Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

WSJ: Obama Türkiyə haqda nələri bilmir?


AKP heç zaman Avropa Birliynə üzvlüyü strateji hədəf kimi qoymayıb
AKP heç zaman Avropa Birliynə üzvlüyü strateji hədəf kimi qoymayıb
İslamçı AKP hökuməti AB-ə üzvlük prosesindən Qərbin gözündə öz siyasətinə haqq qazandırmaq üçün istifadə edir, amma heç vaxt doğrudan da bu üzvlüyü düşünməyib. O üzdən Atatürkün müasir Türkiyə xəyalının gerçəkləşməsi üçün Türkiyədə iqtidar dəyişməlidir.

Vaşinqtondakı Yaxın Şərq İnstitutundan Söner Çaqaptayın «Wall Street Journal» üçün yazdığı «Türkiyə Türkiyəni itirir» yazısında belə deyilir.

OBAMA ÜZÜNƏ BAXIR, ASTARDA İSƏ...

Müəllif ABŞ Prezidenti Barak Obamanın Türkiyə-Avropa Birliyi münasibətləriylə bağlı dediyi sözlərə toxunub. Obama ötən həftə bildirmişdi ki, Qərb Türkiyənin Avropa Birliyinə üzvlüyünə əngəllər yaratmaqla, Türkiyəni özündən uzaqlaşdırıb. Amma Çaqaptayın fikrincə, Obama olanların ancaq bir üzünə baxır. Türkiyənin islamçı iqtidarı AKP-nin özünün də xəyallarını liberal, Qərb standartlarındakı Türkiyə dövləti süsləmir.

Müəllif yazır ki, «Düzdür, mən əvvəllər də Türkiyənin Avropa Birliyinə üzvlüyü istəyini dəstəkləmişəm. Amma Türkiyənin Avropa Birliynə tezliklə üzv ola bilməyəcəyini də demişəm. Təkcə ona görə yox ki, Avropa Birliyi müsəlman ölkənin üzvlüyündən çəkinir, həm də ona görə ki, Türkiyə hökuməti özü Avropa dəyərlərinə can atmır.

2005-ci ildə Brüssel Türkiyəylə üzvlük danışıqlarına start verəndə vəziyyət daha fərqli görünürdü. O zaman təzəcə hakimiyyətə gələn AKP iqtidarı özünü AB-yə üzv olmağa can atırmış kimi göstərirdi.

1998-ci ildə qadağan olunan islamçı Rifah partiyasının davamçısı olan AKP, 2001-ci ildə yarananda sanki islami dəyərləri saxlasa da, Rifahçıların anti-Avropa ritorikasından imtina etmişdi və Avropa Birliynə üzvlüyünə müsbət yanaşırdılar».

«AFRIKA İLİ»NDƏ AVROPA İDDİALARI

Türkiyə birdən-birə Qərbin qarşı olduğu rejimlərlə - Dəməşq və Tehranla yaxınlaşmağa başladı
Amma AKP özünü qərb-meylli kimi göstərsə də, heç zaman Avropa Birliynə üzvlüyü strateji hədəf kimi qoymayıb. AKP AB-yə üzvlük prosesindən öz islamçı kimliyini pərdələmək, mühafizəkar və hərbçilərin hakimiyyətini məhdudlaşdırmaq cəhdlərində Qərbin dəstəyini qazanmaq üçün istifadə edib. Bu davranışla AKP Brüsseldəki diplomatlara və liberal fikirli türklərə xoş görünməyi bacarıb. Ancaq, sözdə elan edilən islahatları tətbiq eləməyə növbə çatanda AKP prosesdən vaz keçdi. Hətta Avropa Birliyinə marağının azaldığını açıq şəkildə nümayiş etdirmək üçün həmin ili – 2005-ci ili «Afrika ili» elan elədi.

Nəticədə Avropa Birliyiylə Türkiyənin yaxınlaşması nəinki dayandı, hətta münasibətlər pisləşdi. İqtidar tənqidçi jurnalistləri guya ki, çevrilişə zəmin hazırlayırlar ittihamlarıyla həbsə atmağa başlayandan sonra ölkə Sərhədsiz Reportyorların Mətbuat Azadlığı İndeksində də 20 pillə gerilədi. 2008-ci ildəki 102-ci yerlə müqayisədə ötən il Türkiyə daha da geriləyib, 175 ölkə arasında 122-ci ola bilmişdi.

AKP iqtidarı çevriliş iddialarından - əsasən də «Ergenekon» işində olduğu kimi – media, ordu və təhsil sistemindəki bütün siyasi rəqiblərini vurmaq üçün istifadə edir.

TÜRKİYƏ RUSİYAYA DAHA ÇOX BƏNZƏYİR

AKP hökumət-yönlü biznesin nəzarətə ala bimədiyi yeganə iri media holdinqə - Doğan Yayın Holdinqinə qarşı amansız davranır. Holdinqin «Milliyət» qəzetində AKP-nin Almaniyada qanunsuz fəaliyyət göstərən və haqqında cinayət işi başlanan islamçı fondlarla əlaqəsi haqda yazılar çıxandan sonra hökumət holdinqə 3.3 milyard dollarlıq, şirkətin dəyərindən də çox vergi cəriməsi qoydu. AKP iqtidarının hakimiyyəti üzündən Türkiyə artıq daha çox Rusiyaya bənzəyir, nəinki Avropaya.

İslamçılar həm də gender bərabərliyinin pozulmasına səbəb oldular. Əgər 1994-cü ildə mülki vəzifələrdəki qadın məmurların sayı 15 faiz idisə, indi 11 faizə düşüb. Türkiyədəki bütün hüquqşünasların 33 faizi qadın olsa da, 9 nəfərlik yüksək Ədliyyə Şurasında bir nəfər də qadın yoxdur. Amma dövlətin təyin etdiyi qurumlardan fərqli olaraq, öz həmkarları tərəfindən seçilən Dövlət Şurasındakı hakimlərin yarısı qadın hakimlərdir.

AKP iqtidarı çevriliş iddialarından siyasi rəqiblərini vurmaq üçün istifadə edir
AKP-nin təklif elədiyi Konstitusiyaya yeni dəyişikliklərə görə, bundan sonra hakimləri icra qurumları daha sərbəst təyin edə biləcək. Yəni qadın hakimlərin təmsilçiliyi daha çətin olacaq. AKP-nin qadınlara yönələn siyasətini anlamaq üçün Baş nazir Ərdoğanın 2008-ci ilin Dünya Qadınlar Günündəki müraciətini xatırlamaq yetər. Ərdoğan Türk qadının cəmiyyətdəki rolunu karyera quran yox, azı 3 uşaq doğan bir ana kimi gördüyünü bəyan eləmişdi.

«AVROPALI» MÜXALİFƏTƏ SEÇKİ TESTİ

Bütün bu baş tutmayan islahatları nəzərə alanda, Türkiyənin Avropa Birliyinə üzvlüyünün əleyhdarlarını, məsələn, Fransa Prezidenti Nikola Sarkozi kimiləri əksinə inandırmaq çox çətin olur.

Bunlardan başqa, AKP öz xarici siyasət kursunu da Yaxın şərqə dəyişib, özünü regional münaqişələrin ortasına atdı. Türkiyə birdən-birə Qərbin qarşı olduğu rejimlərlə - Dəməşq və Tehranla yaxınlaşmağa başladı. Ermənistanla münasibətləri bərpa etmək siyasətinə başladı. Amma ABŞ dövlət katibi Hillari Klintonun da səylərinə baxmayaraq, bir şey alınmadı. Çünki Avropa Birliynə üzvlük kimi, elə Yerevanla yaxınlaşma protokollarını da imzalayanda AKP doğrudan da bu yaxınlaşmanı istəmirdi.

Ancaq Türkiyənin Avropa Birliyinə üzvlüyü təkcə islamçı iqtidarın siyasəti üzündən uzanmayıb. Mühafizəkar müxalifətin bunda yetərincə maraqlı görünməməsinin də bu gecikmədə rolu olub. Amma ana müxalifət partiyası CHP-nin sədrliyinə Kamal Kılıçdaroğlunun gəlməsi vəziyyəti dəyişdirib. Kılıçdaroğlu Avropa Birliyinə üzvlük prosesinə sadiq olduqlarını bəyan edib.

Atatürk 1920-ci ildə Cümhuriyyət Halk Partisini yaradanda Türkiyəni Avropalı etmək istəyirdi. Gələn il CHP seçkilərdə AKP-yə qarşı ciddi imtahan verəcək. Atatürkün Avropalı Türkiyə xəyalının gerçəkləşməsi üçün Türkiyənin yeni iqtidara ehtiyacı var.
XS
SM
MD
LG