Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

«Əliyalın adamları niyə döydülər?»


Sabirabad sakinləri ötən ay Prezident Administrasiyasının qarşısında da aksiya keçirmişdilər, 20 iyul 2010
«Mən xahiş eləyirəm ki, bu əliyalın camaatın döyülməsini yazasız. Niyə əliyalın camaatı döyüblər? Onlar öz haqlarını tələb etməyə gediblər. Mənim familiyam Əhmədov Səyyah Əli oğlu. Kuba veteranı, Ulacalı kənd sakini».

Sabirabadlı Səyyah dayı yerli hökumətlə danışmağa gedən həmkəndlilərinin döyülüb pərən-pərən salınmasından incidiyini deyir və elə hey sual verir ki, niyə polis əliyalın camaata zor göstərib?

Avqustun 12-də səhər saatlarında üç kəndin – Ulacalı, Mürsəl və Şıxlar kəndlərinin bəzi sakinləri yığışıb Şirvan-Sabirabad yolunu bağlamağa qərar veriblər. Kənd sakini Səbahəd Zeynalov:

«Polis arvad-uşaq, qoca-kişi bilmədi, hamını saldı dubinkanın altına. Mənim də ayağımı vurub sındırıblar, indi qalmışam burda».

«BİLİNMİR Kİ, VERİLƏN PUL NƏ ÜÇÜNDÜR»

Kənd sakinləri sel-daşqın zamanı dağıdılmış evlərinə görə kompensasiyaların ədalətli paylanmasını istəyirlər. Ulacalı sakini Vaqif Alışov deyir ki, hərəyə bir məbləğdə kompensasiya verilir və özü də əsasən kənd icra nümayəndəsinin qohum-əqrəbasına:

«Suyun içində qalan evlərə verməyiblər, adamın gülməyi gəlir. 120 adama vermişdilər, şikayət olandan sonra təxminən 50 nəfərə də verdilər. Amma adamlar bilmir ki, bu nə puludur, təmir üçündür, ya təzminatdır?»

«TƏMİR PULU ÜÇÜN 1000 MANAT»

«Hərəyə bir məbləğdə kompensasiya verilir və özü də əsasən kənd icra nümayəndəsinin qohum-əqrəbasına»
Vaqif Alışovun sözlərinə görə, kompensasiya alan adamlara hansısa sənədə qol çəkdirirlər və onlara heç bir qəbz təqdim eləmirlər. Kəndin icra nümayəndəsi Nazim Cavadov verilən məbləğin arasında həm təzminat, həm də təmir pulu olduğunu söyləyir. Onun özünə də təmir üçün 1000 manat veriblər.

- Bəs qəbz niyə verilmir?

- Poçt paylayır pulu. Şəxsiyyət vəsiqəsini aparırlar, qol çəkib alırlar pulu. Qəbzə ehtiyac yoxdur ki.

Nazim Cavadov kompensasiyanın əsasən onun qohum-əqrəbasına paylanmasıyla bağlı iddiaları isə əsassız sayır.

«KÖÇÜRÜLƏCƏK EVLƏRƏ KOMPENSASİYA VERİLMİR»

Kəndin bəzi sakinlərinin kompensasiyadan kənar qalmasını isə icra nümayəndəsi iki bənd arasındakı ərazinin köçürüləcəyilə izah edir:

«Oranı köçürmək istəyirlər, ona görə də adamlara kompensasiya verilməyib. Mən də onların sənədlərini qoymuşam stolun üstünə».

Camaatın köçürülməsindən narazı olmasına gəlincə, icra nümayəndəsi bu məsələnin həllinin onun səlahiyyətində olmadığını dedi.

Mehman Əliyev
Sakinlər 20-ə yaxın kənd sakinin polisə aparıldığını deyir. Sabirabad rayon polis idarəsindən də AzadlıqRadiosuna bildirdilər ki, gətirilən adamlar polisə tabe olmayıblar, qanunsuz yürüş keçirmək istəyiblər. İndi polisə gətiriblər və onlarla söhbət aparılır – yerli polis idarəsinin növbətçisi deyir.

«İDARƏETMƏNİN YARATDIĞI FƏLAKƏT»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev daşqınla bölgəsindəki prosesləri izlədiklərini deyir. Onun sözlərinə görə, kompensasiya verilməsiylə bağlı digər yerlərdə də ciddi narahatlıqlar var və 300 milyon manatlıq kompensasiya böyük bir məmur ordusunu hərəkətə gətirib. Mehman Əliyev Ulacalıda iki bənd arasında sakinlərin köçürülmə məsələsini də yanlış addım sayır:

«Bizdə yaranan fəlakət təbii fəlakətin yox, idarəetmənin yaratdığı fəlakətdir. Sovet dövründə bu kəndlər salınıb, elə problem olsaydı, o vaxtlar da olardı. İcazə verməzdilər ki, orda ev tikilsin. Deməli, zəmanətləri çox böyük olub. İndi Mingəçevir su anbarının yanında o boyda şəhər var, köçürülməlidir?»

Sabirabadın Ulacalı kəndinin sakinləri isə daşqından sonra yaranan yeni problemlərin həlliylə mübarizənin nə vaxta qədər çəkəcəyini bilmirlər, onları bircə şey narahat edir ki, qarşıdan soyuq fəsillər gəlir, başlarını salmağa isə hələ ki, evləri yoxdur.
XS
SM
MD
LG