. Sizə uğurlar!..
XS
SM
MD
LG