Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:52

Elmar Vüqarlı "Zibillik şairi"


Zibillik şairi

Əvvəl atamın ölümü,
sonra da uşaqlıq günahlarım,
Qarabağ müharibəsi,
anamın zəhlətökən deyinmələri
bezdirdi məni həyatdan….

Baş götürüb qaçmağa yer tapmadım,
götür-qoy etdim özüm özümü
bu ömürdümü deyə-deyə…

Tənhalıq pas kimi çürütdü qura bilmədiyim xəyallarımı,
kəndirə keçirib boğazından asdım arzularımı.
Qəlbimdəki sevgiləri bir-bir öldürüb basdırdım
hara gəldi, necə gəldi.

Həyasızcasına inandırmışdılar
bəzi şeylərin aliliyinə, müqəddəsliyinə!!!
Nədənsə Vətən sevgisi ölməmişdi qəlbimdə,
demə o da can verirmiş özü-öz içində.

Əsgərlikdə olanda onun da başına daş salıb
basdırdım o birilərin yanına.
Vətənini gecə-gündüz söyən,
“day-dayı”sı olmayan əksər zabitlər, yoxsullar kimi…

Mən həsrət şairiyəm,
qəm şairiyəm,
ölü diriyəm!- deyən şair dostlarım yadıma düşdü;
bir də sovetli, sovetsiz günlərdən danışıb
“kaş yaranmayaydıq!” deyən qonşumz Qəzənfər kişi…
Amma biz yaranmışdıq!

Nə yazıq ki, zamansız…
Bu suala cavab gəzir hər kəs ağız dolusu danışıb:
“İnsanlıq nəcisdir, yoxsa gözəllik?”
“Nədirsə bunların arasındadır” bildirir
əqidəsiz, heyvan hissli humanistlər, liberallar…

Gözlərimi açandan zibillik, nəcis gördüm hər yanı;
qulaqlarımda cingildəyən ilk səs nənəmin –
“bura bir də zibil atanın ölüsünə lənət!” sözləri oldu…

Zədələnmiş ötən günlərin nəcis qoxulu bataqlığında batıb qaldım
və sonda anladım ki, mən kiməm:
“Gözləri qan, yaşlı qələmi qabarlı,
Mən zibillik şairi Vüqarlıyam, Vüqarlı!”


Geriyə baxmadan

Titrəyərsənmi toxunsam dodaqlarına?
Ölərsənmi gözlərini qırpmadan
səni sevən birisi üçün?
Qaçarsanmı geriyə baxmadan mənimlə
son dayanacağı bilinməyən sonsuzluğa?

Gəl and içək,
yalan danışaq,
aldadaq bir-birimizi….
Onsuz da hər şey yalandı!!!

Heç kəsin deyə bilməyəcəyi bir yerə aparır bizi bu gecə,
saxlaya bilməz bizi bu yoldan göylərin hökmü!
Gəl bu gecəni bir ömür kimi yaşayaq,
gəl rəqs edək qəlbimizin ritmi ilə,
al məni qollarına…

Axı sən mənim yazmadığım şeirsən,
oxumadığım ən həzin nəğməm!
Hər şeyi alt-üst etməyə,
məni yarı yolda qoymağa tələsmə belə…

Əlini əlimə ver,
gəl qaçaq,
gizlənək bizi izləyən səhərin qayğısından,
günəşin şüasından,
Allahın dünyasından…

Qapanaq dünyamızın zülmətinə,
qaradan artıq boyaq olmaz ki.
Bəlkə mən çox dərinə getmişəm?
Bəlkə ağlımı mən itirmişəm?
Boş ver məni, əzizim!
Sən mənimləsən bu gecə,
mən də səninlə….


13-lər

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Gültəkin
1.28 may meydanı…
Didib parçalayır
insan insanı!

2.Soyuq divarlarda
ofsayd deputatların
cırılmış plakat nişanı.

3.Bir tərəfdə
alıb verən kişilərin
əlində arvad tumanı.

4.”Çek, dollar, rus pulu”
çığıranların
“Bayatı-kürd” muğamı.

5.Kontur davasına çıxanların
söyünc dolu fəğanı.

6.Yanan zıbillərin
gözyaşardıcı
tüstüsü, dumanı…
Bu füsünkar mənzərə
necə cəlb etməsin
yabançı insanı.

7.Mən yabançıyam!

8.Öz əvvəlki yolundadı
həm yolunun sağında,
həm solundadı
binası təzə bəzəkdən çıxmış
Neft Akademiyası –
aborigenlərin əzabı, yası,

9. maqnitofondan anqıran
gönüqalın manısın fikrincə,
alın yazısı.

10. Milli Bankın
kasıbın gözünə mil çəkən,
göyə millənən
əzəməti önündə
intihar edir hər gün
ürəyində neçələri.

11. Buranın bir başqadır gecələri,
bəzən sakit həyatlı,
bəzən toylu-busatlı.

12. Bakı vağzalının
qırılmış, sökülmüş,
öz-özünə tökülmüş
pəncərə şüşələri
daha qarşılamır səhərləri.

13. Azad Qadın carçısı da
dərin fikrə dalıb,
ətrafını
arzusunda olduğu
Sevillər, Almazlar..
daha nə bilim,
çadrasızlar alıb…

Sual işarəsitək
bükülüb içinə,
artıq dayanmır vüqarlı,
uca tut başını,
ay Cabbarlı!

Nəzərlərdən gizlənib
narahat olma,
“Soğun çiçək” kimi solma,
səndən cavab gözləmirəm,
nə düşündüyünü
üzündən bilirəm.
Əllərin qoynunda
düşünürsən ki,
bizə belə azadlıq
lazımıydımı?


Gec də olsa, Sabahınız xeyir!

Müqəddəs üfüqlərin
cinayət məngənəsində
günəşin boğduğu qaranlıq
qanla təslim olur;
yenə bir gün doğur
nəmli zirzəmilərə,
toz basmış evlərə,
unudulmuş kəndlərə,
tıxaclı şəhərlərə….

Səhərin xor ansamblı quşların
səmalardan aləmlərə
şou-binessiz,
fonoqramsız,
alqışsız konserti,
eyni zamanda
şəhərləri süpürən
süpürgələrin ahəngi,
məscidlərin azanı,
kilsələrin zəngi….

Bu xaosun yaratdığı
ilk vahimədən
səksəkəli təbiət əsnəyir,
hər nizamlı kosmos da
mikro-kosmikləri
xaosa səsləyir….

Bir azdan
sonu bitməyən
dartadart, soxhasox
başlayacaq,
kimlərsə
kiminsə
ünvanını
daşlayacaq,
əksəriyyət sürünəcək,
digərləri əziləcək,
şeytan qolları altında
həyatı
xaos bürüyəcək.

Yenə kifirlər gözəl,
zalımlar haqlı,
nisbilər əzəl,
gerçəklər yalan
görünəcək,
özümüz də bilmədən
içimizdə bir sevgi də
can verəcək….

Amma….
hər şeyə rəğmən,
gecələrin əlindən,
canını zornan,
güc-bəlaynan qurtarmış
yaralı bir Səhər açılır,
gec də olsa, Sabahınız xeyir!
XS
SM
MD
LG