Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Kənddə Bakı qiymətləri…


Taxılımızı siçan apardı
Taxılımızı siçan apardı
Elə bilirdim ki, getdiyim kəndlərdə pomidor-xiyarı elə dirrikdəcə dərəcəm, göy-göyərtinin iyinə bihuş olacam. Amma…

- Su dərdindən heç nə əkə bilməmişik, pomidor-xiyarı bazardan alırıq.

Bu sözləri Tərtərin, Bərdənin, Ağcabədinin bəzi kəndlərində eşitdim. Ağdamın Quzanlı kəndində isə bazarlığımı elə Bakı qiymətiylə tutdum, pomidorun kilosu 50-60 qəpikdir. Elə xiyar, badımcan da ucuz deyil, kilosunu 40 qəpiyə satırlar. Kartof-soğanın qiyməti Bakı bazarındakından heç fərqlənmir də. Niyəsini soruşanda satıcı Natiq dedi ki, kəndlilər məhsulu Bakıya daşıyırlar, elə bilirlər orda baha satacaqlar, burda da məhsul kasad olur.

TAXIL SİÇANIN BADINA GEDİB

Amma gəzdiyim kəndlərdə söylədilər ki, əvvəlki kimi əkib-becərə bilmirlər, özü də təkcə tərəvəz məhsullarını yox, elə taxılı, pambığı da.

- 45 sot torpağım varıydı. Taxıl əkmişdim, onu da siçan apardı.

Bunu Ağcabədinin Qaraxanlı kəndinin sakini Zaur Musayev deyir. Həmkəndliləri onun sözünə qüvvət verirlər:

- Heç kim taxılını götürə bilmədi. Bir az zəhər verdilər, o da kömək eləmədi. İndi bu il hamı söz verib ki, gələn il heç kim taxıl əkməsin.

Kəndin icra nümayəndəsi Məmməd Cavadovun sözlərinə görə, gəmiricilərlə mübarizə pərakəndə aparılır, ona görə də effekti olmur.

«KÜLƏŞ QALIB ORTALIQDA»

Rayonun Gələbədinli kəndində isə taxılı yağış aparıb. Bu kəndin sakinləri deyirlər ki,
Arzuman Behbudov şikayətləndi ki, əkdikləri qarpızı sata bilmirlər
əslində məhsulu yığsaydılar da, xeyirləri indiki ziyandan çox olmayacaqdı, çünki taxılı satmağa bazar tapa bilmirlər:

- Bizdən kilosunu 10 qəpiyə alırlar. Güclə ödəyir çəkdiyimiz xərci. İndi küləş qalıb sahədə, yığılmalıdır ki, torpaq şumlansın. Heç kimin imkanı yoxdur ki, küləşi yığsın, bağlatsın. Birini 20 qəpiyə bağlayırlar. Mən də gərək 25 qəpiyə satam samanın bir dəstini, amma sata bilmirəm. Yerim də yoxdur saxlamağa ki, qışda bir az baha satım.

«QARPIZA YİYƏ DURAN YOXDUR»

Bərdənin Çələbilər kəndində isə qarpız qalıb camaatın əlində. Kənd sakini Arzuman Behbudov şikayətləndi ki, əkdikləri qarpızı sata bilmirlər, qapılarına gələn alıcı kilosunu 5 qəpikdən istəyir:

- Heç bu da fəhlənin, traktorçunun pulunu ödəmir. Bu il çox adam gözünü dikmişdi qarpıza.

- Məhsul boldumu?

- Nə yaxşıdı, nə pisdi. Hərə əkib 1, 5 hektar, kimin gücü nəyə çatıb. Deyirdilər, Sabirabadı sel apardı, qarpız yaxşı qiymətə gedəcək, amma belə olmadı.

Arzuman Behbudov deyir ki, onsuz da axırda məcbur olub dəyər-dəyməzinə satacaqlar, amma artıq gələn il nə əkəcəklər, onu bilmirlər. Çünki bazarı proqnozlaşdırmaqda çətinlik çəkirlər.

3 hektarlıq torpağı əkib-becərən Etibar Zakirov isə danışır ki, dörd inəyini satıb pulunu torpağa qoyub. Amma əziyyəti hədər gedib, indi heç bir-iki inəyin də pulunu çıxara bilməyib.

ANBAR PROBLEMİ

Kəndlərdə tərəvəz, ət məhsullarının qiyməti heç də Bakıdan geri qalmır
«Aran» Humanitar Regional İnkişaf Təşkilatının icraçı direktoru Rauf Əliyev deyir ki, kəndli təbii fəlakət və ya infrastruktur problemiylə üzləşəndə, onun üçün çox çətin olur, çünki gələn il əkib-becərməyə artıq vəsaiti qalmır.

Rauf Əliyevin sözlərinə görə, anbarların olmaması da kəndlinin məhsulu elə yığım vaxtında dəyər-dəyməzinə satmasına gətirib çıxarır ki, bu da onun yaxşı gəlir götürməsinə mane olur.

NƏ AVTOBUS VAR, NƏ HƏKİM

Baş çəkdiyim kəndlər rayon mərkəzlərindən 10-20 km. uzaqlıqda yerləşir. Bu kəndlərdən rayon mərkəzinə ictimai nəqliyyat işləmir, kəndlərin əksəriyyətində yalnız feldşer məntəqəsi var. Çələbi kəndində dedilər ki, həkimləri yoxdur, canları ağrıyanda maşın tutub rayon mərkəzinə gedirlər:

- Elə hər ağrıyanda yox. Görürsən ki, adam ölür, onda götürüb aparırsan həkimə.

- Bəs təcili yardım çağırmırsız?

- Yox, eşitməmişəm ki, kimsə çağırsın. Heç gəlməzlər də bu boyda yolu.

- Bəlkə elə xəstəyə yerində ilkin tibbi yardım lazım oldu?

- Onda ölür…

SEÇKİDƏN-SEÇKİYƏ YADA DÜŞƏN KƏNDLİLƏR

Tərtərin Azad Qaraqoyunlu kəndində isə yarızarafat, yarıgerçək deyirlər ki, onlar seçkidən-seçkiyə yada düşürlər, amma gələn də vədini verib gedir, əməlini görmürlər.

Ağcabədinin Gələbədinlisində isə bir nəfər kimi YAP-a səs verdiklərini söylədilər.

«Verdiyiniz səsə uyğun yaşayırsızmı?» deyəndə gülüb «keçid dövründəyik» deyə cavabı verdilər
«Verdiyiniz səsə uyğun yaşayırsızmı?» deyəndə gülüb «keçid dövründəyik» deyə cavabı verdilər.

Hökumətdən isə gözləntiləri var:

- Aqrolizinq xidmətinə əlimiz çatmır. Qiyməti bahadır.

- Güzəştli gübrə verirlər, amma onu götürə bilmirik. Uzaq kənddir, hər dəfə getmək xərc istəyir.

- Keyfiyyətli toxum versin kəndliyə.

- Su tapa bilmirik.

HÖKUMƏT DEPUTATA SÖZ VERİR

Milli Məclisdə Tərtər rayonunu təmsil edən Aynur Quliyeva kəndlilərin sadaladıqları problemlərlə razılaşdığını, həmkarlarıyla birgə bu məsələləri hökumətin qarşısında qaldırdıqlarını deyir. Onun sözlərinə görə, hökumət deputatlara dövlət proqramı olduğunu söyləyib:

- Amma bu problemlər neçə ilə həll olunacaq, bunu heç kim demir.

SU QİYMƏTİNƏ SÜD

Baş çəkdiyim kəndlərdə tərəvəz, ət məhsullarının qiyməti heç də Bakıdan geri qalmır. Amma bircə məsələdə paytaxt sakini kəndliyə qibtə edə bilər, o da süd-qatığın qiymətinə görə. Kəndlərdə südün litrini 20 qəpiyə verirlər. Çünki hər şey əldən çıxanda çörək ümidi ağartıdır. Ona görə də hər kəs çalışır, qapısında bircə dənə də olsa, inək saxlasın.
XS
SM
MD
LG