Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Mənzillər hansı jurnalistlərə paylanacaq?


Mənzillərin jurnalistlər arasında bölünməsi hansı qayda ilə həyata keçiriləcək
Mənzillərin jurnalistlər arasında bölünməsi hansı qayda ilə həyata keçiriləcək
«Maliyyənin ayrılması, bu işin təşəbbüsünü ölkənin prezidenti həyata keçirib. Sərəncam ona məxsusdur. Ümidim onadır ki, bu işi həyata keçirəcək məmurlar heç olmasa evlərin paylanmasında ədalətli olacaqlar».

«Yeni Müsavat» qəzetinin müxbiri, evi olmayan jurnalist Etibar Seyidağa belə deyir. O hesab edir ki, dövlət başçısının sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan 5 milyon manat vəsaitə tikiləcək mənzilləri Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ədalətlə paylayacaq.

PREZIDENT BU İŞİ NƏZARƏTDƏ SAXLAMALIDIR


Milli Mətbuat Günü müxalifət qəzetlərinin müxbirlərinə də fəxri adların, mükafatların verilməsi, eləcə də digər bu kimi faktorlar ona bu cür düşünməyə əsas verir. Deyir ki, amma hər halda prezident özü bu işi nəzarətdə saxlamalıdır. Yoxsa yenə də şəxsi münasibətlər, tanışlıq məsələləri işi korlaya bilər.

Ancaq bu bölgünün ədalətli aparılacağına ümumiyyətlə inanmayan jurnalistlər də var.

Bu ilin iyul ayında - Milli Mətbuatın 135 illiyi münasibətilə prezident İlham Əliyev özünün ehtiyyat fondundan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb. Elə həmin vaxtdan da bu vəsaitə neçə mənzil tikmək və nə qədər jurnalisti evlə təmin etməyin mümkünlüyü barədə müzakirələr gedir, araşdırmalar aparılır. Fondun özündən verilən məlumatlarda bu məqsəd üçün hər mərtəbədə 4-5 mənzil olmaqla bir 16 mərtəbəli binanın inşa ediləcəyi bildirilir.

Ramil Osmanlı
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, ayrılan vəsaitlə daha çox jurnalisti mənzillə təmin etmək olar. Çünki, hətta yüksək qiymətlərlə iş görən tikinti şirkətlərindən aldıqları cavablardan bəlli olur ki, 5 milyon manata 150 mənzildən ibarət 16 mərtəbəli 2 bloklu bina tikmək mümkündür. Halbuki, o şirkətlərin təqdim etdiyi layihədə gözlənilməyən və digər xərclər şişirdilib. Prezidentin sərəncamı əsasında ayrılan vəsaitlə gerçəkləşən tikintidə isə belə xərclər olmaya bilər. Yəni torpaq sahəsinin alınması və sair məsələlər:

FONDUN AÇIQLADIĞI RƏQƏM REALLIĞI ƏKS ETDİRMİR

«Biz hesab edirik ki, fondun açıqladığı rəqəm reallığı əks etdirmir. Yəni 80-90-dır səhv eləmirəmsə deyilən mənzil sayı. Amma biz hesab edirik ki, buna uyğun təxminən 120 təmirli mənzil inşa etmək mümkündür. Məsələnin başqa bir tərəfi də var. Məsələn, bizim yanaşmamıza görə indi əsas prioritet jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsidir, nəinki kimlərinsə daha geniş və təmirli mənzillərlə təmin olunması. Ona görə hesab edirik ki, mənzillərin ölçülərini kiçiltməklə daha çox jurnalisti evlə təmin etmək mümkündür. Ancaq kiməsə 3 otaqlı geniş mənzil lazımdırsa, onu bu layihəyə salmağın ümumi işə daha çox ziyanı olacaq».

Ramil Osmanova görə, bu prosesdə şəffaflığı təmin etmək üçün tikinti şirkətləri arasında həmin məbləğə uyğun keçiriləcək tender KİV üçün açıq olmalıdır.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli isə indidən bu barədə mətbuatda tələsik fikir yürüdülməsindən narazıdır. Deyir ki, artıq tikiləcək bina üçün torpaq ayrılıb. Özü də pulsuz. İndi onun sənədləşdirilməsi işi gedir. Sonra müəyyənləşdiriləcək ki, ayrılan vəsaitə orada neçə kvatratmetrlik bina tikmək olar. Bundan sonra tender elan olunacaq:

BİZ DƏ İSTƏYƏRİK Kİ, UCUZ VƏ KEYFİYYƏTLİ OLSUN

«Hər bir iş getdikcə şəffaf şəkildə mətbuatda bu barədə məlumat veriləcək. Hər bir köpüyün nəyə işlənməsi barədə hesabat veriləcək. O deyilən şirkətlər buyursunlar gəlsinlər həmin tenderdə iştirak etsinlər. İnandırsınlar ki, imkanları var və bu qiymətə tikə bilərlər binanı. Əlbəttə, biz də istəyərik ki, ucuz və keyfiyyətli olsun. Bu iş şəxsən prezidentin nəzarətindədir və gözəl bir bina olacaq. Dənizin kənarında, gözəl bir yerdədir. Və mənzillər təmir olunmuş halda jurnalistlərə təhvil veriləcək».

Bəs mənzillərin jurnalistlər arasında bölünməsi hansı qayda ilə həyata keçiriləcək. Vüqar Səfərli deyir ki, hələlik bu bölgünü aparmağın kriteriyaları müəyyənləşməyib.

MƏNZİLLƏR ƏSASƏN MÜSTƏQİL MEDİANIN TƏMSİLÇİLƏRI ARASINDA PAYLANMALIDIR

Ələsgər Məmmədli
Media eksperti Ələsgər Məmmədli isə deyir ki, belə vacib məsələlər konkretləşməmiş işə başlamaq, ümumiyyətlə vəsaitin ayrılması tələskənlikdir. Yəni prosesin sonadək normal başa çatdırılması üçün əvvəlcədən onun hüquqi bazası olmalıdır. Bununla belə, ola bilsin ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mənzillərin bölünməsində ədalətli olmaq üçün əlindən gələni edəcək. Amma bu heç də bölgünün ədalətli olacağını təmin etmir:

«Prezident Yanında KİV-ə Dəstək Fondunun 9 üzvünün səhv eləmirəmsə 2–si Mətbuat Şurasındandır. Ola bilsin ki, onlar çalışacaqlar ki, maksimum nəticə əldə etsinlər. Amma yenə də əgər konkret olaraq onların qarşısına yuxarıdan siyahı gələcəksə, mən inanmıram ki, onlar o siyahını kənara qoyub öz siyahılarını ortaya çıxartsınlar. Yəni onları təyin edən qurum qarşısında o qədər də müstəqil deyillər».

Ələsgər Məmmədli hesab edir ki, mənzillər əsasən müstəqil medianın təmsilçiləri arasında paylanmalıdır. Əgər daha çox dövlətdən maliyyələşən KİV işçilərinə paylansa, bu proses jurnalistlərin dövlət mediasına meyllənməsini gücləndirəcək.
XS
SM
MD
LG