Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:08

POSTMODERNİZM (Tənqid.net)


Qorxmaz Quliyev
Filologiya elmləri doktoru

XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla üzləşmişdir.

Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və təbii ki, bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə inkar və rədd edən, bir-birini kaleydoskopik rəngarəngliklə əvəz edən modernist estetik konsepsiyaların meydana gəlməsinə və meydandan çıxmasına səbəb oldu.

Bütün XX yüzillik ərzində modernist cərəyanların başgicəlləndirici sürəti uzun əsrlər boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin dağılması ilə nəticələndi.

Mərkəzdənqaçma meylləri cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı.

Bu prosesin qarşısını almaq üçün, nəyin bahasına olursa-olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana gəlmişdi.

Bunun üçünsə ən kəsə yol, demək olar ki, bütün modernist estetik konsepsiyalarda aparıcı kateqoriyalara çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina edib yenidən gözəllik, harmoniya kimi klassik kateqoriyalara qayıtmaqdan keçirdi.

Lakin bu da bir həqiqətdir ki, müxtəlif modernist cərəyanların yaranmasına rəvac verən humanitar böhran XX əsrin sonlarında nəinki səngiməmişdi, bəlkə də burjua insan konsepsiyasının ardınca sosialist insan konsepsiyasının da süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik itməsi ilə bağlı daha da dərinləşmişdi.

Əlbəttə ki, belə bir şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət gedə bilməzdi.

Odur ki, postmodernizm klassik ənənə ilə hadisələrə və insana modernist baxışları çulğaşdırmağa, klassik və modernist ovqatları bardırmağa məcbur idi.

“Postmodernizm” anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək olar: söz özü haqqında çox şey deyir.

Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir.

İkincisi, postmodernizm modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı.

“Postmodernizm” anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir.

Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə verir.

Lakin anlayışda “modernizm” sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət edir.

Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış ideoloqlarından biri olan J.Liotar “Postmodern uşaqlara izah qismində” kitabında postmodernizmin modernizm içərisində gizlənərək onun tərkib hissəsinə çevrilməsi faktını vurğulayırdı.

Bununla yanaşı, postmodernizmin ideoloqları öz proqram səciyyəli əsərlərində həm ümumfəlsəfi, həm də estetik fikir sahələrində həm klassik, həm də qeyri-klassik (modernist) dünyaduyum və dünyagörüş konsepsiyalarından fərqli prinsiplərdən çıxış etdiklərlni iddia edirlər.

Lakin postmodernistlərin konseptual yönümlü mülahizələrinə fikir verdikdə məlum olur ki, postmodernizm dünyagörüş sistemi kimi genetik baxımdan ondan əvvəl bu və ya digər kombinasiyalar şəklində modernizmin nəzəri bünövrəsini təşkil etmiş poststrukturalizm, struktur psixoanaliz, semiotika, dialoq fəlsəfəsi kimi qeyri-klassik konsepsiyalara əsaslаnır.

Dünyaduyum və dünyagörüş kimi postmodernizmin modernizm ilə yaxınlığı onların ikisinin də eyni qaynaqdan – XX əsrin əvvəllərindən başlayaraq get-gedə dərinləşən və kəskinləşən insan böhranından bəhrələnməsi ilə bağlıdır.

İntəhası, modernizm yeni-yeni özünü büruzə verən fəlakətə ilkin reaksiya qismində mübarizədir, barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta onu inkar edərək hər vəchlə xilas etmək cəhdidir.

Bu baxımdan “Ultramanifestlər” əsərinin müəllifi Q.Torrenin aşağıdakı deyimi səciyyəvidir. “Mən özüm. Sən özün. O özü. Cəm halı rədd edərək Mənəmliyi vəsf edək.

Bizi təkrar etmək olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası isə biz tayı-bərabəri olmayan Mənimizdən inadla yapışmışıq.

Mən özüm özümün səbəbiyəm. Mən özüm özümün tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən mənəmliyin yüksəkliyini və əvəzolunmazlığını təsdiq edirəm.

Mənəmlik həmişə novatorun və üsyankarın mənəvi məziyyətlərindən birincisi olmuşdur və birincisidir”. Bu deyimdə bütün modernist insan konsepsiyaları üçün səciyyəvi olan bir şəkildə, nəyin bahasına olursa-olsun, amansız kataklizmlər dönəmində “Mən”i qorumaq əzmi ilə bunun qeyri-mümkünlüyündən doğan ümidsizlik hissi birləşib üzvi vəhdət təşkil edir.

Postmodernizm isə mübarizədən imtinadır, böhranla barışıqdır.

Postmodernizmin insan konsepsiyasının mahiyyətini səciyyələndirərək A.Turen belə hesab edirdi ki, əgər modernizm “Mən”in müstəsna dəyərə malik olması ideyasını bəyan edirdisə, postmodernizm onun parçalanması fikrini ön plana çəkir. Postmodernistlərin fikrincə, “Mən” fenomeninin özü tarixin müəyyən mərhələsində meydana gәlmişdir və məhz buna görə də keçici xarakter daşıyır.

Bununla bağlı M.Fuko özünün məşhur “Sözlər və şeylər” əsərində yazırdı: “Əgər biz nisbətən qısa xronoloji kəsimi və qısa coğrafi üfüqü – XVI əsr Avropa mədəniyyətini götürsək, inamla demək olar ki, insan bu yaxınlarda edilmiş kəşfdir.

Yalnız bir əsr yarım bundan əvvəl başlanmış və ola bilsin ki, bu yaxınlarda başa çatacaq bir dövr insan obrazını ortaya qoymuşdur.

Və bu heç də son dönəmlərin oyatdığı narahatlıq hissindən xilas olmaq, minillik qayğıdan gözqamaşdırıcı aydınlığa keçid deyildi.

Bu, sadəcə, biliklərin məqsədlərinin dəyişməsinin nəticəsi idi.

Əgər bu məqsədlər meydana gəldikləri kimi də yoxa çıxsalar, əgər hər hansı bir hadisə (bu hadisənin forma və məzmunu haqqında təsəvvürə malik olmadan biz yalnız onun mümkünlüyünü fərz edə bilərik), XVII əsrin sonlarına yaxın klassik düşüncə tərzi dağılıb məhv olduğu kimi, “Mən”i ön plana çəkən məqsədləri yox edəcək və onda – buna tam zəmanət vermək olar – insan sahildə qumun üstündə çəkilmiş sima kimi silinib gedəcək”.

U.Eko özünün “Yenilik və təkrar. Modern və postmodern estetikası arasında” məqaləsində modernizm və postmodernizm arasında estetik planda mövcud olan münasibətlərin dialektikasını mümkün qədər hərtərəfli açıqlamağa cəhd göstərmişdir.

Özü həm sənətkar, həm də alim qismində dünyagörüş və dünyaduyum baxımından modernist kimi formalaşmış U.Eko sonralar böyük daxili sarsıntılar hesabına (bu həm adını çəkdiyim məqalənin, həm də yazıçının məşhür “Qızıl gülün adı” romanının kontekstindən hiss olunur) tədricən postmodernist mövqeyə keçmişdir və öz elmi və yaradıcılıq prioritetlərini dəyişdirməsini ümumən estetik fikir sahəsində paradiqmanın dəyişməsinin labüdlüyü ilə izah etmişdir.

İtalyan aliminin fikrincə, modernizmin əsas paradoksu onunla bağlıdır ki, bütün modernist bədii-estetik konsepsiyalar daim təkrarsızlığa, mütləq yeniliyə, nabələdlər və cahillər üçün qıfıllanmış, yalnız onların ifadə tərzlərinin bütün incəliklərinə bələdlər üçün açıq olan ezoterik dildə danışmağa cəhd edirlər, amma nədənsə onların kəşfləri dərhal ən bəsit dəyərlərin daşıyıcısı olan kitç tərəfindən bayağılaşdırılaraq mənimsənilir və elə bu şəkildə də istehlakçıya ötürülür.

Zahirən yüksək sənət əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir dəyərdən məhrum məmulatlar istehsal etməklə məşğul olan kitç bütün modernist cərəyanların genetik mərəzidir, onların qanını soran tüfeylidir. Avanqard (modernizm) ağır-ciddidir, kitç yüngüldür, amma ciddilik iddiasındadır. Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o bunu gizlətmir, əksinə, bununla fəxr edir.

Kitç avanqardın yaratdığı dəyərləri konsistensiyadan məhrum edir, yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik çəkmədən həzm etməsi üçün bəsit dilə çevirir.

Lakin arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır – bir növ, F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan filmlərinin supermen qəhrəmanına dönür.

Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd edirlər, amma bir-birisiz keçinə bilmirlər; kitç olmasa, avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici impulsdan məhrum olub sısqalaşar və məhv olub gedər. Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum olar və yoxa çıxar.

Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə üzə çıxarır, odur ki, intellektual auditoriya ikrah hissi ilə ona arxa çevirir.

Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri kütləviləşdirmək qabiliyyətlərini nəzərə alaraq postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə fəaliyyətdə bulunmaqlarına rəvac verməyə çalışır.

Məhz bu məqamda postmodernizmin öz qaynaqlarına ambivalent münasibəti ortaya qoyulur: postmodernizm bir tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd göstərir; bir tərəfdən avanqardı və kitçi təsdiq edir, digər tərəfdən inkar edir.

Postmodernist istehzaya köklənmiş bu ambivalentlik postmodernizmə, kitçdən fərqli olaraq, intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı verir.

Kitç kimi postmodernizm də bu və ya digər bədii nümunənin bu və ya digər səviyyədə mexaniki “hazırlanma” aktının nəticəsi olduğunu gizlətmir, əksinə, onun açıq və yaxud üstüörtülü sitatlardan, iqtibaslardan, işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün bu vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə müşayiət olunduğuna görə intellektual auditoriya bu üstüörtülü sitatların mənbəyini axtarıb tapmaqla bir növ intellektual krossvord həll edir və əylənir.

Bu göstərir ki, postmodernizmi tamamilə modernizmə müncər etmək olmaz; bütün oxşar cəhətlərə baxmayaraq, bu iki konsepsiya arasında prinsipial fərqlər mövcuddur.

Həqiqətdir ki, hal-hazırda tədqiqatçılar çoxsaylı faktlara əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər müxtəlif modernist cərəyanlar klassik estetik fikrin çağdaş insanın durumuna adekvat olmayan süjet, personaj, melodiya, harmoniya kimi kateqoriyalarından qəti şəkildə imtina edirdilərsə, postmodernizm onları bərpa etməyə, yenidən dövriyyəyə buraxmağa cəhd göstərir.

Bu baxımdan postmodemizm ən azı bədii-estetik fikrin inkişafı spiralının yeni burumunda klassik ənənəvi-estetik kateqoriyaların təsdiqi/inkarıdır.

XX əsrin ikinci yarısında təşəkkül tapmış, bütün humanitar elmləri və incəsənət sferasını ehtiva etmək, eyni zamanda, təbiət elmləri sahəsində mövcud olan ən yeni konsepsiyalarla əl-ələ verib birlikdə maksimum geniş müstəvidə dünyanı izah etmək iddiasında olan və həqiqətən də son dövrlərdə sosial-siyasi qloballaşmanın analoqu qismində universal ümum-mədəni hadisəyə çevrilmiş postmodernizm haqqında ətraflı və müfəssəl məlumat vermək faktiki olaraq dünya və insanla bağlı bütün mövcud bilikləri əhatə etmək niyyəti kimi dəyərləndirilə bilərdi.

Bu isə bir məqalənin çərçivəsində qeyri-mümkündür və xüsusilə də məhdud görmə bucağına malik müəllifin imkanları xaricindədir.

Məhz buna görə də bu yazıda postmodernizmin yalnız estetik məsələlərlə bağlı bəzi aspektləri işıqlandırılacaq.

Lakin qeyd etmək lazımdır ki, bu özünüməhdudlaşdırma müəllifinizi iki çətinliklə üz-üzə qoyur: birincisi, postmodernizmin estetik konsepsiyası onun vahid dünyagörüşünün üzvi tərkib hissəsidir.

Buna görə də istər-istəməz postmodernist şərhdə bəzi çağdaş fəlsəfi, sosioloji, psixoloji və sairə problemlərə toxunmaq lazım gəlir.

İkincisi, postmodernizm diaxron kəsimdə bəşər nəslinin bütün bədii irsini özümlü şəkildə ehtiva etmək iddiasındadır. Əlbəttə ki, bu problemlərə hətta xülasə şəklində toxunmaq belə imkan xaricindədir.

“Postmodernizm” anlayışına ilk dəfə R.Pankvistin “Avropa mədəniyyətinin böhranı” (1917) əsərində təsadüf olunur. Müəllif bu anlayışı Birinci dünya müharibəsi ilə bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini nəzərə çarpdırmaq üçün işlətmişdir.

Bu dövrdə “postmodern” anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz hökm sürür.

İngilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı “Tarixin öyrənilməsi” əsərində yenidən “postmodernizm” anlayışına müraciət edir.

Müəllif məşhur alman tarixçisi-filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkiidə bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə süquta uğraması konsepsiyasını din və mədəniyyət sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün postmodernizmə kulturoloji məna verir.

Postmodernizmin bir anlayış kimi nə zaman və hansı kontekstdə yaranması haqqında bizdə dəqiq məlumat olsa da, onun bütün humanitar sferanı əhatə edən universal düşüncə tərzi kimi təşəkkül tapma məqamı və konkret şəraitini müəyyənləşdirmək böyük çətinliklərlə bağlıdır.

Bir qayda olaraq, postmodernizmin bir dünyagörüş mövqeyi kimi təşəkkülünü və bir elmi-estetik konsepsiya kimi formalaşmasını 1950-ci illərin əvvəllərinə aid edirlər. Lakin bu prosesin ayrı-ayrı əlamətlərinə, müxtəlif təzahür formalarına 1930-cu illərdə, hətta ondan xeyli əvvəlki dövrlərdə təsadüf olunur: postmodernizm həqiqətən tədricən modernizmin içində yetişmişdir.

Postmodernist ideoloqların öz konsepsiyalarına diaxron kəsikdə də universal xarakter vermək, onun dünyagörüşünün elementlərini mümkün qədər uzaq keçmişdə axtarıb tapmaq cəhdlərini çağdaş italyan alimi və ədibi Umberto Eko istehza llə “Homerin özünü postmodernist elan etmək” niyyəti kimi dəyərləndirmişdir.

Postmodernizmin keçmişə kök salmaq cəhdiəri iki səbəblə bağlıdır: bir tərəfdən ümummetodoloji planda onun ideoloqları təmsil etdikləri konsepsiyanın bütün ictimai, mədəni, fəlsəfi-estetik hadisələr klmi boş bir yerdə meydana gələ bilməsinin qeyri-mümkünlüyündən və tədricən özündən əvvəlki, bəzən hətta kardinal şəkildə təbiətinə yad hadisələrin içərisində yetişməsi müddəasından çıxış etmişlər.

Onların fikrincə, aposteriori, yəni postmodernizm bir sabit dünyagörüş mövqeyi kimi təşəkkül tapıb formalaşandan sonra bu əvvəllər gözəgörünməz əlaqə və münasibətləri üzə çıxarmaq, onların postmodernizmin təşəkkülündə rolunu izah etmək mümkün olmuşdur.

Digər tərəfdən, postmodernizm heç vaxt bəşər nəslinin bütün tarixi boyu əldə etdiyi nailiyyətləri həzm-rabedən keçirmək, özününküləşdirmək iddiasından imtina etməmişdir.

Postmodernizm daim klassik dəyərlərə istinad edərək, onları yeni zəmində canlandırmağa çalışmışdır.

Postmodernizmin erkən ideoloqlarından biri H. Arendt postmodemizm düşüncə tərzinin formalaşdığı mədəni şəraiti səciyyələndirərək yazırdı: “Ənənənin ipi artıq qırılmışdır və çətin ki, bir də onu düyünləyib bərpa edə bilək.

Keçmişin aramsızlığı məhv olub getmişdir.

Lakin buna baxmayaraq, keçmiş yoxa çıxmamışdır; biz yenə də onunla üz-üzə durmuşuq. Fəqət bu, artıq fraqmentlərə parçalanmış tarixdir”.

Alman alimi burada bir tərəfdən XX əsrin sosial kataklizmlərinin, digər tərəfdən humanitar düşüncə sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin nəticəsində klassik ənənələrə söykənən bütün dəyərlərin düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə fəaliyyətdə bulunmağa məcbur olmuş postmodernizmin bu duruma mümkün münasibətinin mahiyyətini açıqlayır.

Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan qovulan, lakin elə həmin an pəncərədən geri qayıdan keçmişsiz keçinmək olmaz.

Amma axı, keçmişin bu günə düşməsinin səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin nəticəsi deyil, eyni zamanda XX əsrin ağır böhranlarına məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi dərk etmək qabiliyyətindən məhrum olması ilə bağlıdır: artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün məqamları bir-birinə pərçimlənmiş, bir-birindən törəyən və bir-birini izah edən fasiləsiz və vahid bir proses kimi yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən təcrid olunmuş qəlpələr kimi təzahür edir.

Məhz buna görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası artıq mümkün deyil, sitat ona müraciətin əsas formasına çevrilmişdir.

Moderndən sonrakı dövrdə həm diaxron-şaquli, həm də sinxron-üfüqi zaman müstəvilərində humanitar sferada bütün mövcud olmuş və mövcud olan hadisələri təhlil süzgəcindən keçirmək və təcəssüm etmək niyyəti postmodernizmin semantik dairəsinin sürətlə genişlənməsinə səbəb oldu; ümumiyyətlə, ekstensiv inkişaf postmodernizmin özəl xüsusiyyətlərindən biridir.

Məhz bu cəhət konsepsiyanın tədqiqatçılarından biri olan Q.Künqə postmodernizmin tarixi-ədəbi və yaxud nəzəri-memarlıq kateqoriyası olmaqdan daha artıq ümumdünya-tarixi anlayışı olması nəticəsinə gəlməsinə əsas vermişdir.

Problemi bir qədər başqa rakursdan işıqlandıran Z.Bauman postmodernizmi “sosial gerçəkliyin inkişafında yeni dövr olmaqdan daha çox şüurun irəliləyişində yeni dönəm” kimi dəyərləndirmişdir.

Göründüyü kimi, tədqiqatçı heç də postmodernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar etmir, lakin onu bir növ “daxililəşdirərək” qnoseoloji aspektini ön plana çəkmişdir.

***

Məlum həqiqətdir ki, bəşər nəsli bu günə qədər gerçəkliyin cəmisi iki – elmi və bədii dərk olunma formalarını kəşf etmişdir.

Gerçəkliyin hadisələrinə müxtəlif yönümlərdən yanaşan bu izahetmə formaları bir qayda olaraq bu hadisələri fərqli şəkildə görmüş və işıqlandırmışlar; təbiət elmləri dəqiq-müşahidə, bədii dərk isə emosional münasibət prinsiplərindən çıxış etmişlər.

Bu iki qütb arasında qalmış humanitar yönümlü elmlər bir tərəfdən dəqiqliyə meyl etmiş, digər tərəfdən emosional münasibət prinsipindən yaxa qurtara bilməmişlər.

Bu isə gerçəkliyin eyni hadisələrinin müxtəlif, ziddiyyətli, bəzən bir-birini rədd edən təqdimat formalarının yaranmasına səbəb olmuşdur.

Halbuki insanın nəzərləri qarşısında dayanan və insandan şərhini tələb edən dünya vahid və bölünməzdir.

Dünyanın bütövlüyü ilə onun dərk olunması prosesi arasındakı zaman-zaman özünü büruzə verən bu haçalanma gerçəkliyin adekvat izahına imkan verməmişdir.

Əslində belə bir izah heç mümkün də deyil; gerçәkliyin dərk olunması prosesində insan onun dəqiq-doğru izahına maksimum yaxınlaşa bilər, lakin heç vaxt tam şəkildə ona nail ola bilməz.

Mən burada, əlbəttə ki, nisbi adekvat izahı nəzərdə tuturam.

Dünyanın dərkolunma formaları arasındakı bu antinomiyanı aradan qaldırmaq üçün hər iki – həm elmi, həm də bədii fikir tərəfindən təşəbbüslər olmuş, onların dünyanı görmə və izahetmə bucaqları arasındakı fərqi tamam yox etmək mümkün olmasa da, hələ postmodernist konsepsiya təşəkkül tapmazdan əvvəl və onun kontekstindən kənarda onları maksimum yaxınlaşdırmaq, bu zəmində də gerçəkliyin adekvat təcəssümünə nail olmaq cəhdləri mövcud olmuşdur.

XIX əsrin ortalarından başlayaraq bu meyl daha da güclənmişdir.

Düzdür, xüsusilə ilk dövrlərdə dünyanı dərk etmənin bu iki mövcud forması arasında qarşılıqlı meyl yox idi və onların münasibətləri birtərəfli hərəkət üçün nəzərdə tutulmuş yolu xatırladırdı: təbiət elmləri tərəfindən bədii fikrin nailiyyətləri hesabına zənginləşmək meyli çox da hiss olunmurdu.

Halbuki, əks istiqamətdə – dünyanın obrazlı dərkindən elmi dərkə doğru intensiv hərəkət niyyəti nəzərə çarpırdı.

Bədii fikrin təbiət elmlərinin metod və prinsipləri hesabına öz dünyanı dərk imkanlarını genişləndirmək əzmini ifadə edən Q.FIober yazırdı:.”Mənə elə gəlir ki, böyük sənət elmi və şəxssiz olmalıdır”.

Q.FIoberin bu müddəasını bədii fikrin qeydsiz-şərtsiz prinsipi, harada isə zəmanənin imperativi kimi qəbul edən naturalizmin banisi və nəzəriyyəçisi E.Zolya təbiət hadisələrini bütün dolğunluğu ilə araşdırmağa can atan elmlərdən, xüsusilə biologiya və fiziologiyadan nümunə götürməyə, insanı və cəmiyyəti həmin-elmlərin metod və prinsiplərini rəhbər tutaraq maksimum hərtərəfli şəkildə öyrənməyə və inikas etməyə çağırırdı.

Naturalizmin “eksperimental roman” anlayışı təcrübəni, hərtərəfli təsviri dünyanı dərkin yeganə adekvat forması hesab edən elmi təsəvvürlərin təsiri altında formalaşmışdır.

Zaman keçdikcə bədii-obrazlı fikrin elmi prinsiplərə yiyələnməsi prosesi genişlənmiş və şaxələnmişdir: bir qayda olaraq modernist cərəyanlardan hərəsi özünü elmin və texnologiyanın bilavasitə konkret bir sahəsi ilə bağlanmış elan edirdi.

Belə ki, futurizm özünün timsalında bədii fikri müasir texnologiyanın əlavəsi hesab edir, sürrealizm poetik dünyaduyumu psixoanalizin təhtəlşüur konsepsiyası təməlində dərk etməyə çalışır, əsl və yeganə gerçəklik hesab etdiyi fövqəlgerçəkliyi məhz şüuraltının adekvat inikası əsasında mümkün olması ideyasını təsdiq edir, kubizm isə artıq öz adında həndəsə elmi ilə bağlılığını ön plana çəkirdi.

XX əsrin aparıcı modernist cərəyanları arasında ekzistensializm bəlkə də yeganə bədii konsepsiya idi ki, dünyanın elmi dərk formalarını qətiyyətlə rədd edirdi.

Lakin bu da bir həqiqətdir ki, “təmiz” ekzistensialist bədii ədəbiyyatın nümunələri, məsələn, J.-P.Sartrın romanları və pyesləri ekzistensialist fəlsəfənin bədii illüstrasiyasından başqa bir şey deyildilər, yəni əslində tətbiqi səciyyəyə malik idilər.

Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq həqiqətən də dərin böhrana məruz qalmış insanı adekvat şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin özü uzun əsrlər boyu formalaşmış, cilalanmış, öz sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş prinsiplərindən imtinası və onları elmi-texnoloji prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz qabağındadır.

Eyni zamanda, XX əsrin ortalarına kimi təbiət elmləri dünyanın bədii dərkini, habelə humanitar elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil prosesini riyazi metodları prinsipial şəkildə tətbiq edə bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara yuxarıdan aşağı baxırdı.

Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir mütəfəkkir və bir alim kimi formalaşmasında dövrünün məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq F.Dostoyevski ədəbi yaradıcılığının təsir göstərməsi haqqında etirafı və yaxud N.Borun kosmik harmoniyalarını təcəssüm etməyin dəqiq elmlərə yox, incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud idi.

Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət elmləri ilə bərabər hüquqlu, adekvat dünyanı – dərk üsulu olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans idi, şikəst balanı oxşayaraq onun könlünü almaq idi.

Hətta bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də bədii nümunələrdən illüstrativ material kimi istifadə edirdi.

Belə ki, Z.Freyd və K.Yunq bədii nümunələrə bol-bol müraciət edərək öz konsepsiyalarının bu və digər müddəasını sübuta yetirmək məqsədini güdürdülər.

Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin metodları baxımından təbiət elmlərinin və humanitar elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını nəzərə alaraq göstərir ki, birincilər hadisələr arasında sabit və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış edərək ümumi qanunları üzə çıxarmaq iddiasındadır, ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən təcrid olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər.

V.Vindelbandın dediklərini inkişaf etdirərək Q.Rikkert təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar elmlərin isə fərdiləşdirici metodlara söykəndiyini iddia edirdi.

Klassik təbiətşünaslıq özünün metodologiyası əsasında vahid, təkrarolunmaz, fərdi səciyyəli hadisənin mümkünlüyü ideyasını istisna edir və onu humanitar elmlərin müstəsna səlahiyyəti hesab edirdi.

Bütün humanitar yönümlü elmlərin metodoloji məhvəri rolunu oynayan tarixə münasibət xüsusilə mənfi idi. Q.Rikkertin fikrincə, tarix əsl elm deyil; elm ilə tarix dünyanı dərkin iki bir-birinə zidd qütbüdür.

Belə hesab olunurdu ki, hər hansı bir elmi qanunauyğunluq yalnız eyni şərtlər gözlənildikdə təkrar-təkrar aparılan eksperimentlər həmişə eyni nəticəni verdiyi halda üzə çıxarıla və tətbiq oluna bilər.

Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tarix sözün mütləq mənasında elm deyil. Tarixin təbiət elmləri kimi eksperiment aparmağa imkanı yoxdur, çünki o, yalnız bircə dəfə baş vermiş hadisələri, bircə dəfə dünyaya gəlib dünyadan köçmüş şəxsiyyətləri təsvir və tədqiq etməklə məşğuldur.

Əgər bu belədirsə – bu bir həqiqətdir! – tarixi faktlar əsasında ümumiləşdirmələr aparmaq, hansı isə bir qanunauyğunluq üzə çıxarmaq mümkün deyil. “Tarixin bircə dərsi var, o da onun heç bir dərs verə bilməməsidir” aforizmi də tarixə məhz bu münasibət əsasında formalaşmışdır.

Qəribə burasındadır ki, naqislik kompleksi xəstəliyinə yoluxmuş humanitar elmlər metodoloji-nəzəri imkanlarına olan bu nihilist münasibəti nəinki dəf etməyə cəhd göstərməmiş, əksinə, yeri gəldi-gəlmədi, insanla və cəmiyyətlə bağlı faktların mahiyyətini aydınlaşdırmağa kömək etdi-etmədi, itaətkarcasına təbiət elmlərinin dünyanı dərk etmə metodologiyasına uyğunlaşmağa, ağına-bozuna baxmadan riyazi düsturlardan istifadə etməyə çalışırdılar.

Bu halda humanitar elmlərin tədqiqat obyektinin spesifikliyi və onların araşdırılması prosesində məhz özünəməxsus metodoloji prinsiplərin tətbiq olunması zəruriyyəti yaddan çıxırdı.

Bu isə, sözsüz ki, səmərəli nəticələrin əldə olunmasına mane olurdu.

Təbiətinə yad olan metodlardan istifadəyə uyan humanitar fikir nəinki uğur qazana bilmir, əksinə, dəqiqləşmək əvəzinə yayğınlaşır, ənənəvi üsullarla əldə etdiyi mövqelərini də itirirdi.

Lakin keçən əsrin 70-ci illərində, demək olar ki, eyni zamanda həm təbiət, həm də humanitar elmlərdə paradiqma, yəni müəyyən tarixi dövr ərzində elmi ictimaiyyət tərəfindən müxtəlif yönümlü problemlərin qoyuluşunun və həllinin aparıcı modeli dəyişdi.

Bu, dünyanı dərkin bütün sahələrində köklü inqilabi dəyişikliklərin başlanğıcı idi: son dərəcə yaxın, bəzən hətta analoji metodoloji prinsiplərə əsaslanan sinergetikanın və postmodernizmin təşəkkülü və inkişafı gerçəkliyin bütün hadisələrinə eyni mövqedən nəzər salmağa, onları tamamilə yeni rakursdan araşdırmağa və dəyərləndirməyə gətirib çıxartdı.

Əsasən təbiət hadisələrində özünütəşkil prosesləri və açıq şistemlər haqqında elm olan sinergetika təbiət elmlərində, cəmiyyətlə və bədii-estetik fikirlə bağlı bütün elmləri əhatə edən postmodernizm humanitar düşüncədə tədricən hakim mövqe tutmağa başladılar.

Gerçəkliyin hadisələrinə metodoloji münasibət baxımından yaxın olan bu elmi konsepsiyalar çox zaman çulğalaşır, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini rəhbər tutaraq əvvəlki modernist paradiqmanın əsasında həlli qeyri-mümkün olan bir sıra mürəkkəb problemlərin mahiyyətini aydınlaşdırmağa nail olurlar.

Gerçəkliyin elmi və bədii-obrazlı dərki tarixində ilk dəfə vahid paradiqma və yaxud ona çox yaxın olan münasibət tipi yarandı.

M.A.Mojeyko həm sinergetika, həm də postmodernizm üçün müştərək olan və onların ümumi paradiqmasından ötru zəmin yaradan ilkin şərtləri aşağıdakı kimi müəyyənləşdirmişdir: (ARDINI BURDA OXU)
XS
SM
MD
LG