Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Taxıl bahalaşır


Azərbaycanın ehtiyacı daha çox xaricdən gətirilən buğda hesabına ödənildiyindən ölkədə neçə illərdir taxıl istehsalına lazımı diqqət yetirilmir
Azərbaycanın ehtiyacı daha çox xaricdən gətirilən buğda hesabına ödənildiyindən ölkədə neçə illərdir taxıl istehsalına lazımı diqqət yetirilmir
Taxılın qiyməti günü-gündən bahalaşmaqda davam edir. Biçin vaxtı 16 qəpiyə olan buğdanın kiloqramı indi 25-30 qəpiyə qalxıb. Bahalaşmanın səbəblərilə bağlı müxtəlif fikirlər səslənir. Salyandan olan fermer Elçin Əzizov deyir ki, buğdanın ötən illə müqayisədə indi xeyli baha olması əslində bu sahəyə lazımı diqqət yetirilməməsilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın ehtiyacı daha çox xaricdən gətirilən buğda hesabına ödənildiyindən ölkədə neçə illərdir taxıl istehsalına lazımı diqqət yetirilmir:

AZƏRBAYCANIN HƏR YERİNDƏ BELƏDİR

- Əsas problem toxum məsələsi və torpağa lazımı qulluğun göstərilməməsilə bağlıdır. Demək olar ki, 1992-ci ildən bəri torpaqlara gübrələr verilmir, bu bəlkə də Azərbaycanın hər yerində belədir. Yer də qüvvədən düşüb, keyfiyyətli toxum yoxdur, bir yandan da məsuliyyətsizlik baş alıb gedir. Yer də qoca, toxum da qoca, bu da avtomatik olaraq taxıl qıtlığına gətirib çıxarır.

Fermer bildirir ki, bu barədə narahatlıqlarını beş-altı il əvvəl səsləndirsələr də, onların dediklərinə əhəmiyyət verilməyib.

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev taxıl qıtlığının olduğunu etiraf edir. O, bunu ötən illə müqayisədə bu il az taxıl əkilməsi və daşqın nəticəsində xeyli sahələrin su altında qalmasıyla izah edir. Vəliyevin sözlərinə görə, əgər ötən il 1 milyon 200 min hektara yaxın ərazidə taxıl əkilmişdisə, bu il 160 min hektar az taxıl əkilib.
Bu il 160 min hektar az taxıl əkilib
Və bu də istər-istəməz istehsala təsir edib.

EHTİYATIMIZ ÇOXDUR

Amma buna baxmayaraq, Sabir Vəliyev hesab edir ki, ölkədə hələ taxıl ehtiyatı çox olduğundan builki məhsul qıtlığı çörəyin bahalaşmasına gətirib çıxarmayacaq:

- Yox, çörəyin qiyməti qalxa bilməz, ehtiyatımız çoxdur.

- Sabir müəllim, əgər buğdanın qiyməti qalxırsa, çörəyin qiyməti necə qalxmayacaq?

- Buğda hələ fermerlərin əlində çox qalıb, ehtiyat çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən fərqli olaraq un istehsalçıları bahalaşmanın qaçılmaz olduğunu deyirlər. Amma bahalaşmanın indi elə də müşahidə olunmamasını əvvəlcədən ucuz qiymətə alınmış buğda ehtiyatının olmasıyla izah edirlər.

Gəncədə olan «Neon» firmasının direktoru Arif Həsənov deyir ki, onlar əvvəlcədən xarici ölkələrdən ucuz qiymətə xeyli buğda alıblar. Bu baxımdan da o, bahalaşmanı ehtiyatda olan buğda qurtarana qədər saxlamağın mümkün olduğunu bildirir:

Xaricdə taxılın qiyməti bahalaşsa, bu bahalıq Azərbaycanda hiss oluna bilər
- Bizim əlimizdəki buğda əvvəlcədən ucuz qiymətə alınıb və bu baxımdan da hələ unun qiymətində elə qiymət artımı müşahidə olunmayıb. Əgər əhəmiyyətli dəyişmə olsa, onda çörəyin qiymətində bahalaşma olacaq.

UN İSTEHSALÇILARI ALMAĞA BUĞDA TAPMIR

Amma firma rəhbəri almağa yerli məhsul tapmadıqlarını etiraf edir. Arif Həsənov deyir ki, lap 20 qəpiyə də olsa, istənilən qədər buğda almağa hazır olsalar da, buğda satan yoxdur.

Çörəyin qiymətində bahalaşma olmasa da artıq bəzi şirniyyat mağazalarında bahalaşma müşahidə olunmaqdadır. Misal üçün, bir həftə əvvəllə müqayisədə bəzi un, biskvit məmulatlarının qiymətində az da olsa bahalaşma var. Satış mərkəzlərində bunu unun bahalaşması ilə əsaslandırırlar.

İqtisadçılar isə yerli məhsulun azlığı səbəbindən Azərbaycanda unun və çörəyin qiymətində bahalaşmanın belə tezliklə özünü büruzə verəcəyini proqnozlaşdırmırlar. Ancaq İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə də iqlim şəraiti ilə bağlı məhsuldarlıq aşağı olub. Əgər bu ölkələrdə taxılın qiyməti bahalaşsa, təbii ki, bu bahalıq Azərbaycanda hiss oluna bilər.

Amma iqtisadçı indiyə qədərki təcrübəni yarada salır. Deyir ki, bir neçə dəfə belə vəziyyət yarananda dövlət taxıl idxalına Əlavə Dəyər Vergisini ləğv etməklə unun və çörəyin qiymətini sabit saxlamağa nail olub.
XS
SM
MD
LG