Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Daşqından zərərçəkənlər prezidentə müraciət etdilər


Sabirabad rayonunun daşqınlardan zəzərçəkən Azadaskənd, Mürsəlli, Ulacalı, Qaragüney və daha bir neçə kəndin sakinləri avqustun 3-də prezident İlham Əliyevə və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ediblər. Onlar əvvəlcə etiraz aksiyası keçirməyi planlaşdırıblar, amma son anda fikirlərindən daşınıblar.

Zərərçəkənlər dəymiş ziyana görə onlara verilən yardımların azlığından və ayrılan vəsaitin ədalətli bölüşdürülməməsindən narazıdılar.

Azadakənd sakinlərinin dediyinə görə, kənddə ziyan dəyən 200 evdən yalnız 115-nə kompensasiya verilib. Kompensasiyaların da ədalətli bölüşdürülmədiyini iddia edən sakinlər bu məsələdə icra nümayəndələrini günahlandırırlar. Kənd sakini Hacağa Cəfərov deyir ki, evləri yaşayış üçün tam yarasız olsa da evi elə qeydiyyta alıblar ki, güya həmin evdə xırda bərkitmə işinə ehtiyac var.

«Yaşayış üçün təhlükəli olduğuna görə bizə həmin evdə yaşamağı qadağan ediblər, amma kənd icra nümayəndəsinin təkidilə yazılıb ki, evin yalnız bərpa və bərkitməsinə ehtiyac var».

Azadakən, Xankeçən, Çağırqan və Poladtoğayı kəndlərinin icra nümayəndəsi Amil Vəlişov isə kompensasiyaları öz yaxınlarına verilməsilə bağlı sakinlərin dediklərini təkzib edir:

«Mənim öz evim uçub, heç öz evimə görə yardım ala bilmirəm, hardan başqasına yardım edə bilərəm. Mən kiməm ki, kiməsə yardım yazam. Yardımı özləri paylayır, mənim orda heç bir rolum yoxdur. Sadəcə evləri göstərirəm, vəsslam».

Kompensasiyaların məbləğinə gəldikdə, icra nümayəndəsi deyir ki, daşqınlardan zərərçəkən evlərin 40 kvadrat metrinə 400, 80 kvadrat metrinə 800, bundan artıq zərərə görə isə 1000 manat yardım verilir.

Daşqınlardan zərərçəkən sakinlər ayrılan vəsait çox az olduğunu və evlərin bərpasına çatmadığını deyirlər.

Avqustun 2-də adı çəkilən kəndlərin 400-ə yaxın sakini Sabirabad rayon icra hakimiyyətinin başçısı ilə görüşüb ona öz narazılıqlarını çatdırıblar.

Daşqınlar zamanı evləri tamamilə uçub-dağılan sakinlərə pul verilmir, onlara yeni evlər tikilir.

Bəzi kəndlərdə artıq yeni evlərin tikintisinə başlanılıb.
XS
SM
MD
LG