Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Sahilə İbrahimova "Qorxu" (Hekayə)


O hadisədən sonra mənim başım keçəldi. Hakimin mənə verdiyi ilk suallar belə olmuşdu.

– Sizi bu hadisəni törətməyə nə vadar etdi?

– Qorxu.

– Siz gecənin qaranlığından çoxmu qorxursunuz?

– Xeyr.

– Gecə itlərindən çoxmu qorxursunuz?

– Xeyr.

– Qəbristanlığın yanından keçərkən ölülərdən çoxmu qorxursunuz?

– Xeyr.

– Bəs siz nədən qorxursunuz?

– Mən adamlardan, bir də demokratiyadan qorxuram.

XXX

Bütün günü canını boğazına yığan insanların dəcəlliyindən sanki təzəcə rahatlıq tapmış gündüzü yola salan gecənin qaranlığında evə doğru gedirdim.

Bivaxt olduğundan küçələrdə bir kimsə, yollarda maşın gözə dəymirdi.

Hardasa yaxınlıqda itlər hürüşür, sanki bomboş, başsız qalmış şəhərdə azadlığa çıxmalarını bayram edirdilər.

Ağız-ağıza verib hürüşən itlər qəfil səslərini kəsdilər. Elə bil sükuta bürünmüş şəhərdə tək-tənha qaldım.

Vahimələndim. Yaxınlıqda addım səsi eşidildi. Dayandım. Addım səsi kəsildi. Geri çevrilmədən döş cibimdən çıxardığım siqareti mırıq dişlərimin arasında çeynəyə-çeynəyə yandırmağa çalışsam da, alınmadı.

Addım səsinin sahibini müəyyən etmək üçün astaca arxaya çevrildim. Kimsə gözə dəymirdi. Yan-yörəmə boylandım.

Külək utanmaz-utanmaz eyni vaxtda min yarpaqla zarafatlaşırdı.

Yarpaqlar qocaman çinardan belə həya etməyib sanki bir- birlərinin acığına nazlı-nazlı ətəklərini oynadırdılar. Yaz küləyi iri çinar ağacının yarpaqları ilə zarafatlaşla-zarafatlaşa arabir mənim də saçıma əl gəzdirirdi.

Addım səsi yenidən eşidildi. Vecimə deyilmiş kimi asta-asta yoluma davam etdim.

Amma fikrim arxamca gələn addım səsində qalmışdı. Mənim addımlarımla eyni ahəngdə səslənən sakit, tufeyli addım səsləri...

Yeni təmirli məktəbin qarşısından keçərkən addım səsi yenidən eşidildi. Geri çevrildim.

Kimsə kölgə kimi məktəbin böyrünə keçdi. “Məni qara basır, nədir?” deyə yan-yörəmə boylandım.

Bircə məktəbin ayaqyolu hissəsindəki divardan ağ boya ilə Mariya + Nadir = Sevgi düsturu ağarırdı.

Bu məktəbdə oxumuşdum. Bir müddət bu məktəb mənə çox doğma oldu. Hər il son zəngdə bura gəlirdim.

Onda Əsəd müəllim, Hilal müəllim, sinif rəhbərimiz Zivər müəllimə sağ idilər. Mənə doğma olan müəllimlərimi itirdikcə məktəb də öz doğmalığını itirdi.

İndi əvvəlki məktəbdən əsər-əlamət yoxdu. İndi yaraşıqlı, müasir texniki avadanlıqla təmin olunmuş məktəbdə mənim keçmişimi xatırladan heç nə qalmayıb.

Bircə məktəb həyətinin mərkəzindəki iri söyüd ağacından başqa. Bu ağaca söykənib 9 “a” sinfində oxuyan Nərgizə o qədər baxmışam ki...

Deyirlər ilk sevgi unudulmur. Bir vaxtlar az qala dərdindən öləcəyim Nərgiz indi heç yadıma da düşmür.

Elə bil sevgilər də bəzi adətlər kimi köhnəliblər. Ya yaşım ötüb deyə mən belə düşünürəm. Nə bilim...

Məktəblə üzbəüz “stoyanka”dan düşən işıgın fonunda giriş qapısının şüşəsinə yapışdırılmış son seçkilərdən qalan səsvermə təbliğatı plakatı gözə çarpırdı.

Sakit və kimsəsiz görünən məktəb həyətində sanki qalib və məğlub namizədlər arasında “soyuq müharibə” gedirdi.

Üzlərindən müştəbehlik, məyusluq, kinayə və qəzəb, çaşqınlıq, mübarizlik yağan bu simalar boy-boya verib demokratiya vitrininə naxış vururdular.

Bu keçid deyilən dövr mənim əsəblərimi tamam korlayıb. Evdə, məhəllədə, işdə ancaq bu keçid dövrünün xüsusiyyətlərindən söhbət gedir, hamı bir -birinə çımxırır, qışqırır, hətta bəzən sonluq yumruqla bitir.

Demokratiya öz kreslosunda xumarlanarkən, bəzi “demokratlar” dəridən-qabıqdan çıxa-çıxa nə istədiklərini heç özləri də bilmirlər.

Bu iqtidar müxalifət söhbətindən də ki lap zəhləm gedir, çoxpartiyalılığın da əleyhinəyəm.

Məndən olsa, elə hamı bir partiyada qərar tutar. Amma kimdi axı məni adam bilib fikrimi soruşan.

Yaxşı mən adam deyiləm, bəs nəyəm. Nəsən? Bic-bic özümdən soruşdum. Çox qətiyyətlə də cavabımı verdim.

“Sən Xalqsan! Heç kəsə lazım olmayan, amma hamıya lazımlı XALQ.” Sanki qulaqlarıma alqış səsləri gəldi.

Yəqin son sözdən sonra bu səsi eşitmək vərdişindəndir. Bir-iki addım irəlililəyib tanış simalarla üzbəüz dayandım.

“Xoş gördük sizi, ey həyatın zaman adlı nəhəng saatının əqrəblərində fırlanan vətənpərvərlər.

Nə vaxtdı səs-sorağınız eşidilmir. Hər axşam televizorda sizin çıxışlarınızı eşitməkdən lap bezmişdim.

O ki var döşədiniz ha, bir-birinizə. Sizə qulaq asandan sonra nənəm deyirdi ki, dünyanın nizam-intizamı pozulub. Anam isə “sanki hamı bu həyatı bir-birinin acığına yaşayır” deyirdi.

Balaca qızım “nə tərbiyəsiz əmidi”, böyük oğlum “adamı ruhdan salırlar, bunlar kimə nümunə ola bilərlər, ata” deyərək məni çətinliyə salırdılar.”

Hənirti səsi eşitdim. Qəfil başımı sağ tərəfə döndərdim.

Gözüm çox tanış bir şəklə sataşdı. “Bıy, xoş gördük səni. Sən lap keyfsən, vallah. Amma nə vədlər verdin bizə. Ay bədbəxt, güya sənə inanan vardı? Axı sən məninçün neyləyə bilərsən?

De də. Sən mənim nə istədiyimdən xəbərdarsan? Burnumun ucu göynəyir kəndimizdən ötrü. Sehirli bir dünyam qalıb orda.

O sehirli dünyam Azıx mağarasıdı.

Gecələr oğlanlarla mərcləşib səhəri orada açardıq. O gecə o qədər sehirli, o qədər mənalı görünərdi ki... Sanki qulağıma keçmişimdən səslər gələrdi.

Bu səslər məni cəsarətləndirirdi. İndi o səslər eşidilməz, mənim cəsarətim isə yox olub. Səncə bizdən sonra gələnlər bizdən hansı cəsarəti alacaqlar.

Səncə biz keçmişimizlə gələcəyimiz arasında alaq otları deyilikmi? Susursan. Çünki gücsüz və acizsən. Qorxaq və yaltaqsan.”

Yaman kişi-kişi danışdım. Daldada hamımız beləyik. Əşşi, bunları da qınamağa dəyməz.

Hərdən elə bilirəm ki, biz Allahın ən maraqlı oyuncaqlarıyıq. Yuxarıdakının bəxt, yerdəkinin siyasət adlı oyununun ən maraqlı oyuncaqları...

Birdən mənə elə gəldi ki, qarşısında dayandığım şüşənin arxasından bir kölgə mənə baxıb qeyb oldu.

Bu “Tot Mariya”nın kölgəsi idi. Bütün bədənim titrədi. Doğrusu içimə dəhşətli bir qorxu doldu.

Tot Mariya bizim köhnə qonşumuz idi, bu məktəbdə də düz otuz il azərbaycanlı şagirdlərə rus dilini öz ana dilləri kimi öyrətməklə məşğul olmuşdu.

İndi dünyasını çoxdan dəyişmiş Tot Mariyanın kölgəsinin gecənin bu tənhalığında gözümə görünməsi, qeyri-adi addım səsləri məni lap qorxuya salmışdı.

Elə bu an Tot Mariya ilə bağlı yaddaşımda ilişib qalmış bir hadisəni xatırladım.

Həmən hadisə indiki kimi yadımdadır. Əvvəllər iynənin ucu boyda da yalan danışmazdım, yaltaq adamdan da zəndi-zəhləm gedirdi.

Çünki qorxurdum. Uşaq vaxtı nənəm dönə-dönə tapşırmışdı ki, Bəlalı, bala, sözlərimi qulağında sırğa elə, cəhənnəmin qır qazanında yanmaq istəmirsənsə, lap padşahın özü olsa belə haqsızlığa göz yumma, yaltaq olub həqiqəti darda qoyma.

Peyğəmbərimiz də belə buyurub. Yəni nənəm elmi dildə desək, demokratiyanın tərəfdarı olub.

Mən də nənəmin bu demokratik fikirlərini qulaqlarımda sırğa etdim və cəhənnəmi o biri dünyaya səfər etməmiş elə diri gözlü bu dünyada gördüm. Qoy Peyğəmbərimiz də, nənəm də məni bağışlasın.

Elə o vaxtdan özbaşına qalmış demokratiyanın üstündən bir xətt çəkdim. İndi mən bir az yalançı, bir az da yaltağam. Çünki qorxulu olmayan şeylərdən qorxuram.

Deyəsən axı tot Mariya ilə bağlı bir xatirəmdən danışacaqdım. Deməli mən beşmənzilli evin ümumi dəhlizində oyuncaqlarımla oynayırdım. Bu dəhlizə beş qapı açılırdı.

Birinci qapıda tot Mariya, ikincidə biz, üçüncüdə Ziba xalagil, dördüncüdə Nəcəf dayıgil, beşincidə “sapojnik” Vazgen yaşayırdı. Tot Mariyanın əri azərbaycanlı idi.

Tez-tez araq içirdi. Hamı ona “piyanıska” deyirdi. Arada tot Mariya da içirdi. Sonra bir-birlərinə qoşulub gecə keçənə qədər rus mahnıları oxuyardular.

Çox vaxt nənəm onlarla bizim aramızdakı divarı çömçə ilə döyərək narazılığını bildirirdi. İnsafən onlar da tez səslərini kəsirdilər. Nəcəf dayı İranlı idi. Məhəllədə ona “demokrat Nəcəf” deyirdilər.

Nənəm danışırdı ki, o vaxt Rusnan İran sövdələşib bizi öz aralarında yarı böləndə Nəcəf əl boyda uşaqmış. Təsadüfən anasından aralı düşmüş Nəcəf sərhəddin bu tayında, yəni biz tərəfdə qalıbmış.

Bir nəfər onu götürüb öz övladı kimi böyütmüşdü. Nəcəf dayı çox mehriban, sakit bir adam idi. Həmişə balaca əl radiosunun düyməsini fırladaraq İran dalğasını tutmağa çalışırdı.

Bu dalğaya qulaq asa-asa fikrə gedən Nəcəf dayının gözləri o qədər kədərli, baxışları o qədər yazıq olurdu ki...

Rafiq əmiyə isə hamı məhəllədə “suka” deyirdi. Əlbəttə qonşular bunu bir-birlərinin qulağına az qala pıçıltı ilə söyləyirdilər. Üzünə deməyə isə kimsənin cəsarəti çatmazdı. Çünki o çox əsəbi idi.

Əsəbiləşdiyi zaman da çox gülməli görünürdü.

Rafiq əminin az qala mənim sarı topum boyda başı sanki çiyinlərinə plastilinlə yapışdırılmışdı.

Mən həmişə onun qulaqlarını çiyinlərində təsəvvür edirdim.

Çünkü o çiyinlərini qulaqlarına qədər apararaq elə bağırırdı ki, elə bilirdin indicə başı bədəninə ağırlıq edərək yerə diyirlənəcək. Mən bunları təsəvvürümdə yaradaraq xısın-xısın gülürdüm.

Beşinci mənzildə yaşayan, nənəm demişkən “Vazgen kirvə” çəkməçi idi. Tək yaşayırdı.

Bunun səbəbini hamıdan fərqli olaraq hamının taleyi ilə yaxşı mənada maraqlanan nənəmə də söyləmədiyindən çəkməçi Vazgenin nə məssəbə qulluq etdiyini heç kəs bilmirdi.

Amma qonşularla çox mehriban idi. Nənəm bişirdiyindən tez-tez ona da pay göndərirdi. Deyirdi təkdi, yazıqdı, qoy əməlli-başlı ev xorəyi yesin.

O da bu xorəkləri ləzzətlə yeyər, “ara, sizin bu yaprak dolması nə ləzzətli olur” deyərək nənənmin onun qarşısına tökdüyü sökük çəkmələri səliqə ilə tikərdi.

Hər yay nənəmlə kəndə getməyə hazırlaşanda “ay konşu, cənnətəmi gedirsən?” deyərkən bizim gedəcəyimiz Qarabağı nəzərdə tutardı. “Ora cənnətdi, cənnət. Allax sizə bağışlayıb” deyən Vazgen kirvə sanki cənnət Qarabağın Allah tərəfindən məhz bizə bağışlanmasına çox təəssüflənirdi. Niyə? Bilmirəm.

Deyəsən axı Tot Mariya ilə bağlı bir xatirəmdən danışacaqdım. Deməli, mən beşmərtəbəli evin beşinci mərtəbəsinin ümumi dəhlizində oyuncaqlarımla oynayırdım.

Elə bu vaxt “tot Mariya”nın eyni ilə mənim anamın yatarkən geydiyi xırda mavi gülləri olan gecəköynəyində Rəhim dayıgilə keçdiyini gördüm.

Hətta o əlində tutduğu iri şkoladlardan birini də mənə uzadaraq mehribanlıqla saçlarımı qarışdırdı.

Şkoladımı soymağa macal tapmamışdım ki, Ziba xala içi ərzaqlarla dolu iri torbaları yerə qoyub bir neçə yerdən rəngi qopmuş taxta qapılarını döyməyə başladı.

– İndicə bunu yatılı qoyub getmişəm. Hara getdi görən? Bəlalı bala, Rəhim əmini görməmisən?

– Yox, Ziba xala, amma Tot Mariya indicə sizə keçdi.

Bu söz ağzımdan çıxar-çıxmaz bir vay-şivən qopdu ki, gəl-görəsən. Rəhim əmi Ziba xalanın təpiklədiyi qapını aça-aça:

– Nə olub ağəz, nöş qapını sındırırsan? “Pojar”dı bəyəm?-deyə soruşdu.

– Həri, “pajar”dı!-deyərək Ziba xala Rəhim əmini qəzəblə itələyib içəri cumdu.

– Hanı, hanı o xaxol köpəyoğlunun qızı? Cırıcıyam onu.

Bu vaxt Mariya aralı qalmış qapının arxasından sivişib dəhlizə çıxdı. Təəccüblə ona baxdığımı görüb barmağını dodaqlarına apararaq mənə “sus” işarəsi verdi.

Dəhlizdə aləm qarışdı bir-birinə. Az keşməmiş Tot Mariya qırmızı güllü xalatda qapını açaraq:

– Şto sluçilos, Şto za şum? – deyə təəccüblə soruşdu.

Ziba xalanın gözləri bərələ qaldı. Sağa-sola boylanıb qəfil ikiəlli başıma elə bir qapaz vurdu ki, tot Mariyanın verdiyi şkoladın son tikəsi boğazımda ilişib qaldı.

İşdən qayıdan atamla anam məni o ki var danladılar. Tərbiyyəmin nənəm tərəfindən pozulduğunu iddia edən atam gördüklərimi olduğu kimi üdüləməyimin haradan gəldiyini elmi cəhətdən əsaslandırmağa çalışaraq belə nəticəyə gəldi ki, bu məndə babamdan genlə gəlmə vərdişdir.

Bu hadisədən bir müddət sonra Mariyanın əri Rafiq əmiylə nənəmim söhbətini eşitdim.

– Mariya getdi, Minə xala.

– Hara Rafiy?

– Nə bilim? Cəhənnəmə. Dedi Rafik proşşay, mən gedirəm, sənə müstəqillik verirəm get yaşa özünçün.

– A...

Nənəm barmağını dodaqlarına apararaq təəccüblə Rafiqə baxdı.

– Otuz il yaşayandan sonra Mariya məni atdı, Minə xala.

– Elə deyil Rafiy. Mariya otuz il sənə atdı. Sən bunu birdəfəlik anla.

Atam Rafiq əmini lap odlandırdı.

– Elə bilirdin xaxol axıra qədər sənə arvadlıq edəcək?!...

Anam iztehza ilə Rafiq əmini süzdü.

– O vaxt zavoda gələndə sakit, ağıllı bir qız idi. Nə bilim axırı belə olacaq.

– Xuruşşov səpələdi onları toxumluq kimi hər yana.

Atam qəzəbli-qəzəbli dilləndi.

– Yəqin o da fikirləşib ki, hamı bir-birinə qaynıyıb-qarışar. Dava-dalaş olmaz. Hamımızı yaradan Allah da birdi. Bəndələrini də bir görmək istər,-bunu nənəm dedi. O, öz fikirləri ilə Avropa Birliyinə daxil olmuşkən var idi.

Indi üstündən illər keçmiş bir hadisəni yenidən yaşamağım, Tot Mariyanın ruhunun gözümə görünməyi məni lap çaş-baş salmışdı.

Xəyalımdan ayrılarkən addım səsini lap yaxından eşitdim. Ürəyim şiddətlə döyünməyə başladı. Addımlarımı yeyinləşdirdim. “Yox bu köpəyoğlu mənim izimə düşüb.

Soymaq üçün fürsət axtarır. Yəqin bankamatdan pul almağımı görüb.” Əlimi şalvarımın sağ cibinə dürtərək bərk-bərk sıxdım.

Addım səsi lap yaxınlıqda eşidildi. Qəfil ayağıma toxunan daşdan büdrədim.

Yıxılmamaq üçün yerə dirəmək istədiyim sağ əlim iri daş parçasından yapışdı. Sanki daşda sehr varmış kimi özümdə bir cəsarət hiss edib:

– Köpəyoğlu, nə düşmüsən arxamca?-deyərək daş parçasını var gücümlə bayaqdan kölgə kimi məni izləyən adama tərəf qolazladım.

Onun bağırıb yerə sərilməsi ilə üçüncü bir şəxsin peyda olması eyni vaxtda oldu və mən mat-məəttəl qaldım. Vurub yerə sərdiyim şəxsi qaldırmağa çalışsam da, o heysiz idi.

– Məni niyə vurdun?

– Qorxdum. Sən düz bir saatdı ki, mənim izimə düşmüsən. Fikirləşdim ki, məni soymaq üçün fürsət axtarırsan.

– Deməli, ikimiz də qorxudan bu hala düşdük.

– Sən kimdən qorxurdun?

O bir kənarda yazıq-yazıq dayanmış şəxsə tərəf baxdı. Bayaqdan bəri az qala unutduğum adama tərəf döndüm.

O, iri toxunma səbəti əlində bərk-bərk tutaraq dinməz-söyləməz bizə tamaşa edirdi. Təəccüblə ona baxdığımızı hiss edib bizə yaxınlaşdı.

– Bağışla məni, Həmid. Ömrü boyu düşmən oldum sənə. İndi çox peşmanam.

O vaxt cavandım, qanmadım. Elə bildim həyətə alma dərməyə yox, Nailəyə baxmaq üçün keçmisən. Axı bizdə başqasının arvadına göz dikmək qeyrətsizlikdi. Səni hədələdim.

Dedim gecələrin birində bu ağacın almalarının hamısın sənə yedirəcəm. Sonra da gəbərdəcəm it kimi.

Bilirəm ki, sən elə qeyrətsiz oğlan deyildin. Bağışla məni. Bax, sənə bir səbət alma gətirmişəm, həmən ağacdandır.

O, bu sözləri arxasınca atlı gəlirmiş kimi birnəfəsə dedi.

Həmidin dodaqları qaçdı. Yüngülcə gülümsədi.

– Məhəlləmizdə keçmişimdən mənə yadigar qalan bircə sənsən, Həmid. Ölən-öldü, qalan köçdü məhəllədən. Elə hey keçmiş xatirələrimlə yaşayıram. Qopa bilmirəm onlardan.

Hər gecə köhnə məhəlləmiz yuxuma girir. Keçmişimlə bu günümün arasında azıb qalmışam. Nəyi itirdim, nəyi qazandım bilmirəm...

Həmid dikəlmək istədi. Bacarmadı.

– Sən məni bağışladınmı?

Üçüncü şəxs əlindəki səbəti bərk-bərk tutaraq Həmidə tərəf əyilib yazıq-yazıq soruşdu.

– Yox, sən məni bağışla. Mən hər gecə sizin həyətə alma dərmək bəhanəsi ilə qaranlıqdan daha aydın görünən işıqlı otaqda yarıçılpaq uzanmış Nailəyə baxmaq üçün keçirdim.

Üçüncü şəxsin əlində bərk-bərk tutduğu səbət tappıltı ilə yerə düşdü. Səbətdən tökülüb ətrafa diyirlənən almalar sanki mənə tərəf baxaraq bic-bic gülürdülər...

XS
SM
MD
LG