Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:45

Rafiq Tağı "Magistral xətlər keçə o torpağın üstündən..." (Hekayə)


Professor Rəşidin dilinə söz düşüb - Yer kürəsinin bir parçası onundur. Kvadrat formalı torpağın yan xətlərindən

Yerin mərkəzinəcən xəyali punktirlər çəksən, dörd yanı sanki tüldən olan, konus yaranar ki, deməmişkən, bu da onundur.

Ta konusun içində nələr var, nələr yox, orda hansı faydalı qazıntılar yatır, bunu bir Allah bilir.

Konusu, təqribən bir-birinə paralel, yeraltı çaylar kəsib keçmiş olar.

Daha dərin qatlarda gizlin mənalara bənzər qədim şəhər qalıqları taparsan.

Ancaq professor hələ o torpağın üzünü görməyib. Təkcə yuxuda - Ayla işıqlanan ayaz bir gecədə, sağ ayağının baş barmağı ora toxunub. Qaratorpaqdı, sarıtorpaqdı - bundan xəbəri yox.

Ömrü boyu torpaqla maraqlanmağı ayıb bildi. İşlədiyi universitet çevrəsində torpaq həmişə kiçik maraqlar sırasında olub. Xüsusiyyətçilik təzədən gələndə, “mexaniki” adına yazılmış bu yeri, yatağa düşdüyü günəcən də, lüzumsuz sandı: təsadüfi coğrafi genişlənmə, “qrıja” kimi bir şey.

Öz dilindən çıxalı, bu saat onda iki “qrıja” var: biri bu təzə torpaq, biri də - sol qasığından sallanan beşkiloluq köhnə torba.

Torpaq işlərinə daim həqarətlə baxdı. Torpaqda əlləşənləri asanca təhqir edə bilərsən - ona həmişə elə gəlib. Onları yerdə qurcuxan soxulcanlara bənzətsən belə, sənə olan hörmət-izzətindən əl çəkməz, üzünə gülümsərlər.

Düz beş aydı ki, maqnit bənzərli yataq onu balaca mismar kimi özünə çəkib.

Gün boyu da gözü hansı dördbucaq cismə - divarlardı, televizor, ya kitablar - sataşdısa, torpağı yadına düşəcək. “Pay torpağ”ı haqqında yeganə xatirəsi onun kvadrat formalı həndəsi fiqur olması idi.

Mürgü döyən vaxtlarında həmin kvadrat xəyalında yumrulaşır, səthinin ümumi sahəsi bir hektar olan kiçicik “Yer kürəsi”nə çevrilir.

Paybəlli torpağı haqqında barı başqa bir xatirəsi də ola... Əlacsızlıqdan, gəzib-dolaşdığı kurort yerlərindəki Azərbaycan torpaqlarının, bir də qatar-maşın pəncərəsindən gördüyü təsadüfi çöllərin ümumiləşmiş bədii obrazını ona tətbiq edir.

Rəşid Azərbaycanı ancaq mənzərəli kurort rayonlarından tanıyır.

Yayda od tutub yanan Ağsu və Kürdəmiri də Şuşa kimi görür.

O, Vətən təəssüratını gözəlliyi olmayan torpaqlarla formalaşdırmayıb.

...Təzə torpağı da, güman, il boyu rəngdən-rəngə düşür. Yaşılı - çəməndən: üstündə xal-xal inək-camışı, sarısı - zəmidən: uçub-qaçan alabaxta və sərçələriylə. Humanitar sahənin professoru kimi Rəşid bunları “kənd təsərrüfatı”na dair bilikləri çərçivəsində xəyal edir.

O, kənddəki dövlət idarələrini, hətta məktəb və tibb məntəqəsini də, “kənd təsərrüfatı obyektləri” adlandırır.

Şirxan bu saat oraları əkib-biçir: xəlvət yerdəcə onun göyçək torpağını yorub əldən salır. Demişdilər gözü üstündə olsun, deməmişdilər ki... - Rəşid uzaqdanca Şirxanın hərəkətlərində seksual xarakterli cinayətlər görməyə başlayıb.

Əcəb gözəgörünməz bir qüvvə onu qanadlarına alıb göyə qaldıra (bədəninə yapışıq döşək də buludlarda yellənir), aparıb öz yeri üstünə qoya... Onsuz bu yenə tanımaz oraları, bilməz onundur. Guya bilsə, neyləyəcəkmiş - əlini ağdan-qaraya vurası deyil. Torpaq üstə şikəst kimi qalar.

Ora sağlam gedib, xəstə qayıdar.

Torpaq işləri ona riyaziyyatdan çətin gəlirdi.

Bu fikir beynində möhkəm yer edib: torpaq soyuqdəymələr və revmatizm mənbəyidir. “Torpaqda lalələr də bitir, lalələr kimi al-qırmızı isitmələr də,” - hərdən professor Rəşidin ağlından rəngli-bədii cümlələr ötüb keçir.

Xəstəliyinin adı şəhərdə “insult”, kənddə “iflic”di.

Palıd kimi qəflətən yerə gəlmişdi. Kaş magistral xətlər keçə o torpağın üstündən, deyir, mən də yerə sancılıb onlara dayaq olam. “Allah mənə şalban olmaq xöşbəxtliyi nəsib edə”.

Bir gün də işdən ona dəyməyə gəlmiş, ağızdan pərtöv, çox da arası olmadığı “tupoy” dosent onu görər-görməz nə desə yaxşıdır - “Həzərat, bu kişi vot-votdadı ki. ...Tədarük görübsüz?”

O gün-bu gün, Rəşid xoflanır, perspektivsizlikdən sıxılırdı. Denən, gələcək qurtarıb ki. Həyatını əvvəldən düz qurmadığını düşündükcə də, onu tər basırdı.

Nədənsə, tər ona əsasən dizlərindən gəlir.

Gənclikdə daddığı romantik duyğular təzədən onu qapsamağa başlayıb.

Qılıncının dalı da, qabağı da kəsən çağlarda vız atmadığı, əfəllik və yetimlik əlaməti saydığı, həyatın əvvəlində olmuş, budur, bir də sonunda üzə çıxan, romantika ona yaman şirin gəlirdi.

Daim çalışıb hamıdan fərqlənsin, işə bax, indi hamı kimi olmaqda idi. Fərqlənmək yox, sən demə, elə hamı kimi olmaq daha maraqlı və sərfəli imiş.

Hamı kimi olanda, insanlarla dərdləşmək imkanın artır.

Əcəb qolundan tutmayalar, özü yataqdan durub yeriyə-yeriyə eyvana çıxa, ordan da uçub kəndə gedə.

Azərbaycanda sənin göydəki parlaq sevinclərini uçan naməlum obyektə bənzədələr.

Şirxan onun yadına tutmalar şəklində düşür. Bəlkə də o, bir xəstəlik növü, xəstəliklərin klassifikasiyasında nozoloji vahiddir. Dünənki uşaq olasan: yerin altını da bilir, üstünü də. Boyu bir qarış, saqqalı iki qarışdı.

Çənənin-əngin biri - şirin dillə ilanı yuvasından çıxardar. Kənddə də evləri - Rəşidgillə dal-qabaq. Altdan-altdan incə siyasət yürüdürmüş: üzünə taxdığı təbəssümlərlə onu qəflət yuxusuna verib.

Amma professorun özündən əvvəl öləcəyi diaqnozunu düz qoyub.

Doxsanlarda Rəşidin ağzı gen yerdəydi. Göylə gedərdi. 1 metr 85 sm hündürlükdə günəbaxan kimi hərlənən başının haçansa torpaq altında yumruca bir daşa dönəcəyini güman etməzdi.

“Torpaqdakı bərəkət insan və heyvan möhtəviyyatındandı”, “Feodal atributudu torpaq, daim kiminsə mülkiyyəti olur”, “Torpaqda əlləşənlər gec-tez meymun sifəti alır” - onun ən ağıllı sözləri bunlardı. Guya kəndçilər uzaqdan pis qoxu saçır.

Kəndçi ər-arvadın bir tək gənclikdə öpüşdükləri olur. Zifaf gecəsində onlar təcrübəsizcəsinə, burunlarını bir-birinin ağzına soxa-soxa, beş-üç kərə öpüşür, bununla da hər şey bitir.

Kəndçinin gəncliyi tez qurtarır.

Maldarlıq-əkinçilik sevginin düşmənidir.

İl on iki ay Moskvaya-Kiyevə uçan birisi kimi professor torpaqda əlləşənləri dağ başından diyirlənib dərə dibində qərar tutan bədbəxtlər sayıb. O - “Kənd təsərrüfatı uğursuzların fəaliyyət sahəsidir,” deyərdi.

Rəşid ölüm yatağında özü üçün əyləncə quraşdırıb: qütblərin çöllərə tətbiqi zamanı kəndi çarx kimi dövrələyən çöldə sanki bir nizam yaranır - sağ-sol bilinir, məkan tənzimlənir.

Lakin çöllərdə keçmiş-gələcək, an və əbədiyyət anlayışları itmiş olur.

Çöllər fəlsəfi bulmacalar yeridir.

Şirxan - bir ömür hesabdarı: özü dünyanı tutub gedəcəkmiş kimi, ürəyində vurdu-böldü, topladı-çıxdı, əllisinə hələ yetməmiş Rəşidin ömürdən qalan illərini rəqəm şəklində ortaya qoydu.

İndi bacardıqca vaxtı uzatmaq, şəhərsevər bu insanda torpaq qeyrəti yaranmasının qarşısını almaq.

Rəşid hər kəndə gələndə də Şirxan üyüdüb-tökərdi: “ana torpaq atamızı yandırır”, “axşamacan mancanaq kimi qalxıb-yatırıq”, “biz doğulandan radikulitik, bələkdəkilərimizdə də yel xəstəliyi var,” - bu cür-bu sayaq sözlərlə onu torpaqdan çiyrindirərdi.

Onda professor da ona dəm tuturdu: “Brüselloz xalqı şil edib”, “Lənət soxulcanlar məskəni torpağa”, “Şəhər cənnətdir, kənd - cəhənnəm”.

Rəşidin əsas düşməni soxulcanlaradı: cənnətə gedənlər belə onlardan qaça bilməz. Onda daşları qaldırıb, altında qıvrılan qurdları dabanıyla əzmək mərəzi vardı.

Keçən dəfə ayaqqabısının altından qurdun çəhrayı bir tikəsi sıçrayıb divara yapışmışdı.

Rəşidi artıq öz üzunömürlüyü yox, meyidinin uzunömürlüyü düşündürür.

Şirxan uşaqlıqdan aşıq atıb, kart tutandı. Qırx dili var. Düz sözdən başqa nə desən danışar. Bunlar sonradan daşınmaz əmlakın gələcəyini proqnozlaşdırmaq, öz taleyini bu əmlakla uzlaşdırmaq qabiliyyətinə çevrildi.

Onun fikrincə, daşınmaz əmlakın gələcəyi insanınkından daha işıqlı, daha uzun olur.

İnsanda uzun gələcək bəxtəbəxtdir.

İstənilən torpaq sahəsinin, vətən olmaq cəhəti bir yana, getdikcə artan pul dəyəri var.

Torpağın vətən olmaq cəhəti nisyə söhbətdir.

Şirxan həm də yumurtadan yun qırxan kimi tanınır. İtin ağzına sümük atmaz ki, ziyana düşməsin. Arvada sümükləri saatlarca qaynatdırar: hayıfdır, qoy ilik suya çıxsın. Qoyunu kəsib-soyub, nə dərisini, nə də bağırsağını tullayar.

Baş-dırnaq - xaşlıqdı. Dəri - motallıqdı. Evlənəndən bəri onlarda Qurban bayramlarının sayı qədər motal vardı.

Bəzən dərini gündə qurudar, “qışda nalça edib, altımıza atarıq,” deyərdi.

Bazarda ucuz gedəsi içalatı Prişib həyətlərində “babuşka”lara “yenə ucuz, ancaq bir az baha” xırıd edərdi; çətin zəmanədir, ölməmək üçün alıb yeyəcəklər. Qoyun bağırsaqlarınısa ət tədarükçüləri göydə qapır; bağırsaq kababı həmişə dəbdədir.

Bu, Şirxandan başqa heç kəsin ağlına gəlməz: qoç buynuzlarını yeri deşib kvadrat yuva üsulu ilə sarımsaq əkməyə saxlayır.

Hələ ardı var. Külək içinə toz qatmış duzu niyə atasan, deyir, heyvanatın yeminə səpərlər. Qazanan yox, qənaətcil varlı olar.

Ovcunu açıb da - “belə yox”, sonra yumub - “bax, belə olmalı,” - uşaqlarına verdiyi tərbiyə bu. Yatıb günorta duranlara inflyasiya təsir etmir.

Bir öynə az yeyib, yeyəcəyindən bir qab sabaha saxlasan, xeyli qabağasan. Ona - “Həmişə toyda!” - deyənlərə - “Allah eləməsin!” cavabı verər.

Əlacsız qalıb da, toyda yediyi xörəklərin dəyərini yazdırdığı puldan çıxar; onda dəymiş ziyan az-maz ödənmiş kimi olur. Onun ailə ideologiyası budur: çolpanın bədənini bu axşam qarnına qaçırtdınsa, qanadlarını sabaha uçurt.

Balaca qızına tapşırıb: atanın xətrinə, sabaha uçan bədənsiz toyuq qanadları şəkli çəksin.

Gələcəyə uçan bu qanadlar bəşəriyyət üçün qənaət rəmzi ola bilər. Söhbət hələ qurtarmayıb. Şirxan dişlərini yumaz ki, dibində qalan yeməklər çıxdaş olmasın, sorulub bədəninəcə getsin.

Hər qramın öz kalorisi var. Diş dibində yellənən ət liflərinin enerjisi bir-iki adamla əngə verməyə çatar.

Bax, belə. Şirxan hətta Novruz və Qurban bayramlarını da qənaət mənbəyinə çevirib. Axır çərşənbədə evinə qurşaq atanlara qapı açmamaqla gör nə qədər irəli düşürsən. Mal kəsən camaatla atışmaq əvəzinə, Qurban “fəlakət”ini bazardan aldığı bir kilo ətlə ötüşdürər. Arvadın illərcə sapa düzdüyü: pirlərə, ziyarətgahlara boyun olduğu, qurbanları da ixtisara salıb.

Bu cür “qurban”ların hesabı çoxdan itib; əvəzində qurbanlardan qat-qat artıq davaları düşüb.

Şirxan Rəşidin torpağını tezliklə özününkünə qatmaq niyyətindədir. Qanuni tərzdə, rüşvətlə.

Tez-tez ürəyində “inşallah” deyir.

Əcəl atını çapmada - ox kimi düz Rəşidin üstünə gəlirdi.

...Professor eyvanda uzanıb. Gündən qorunacağı qəzetə baxır. Xidmətçi mətbəxdən dolu qabları gətirib, boşları aparır.

Hərdən onun, tuluğu boş olanda zəhləsi getdiyi, amma toxqarına təzədən gözü düşdüyü, bu totuq-motuq qadını “dörd saatlıq arvadım” adlandırmağı var.

“24 saatlıq arvad”ı üç ildi ölüb.

Rəşid “kənd xəstəlikləri”ndən ölməyəcək, “bu, tamam biabırçılıq olardı,” deyir.

O, kənd xəstəliklərinə vərəmi, qoturluğu, hətta dizenteriyanı, qanqusmanı da, aid edir. Ona ancaq və ancaq urbanistik “Bakı xəstəlikləri” yaraşar. “İnsult” - sən bir sözə bax! “İnfarkt” - ah, nə gözəl! Şahları-prezidentləri də aparan bu xəstəliklər güzgü kimi insandakı nəcibliyi göstərir.

Ölüm şəhadətnaməsində padşahların-kralların diaqnozundan yazılacaq.

Soxulcanların da gələcəyi olurmuş; onların yaxın gələcəyi Rəşidin nəşidir.

Sağlığında vecinə almazdı, ölüb getmiş arvadını indi gör kimə qısqanır: qonşu qəbirlərdəki naməhrəmlərə. Tərslikdən, sağında da biri uzanıb, solunda da. Sağdakı bığlıdır.

Professor rəhmətliyi hətta soxulcanlara qısqanırdı. Arvadın papışına soxulası atom əsrinin yarım metrlik soxulcanlarını təsəvvürə gətirəndə, az qalır havalansın.

Keçən yay yaxşı plan qurmuşdu: gecələr gedib qəbri açmaq, onun dibini-divarlarını soxulcanlardan təmizləmək. Bu işin hüquqi cəhəti əlini soyutdu. Özünün bu müqəddəs ideyasını qanmaz müstəntiqlərə anlada bilməyəcəkdi.

Boğazacan nifrətlə dolu xidmətçi gündəlik gəlib ona, bütün atributları ilə məhəbbətə oxşar, işlər görər.

Qurdalasan, nifrətə köklü bir səbəb yoxdu da. Həm də onu burda qolubağlı saxlamayıblar. Kişinin qara qaşına, qara gözünə aşıq deyil ki - bura çörək dalınca gəlib.

Adama deyərlər, sənin iş yerin zavod-fabrik yox, xəstə evidir, dözməlisən. Hıçqırığı qalıb içində.

Guya Rəşid ölsə, o, ağ günə çıxacaq. Başqa belə xəstəni bir də hardan tapasıdır? Çölə tökülüb? Üz-gözü ona öyrəşib. Üstəlik, nəfəsi də gedib-gəlir, sayğac kimi pul yazır.

Balalarının çörəyi onun çirkli pal-paltarından, evində taxtabitilərlə mübarizədən, hətta ifrazatından çıxır.

“Sən mənim köndələn yıxılmış çörək ağacımsan,” - kefi saz olanda, zarafatla onu sancır.

Kənddə Şirxan torpaqdan ötrü marıqda, Moskvada oğlu - muzeyə bənzər Bakı mənzilindən ötrü.

At ölür, qarşıdan itlərin bayramı gəlir.

Öldür, oğlu kənddəki torpağı istəməz. Qaranlığa bənzətdiyi torpaq ona qorxunc gəlirdi. Guya bəzən torpaq gündüzə zülmət saçır.

Yuxularında da onu, üstündə cin-şəyatin gəzən, bir məkan kimi görür. Fantasmaqorik dini hadisələr də torpaq üzərində baş verir. ...

Torpaqdan ibarətdi deyə, Vətəndən zəhləsi gedir. Gedən yerlərimizin artan faizinə o, Moskvada sevinirmiş. “Qorxunc yerlərimiz azalır,” söyləyib. “Rayonlar çiynimizdən ağır yük kimi götürülür”, “Vətən unudulduqca, məsuliyyətdən qurtuluruq”, - onun ağlı-düşüncəsi, fikri-ideyası bu.

Guya Vətən həm də yaşayışa təhlükə törədir - orda səni “bomj” gününə salarlar. Məhkəmə çəkişmələri və əsəb gücünə belə nəyəsə çatmayacağın yerdə səndən şəhidlik tələb edirlər.

Bircəcik quru canın var, onu da əlindən alıb qəbrə soxmaq istəyirlər. Sən öləcəksən, bunlara xoş olacaq.

Mən şəhid olub Vətəni yaşadınca, qoy Vətən getsin, mən yaşayım. Niyə Vətən yaşamalıdır, mən yox? Torpaq haçansa geri qayıda da bilər, mən getdimsə getdim.

Moskvadan Vətənə dönmək təyyarə qəzasına uğramaq kimi bir şey olardı.

“Dünyada sülh yalnız razılaşdırılmış işğallarla mümkündür”.

Bircə Bakıdakı kvadratmetrləri “ata yurdu” adlandırır. Uca mərtəbədə yer almış, sanki fəzada duran, torpağın bədiiləşmiş forması kimi üzə çıxan bu mənzildə - balkonunda əlin buludlara çatası bu mifik vətəndə yaşamaq istər.

“Vətəndənsə sülhə sədaqətli olmalı”.

Landşaftını görmədiyindən, professor hələ də öz torpağını yaxşı təsəvvür etmir. Kimə şəklini çəkdirib gətirdəsən. Hara və nəyə yaxındır? Kəndin arxasındakı çayın sağındadır, ya solunda?

Şirxan vaxtında ona heç nə demədi, bu da yarasa kimi kor qaldı.

Ordakı istənilən torpaq parçası onun ola bilərdi.

Rəşid bir gün yuxuda görəsi ki, çaydan balıqlar lağım atıb onun həyətindəki quyudan fontan şəklində çıxır. Balıq fontanı ətrafa lüminissent lampaları təki şəfəq saçırdı. Kimlərsə yuxuda ona deyirmiş də ki, çayın qıraqları lağımlardan deşik-deşikdir.

Bunun yozumunu kim tapar?

Xidmətçiyə desən, it kimi qapacaq. O, yuxuyozmalara vaxt itirməz. Bekar deyil, deyər. Guya o, qəpiyi qəpiyə calamaqla yaşayır.

Bəlkə də Şirxan ot tayasına iynə kimi düşüb itib. Yer üzündə sanki bu adda adam yox imiş.

Professor Rəşid hələ ayağı dəymədiyi torpağını ölüm ayağındasa görmək istər. Yatağa bərk yapışdıqca da, xəyalları iti uçurdu.

Əynində pampers, arzuları geniş.

Bir gün oralara gedər olsa, gərəkdi özüylə ilan zəhərinə qarşı polivalent zərdab götürə. Torpaq üstə, ordakı zəmilərdə ilanlar yatmış olar.
Gözlənilən ölümünün bircə saniyəliyində belə ilan sancmasından ölmək istəmir.

Nə ola, dolablardakı “humanitariya” kitablarının yerinə həmin zərdabları düzəsən.

Kəlləni yerə atan saatdaca vəhşətli yuxular onu altına alır. ...Günlərin bir günü yenə görəsi ki, kənddə təpə formasında qəbri var. Hər il də üstündə bir şey əkirlər. Orda yetişdirilən pomidorlar uşaq topu kimidir: yarısı qırmızı, yarısı göy.

Sarımsaqlar - oraq kimi. Xiyarlar - yaşıl gəmiciklər sayağı. Ordan, çırtma vursan qanı daman, qarpızlar yığırdılar.

Elə yuxudaca söhbət gəzirdi ki, beş parça kənddə professorun qəbri ən gübrəli yerdi.

Bu yuxusu da yozulmamış qaldı. Xidmətçi qızıl vaxtını öz dərdlərini çalxalamağa sərf edir. Açığı, yataq xəstələri, ağızlarından dürr tökülsə belə, ona maraq vermir. Ələkləri ələnib, xəlbirləri göydə fırlanır. Onların bütün danışığı havaya üfürülən havayı sözlərdir.

Yataq xəstələrinin arzularından da boş şey yoxdu dünyada...

Torpaqda ümümi Nyuton cazibə qüvvəsindən savayı, sahibini özünə çəkmək gücü də varmış. Razıdır, onu çarpayısındaca, lap kuzovlu maşında, aparıb öz torpağı üstünə atsınlar. Orda dava-dərmanı küləklər altında udardı.

Xəstə küləklərə də bəh-bəhlə dərman atdırar.

Dünənki yuxusunda isə öz torpağı üzərindəki otluqda ayaqyalın-başıaçıq, dəli-divanə gəzdiyini görüb. Gələnə yoldaş idi, gedənə qardaş. Göz yaşları - qoşa navalçadan şoruldayan su kimi. Axırda dənəvər torpaq əriyib palçığa döndü; oradaca sarımtıl-mavi ləpəli, şor bir göl yarandı.

Professor Rəşid həmin göldə böğulub ölməyini də öz gözləriylə gördü və ölən kimi yuxudan hövlnak ayıldı.

Xidmətçi ya ona qulaq asmır, ya da eşitdiklərini bu qulağından alıb, o birindən buraxır. Hərdən altı-üstü təmiz professor birtərəfli qaydada, sanki öz-özünə, onunla “şirin söhbətlər” edər.

Daimi mövzusu ölüm-itimdi.

Bədənini atəş yaxandasa, öz qəbrini güllü-bəzəkli sandıq kimi təsvir edəcək.

Dərdli danışqan olar; Rəşidin sözü tükənmir ki. Pir mənimdi, kəramətinə bələdəm, deyir, israfçılıq olmasın deyə, onu sal daşlı, qayalıq bir yerdə, ən ucuz qəbrə soxacaqlar.

Belə qəbirlərdə iti bucaqlı daşlar ölünün böyrünü deşir. “Neynək, buna da dözərəm, təki yerim Bakı olsun”. Əlində tikiş, hərdən xidmətçini tərs gülüş tutur: “Bakıdan cənnətə birbaşa yol var ki?” - ona cavabını gözləmədiyi bir sual verir.

Bəzən də təsəlliyə oxşar sözlər işlədər: “Daş qəbirlərdə soxulcan olmur ha...”

Onda professorun gözləri gülür: “Yəqin ona görə də Bakıdan əbədiyyətə sürü kimi gedirlər”. Xidmətçi: “Ta orası sənlikdi”.
Kənddə dəfn olunmaq professorun ayıbına gəlir.

Bu, şöhrətinə xələl gətirərdi. İnşallah, Bakıda basdırılmağı onun kəndçilərdən üstünlüyü olacaq. Onun alimliyinə yalnız şəhər qəbiristanlığı yaraşar.

Ağılları ola, kəndçiləri onun şəhər qəbiristanlığında yatmasını qüdrət rəmzi sayar, vəsait toplayıb başdaşı yerində büstünü qoydurarlar.

Yadlarına kim salsın?

Xidmətçi onun şöhrət haqqında sayıqlamalarını da qulaqardına vurur. Çünki şöhrəti başa düşmür. Şöhrət onun üçün anlaşılmazdı. Nədir bu? Nəmənə şeydi?

Yeməlidirmi?

Rəşid rayonda özü haqqında tez-tez yanıb-sönən, yaranıb-itən əfsanələrdən daim zövq alıb. Kəndçilərinin ona qibtəli baxışlarından dünyanın heç yerində görməyib. Ölüm ayağında da ümidi yenə ordakı şöhrətinədir.

Şəhər onu yatağa düşən kimi unutdu. Bakıda şöhrət dayanıqsız imiş.

Elmdəki “uğurlar”ı indi ancaq siçanlara bəllidir. Siçan quyruqları onun elmi işlərini sətirbəsətir gəzir.

Göyəmi siçanların dərisi onun çeynədikləri “uğur”larından parlaqdı.
...Kənddə şöhrət təbii, romantik, hətta poetik olur.

Professor Rəşid getdikcə də ənənəvi hikmətlər tutuquşusuna çevrilir. Guya Şirxan gələcəyi-gedəcəyi düşünmür; dünyadan beşəlli yapışıb. Adına keçirmək istədiyi torpaq Rəşiddən vur-tut 10-15 il artıq onun ola bilər.

Yer kürəsi də - bəşəriyyətin deyil.

İnsanlıq Yer kürəsini müvəqqəti icarəyə götürüb.

Rəşidin özününkü saydığı torpaq Şirxanındı da, qarışqaların, ordakı adıbilinməz cücülərin də. Hətta qonduğu sim naziklikdə budaqları belə əyməyən yüpyüngül kəpənəklərin də. Lakin torpaq elə ən az kəpənəklərindi: bir neçə saatdan 3-4 günəcən.

Kəpənəklər torpaqda insanın varlığına təəccüblənir də.

Quşlar, cırcıramalar işğalları anlamır, müharibələrin ən qızğın çağında da xoşbəxt olurlar. Onlar üçün yadelli və yerli yabı birdi.

Fatehlərin qələbələri havaya sovrulmuş əmək, tarix yaradıcılığının boş yerləridir.

Qəfil böyürdən çıxmış, bir növ, “siyasətdən doğulmuş torpaq”la adam bilmir neyləsin. Rəşiddə ona dair heç bir vərdiş yoxdu.

İnsan torpağa dövlətin xüsusi təbliğat və təşviqatından sonra alışır, xoş həyat səsləri çıxaran traktor və kombaynlarla isnişir.

Masallını kəsib keçən marşrutlarla o yan-bu yana çapdığı illərdə atüstü kəndə dəyməyi vardı. Gəlib nə görərdi: evin dirəklərində incə bığlı qurdlar gəzişir.

Döşəmə taxtaları üzərində barxanlara bənzər topa-topa ağac kəpəkləri durur. Otaqların boğanaq fəzasında, yolları kəsişsə də, qanadları bir-birinə toxunmayan, ley kimi həşəratlar uçuşur. Divar künclərində əsiri qara milçəklər olan hörümçəklər tor qurub.

Tez-tez ora-burasını dişləyib qanadan, ayaqlarında saf-islahat yer qoymayan ağcaqanadlar anofeles cinsindən olmaya; “malyariyadan it kimi qorxuram,” deyirdi.

Rəşid qurğuşun kimi tökmə bədənini təbiətdən qorumaq ustası idi. Sataşqan gilavardan da çəkinər. Ayaqları şeh, başı çisək görməyib. Ekskursiyalara bənzər beynəlxalq simpoziumlara tez-tez getdiyindəndi ki, dünyanın bütün iqlim qurşaqları üçün geyimi var.

Tropik xəstəlikləri olan ölkələrə qəti getməz. Afrikada Bokassonun biri tutub onu yeməzmi?

Amma bəzəkli-naxışlı kəpənəklər həyətlərini gümrah və qəşəng göstərərdi.

Professor Rəşid ata yurdunu qurd-quş basmasında da, pay torpağının ondan gizlədilməsində də cinayət izləri görməyə başlayıb.

Bütün bəd əməllər bığı at qaşovuna bənzər Şirxandan keçir.

Əfsus, seytnotdadır. Onda Şirxanın cinayətlərini açdırmağa nə vaxt, nə həvəs qalıb. Bunu da romantik xəyalları sırasına qoşdu.

Əcəb Şirxanın əlindəki torpaq öz reallığından çıxıb, incə bir poemaya çevrilə, bu da köndələninə onu kitab rəfində yerləşdirə. Rəşid öz gözlərinin şahidididir: bazar günü səhər yorğanı üstündəki iki lapar gül bir cüt əlvan misraya çevrilib, çərpələng kimi havaya qalxdı.

Torpaq üstə səni, qartal,
Görə bilsəm, ömrüm artar...


Ancaq heç orasını fikirləşməyib ki, düzəngahda qartal olmaz. Bu iki misra metodoloji səhvlərlə dolu idi. Orada qartala praqmatik yanaşılır, ondan terapevtik effekt güdülürdü.

Onda hər şey tərsə-məzhəbdi; gecə-gündüzün də yeri dəyişik düşüb.

Güllə kimi keçən günləri çatdırıb saya bilmir. Ayın tarixləri hər səhər bir az da qabağa qaçmış olur. Ağzına bir qurtum su ala, yarısı mədəyə, yarısı ciyərlərinə gedəcək. Ağ ciyərləri də sanki mədə olmaq istəyirdi. Sol yarısı adamdı, sağ yarısı ağac. Sağına həkim iynə batıra, eyninə almaz.

Bir dəfə biz boyda iynəsini az qaldı yarıyacan onun ətinə soxa, bu heç qıypınmadı. Di gəl, sol ayağına iynənin ucunu göstərən kimi, “ay, neynirsən,” qışqırdı.

Belə çıxırdı ki, o, soltərəfli qorxaq, sağtərəfli qorxmazdı. Yeyib doyub qarnı xaşallananda: “Lazım gəlsə, mən cəbhədə sağtərəfli qəhrəman ola bilərəm,” deməyi var.

Əfsus, qəhrəmanlığa gedəndə, sol tərəfini də özüylə aparmalı olar. Onda qorxaq qorxmazın boynunda yükə çevrilər.

Sağında dərisi sarı-sarı, sim-sim tüklər gətirib. Tüklərin də dibində - alça-gavalı boyda ziyillər.

Professor get-gedə özü-özündən hürkür.

“Allahım, səndə bu dərd-ələm yaratmaq həvəsi hardandı! Bu qabiliyyət adına layiq deyil, sənə yaraşmır da, axı!”

Axır sağ yarısındakı tüklər meşə kimi elə artıb-çoxaldı ki, orda quşlar civildəşməyə başladı. Sağ çiyni üzərində bir qaranquş yuva qurmuşdu; onun ətcəbalaları başını üstündə güclə saxlayırdı.

Keçən həftə sağ budu üstündən dirsəyinə bir dovşan balası hoppananda, mat qalmışdı. Dovşan balası gördü bu təhlükəli dirsəkdə çox duruş gətirməyəcək, atılıb onun boynu arxasında gizləndi.

Rəşid əvvəllər üşənərdi; artıq belə şeylərə vərdiş eləyib.

Hətta bir sabah sağ qolunu agacdələn taqqıldadanda, təəccüblənmədi. Əksinə, ağacdələnin dimdikləməyi ona xoş gəlirdi. Sanki onu nöqtəvi masaj edirdilər.

Həmişə o, təbiətdən qaçıb; indi ot-ələfi, uçarı-qaçarıyla təbiət özü ona yaxınlaşırdı. Ehtiram şəklində də qəlbinə girib.

Ömrü boyu təbiətə qalib gəlmək yönündə industrial işlər, qlobal texnoloji uğurlar ona ləzzət edib. “Təbiət olmasa yaxşıdır,” düşünüb. İnsanlığın gələcək xoşbəxtliyini təbiətin yoxa çıxmasında, vəhşi heyvanların qırılmasında görərdi.

Sözə bax: “Dünyadakı zorakılıqların mövcudluğu vəhşi heyvanların varlığındadır”. İncəvara, qorxunc heyvanların yeri daralır, onlar get-gedə azalırdı.

O, qırılan ilanların sayını təbiətdən dayanıqlı qorunmağın ölçüsü kimi götürmüşdü.

Təbiət sağ tərəfini zəbt edib, demək, yarıbayarı ona qalib gəlib. Güman, üstündəki cəngəllikdə sürünənlər gizlənir. Tez-tez də başını qovzayıb gözucu sağ qoluyla sağ qıçını süzəcək. Uşaqlıqda atasıyla birgə başını əzdikləri qızıl ilanın yeddiqardaş olduğunu unutmayıb.

Anbaan gözləyir onları. Hətta Akademiyada, universitetdə də. Mühazirə oxuyan zaman bir-bir ayaqlarını götürüb-qoyur; sanki ilanları ayağına dolaşmağa qoymur.

Təbiət cinayət ərəfəsində - ondan intiqam almada...

Təsəllisi yenə sol yarısıdır. Solda əmin-amanlıqdı. Bədəbəddə ora qısılıb, sağ qalar. Yeri gəlmişkən, üzüyumşaq xidmətçilərlə erotik oyunlarını da soltərəfli icra edir. Erotikanın insulta-infarkta xeyri var - bir tibb aliminin radioda eşitdiyi sözündən sonra qocalıqda yorğa yeriməyə başlayıb.

Hə, ürək tərəfdə - kişidi bu!

Öpüşlər üçün də tük gətirməmiş, şümal dərili sol şaqqasını ayırıb. Onsuz soldan öpüşlər bütün bədənini ehtizaza gətirəsidir. Açığı, “təbiət tərəfi” çoxdan bu cür işlərə yaramır.

Sağda hər hansı xanımın qaynar dodaqları tükdən dəriyə yapışmaz da; onun gəmirtlənəsi şirin burnu “ot-ələf” içində görünməz olar. Tüklər incə burnuna soxulub onu asqırdar.

Neçə vaxtdı həkimdən soruşmağa üz gizlədir: sağdakı digər üzvləri kimi, bu nigaran qaldığı sağ yumurtasını da iflic vurubmu? Ümumiyyətlə, xayalar da iflic olurmu?

Hər əyilib baxanda, özünü vahimə basır - günbəgün kiçilən sağ yumurta get-gedə saqqal bağlayırdı. Bu saat sağdakının ağ saqqalı az qalır dizinə çata.

O, saqqalsızlıqda sol xayasını avropalıya, saqqalından sağdakını şərqliyə bənzədir. Onlar dinc yanaşı yaşamağa məhkumdular.

Bu da təzə növraq: sağındakı “bitki örtüyü” altında yerdombalanına bənzər ziyillər görünməyə başlayıb.

Həkim hər dəfə “alça-gavalı”lardan sonra çıxmış “yerdombalanı”lara baxıb başını bulayır, onlara tamaşa etməklə işini bitmiş sayır. “Ziyildi dəə, kimdi səni bununla tanıyan,” - son sözü bu. “Ziyil insanın təbii yaraşığıdır,” - bəzən tərifə keçir.

Professor Rəşid həkimi qınamır: bir ayağı gorda olan, həyat barəsində gündə-günaşırı zəhləsini tökən, üstəlik, hər gəlişində onu sancan birisinə necə ürəklə baxsın.

Xəstələr öldükcə, dövlətin humanizmə sürüklədiyi həkimlər asudə nəfəs alır.

Sol yanı üstə uzandımı, sağdan tüklər sola sallanacaq. Bu sarı saçaqlar bədəninin sol yarısının yarıdan çoxunu örtər, örtmədiyi yerlərə isə tor şəklində kölgə salar. İndi o, gün altında da kölgədə uzanmış kimidir.

Kölgə sarıdan arxayındır; ömrünün axırınacan bəsidir. Hərdənbir özüylə məzələnir də: iridiş daraqla tükləri gah o səmtə yığır, gah bu səmtə.

Bəzən onları saç kimi hörür, gülə-gülə də xidmətçisinə göstərir: “Gör necədir?” “Hörüklər sənə çox yaraşır,” - o da nə desin.

Çimizdiriləndən sonra tüklərindən çətirdəki kimi su damcılar; onda altına sərilmiş müşəmbədə su xətləri cızılır. Bu su xətləri - sətirlər “çimmək” sözünün tərcüməsidir.

Ağrıları şədd eləyəndə, Rəşid bir alimə yaraşmayacaq tərzdə xurafata qapılır: o, yataqdaca çürüyəcək. Nəticədən səbəbə sarı getməli - çəkdiyi bu cəzaya görə günahlarını araşdırmalı.

Doğrudan, çürüyürdü də: sağrılarında göz-göz xoralar çıxıb. Sarğıları açılanda onlar vəhşi qırmızı güllərə bənzəyir. Xoralardan nazik irin çayları axır. Şən yaşamaq şansı ağrı olmayan vaxtlarla məhdudlaşıb.

Qadınlar haqqında xülyalarını da, onları divara dirəyirmiş kimi, bu vaxta pərçimləyib.

Ağrı-acısı olmaya, qartımış Rəşid yeniyetmə oğlan kimi, ona göz vuracaq, söz atacaq. Hərdən boş böyürlərindən sallanan piy qatlarından tutub, rezin kimi dartır da.
Havayı yaşamaq qabiliyyətini tamam itirib. Mal-heyvanlardakı kimi altının təmizlənmə dərəcəsi də artıq ödənişin məbləğindən asılıdır. Altına yığdıqları - qurtarmaq üzrə.

Tezliklə o, burun deşən qoxular içində, dalğasız-ləpəsiz qəhvəyi bir möhtəviyyat qoynunda gəmi kimi üzməli olacaq.

Rəşid göyümtül irin çeşmələrinin rəngli fotosunu aldırıb, hökumətə göndərmək istəyir. Donuzdan bir tük də qənimətdir.

Bundan sonra həyatda o, fotolarda göyçək düşən irinlərlə irəli getmək ümidindəydi.

“Sənə bu da azdır, humanizmin varlığından yazdın-yazdın, axır gəlib onun yoxluğuna dirəndin,” - hərdən özü özünü danlayır.

Humanizm mövzusundakı doktorluq dissertasiyası üzərində indi parovoz şəkilli qurdlar, rəngbərəng cücü və həşəratlar gəzişir. Qovluqları deşik-deşikdir. İnsafsız kağız qurdları onun “humanizm”inin tən ortasınaca yeriməkdədir.

Qurdlar humanizmin əsas postulatlarını çoxdan gəmirib toza çevirib. Gahdan xəzri həmin tozu qaldırıb Rəşidin ciyərlərinə doldurmaqla nadinclik edirdi.

Bəlkə də o qovluqlardan qurdlara humanizm sirayət edib: insanı dişləməzlər. Qol-qıçı üzərində də sanki gəzintiyə çıxırlar.

Bir gün o, “humanizm” qovluqlarını qurdlardan təmizləməyi tapşıranda, xidmətçi səsini başına atıb, bomba kimi partlamadı bə: “Məni eşşək yerinə qoyubsan, nədi? Makulaturaya baxmaq vəzifəmə daxildi ki?!”

Axır bir ulaq yükü olan, vərəqləri bir-birinə yapışmış dissertasiyanın ortası deşildi: bu yandan baxanda, çarx kimi o yanı görsənirdi. Ancaq sonradan bu deşik Rəşid üçün etibarlı bir yerə çevrildi: ora qol saatını, “zaponka”ları və üzüyünü, xırda pulları qoyurdu.

Dünyada humanizm yox, yalnız bu nəzəri şeyə oxşarlıqlar mövcuddur.

Təzəlikcə oğlu Moskvadan zəngləri artırıb. Mobil telefon şəbəkəsi onun ataya “sevgilər”inin qəpiklərini yazırdı. Ancaq orda onu öldürsən də, ata ölməyincə Bakıya gəlməz. Gəlib, ölmək bilməyən atanın yanında vaxtını öldürməz. Oğlan atasıyla üzbəsurət oturub danışmaq fikrindən vaz keçib. Diz-dizə, göz-gözə - bu patriarxallıq ona ölümcül darıxdırıcı gəlirdi.

Xəstə ata təpədən-dırnağa problemdir.

O, atasını bir daha diri görməməkdə ümidli idi.

***

Nəfs davaları həmişə qaydasız olur.

Torpaqlar bölüşdürüləndə, kəndçilər bir-birinə əl qaldırır, hətta yaba-dəryazı, balta-dəhrəni işə salırdılar. Biri dərə istəmirdi, biri təpə. “Dərələr - nəğmələr bəzəyi, təpə - dağın kiçik qardaşı,” - ağsaqqallar incik tərəfə guya tutarlı arqumentlər gətirir. ...

Biri çayın dar yerini istəmir, biri - ğölə bənzər gen yerini. Lal-dinməz bir ailəyə qanqallıq düşmüşdü. Bay, onların da dili qarnında imiş; ailə başçısı aləmi bir-birinə qatdı.

İlan-qurbağa xətti ilə yazdığı şikayət məktubunu idarə və təşkilatların başı üzərindən kağız təyyarə kimi düz Prezident Aparatına uçurtdu.

Ordakılara məktubun sonundakı bircəcik cümlə bərk yer eləmişdi - “Mən fəxr edirəm ki, “mən” azərbaycanlıyam”, eşşək deyiləm. Ümidvaram ki, ailəmiz qanqallıq barəsində sizdən müsbət cavab alacaq”.

Elə məktub oxunan günü, şər vaxtı olsa da, Aparatdan rayona “molniya” teleqram uçurtdular: şikayətə təcili baxılsın, təmin edilsin.

İnsanlar o kənddə ancaq şikayətdən doğan ədalətlə yaşayırdılar.

Taqqanaq torpaqlar, bataqlıq yerlər insanlığı-kəndçiliyi tapdayıb keçməyənlərə düşdü.

Rəşid Şirxana tapşırmışdı: ək, biç, axırda məhsul sənin, torpaq mənim. Hanı bə? Şirxan dilinə əziyyət verib, onu soruşmur da. Oğlunun qeyrətinə də yaxşı bələddi: Moskvadan qaçaraq gəlib, ondan torpaq istəyəsi deyil.

Bütöv Azərbaycan olsun, ya eni-uzunu beş qarış kiçicik bir yer - onun üçün bir gözdəydi. Gözünü ancaq Bakının mərkəzindəki 120 kv.metrlik at min çap mənzilə dikib.

Miras kimi bir onu tanıyır: torpaqdan azı on metr hündürlükdəki, pəncərəsi dəniz mənzərəli, fəlsəfi anlamda qətiyyən Azərbaycan torpağı sayılmayası hava məkanı.

Torpaq ona tarix kitablarında rastlaşdığı kəndçi üsyanlarını xatırladırdı.

Atom müharibələri kəndçi üsyanları qədər qorxmc deyil.

Professorun “Birja” qəzetindən tapdığı “gözəlçələr” işin bismillahını eləməmiş dabanqırdı ordan qaçırdılar. “Verəcəyi pul görüm onun gözünə girsin!” “Ölməlidə şorgözlüyə bax!” Bir qaçqın az qalmışdı onu tutdura da.

Ondan cilov gəmirirdi: “Namusu itə atıblar, it yeməyib!” İntəhası, onda gərək bu kişini türməyə xərəkdə aparaydılar. “Bə müsəlmançılığımız hardı qaldı,” - müstəntiq professoru yağlı müştəri bilib, özü şikayətçini ram etdi.

Gör neçə vaxtdı qoca şirlər kimi dişinə bir şey keçmir.

Ev qulluqçuları, bu “həyasızka”lar yaman qeyrətli olurmuş. Ələlxüsus qaçqın tayfası namus-qeyrəti çox qabardır. Əndamlarında ələgəlimli şeyləri ola, yenə dərd yarıdır. Eh, qadının “qaval” dediyi dalı şişək quyruğu kimi yırğalanmadısa, at getsin.

Hamısı da ucdantutma arıq-turuq, avitaminozlu. Dəriləri - digir-digir, xəritə kimi ala-bəzək. Üst-başlarından soğan-tər iyi gələr. Rəşidin lap əvvəldən “məkri-zənən” sayılası qeyrətli arvadlarla arası yoxdu; onlar şər-xata olur.

Güman, sevgi oyunlarını da bacarmazlar.

Üç-dörd həftə əvvəl elə birisi, bunun dilindən mazaqlaşma təklifi üzülməmiş, çataçat alnına bir “oğraş” sözü nalladı. Rəşid də ”pozğun” deyib, onu evdən qovdu.

“Onsuz ərim ölüb”, ya “burda məni kimdi görən”, “hazır çörəkdən niyə qaçasan” - bu cür düşünüb, ona “hə” deyənlər də az deyildi. Onların fikrincə, namus heç də sərfəli şey deyil. İctimaiyyətin duyuq düşmədiyi gizlin işlər namusa xələl gətirməz.

Hə, öpüşün bir qiyməti var, qalxıb onun üstündə oturmağın bir başqa qiyməti. 10 dəqiqə, 15, ya 20 - vaxt bitdisə, həzz də bitir.

Onsuz bunun şoğəribi ördək kimi dimdiyini əbədən aşağı dikib - eşqdən yanğılı bu yarımadamın üstündə deyə-gülə, həvəslə otururdular.

Belədə həm namus əldən getmir, həm də əvəzində pul gəlir. Kim daş-başdan qaçar? Arada çax-çux olmalıdır. Məvacibin başına daş düşsün, onunla dolanmaq olur ki.

Zırrama barı əynindəki trusunusa özü aşağı çəkə. Barmaqlarını ilişdirib bir tərəfini dartmaq istəyəndə, hökmən rezini qaçırdır.

Bununku başqa şey yox ki - gözünün qurdunu öldürməkdi.

Nədənsə, əsas da göbəkdən xoşu gəlir: barmağını hey onun içinə soxur. Dinməsən, qıncanmasan, inan, deşə də bilər.

Amma göbək can rahatlığıdır, bir növ, namusdan yan keçirsən.

***

Elə-belə də iş deyil bu: Yer kürəsinin bir parçası onundur.

Xidmətçi hər səhər onun çarpayısını tabut kimi dartıb eyvana çıxaracaq.

Gəzərgi, çarxlı bir çarpayıdı bu. Kölgə kiçildikcə də, onu divarın dibinə çəkir.

Professor yuxuya getdimi, binanın fasadı onun xorultusunu reproduktor kimi qarşı həyətlərə ötürəcək. Xidmətçi hərdən onun qoluna toxunmaqla, xorultunu idarə edir. Xorultu deyil bu - əcəlin addım səsləridir.

Üzdən göyçək xidmətçi qulağının dibindəki bu əcaib səsləri hərdən özünə təhqir sayır.

Əvvəllər gözəlliyinə qarşı bu cür etinasızlıqlara dözməzdi: zaman sıxdı, həyat suyunu çıxardı, indi dözür.

“Sənin çöhrəndən dəftərçəmə neçə şeir köçürmüşəm,” - qız vaxtı irigöz bir oğlanın ona dediyi söz hələ də qulaqlarından getmir.
“Bircə kölgə çəkilsəydi, bunun mitilini sürüyüb salardım içəri...”

Bay, Rəşid xorultusunu kəsdi: dayan, bəlkə də oyanır.

- Gördün sərçəni?! - birdən kişi gözüyumulu halda qışqırdı. Alnında tər puçurlanırdı.

- Nə sərçə?! Hanı?

- Bədənimdəki cəngəllikdən uçub getmədimi?

- Elə şey yoxdu! Sən yuxu görürsən.

- ...Sərçə özü mənə dedi: təzə yerimin üstündən uçub gəlmişdi.

- Sərçə söz deyə bilər ki?

Professor, üzü tavana, yaxın günlərdə sərçələrdən birini tutub, qarnını yırtmaq fikrində olduğunu söylədi. Quşun çinədanındakı buğda dənələrini seyr etmək istəyir. Guya dənələrdən öz torpağının ətrini alacaq.

Burda xidmətçi dözə bilməyib, əl atdı üzünə, cırıb qoydu yerə.

- Öllsənə öldüyün yerdəə!..

Qonşular onun üstünə həkim çağırası oldu.

3 may - 29 oktyabr 2010-cu il
XS
SM
MD
LG