Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:03

Sovet mətbuatında Rəsulzadənin karikaturası...


Azərbaycanı işğal etdikdən sonra bolşeviklər ölkəni tərk etməyə məcbur olmuş, amma mühacirətdə mübarizəni davam etdirən cümhuriyyət rəhbərlərinə qarşı çirkin kampaniya aparmaqda davam edir, onları xalqın gözündən salmağa çalışırdılar.

1929-cu ildə Azərbaycanda ərəb əlifbasından latın qrafikasına keçildi. Həmin dövrdə sovet qəzetlərinin səhifələrində davamlı olaraq Məhəmməd Əmin Rəsulzadə və müsavatçılara qarşı yönələn məqalələr yer alır.

Belə məqalələrdən biri “Kommunist” qəzetinin 1929-cu il 1 yanvar tarixli sayında yerləşdirilib.


1 YANVAR – BÖYÜK İNQİLAB BAYRAMIDIR

(Məqalədən bir parça)

Azərbaycan mərkəzi icraiyyə komitəsinin dekreti üzrə bu gündən etibarən Azərbaycanda bütün mətbuat, idarələr, müəssisələr, məktəblər və sairə artıq tamamilə yeni əlifbaya keçir.

Şuralar Azərbaycanında yeni əlifba tətbiqi uğrunda birinci addımlar atılırkən bu yeni əlifbanın düşmənləri – mollalar, axund kərbəlayi, məşədi, bəy, xan və onların rəhbəri müsavat firqəsinin bütün əzilmiş tör–töküntüsü qudurğancasına hücuma başlamışlar.

Onlar Azərbaycan əməkçiləri haqqında heç bir murdar sözdən, yalan, böhtan və iftiradan geri durmadılar. Məncə, indi düşmənlərimizin haqqımızda nələr söylədiyini gözəlcəsinə bilərək onların murdar maskasını atmaq və çirkin sifətlərini göstərmək yersiz olmaz.

Misal üçün vaxtilə İstanbulda çıxan “Yeni Kafkazya” məcmuəsinin 15 oktyabr nömrəsindəki “Bolşevizm və türkçülük” məqaləsini alalım.

Məqalədə Məhəmməd Əmin bəy yazır: “Moskvanın hiyləsi (hiyləsi ha!!! K.) yalnız bununla qurtarmır. Moskva Azərbaycanda latın əlifbası tətbiq edir və Dağıstanda ruscayı (fitnəyə tamaşa edin!!! – K.) nəşrə səy edir. Krımda bir imla, Kazanda tamamilə yeni bir imla tətbiq edilmişdir. Bu surətlə ixtilaldan əvvəl bir imlaya, bir hürufat və bir üsuli təhrirə malik olan türkləri – mətbuat və ədəbiyyatlarını parçalayaraq vəhdət lisanlarını pozmuşlardır” .

İmdi 4 il əvvəl siyasi fırıldaqçı Məhəmməd Əminin nə fəsad törətdiyini və məsələyə nə dərəcədə alçak bir surətdə yanaşarak “yeni əlifba” - Moskvanın hiyləsi” və “ruslaşmak” üçündür deyə bağırmasını nəzərinizə gətirin.

Lakin Moskva hiyləsi Məhəmməd Əminin düşündüyü “hiylələrdən” deyildir. “Moskva hiyləsi” əməkçilərin yaratdığı oktyabr inqilabından ibarətdir. Bu başı boş ağalar elə güman edirlər ki, artıq bu əsrdə gündə on dəfə donunu dəyişdirən fırıldaqçıları tanımayan adamlar yenə də vardır.

Artıq Məhəmməd Əminlər hansı maskaya bürünür bürünsün onların çirkin sifətləri göründükdə, murdar səsləri eşidildikdə hər bir əməkçi anlayır ki, dağlanan kapital eşşəkləri nə üçün anqırırlar”

Ə. H. Karayof

Elə yuxarıdakı məqalənin müəllifi eyni qəzetin 29 yanvar tarixli sayında Məhəmməd Əmin və müsavatçılara qarşı digər məqalə yazaraq onları satqınlıqda və fırıldaqçılıqda günahlandırır.

MÜSAVATÇILARIN YAL DAVASI
Deterdinq köpəkləri boğuşurlar

(Məqalədən bir parça)

“Kokumuş mühacirlər bataqlığında son aylar müddətində bir hərəkət, canlanma görülür.

Buna da səbəb kokumuş mühacirlər bataqlığı tufeylilərinə kapitalistlər tərəfindən atılmış sədəqə olmuşdur.

Vaxtilə xəbər verdiyimiz kimi Topçubaşov başda olmaq üzərə “Azərbaycan sülh heyət mürəxxəsəsi” bütün Ramana dairəsini Deterdinqə satmışdır.

Eyni zamanda yenə məşhur heyət Bakı neft yerlərinin, Bibiheybət və Suraxanı kimi sayir dairələrini də satmaq barədə müzakirət aparırdı.

Məhəmməd Əmin Rəsulzadənin 1925-ci ildə İstanbulda nəşr edilən "Əsrimizin Səyavuşu" əsəri
Böylə tək başına fırıldaqçılığın mənfəətini duyaraq Məhəmməd Əmin Rəsulzadə qrupu “Azərbaycan heyəti mürəxəssəsi” əleyhinə şiddətli kampaniya açaraq onun üzvlərini xain, fırıldaqçı, dolandırıcı elan etdi...

Bu cür ağalar bu gün millət davası edirlər.

Məhəmməd Əmin Rəsulzadələrin milləti, Xas Məhəmmədoflar və onların qruplarının milləti ancaq öz cibləridir.

Azərbaycan əməkçilərini qarət edənlər hətta qovulduqdan sonra mühacirlikdə də bir çox dolandırıcılıq və fırıldaqla Azərbaycanı soymaqda davam edirlər.

Bütün bu alış-verişlər, daha doğrusu dolandırıcılıqlar, mühacirlərin millət gurultu və patıltıları altında edilir.

Əməkçilər düşməni qovulmuş müsavat millətinə çürük sıralarının büsbütün dağılmasında müvəffəqiyyətlər diləriz.”

Ə. H. Karayof

Bu məqalələrin müəllifi Əli Heydər Qarayev Qırmızı Ordunu Azərbaycana gətirənlərdən biri idi.

Sovet işğalından sonra o, bir sıra yüksək vəzifələrdə, o cümlədən Bakı sovetinin sədri vəzifəsində işlədi. "Kommunist" və başqa qəzetlərin rəhbəri oldu.

İslam adət-ənənələrinə və millətçi ziyalılara qarşı kampaniyalar apardı.

Amma 1938-ci ildə onun özünü də casusluqda və əksinqilabi fəaliyyətdə günahlandırıb güllələdilər.

Həmçinin oxu
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın...
XS
SM
MD
LG