Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

ZAUR "Şuşa" (Hekayə)


Qarabağdan ayrılanda onun beş yaşı yeni tamam olmuşdu. Amma hər şey bu gün kimi yaddındaydı. O gecə...

Həmin gün atası axşam evə gəlib, onu və ansını , hərbi vertolyotla Bakıya yola salmış, özü isə orda qalmışdı.

Evlərini tərk etmək istəməyən balaca Şuşa ağlayıb, vertolyota minmək istəməmiş, atasının onu qucaqlayaraq: - Qızım, sən ananla get, bir neçə günə mən də əsgər əmilərlə şəhərimizi müdafiyə edib, erməniləri qovub, gəlib, səni də, ananı da götürüb, qaytaracağam öz evimizə, - demişdi.

O zaman Şuşa balaca uşaq olsa da, evdən çıxarkən gəlinciklərini belə götürməmiş, içində evələrinə yenidən qayıdacaq ümidi bəsləmişdi.

Atasının vertolyotla onları yola salarkən söylədiyi sözlər balaca Şuşanın bir daha evə qayıtmaq ümidini artırmışdı.

Lakin Bakıya gəlib, universitetlərin birinin yataqxanasında anasıyla birgə kiçik bir otaqda yerləşəndən xeyli müddət ötsə də, atası gəlmədi. Azər qızına verdiyi sözdə yalançı çıxmışdı.

Nə şəhəri müdafiə edə bildi, nə də ki, gəlib, ailəsini apardı. Şuşa ətrafında gedən döyüşlərdə şəhid oldu.

O gündən bu günə qədər də ata həsrəti Şuşanı nə qədər didib – parçalasa da, içində atasına qarşı bir barışmazlıq da bəsləyirdi: “O, öz torpağını, ailəsini müdafiyə edə bilmədi. Bizi aldatdı...” - deyə düşünürdü balaca Şuşa...

Amma zavallı qızcığaz anlamırdı ki, burada azərlərin heç bir günahı yoxdu. Həmin vaxtlarda Qarabağın digər cənnət güşələri kimi Şuşanı da alan, pulunu verib almış, satan da pulunu alıb, satmışdı.

Bu bir siyasi oyun idi ki, xalqın günahsız balalarını həmin rayonların müdafiəsində qırdırdılar. Neçə - neçə şuşaların da qəlbində atalarına qarşı nifrət hissi oyatdılar.

Məhz bu üzdən də Şuşa bu gün də həmin gecə evlərini tərk etmələrində ən böyük günahı atasında görürdü.

Ona elə gəlirdi ki, əgər həmin günü atası onları məcburi Bakıya yollamasaydı, indi də orada yaşayacaqdılar. Odur ki, həmişə anası atasını xatırlayıb, ağlayarkən: - Ağlama, onun üçün.

Bu gün sənin, mənim burada başsız qalmağımızın səbəbkarı o və onun kimi qarabağ kişiləridi, - deyə acıqlanırdı.

Orta məktəbin səkkizinci sinf şagirdi olan balaca Şuşaya anası da nə qədər anlatmağa çalışmışdısa da ki, bu bir müharibəydi, müəyyən maraqlı dövlətlərin siyasi oyunuydu, anlada bilməmişdi.

Şuşa bütün günahları atasında görürdü.

Elə bir gecə olmurdu ki, yatıb Şuşanın mərkəzindəki kürsülü, həyət – bacalı evlərini görməsin.

Yuxuda hər növ meyvə ağacları olan həyətlərinin hər tərəfin gəzir, dolanır, lakin meyvəsindən yeməyə bir ağac tapa bilmirdi.

Həyətlərində sərbəst dolaşsa da, uçulub – dağılmış evlərinə girə bilmirdi.

Bu evin yandırılmış, pəncərələri sındırılmış, elektrik xəttləri kəsilmiş otaqlarının birində işıq yanırdı.

Şuşa yuxuda nə qədər bu otağa girməyə cəhd etsə də, qorxurdu, içini vahimə alırdı deyə otağa girə bilmirdi. Nəyi idi axı bu işıq?!

Evlərini tərk edəndən bəri buralar çox dəyişdişdi. Həyətlərindəki ağaclar qurumuş, güllər solmuşdu.

Şuşa nə qədər hönkürə - hönkürə, ağaclarını sulamaq üçün bulaq gəzirdisə, su tapa bilmirdi.

Qarabağın bütün bulaqları qurumuşdu. Sanki, bulaqlar da düşmənlə müharibə edirdilər və öz halal sularından düşmənə vermək istəmirdilər.

Uşaq vaxtı atasının onu həmişə gəzməyə, təmiz hava almağa apardığı, lalə gülləriylə döşəmə kimi bəzənən Cıdır düzünün də yuxuda lalələri qurumuş, qumluq səhralıq olmuşdu.

Sanki, bu balaca qızcığaz Şuşayla yanaşı bütün Qarabağ ağlayırdı.

Bütün susuz bulaqlar, qurumuş ağaclar, solmuş güllər, həsrətdən çat verən torpaqlar – hamı Şuşadan kömək istəyirdi.

Amma neyləyə bilərdi bu uşaq?! Ancaq əlindən hər belə yuxu gördükdə, içində atasına qarşı olan kinini daha da artıra bilərdi, belə də edirdi.

Bu gecə də yuxuda həyətlərini gördü. Bu dəfə tamam fərqli...

Ağacları cücərmiş, gülləri tumurcuqlamış, torpağı yaşıl otlar, qırmızı lalələrlə bəzənmiş həyətləri... Amma evləri yenə də həmin vəziyyətdəydi: Dağılıb, uçulmuş...

Yeganə yenə də evin bir otağının işığı yanırdı. Şuşa həyətlərini əvvəlki kimi təravətli gördükdə, sevinir, quş olub, göylərə qalxmaq, bu gözəlliyi göylərdən seyr etmək istəyirdi.

Bir anlığa qoluna toxunan kobud kişi əllərini görüb, diksindi. Baxanda xeyli yaşlanmış, qara saçlarından əsər - əlamət belə qalmayan, köhnə, nimdaş geyimli atasını tanıdı:

- Qızım, məni tanımadın, mənəm də, atan...

Şuşa yuxuda da atasından incik idi. Burda niyə incikdi, bunu bilmirəm. Odur ki, laqeydcasına cavab verdi:

- Tanıdım, hə, nə olsun?!

Ata qabarlı əlləriylə qızını qucaqlayaraq, köksünə sıxıb:

- Mənim balam, niyə axı mənimlə belə davranır?!

Şuşa bir uşaq şıltaqlığıyla:

- Niyə olcaq, gör evimiz nə gündədi, bu gün sabah məktəbi qurtarıram, sinif yoldaşlarım bizə gələcək. Mən belə uçulub – dağılmış evə necə gətirim dostlarımı, hə?..

- Mənim balam, sizi Bakıya yola salandan bəri bir saniyə də olsa buranı tərk etmədim, - deyərək, şəhadət barmağıyla, uçulub, dağılmış evdə işıq yanan otağı göstərərək: - Bax, qızım, hamı çıxıb getsə də, mən burda qaldım.

Sizin yolunuzu gözləyirəm, narahat olma, sən dostlarınla gələnəcən, həyəti necə abadlaşdırdımsa, evi də düzəldəcəyəm. Yetər ki, sən ürəyində atana qarşı olan kinini çıxar. Axı mən sənin atanam.

Öz övladına Şuşa adını verən bir ata necə qorxaq, qeyrətsiz ola bilər axı, - deyib, kövrəlib, göz yaşları, uzun qara düz saçları olan qızının tellərinə düşdü. Sanki bu gözyaşlarıyla da atasına qarşı olan kini tamam yox oldu, Şuşanın.

O, hönkürərək: - Ata, nə olar, gedək, anamı da gətirək,- deyib, qabarlı əllərdən tutub, dartdı. Amma Azər: - Yox, qızım,mən buranı tərk edə bilmərəm.

Bəs, mən buranı tərk etsəm, kim buraları qoruyacaq, ağacına, gülünə, torpağına kim qulluq edəcəkdi, - deyərək, əlavə etdi: - Sən get qızım. Arxayın ol, atan yenə də balası olan Şuşadadı, heç oranı tərk etmədi...

Bu yerdə Şuşa yuxudan oyandı. Yatağı tər – suyun içindəydi. O, anasını səslədi:

- Ana!..

Dəhlizdə, ümumi mətbəxdə çay qaynadan Sənubər qızının qışqırıq səsinə tələsik otağa girdi:

- Nə olub, mənim balam?!

Şuşa yataq paltarında ilk dəfəydi ki, anasının yanında yerindən qalxıb, onun boynuna sarıldı:

- Ana mən atamı, atamın balası Şuşanı da çox sevirəm. Ana, biz atamın yanına - Şuşaya qayıtmalıyığ, onları tək qoymamalıyığ, - deyib, hönkürdü.

25 Sentyabr, 2010.
Bakı şəhəri.
XS
SM
MD
LG