Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:00

«Çağırışçılar hərbi hissələr arasında bölüşdürülərkən bərabərlik pozulur»


Seymur Həziyev
«Beynəlxalq qaydaya görə, hər bir ölkənin silahlı qüvvələrində xidmət əsgərinin sayı həmin ölkənin əhalisinin bir faizi qədər olur. Azərbaycanın silahlı qüvvələrində bu rəqəm 80–90 min arası olmalıdır. Bizdə bu kvota keçilir».

Bunu ordu sıralarından bu yaxınlarda tərxis olunmuş AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Seymur Həziyev deyir. Onun sözlərinə görə, orduda olduğu müddətdə müşahidələrindən nəticə çıxarıb ki, Azərbaycanın silahlı qüvvələrində beynəlxalq kvotaya əməl olunmur. Səbəbsə çağırışçıların hərbi hissələr arasında bölüşdürülməsi prosesində bərabərliyin pozulmasıdır:

«Hərbi hissələrdə əsgərlər elə bölünürlər ki, heç kim uşağının dağlıq yerdə, cəbhə xəttində xidmət etməsini istəmir. Ona görə də daha çox pul verib onu arxa cəbhəyə saldırırlar. Bu da dağlıq yerlərdə, yaxud cəbhə xəttində əsgər çatışmazlığının yaranmasına səbəb olur».

Seymur Həziyev düşünür ki, müəyyən kvotadan artıq sayda gənclərin hərbi xidmətə aparılması bu əyər-əskikləri ört-basdır etmək üçündür.

«ÇAĞIRIŞÇIYA QANUNLA DÜŞƏN MÖHLƏT PULLA SATILIR»

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov da deyir ki, hərbi çağırış vaxtı ən çox qanun pozuntusu çağırışçılarla bağlı kvota məsələsində özünü büruzə verir. Belə ki, Müdafiə Nazirliyi hər çağırış vaxtı Respublika Hərbi Komissarlığı qarşısında kvota qoyur. Hərbi Komissarlıq həmin kvota üzrə rayon hərbi komissarlıqları arasında bölgü
Ələkbər Məmmədov
aparır.

Ekspertin fikrincə, rayon hərbi komissarlıqları da bu kvota məsələsindən yetərincə yararlanırlar:

«Elə rayon var ki, planında 70, eləsi var 280 çağırışçı olur. Məsələn, götürək Səbail rayonunu, həmin rayonda kvota 25, tutaq ki, Nəsimi rayonu üzrə 300-400 nəfəri keçməməlidir. O plan yerinə yetirildikdə göstəriş gəlir ki, plan yerinə yetirilib, çağırışı dayandırın. Burda əsas məqam da odur ki, hərbi komissarlıqlar orduya artıqlaması ilə gənc çağırırlar. Plan yerinə yetirildikdən sonra o əlavə çağırışçılar ki, var, rüşvət almaqla onları hərbi xidmətdən müəyyən müddətə azad edirlər».

Ələkbər Məmmədov deyir ki, kvota dolarkən əslində çağırışçıya qanunla izah olunmalıdır ki, həmin səbəbdən o, növbəti çağırış zamanı hərbi xidmətə göndəriləcək. Ancaq rayon hərbi komissarlıqlarında çağırışçılara bu izah olunmur. Onlara qanunla düşən möhlət rüşvətlə satılır. Ekspertin fikrincə, Azərbaycandakı çağırış sistemi korrupsiyaya təkan verən amillərdən biridir.

«ƏSGƏRLƏRİMİZİN SAYI NƏİNKİ KVOTAYA UYĞUNDUR...»

Tərxis Olunmuş Hərbçi Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Emin Həsənli isə deyilənlərlə razılaşmır. O deyir ki, Azərbaycan ordusunun əsgərlərinin sayı kvotaya uyğundur,
Emin Həsənli
hələ bəlkə kvotadan aşağıdır ki, yuxarı deyil.

Rüşvət müqabilində hansısa çağırışçının çağırışdan azad edilməsi isə mümkün deyil: «Hərbi xidmətə çağırılan 18 yaşı tamam olmuş gənclər haqqında bir neçə ay öncə Müdafiə Nazirliyinə hərbi komissarlıq tərəfindən siyahı gedir. Bu siyahı üzrə kompyuterdə xüsusi proqram olmaq şərti ilə heç bir müdaxilə etmək mümkün deyil, orda bölgü olur, o bölgü üzrə siyahılar həm hərbi komissarlığa, həm də hərbi hissələrə gedir. Siyahı gələndən sonra insanlara necə möhlət hüququ verib saxlamaq olar, yaxud möhlət hüququ olmayan şəxsləri qeyri-qanuni saxlamaq olar?».

ƏSLİNDƏ KVOTA NƏ QƏDƏRDİR?


Azərbaycan ordusunda əsgərlərin kvotası məxfi saxlanılır. Beynəlxalq kvotaya görə isə, hər bir ölkənin ordusundakı əsgərin sayı həmin ölkənin ümumi əhalisinin sayının 1 faizini təşkil etməlidir. Azərbaycan əhalisinin sayı 9 milyona çatdığından hesabla bu kvota 90 min əsgər təşkil etməlidir. Lakin hərbi ekspertlər iddia edirlər ki, Azərbaycan ordusundakı əsgərlərin sayı kvotadan yuxarıdır.

2009-cu ildə hərbi çağırış sisteminə dəyişiklik edilib. Neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlardan səlahiyyətlər alınaraq, Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinə verilib. Ekspertlər isə hesab edirlər ki, bu yenilik ancaq problemlərin «ünvanını dəyişməsi» ilə yadda qalıb.
XS
SM
MD
LG